25 Noyabr 2024

Bazar ertəsi, 11:48

ASAN XİDMƏT

Azərbaycanda elektron hökumətdən mobil hökumətə keçid başlayıb

Müəllif:

07.05.2013

Son illər bütün dünyada olduğu kimi, Azərbaycanda da dövlət orqanları informasiya kommunikasiya texnologiyalarının (İKT) genişmiqyaslı tətbiqinə başlayıb. Bu, dövlət idarəçiliyində keyfiyyətin yüksəldilməsinə yaranmış tələbatla əlaqədardır.

Hazırda yenilənmənin əsas motivi dövlət xidmətlərinin elektron formada həyata keçirilməsidir. Azərbaycanda dövlət qurumlarının mobil texnologiyalar bazasında fəaliyyət göstərməsi getdikcə populyarlaşır. Söhbət m-government («mobil hökumət») platformasının tətbiqindən gedir. Məqsəd operativliyə yeni keyfiyyət səviyyəsinin gətirilməsi, vətəndaşlara və təşkilatlara göstərilən xidmətlərdə və dövlət orqanlarının fəaliyyətinə dair informasiya əldə etməsində rahatlığın təmin olunmasıdır. 

 

"ASAN-imza"

Məlum olduğu kimi, elektron xidmətlərdən istifadə edilməsi üçün elektron-rəqəmsal imzaya (ERİ) ehtiyac var. Ölkədə mobil rabitə bazarının inkişafı və mobil qurğuların populyarlığı nəzərə alınaraq, bu gün hökumət əsas diqqəti operator şəbəkələrində rəqəmsal imzadan istifadəyə yönəldib. Ötən həftə Bakıda  Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət"in birgə layihəsi təqdim edilib. Layihə mobil rəqəmsal imzaların verilməsi xidmətini nəzərdə tutur.

Vergilər naziri Fazil Məmmədov Vergilər Nazirliyi yanında Elektron İmza Sertifikat Xidmətləri Mərkəzinin yaradıldığını bildirib  O, Vergilər Nazirliyinin nəzdində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) ilə sıx inteqrasiya olunub. Bundan başqa, mərkəz Avropa standartlarının tələblərinə uyğun olaraq Azərbaycan və Avropada elektron imzaların qarşılıqlı tanınmasını təmin edəcək. Nazirin fikrincə, bu, Azərbaycan sakinlərinə digər ölkə vətəndaşları ilə birgə şirkətlər yaratmaq, müqavilələri İnternet vasitəsilə onlayn rejimdə imzalamaq imkanı verəcək. «Bu struktur imza mərkəzi ilə inteqrasiya olunduğundan elektron imzaya istənilən növ qurğudan çıxış imkanı olacaq. Bu da öz növbəsində, ölkədə İnternet və mobil bankçılığın inkişafına və nağdsız ödəmələrin genişlənməsinə təkan verəcək», - deyə F.Məmmədov qeyd edib.

Nazirin sözlərinə görə, mərkəzin istifadəyə verilməsi və onun mobil imza mərkəzilə ("ASAN"-imza) inteqrasiyasını elektron hökumətdən mobil hökumətə keçid kimi qiymətləndirmək lazımdır: «Azərbaycanda informasiya texnologiyalarının və mobil xidmətlərin davamlı inkişafı əhali arasında elektron xidmətlərə tələbatı, elektron imzadan istifadə zərurətini artırır».

Qeyd edək ki, yeni mobil imza mərkəzi platforması ("ASAN-imza")  Azərbaycanda fəaliyyət göstərən hər 3 mobil rabitə operatoru ilə inteqrasiya olunub. Amma onun istifadəsi üçün Sim-kartın dəyişdirilməsi vacibdir. Bu əlavənin yüklənməsi və aktivləşdirilməsi həm Vergilər Nazirliyinin Elektron imza üzrə Sertifikat Xidmətləri Mərkəzində, həm də "ASAN xidmət" mərkəzlərində həyata keçirilir. Perspektivdə əlavənin 2014-cü ildən verilməsinə başlanılacaq yeni şəxsiyyət vəsiqələrinə də yüklənməsi nəzərdə tutulub.

İlk "ASAN xidmət" mərkəzində elektron-rəqəmsal imzanın qeydiyyatı mərkəzi hələ 2013-cü il martın sonlarından fəaliyyət göstərməyə başlayıb. Elektron imza sertifikatı qeydiyyat mərkəzinə müvafiq ərizə daxil olan kimi hazırlanır. Elektron imzanın sahibi bu haqda məlumatı öz elektron poçtu vasitəsilə alır. O, elektron-rəqəmsal imzanı bilavasitə "ASAN xidmət"dən ala bilər. Bu məqsədlə quruma istənilən vətəndaş yaşayış yerindən asılı olmayaraq müraciət edə bilər.

Martın ortalarında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) dövlət qulluqçuları arasında e-imzaya tələbatın artdığını nəzərə alaraq onun qiymətini 135 manatdan 80 manata endirib. E-imzanın qiymətində növbəti ucuzlaşma (90 manatdan 25 manata) aprelin əvvəlində baş verib və bu, əhali üçün nəzərdə tutulub. 

 

Qarşılıqlı əlaqə aspekti

Elektron-rəqəmsal imza haqda danışarkən qeyd etmək lazımdır ki, o, dövlət orqanlarının həm öz aralarında, həm də biznes sektoru və əhali ilə qarşılıqlı əlaqəsini asanlaşdıran əsas məqamlardan biridir.

Bu imza nədir? Sadə dillə desək, söhbət adi imzanın xüsusi proqram təminatı vasitəsilə müəyyən ardıcıllıqla düzülmüş işarələrə çevrilməsidir. Əsas sənəd harasa göndərilərkən rəqəmsal imza oraya əlavə olunur, nəticədə sənəddəki informasiyanın müəllifi və dəyişməzliyi təsdiqlənir. Əsas sənədə istənilən dəyişiklik edildikdə oradakı elektron imza qüvvəsini itirir.

Rəqəmsal imzanın əldə olunması təşkilatlarda İnternet vasitəsilə mübadiləsini apardıqları sənədlərin müəllifliyinə, məzmununa əminlik yaradır. Elektron imzanı saxtalaşdırmaq mümkün deyil. Elektron imza ilə imzalanmış sənədlə adi imzanın atıldığı sənəd eyni şeydir.

Yaxın 5 ildə ölkədə kağızlarla işləməkdən tam elektron sənəd mübadiləsi sisteminə keçilməsi nəzərdə tutulur. Bu, qaçılmazdır, çünki getdikcə emal olunmalı, ehtiyata salınmalı və təhlükəsizlyi təmin olunmalı məlumatların həcmi artır. Elektron sənəd mübadiləsi sisteminə keçilməsinə təsir göstərən əsas məqamlardan biri də iqtisadiyyatın müxtəlif sahələrində layihələr həyata keçirən əhalinin artımı olacaq.

Elektron-rəqəmsal imza bu gün Azərbaycanda sürətlə inkişaf edən, dövlət qurumlarına əhaliyə İnternet vasitəsilə elektron xidmətlər göstərmək imkanı verən «elektron hökumət»in əsas elementlərindən biridir. Təsdiqlənmiş elektron xidmət sayı 417-dir. Onlardan 187-si elektron xidmətlər portalında var. Azərbaycanın dövlət qurumlarının saytlarında yerləşdirilmiş elektron xidmətlərin ümumi sayı isə 384-dür.

Bir sözlə, bu gün qabaqcıl informasiya texnologiyaları dövlət fəaliyyətinin vacib elementinə çevrilməkdədir. O, inzibati sahədə yanaşmanı və münasibəti dəyişir. «Elektron hökumət»ə ehtiyac informasiya cəmiyyətinin hazırkı vəziyyətini əks etdirir və inzibati-dövlət fəaliyyətini və strukturları daha açıq, şəffaf və effektiv edir.

Gələcəkdə isə «elektron hökumət» daha da aktuallaşacaq, elektron xidmətlərə olan tələbat daha vacib əhəmiyyət daşımağa başlayacaq, bu tendensiya həm konsepsiyanın özünün, həm də hökumət orqanları, biznes və vətəndaşlar arasında yeni inteqrasiya formalarının inkişafına yol açacaq.



MƏSLƏHƏT GÖR:

475