
PUTİNDƏN "XİKİVAKE"
Rusiya ilə Yaponiya arasında sülh razılaşmasının imzalanmasına yenidən ümid yaranıb
Müəllif: İrina XALTURİNA Bakı
Son 10 ildə ilk dəfə Yaponiyanın baş naziri Sindzo Abe Rusiyaya səfər edib. KİV baş nazirin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinin geniş olmasına və səfər proqramının dolğunluğuna xüsusi diqqət çəkir, həmçinin Yaponiya hökumətinin başçısının Rusiya prezidenti tərəfindən Kremlin xüsusi otağında qarşılandığını vurğulayır. Rusiyalı ekspertlərin fikrincə, bütün bunlar görüşün hər iki tərəf üçün son dərəcə ciddi əhəmiyyət daşıdığının göstəricisidir.
Beynəlxalq aləmin diqqətini isə daha çox Putinlə Abenin görüşünün yekununda qəbul olunmuş birgə bəyanat cəlb edib. İkinci dünya müharibəsinin bitməsindən 67 il sonra iki ölkə liderləri sülh müqaviləsi imzalamaq əzmində olduqlarını bəyan ediblər. Hazırda Yaponiya ilə Rusiya arasında 1956-cı ildə imzalanmış müharibənin dayandırılması haqqında bəyannamə qüvvədədir. O, qüvvəyə yalnız sülh razılaşmasının imzalanmasından sonra minə bilər. Rəsmi Tokio bu razılaşmanın imzalanmasından indiyədək imtina edib. Bunun üçün yaponlar ilk olaraq Cənubi Kurilin onlara verilməsini tələb edirlər. Bu İturup, Kunaşir, Şikotan və Habomaidən ibarət 4 adadır. Yaponlar bu adaların onlara məxsus olduğu fikrindədirlər.
Rusiya isə İkinci dünya müharibəsi nəticəsində Kuril adalarının SSRİ-nin tərkibinə keçdiyini, bunun müvafiq beynəlxalq-hüquqi sənədlərdə əksini tapdığını və məsələnin heç kimdə şübhə doğurmalı olmadığını bildirir. Bununla yanaşı, Yaponiya Kuril silsiləsindəki 4 adaya 1855-ci il razılaşmasına əsasən də iddia edir. Söhbət Yaponiya ilə Rusiya arasında dostluq, ticarət və sərhədlər haqqında müqavilədən - Simod traktatından gedir. Vaxtilə bu sənəd vitse-admiral Y.V.Putyatin və Yaponiyanın müvəkkili Tosiakira Kavadzi tərəfindən imzalanıb. İki ölkə arasında ilk diplomatik razılaşmada məqsəd "Rusiya ilə Yaponiya arasında daimi sülh və səmimi dostluq yaradılması" idi. Ona əsasən, İturup, Kunaşir, Şikotan adaları və Habomai adalar qrupu Yaponiyanın tərkibinə keçir, bütünlükdə Şimali İturup isə Rusiya ərazisi elan edilirdi. Saxalin iki ölkənin birgə mülkiyyəti kimi qalırdı ki, bu da orada müstəmləkəçiliyi davam etdirən Rusiyaya sərf edirdi. Çünki Yaponiya donanmaya malik olmadığından onunla lazımi səviyyədə rəqabət apara bilmirdi. Lakin sonradan Saxalinin kimə məxsus olması ilə bağlı mübahisə yarandı və məsələ 1875-ci ildə əldə olunmuş Sankt-Peterburq müqaviləsilə həllini tapdı. Razılaşmaya əsasən, Rusiya bütünlükdə Kuril adalarını Yaponiyaya güzəştə getdi, əvəzində Saxalini öz tərkibinə qatdı. 1905-ci ildə isə Rusiya Yaponiya ilə müharibədəki məğlubiyyətdən sonra Portsmut sülh müqaviləsinə əsasən Saxalinin cənub hissəsini itirdi. Bu, düz 40 il - 1945-ci ilədək belə davam etdi. Qeyd etmək lazımdır ki, SSRİ və Yaponiyanın 1956-cı ildə imzalamağı planlaşdırdıqları birgə bəyannamə Habomai və Şikotad adalarının Tokionun digər adalara iddiasından əl çəkməsi şərtilə yaponlara verilməsini nəzərdə tuturdu. Lakin Yaponiya bütün adaları tələb etdiyindən imzalanma baş tutmadı. Rusiya mətbuatı yazır ki, Putin böyük ehtimalla məhz 1956-cı il sxemini dəstəkləyir.
Rusiya ilə Yaponiya indiyədək Kuril ətrafında mübahisələrə son qoymaq əzmində olduqlarını dəfələrlə bəyan ediblər. 2001-ci ildə sanki Moskva iki adanın geri qaytarılmasının mümkünlüyünə işarə etsə də, danışıqlar pozuldu. 9 il sonra isə Rusiyanın o zamankı prezidenti Dmitri Medvedevin Kunaşirə səfəri (Kunaşir Böyük Kuril silsiləsinin cənubunda, Yaponiyanın Hokkaydo adasına bilavasitə yaxın yerləşən adadır) vəziyyəti daha da gərginləşdirdi. Kreml başçısının mübahisəli adaya baş çəkməsi Yaponiyanın sərt etirazına səbəb oldu və hətta Tokio Moskvadakı səfirini geri çağırdı. Yaponiyanın baş naziri Naoto Kan o vaxt parlamentdə etdiyi çıxışda Kunaşir, İturup, Şikotan adaları və Habomai arxipelağının Yaponiya ərazisi olduğunu, bu səbəbdən də, Rusiya prezidentinin oraya səfərinin "yapon xalqının hissiyyatına toxunduğunu" bildirdi. Rusiya isə yaponların məsələyə reaksiyasını hiddət və təəccüblə qarşıladı. Rusiyalı siyasətçilər və ekspertlərin qarşı tərəfə cavabı eyni idi: "Rusiya prezidenti öz ölkəsində hara istəsə səfər edə bilər". Sonradan məsələyə Medvedev də münasibət bildirdi və ölkəsinin Kurildə strateji mövcudluğunu qorumaq üçün əlindən gələni edəcəyini söylədi. Maraqlıdır ki, sonradan adaya Putin hökumətinin bir neçə naziri də baş çəkdi. Vladimir Putinin özü isə orada bir dəfə də olmayıb.
Bunun əvəzində, "The Christian Science Monitor" nəşrinin xatırlatdığı kimi, 2012-ci ilin martında hələ prezident olmayan Putin Kuril adası ilə bağlı problemin "xikivake" prinsipi ilə çözülməsi təklifilə çıxış etdi. Bu cüdo termini "heç-heçə" anlamına gəlir və siyasətdə onu kompromis axtarışı kimi qiymətləndirmək olar. Amma, deyəsən, bu ideyanı Moskva bir cür, Tokio isə başqa cür başa düşür. Yaponiya "səhər pullar - axşam stullar" deyir. Yəni əvvəlcə Kuril, daha sonra Rusiya iqtisadiyyatına ciddi yapon investisiyaları. Rusiya isə əksinə, hesab edir ki, danışıqlar uğurlu iqtisadi əməkdaşlıq və inkişafın nəticəsində ola bilər və belə də olmalıdır. Məsələn, milyard dollarlıq kapitala malik yeni fond - Rusiya-Yaponiya İnvestisiya Platforması buna kömək edə bilər.
Amma hər şey göründüyü kimi sadə deyil. Həm Rusiyanın, həm də Yaponiyanın öz maraqları var. Məsələn, Fukusima AES-dəki faciədən sonra oradakı 50 nəhəng blokdan yalnız 2-i işləyir və nəticədə Yaponiyanın Rusiyanın enerji resurslarından asılılığı daha da artıb. Digər tərəfdən Rusiyanın da bu sahədə ciddi rəqibləri meydana çıxır - Avstraliyadan tutmuş, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrinədək. Üstəlik, amerikalılar "Qazprom"a şist qazı hücumunu getdikcə artırır. Putinin Yaponiyaya karbohidrogenlərin birlikdə hasil olunması və maye qaz istehsalı ilə məşğul olacaq müəssisənin inşası haqda təklifi bu baxımdan heç də təəccüblü deyil. Yaponiya isə öz növbəsində Rusiyaya ixracda maraqlıdır. Abeni Rusiyaya səfəri zamanı müxtəlif sahələrdə çalışan 120 sahibkarın müşayiət etdiyini xatırlatmaq kifayət edər. Onların arasında şəhər infrastrukturunun yaxşılaşdırılması, tibb, ərzaq təhlükəsizliyi, bərpa olunan enerji mənbələri, gəmiçilik və digər sahələrdə çalışan sahibkarlar var idi.
Moskva əhali sıxlığı az, əksər vaxtlarda şaxtalı iqlim şəraitinin hökm sürdüyü, lakin təbii resurslarla zəngin Sibir və Uzaq Şərqi də inkişaf etdirmək arzusundadır. Rusiyanın bu siyasəti açıq şəkildə bəyan edilib. Məsələn, bu yaxınlarda Asiya-Sakit okean İqtisadi Əməkdaşlıq Təşkilatının Vladivostokdakı sammiti də bu diqqətin göstəricisi sayıla bilər. Sibir və Uzaq Şərqin inkişafı (Çin və Yaponiya kimi qonşular olmadan bu, mümkün deyil) Rusiya üçün çox mühüm və vacibdir. Üstəlik, o, Moskvaya müəyyən geosiyasi kartlar da verəcək - bu, bir tərəfdən Putinin təşəbbüskarı olduğu Avrasiya İttifaqı üçün əlavə, digər yandan isə alternativdir.
Yeri gəlmişkən, Yaponiya ilə Rusiya arasında əməkdaşlığa geosiyasi maraqlar nöqteyi-nəzərindən yanaşdıqda Tokio Moskva ilə Pekin arasında sürətlə inkişaf edən münasibətləri bir qədər ləngitməyə çalışır. Eyni zamanda yaponlar Moskvanın Şimali Koreya probleminin həllində daha ciddi rol oynaya biləcəyinə ümid edir. Belə ki, iki ölkə liderləri altıtərəfli danışıqların bərpası istiqamətində səylərin davam etdiriləcəyini də bildiriblər.
Bundan başqa, Yaponiyanın Çin və Cənubi Koreya ilə münasibətlərinin o qədər də yaxşı olmadığı bəllidir. Tokionun hər iki ölkə ilə ərazi mübahisəsi var. Görünən odur ki, Çinə ünvanlanmış mesaj artıq ünvanına çatıb. Xinhuanet agentliyi Abenin "eqoist hesablaması" haqda məqalə dərc edib. "Rusiyalı müdriklər bunu görməyə bilərmi?" - deyə çinlilər sual edir.
Bu arada Rusiya hökumətində Yaponiya ilə yox, məhz Çinlə yaxınlaşmaya tərəfdar olanların sayı xeyli çoxdur. Yaponiyada isə Kuril məsələsində Rusiyanın xeyrinə istənilən güzəşt ultrasağçılar tərəfindən mənfi qarşılanacaq. Onlar indiyədək Rusiya səfirliyinin qarşısında bu məsələ ilə bağlı dəfələrlə etiraz aksiyası keçiriblər. Bu, xüsusilə Simod traktatının imzalandığı gün - fevralın 7-də baş verir. Həmin gün Yaponiyada bayram günü kimi qeyd olunur və "Şimal əraziləri günü" adlanır. İki il əvvəl fevralın 7-də Yaponiyada Rusiya bayrağı cırılmış, Rusiya səfirliyinə güllə göndərilmişdi. Moskvanın tələblərinə baxmayaraq, Yaponiya bu aksiyaya aidiyyəti olan insanların cinayət məsuliyyətinə cəlbindən imtina edib.
Bundan başqa, Putinin "xikivake" prinsipinə nə dərəcədə əməl etməyə hazır olduğu da şübhəlidir. Şərq diplomatiyasının bütün fəndlərini əla bilən Rusiya prezidenti bacarıqlarını indiyədək dəfələrlə nümayiş etdirib - tərəfdaşların başının altına yastıq qoyub və bundan sonra qəflətən hücuma keçib.
Bu dəfə də belə oldu. Abenin səfərinin sonunda keçirilən mətbuat konfransında Rusiyanın nədən "şimal ərazilərdə" geotermal stansiya tikintisini davam etdirdiyinə dair sual verən yapon jurnalist gözlənilmədən çox sərt cavab aldı.
"Siz sualı kağızdan oxudunuz. Bu sualı sizə diktə etmiş şəxslərə mənim fikirlərimi çatdırmanızı istəyirəm. Bu problemi biz yaratmamışıq. O, bizə keçmişdən - 100 il əvvəldən qalıb. Biz səmimi olaraq onu hər iki tərəfi qane edəcək şəkildə çözmək istəyirik. Bizə kömək etmək istəyirsinizsə, bu, mümkündür: bunun üçün bir-birimizə xeyirxah münasibət göstərməli və qarşılıqlı etimadı gücləndirməliyik. Yox, əgər mane olmaq istəyirsinizsə, bu da mümkündür. Sərt və birbaşa suallarınızı davam etdirə bilərsiniz. O suallara eyni dərəcədə sərt və birbaşa cavab alacaqsınız. Başqa cür necə ola bilər ki?" - deyə Putin suala tam açıq şəkildə cavab verib.
Nəhayət, Putinin Yaponiyanın baş naziri Abeyə verdiyi hədiyyə sosial şəbəkələrdə fəal müzakirə olunur. Söhbət 1855-ci ilə aid nadir şərabdan gedir. Yeri gəlmişkən, Simod traktatının imzalandığı ili nəzərə alsaq, bu da tam Şərq diplomatiyası ruhunda atılmış addımdır... İndi ekspertlər bir sual üzərində baş sındırırlar: Putin bununla yaponlara Kurilin geri qaytarılmasına ümidlərin qaldığını göstərməyə çalışıb, yoxsa Rusiyadan bir şüşə şərabdan başqa heç nə ala bilməyəcəklərinə işarə edib?
Abe Putini 2014-cü ildə Yaponiyaya səfərə dəvət edib. İki ölkənin liderləri öz addımlarını atdılar. Bundan sonrası diplomatların işidir.
MƏSLƏHƏT GÖR: