
"KÜÇƏ SİYASƏTİ" ASTANASINDA
Ermənistan polisində aparılan kadr dəyişiklikləri hakimiyyətin ölkədə "güc variantı"na hazırlığının tərkib hissəsi ola bilər
Müəllif: NURANİ Bakı
İrəvanda seçki kampaniyası tam gözlənilən ssenari üzrə inkişaf etdi. Bütün seçki kampaniyası ərzində KİV-in diqqət mərkəzində ümumsiyasi məsələlər oldu - hakim partiya ilə müxalif birliklər arasında diskussiyalar, "paytaxt" siyasi reytinqləri və s. Şəhərin saysız-hesabsız problemləri isə haradasa onuncu planda qalıb. Halbuki bu problemlər kifayət qədərdir: İrəvanın mərkəzində qanunsuz tikililərdən tutmuş, tamamilə proqnozlaşdırılan yiyəsizliyədək - bu, büdcədə kifayət qədər vəsaitin olmamasının qaçılmaz nəticəsidir. Bununla əlaqədar olaraq, müxalifətçi namizədlər şəhər büdcəsinin çox az olmasına açıq etirazlarını bildiriblər. "Qolos Armenii" qəzeti isə yaşananlara kədərli yekun vurub: "Acınacaqlı olsa da, faktdır: paytaxta rəhbərlik etməyə can atanların heç biri İrəvanın ən ağrılı, ən zəruri probleminin həlli ilə bağlı lazımi konsepsiya ortaya qoymayıb. Biri irəvanlılara daha çox metrostansiya vəd edir, digəri Qapalı bazar problemini həll edəcəyini bildirir, daha bir namizəd kondominatları aradan qaldıracağını, dördün-cüsü isə Nubaraşen zibilliyini təmizləyəcəyinə söz verir və s. Daha çox metrostansiyası, daha çox iş yeri, daha çox ev, daha çox yaşıllıq... Bütün bunlar öz-özlüyündə yaxşıdır. Amma İrəvanın yaşaya, balanslı şəkildə inkişaf edə bilməsi üçün, üstəlik, onun "bütün ermənilərin paytaxtı"na çevrilməsi kimi iddialı vədin yerinə yetirilə bilməsi üçün, məhz, paytaxtın təhlükəsizliyilə, onun birtərəfli yox, ahəngdar inkişafı ilə birbaşa əlaqəli olan məsələlərə kompleks yanaşılması və onların kompleks həlli vacibdir".
Bununla yanaşı, seçki prosesinin "təmizliyinə" də ciddi şübhələr var. Səsvermə ərəfəsində Ermənistan polisinin Pasportlar və vizalar idarəsinin rəisi Ovanes Koçaryan jurnalistləri əmin edirdi ki, guya, müxalifətin İrəvanda başqa şəhərlərin sakinlərini qeydiyyata salındığına dair qaldırdığı səs-küy həqiqətə uyğun deyil. Onun sözlərinə görə, son dövrlərdə regionlarda yaşayanların İrəvanda qeydiyyat səviyyəsində heç bir artım yoxdur və seçkiyə hazırlıq bu prosesə stimul verməyib. "Beləliklə, müxalifətin, guya, saxtakarlığa hazırlıq görülməsi haqda dediklərinin heç bir əsası yoxdur", - deyə Koçaryan qeyd edib.
Əksər ekspertlər hesab edir ki, bugünkü Ermənistandan miqrasiyanın templəri nəzərə alınarsa, bu rəqəmlər heç kimdə xüsusi inam yaratmır. Şəhər rəhbərliyinə keçirilən seçki ərəfəsində Ermənistan parlamentinin Erməni Milli Konqresi fraksiyasından olan deputatı, sabiq baş nazir Qrant Baqratyan Facebook sosial şəbəkəsindəki səhifəsində ölkənin şimalına və Ermənistan-Gürcüstan sərhədinə baş çəkərkən aldığı təəssüratları bölüşüb. O, Gürcüstanla sərhəddə "yüz minlərlə erməninin Ermənistanı piyada tərk etdiklərini gördüyünü" yazır. "Həqiqətən də, son illərdə miqrasiyanın səviyyəsi artıb. Amma mən indiyədək belə şey görməmişdim", - deyə Baqratyan qeyd edib. Deputat bu sahəyə aid dəhşətli rəqəmlər aldığını bildirir - aprelin 21-də Baqrataşen keçid məntəqəsindən 6000 nəfər keçib.
Bütün bunların fonunda müxalifət KİV-in seçicilərin pulla alınmasına dair sensasion məlumatları da, hakimiyyətin səsvermənin nəticələrini özləri üçün sərf edən formaya "salmaq" istəyi də, seçkilərin paytaxtdakı real qüvvələr nisbətini əks etdirib-etdirmədiyinə dair diskussiyalar da tamamilə gözlənilən idi. Üstəlik, bu real qüvvələr nisbətindən kifayət qədər çox şey asılıdır. Həm də Ermənistanda dəfələrlə olduğu kimi, siyasətin küçələrə çıxmağa başladığı bir şəraitdə. Ekspertlər hazırda bu variantın istisna olmadığını düşünür.
Həqiqətən də, Serj Sarqsyanın yenidən Ermənistan prezidenti seçildiyi seçki ərəfəsində erməni və dünya KİV-i ölkədə 2008-ci ilin 1 martında baş vermiş qanlı hadisələrin təkrarlana biləcəyini yazırdı. Xatırladaq ki, 2008-ci ildə prezident seçkisinin nəticəsinin saxtalaşdırılmasına etiraz edən kütlə ilə polis arasında toqquşma olmuş, nəticədə polis insan kütləsinə atəş açmışdı. Ondan əvvəl - 1996-cı ildə Levon Ter-Petrosyan ikinci müddətə dövlət başçısı seçildikdə də İrəvan küçələrində toqquşmalar baş vermişdi: etirazçı kütlə parlamentin binasını ələ keçirmiş, hətta vitse-spikerlərdən biri yaxşıca əzişdirilmişdi. Çoxları əmindir ki, Serj Sarqsyanın son inauqurasiyası zamanı küçələrdə kütləvi toqquşmalar yalnız polisin vaxtında fəaliyyətə keçməsi sayəsində baş verməyib.
Əlbəttə ki, sadalanan bu halların hər biri ümumi seçkilər zamanı baş tutub. Nun şəhər rəhbərliyinə seçki ilə müqayisədə daha ciddi hadisə olduğu aydındır. Lakin ekspertlər hesab edir ki, bu dəfə də "Gümrü variantı" - kriminal klanlar arasında sərt, tez-tez rast gəlinən silahlı mübarizənin yaşanacağı istisna deyil. Xatırladaq ki, İrəvanda keçiriləcək seçki ərəfəsində Ermənistan ictimaiyyəti ölkənin böyüklüyünə görə ikinci şəhəri olan Gümrüdə - keçmiş Leninakanda baş verən hadisədən şoka düşüb.
Aprelin 23-ü saat təxminən 13:00 radələrində Gümrü Tibb Mərkəzindən şəhərin polis şöbəsinə xəstəxanaya odlu silahdan açılmış atəşlə yaralanmış iki nəfərin - Arutyun Xaçatryan və Artyom Karapetyanın daxil olduğuna dair xəbər verilib. Bir qədər sonra Karapetyan dünyasını dəyişib. Atışmada iştirakda şübhəli bilinərək saxlanılan Vaqe Qukasyan şəhərin sabiq meri Vardan Qukasyanın yaxın qohumudur. O, cinayəti törətdiyini etiraf edib. Polis insidentdə iştirak etmiş və yaralanmış daha bir nəfəri saxlayıb. O, Ermənistan parlamentinin "Çiçəklənən Ermənistan" fraksiyasından deputat Martun Qriqoryanın ailəsinə yaxın olan "Kavor Arut"un oğlu Arutyun Xaçatryandır. Bəzi məlumatlara görə, baş verənlər Qukasyanlar və Qriqoryanlar ailələri arasındakı "razborka"nın nəticəsidir.
Baş verənlərlə əlaqədar olaraq, Gümrüdə polis reydləri keçirilir. Məqsəd ayrı-ayrı insanlarda olan silahların müsadirəsidir. Polis orqanlarının rəhbərliyində isə miqyaslı kadr dəyişiklikləri həyata keçirilir. Artıq İrəvan Polis İdarəsinin rəisi Nerses Nazaryan vəzifəsindən kənarlaşdırılıb. Məlumatlı mənbələrin bildirdiyinə görə, onu işdən "maliyyə piramidası" təşkil etdiyi üçün uzaqlaşdırıblar.
Polisdən uzaqlaşdırılmış adı açıqlanmayan daha bir nəfər isə İrəvanın hazırkı meri Taron Marqaryanın seçkiqabağı mitinqində "naməlum şəxslərin" müxalifətçi jurnalist Akop Karapetyanı döydüyü vaxt baş verənlərə müdaxilə etmədiyi üçün işini itirib. Bütün bunlar erməni polisinə azacıq da olsa, "demokratik görüntü" vermək, xoşagəlməz fiqurlardan yaxa qurtarmaq cəhdlərinə bənzəyir. Amma əksər ekspertlər, əslində, söhbətin başqa şeydən getdiyinə əmindirlər. Onların fikrincə, bu kadr dəyişiklikləri hökumətin İrəvan küçələrində "güc variantı"na hazırlığıdır. Çünki bu halda polisin loyallığından və idarə oluna bilməsindən çox şey asılı olacaq.
MƏSLƏHƏT GÖR: