
QURUCU
Heydər Əliyev Azərbaycanın bugünkü inkişafının əsasını necə qoydu?
Müəllif: Nurlanə QULİYEVA Bakı
Başlanğıc... Azərbaycanın tam iqtisadi müstəqilliyinə, sabitliyə və regionun liderliyinə aparan uzun və çətin yolun başlanğıcı. O, asan olmadı. Praktiki olaraq, sıfırdan yeni iqtisadiyyatı olan yeni dövlət qurulmalı idi. O, köhnə sistemin dağılması ilə yaranmış viranəlikdən çıxarılmalı, hər bir sahəsi yenidən dirçəldilməli idi. Üstəlik, bütün bunlar bir nömrəli vəzifənin icrası ilə paralel şəkildə həyata keçirilməli idi: ölkədə gedən müharibəni dayandırmaq, torpaqların işğalının davam etməsinə imkan verməmək, daxili siyasi sabitliyi təmin etmək və elementar olaraq, xalqı yedizdirmək lazım idi.
Bu gün Azərbaycanın regionun lideri, Cənubi Qafqazın aparıcı dövləti olduğu, ÜDM-i region dövlətləri iqtisadiyyatının üçdə ikisini təşkil etdiyi bir vaxtda cəmi 20 il əvvəl bütün bunların sadəcə xəyal olduğunu düşünmək çətindir. Bu, əsl liderin meydana çıxması ilə mümkün oldu. Azərbaycanın rifahı məhz onun adı ilə bağlıdır.
10 may 2013-cü ildə vacib si-yasi, sosial-iqtisadi islahatların banisi, respublikada uzunmüddətli inkişafı təmin edən nəhəng layihələrin əsas ideoloqu, hələ uzun illər Azərbaycanda nəsillərin yararlanacağı ən vacib qərarların müəllifi Heydər Əliyevin 90 yaşı tamam olur.
Neft strategiyası
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəldikdə saysız-hesabsız problemlərlə qarşı-qarşıya idi. Onun ilk hakimiyyəti dövründə - 1962-1982-ci illərdə Sovet İttifaqının öncül respublikalarından olmuş, neft və pambıq istehsalında liderlər sırasında qərarlaşmış Azərbaycan indi müharibə, siyasi və iqtisadi böhranlar, sosial qarışıqlıq içərisində çabalayırdı.
Bu səbəbdən, Heydər Əliyevin Ermənistan-Azərbaycan cəbhə xəttində atəşkəsin elan edilməsindən sonrakı ilk hədəfi ümumi daxili məhsulun (ÜDM) bazar iqtisadiyyatı bazasında artırılmasına yönəlmiş islahatlar, həmçinin neft və qeyri-neft sektorlarının sürətli inkişafının təmini oldu.
Bununla əlaqədar olaraq, ümummilli liderin ən nəzərəçarpan xidməti yeni neft strategiyasının hazırlanmasıdır. Məhz bu, milli iqtisadiyyatın bugünkü inkişafının əsasını təşkil edir. Yeni strategiyanın tacı isə 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin imzalanması oldu. Rasional siyasət nəticəsində neft satışından əldə olunan maliyyə vəsaitləri ictimaiyyətin həyat fəaliyyətinin müxtəlif sahələrinin inkişafına yönəldildi. Bununla yanaşı, Heydər Əliyevin neft strategiyasının məqsədi yalnız Azərbaycanın iqtisadi pers-pektivlərinin reallaşdırılması deyildi. Məqsəd həm də etibarlı, möhkəm, dövlət təhlükəsizliyinin qorunmasına yönəlmiş siyasi xəttin yaradılması idi. Tarix göstərdi ki, bu strategiya Azərbaycana beynəlxalq arenada öz geostrateji mövqelərini möhkəmləndirmək imkanı verdi.
"Əsrin müqaviləsi" çərçivəsində dünyanın 12 məşhur neft şirkətilə müqavilə imzalandı. Sənəd Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının, "Günəşli" yatağının dərin sularda yerləşən hissəsinin 30 il ərzində işlənməsini və hasil olunmuş neftin pay bölgüsünü nəzərdə tuturdu.
İlk neft müqaviləsinin ardınca digər müqavilələr də imzalanmağa başladı: 1997-ci ilin noyabrında daha 8 neft-qaz yatağının birgə işlənməsinə (o cümlədən "Qarabağ", "Şahdəniz", "Əşrəfi", "Dan ulduzu", "Lənkəran-dəniz" və "Talış-dəniz" strukturlarının işlənməsi) dair müqavilə imzalandı. Ümumilikdə 1993-2003-cü illərdə dünyanın 19 ölkəsindən olan 41 neft şirkəti ilə müqavilələr imzalandı. Onların arasında "Şahdəniz" layihəsi xüsusi yer tutur. Məhz bu yatağın işlənməsi Azərbaycanın özünü potensial qaz ixracatçısı kimi təqdim etməsinə şərait yaratdı.
Əsası 2002-ci il sentyabrın 18-də qoyulmuş Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin tikintisi də Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider bu layihənin reallaşdırılması üçün düz 8 il mübarizə apardı. Bundan başqa, Cənubi Qafqaz qaz xəttinin (Bakı-Tbilisi-Ərzurum) əsası da Heydər Əliyevin təşəbbüsü ilə qoyuldu. Üstəlik, Azərbaycan neftinin dünya bazarlarına nəqli üçün 1997-ci ildə istismara verilmiş Bakı-Novorossiysk ixrac boru xətti bərpa edildi. Yeni neft strate-giyasının inkişafı və Şərq-Qərb enerji dəhlizinin reallaşdırılmasında Bakı-Supsa neft borusunun inşası da vacib rol oynadı.
İslahatların əsası
İqtisadiyyatın ayrı-ayrı sahələrini bir-birinin ardınca dirçəldən Heydər Əliyev o illər qarşıya qoyulmuş planların reallaşdırılması üçün maliyyə çatışmazlıqlarına rəğmən, uzaqgörənlik nümayiş etdirərək, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) yaradılması haqda göstəriş verdi. Bunun sayəsində nəinki neft gəlirlərinin ədalətli bölüşdürülməsi, həm də onun artırılaraq, gələcək nəsillər üçün qorunub saxlanması təmin edildi.
Hələ o illərdən bazar iqtisadiyyatı prinsipləri əsasında qeyri-neft sektorunun strateji vacib sahələrinin inkişafı kursu götürülmüşdü. 1993-2003-cü illərdə 3 mindən artıq yeni müəssisə açıldı. Onların əksəriyyəti sahibkarlığa Yardım Milli Fondu vasitəsilə dövlət imtiyazlarına malik idilər. Dövlət mülkiyyətinin özəlləşdirilməsi üzrə geniş proqramın icrasına başlanıldı, qeyri-neft sektoruna xarici investisiyalar cəlb olundu, vergi, gömrük, bank-maliyyə sahələrində islahatlar aparıldı, qiymətli kağızlar bazarı yaradıldı və s. Azərbaycan regionda nəhəng nəqliyyat infrastrukturu layihələrinin təşəbbüskarı oldu.
Aqrar sənaye sektorunun inkişafına xüsusi diqqət ayrıldı. Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycanın gələcəyi məhz bu sektorun imkanlarından effektiv istifadə olunmasındadır. Təsadüf deyil ki, 1970-ci illərdə respublikada kənd təsərrüfatının bir çox sahəsinin dirçəldiyi məhz ümummilli liderin adı ilə bağlıdır. Onun ikinci hakimiyyəti dövründə isə bütün lazımi qanunvericilik bazası yaradıldı. Xüsusilə MDB-də ilk dəfə "Torpaq islahatları haqqında" qanun Azərbaycanda qəbul edildi. Bu qanunda torpaqların şəxsi mülkiyyətə verilməsi, alğı-satqısı öz əksini tapdı.
Qeyd edək ki, keçmiş SSRİ-nin bəzi respublikalarında hələ də torpaq islahatları aparılmayıb. Azərbaycanda isə bu proses qısa müddətdə başa çatdırıldı. Torpaqlar təmənnasız olaraq sahiblərinə paylanıldı, bu isə aqrar sektorun, kənd yerlərində sahibkarlığın inkişafının əsasını qoydu. Nəticədə bu gün qeyri-neft sektorunda sürətli inkişaf müşahidə olunur. Azərbaycan ərzaq təminatı məsələsində özünü təmin edən ölkə statusunu möhkəmləndirir.
Yeri gəlmişkən, sovetlər dönəmindən qalmış inzibati-komanda idarəçilik sisteminin yeni azad rəqabət münasibətlərilə əvəzlənməsini nəzərdə tutan köklü institusional yenidənqurma, bazar iqtisadiyyatı sisteminin formalaşdırılması üçün məqsədyönlü siyasi tədbirlər, dövlət mülkiyyətinin özəlləşdirilməsi, yeni əmlak münasibətlərinin formalaşdırılması, torpaq islahatlarının aparılması kimi vacib dəyişikliklərin əsası da həmin illərdə qoyuldu.
Sosial qərarlar
Bütün sadalananlar, təbii ki, əhalinin əksər sosial problemlərinin həllinə yardım etdi. İqtisadiyyatın ümumi inkişafı, insanların rifah halının yaxşılaşdırılması istiqamətindəki qərarlar nəticəsində 1996-cı ildən 2003-cü ilin ortalarınadək ölkədə əməkhaqları və pensiyaların 6 dəfədən artıq yüksəldiyini, əhalinin real gəlirlərinin 2,3 dəfə artdığını qeyd etmək kifayətdir.
Makroiqtisadi balansın təmini, o dövrdə mövcud olan hiperinflyasiyanın qarşısının alınması istiqamətində də ciddi tədbirlər görüldü, ağır sosial məsələlərin həlli üçün ciddi işlər aparılmağa başladı.
Heydər Əliyevi ən çox narahat edən həlli vacib problemlər işsizlik və yoxsulluq həddinin yüksək olması idi. Dünya Bankının 1996-cı ildə keçirdiyi sorğu göstərirdi ki, Azərbaycanda yoxsulluğun səviyyəsi 61%-dir. 2001-ci ildə əhalinin 49%-i yoxsulluq həddində yaşayırdısa, 2012-ci ilin nəticələrinə əsasən, bu göstərici 6%-dək azalıb. Prezident İlham Əliyevin də dəfələrlə dediyi kimi, yaxın illərdə Azərbaycanda yoxsulluq problemi tam aradan qaldırıla bilər.
Dünya Bankının təsnifatında adambaşına düşən ümumi milli gəlir səviyyəsinə görə Azərbaycan MDB ölkələri arasında "yüksək orta gəlir" kateqoriyasına düşmüş ilk respublikadır. Bundan başqa, BMT-nin İnkişaf Proqramının "İnsan İnkişafı Hesabatı"nda Azərbaycan 2010-cu ilə "orta insan inkişafı" qrupundan çıxarılaraq "yüksək insan inkişafı" qrupuna daxil edilib.
Həm iqtisadi, həm də sosial sahədəki bütün bu nailiyyətlər ümummilli liderin adı ilə bağlıdır. Məhz onun sayəsində Azərbaycan özünün iqtisadiyyatın idarə edilməsi modelini yarada, nüfuzlu reytinqlərdə lider mövqeyinə yüksələ, dünya iqtisadiyyatına uğurla inteqrasiya edə bilib. Azərbaycan bəzən beynəlxalq təşkilatlara öz şərtlərini diktə edir. Ölkə daxilində iqtisadi liberallaşdırma aparılır, iqtisadiyyatın rəqabət qabiliyyəti yüksəlib, büdcə və valyuta ehtiyatlarının illik artım tempi dəstəklənir.
Məhz Heydər Əliyev tərəfindən əsası qoyulmuş islahatlara sadiqlik Azərbaycanın getdikcə inkişaf etməsinə yol açır. Bu gün ölkənin qızıl-valyuta ehtiyatı 46 milyard dollara çatır. Bu, o deməkdir ki, daxili istehsal, hətta 3 il müddətinə dayandırılarsa, Azərbaycanın ehtiyatı bu dövrdə daxili tələbatın ödənilməsinə imkan verəcək. Bu göstərici dünyadakı illik tələbatdan 10 dəfə, ölkənin xarici borcundan isə 8 dəfə artıqdır.
Bu gün Prezident İlham Əliyevin göstərişi ilə Azərbaycan şirkətləri xaricdəki layihələr və müəssisələrə daha çox investisiya yatırırlar. Bu, Azərbaycanın iqtisadi dayanıqlı ölkə imicini daha da yaxşılaşdırır. Bu uğurlar, demək olar ki, bütün aparıcı reytinq agentlikləri və təşkilatlar tərəfindən etiraf olunur.
Şübhəsiz ki, Heydər Əliyevin iqtisadi sahədəki fəaliyyəti ölkənin uğurlu inkişaf modellərindən biridir. Onun təşəbbüskarı olduğu islahatlar Azərbaycanın bundan sonra da uzun illər inkişaf etməsinin əsasını qoyub və bu, çox vacibdir. Bu gün həmin islahatlar məhz liderin düşündüyü formada reallaşdırılır. Demək, ardı var...
MƏSLƏHƏT GÖR: