24 Noyabr 2024

Bazar, 07:28

SİQARET ÇƏKMƏ ZONASI

Kimin hüquqları daha çox qorunmalıdır: siqaret çəkənlərin, yoxsa çəkməyənlərin?

Müəllif:

18.03.2014

Siqaret çəkmək insanların yüz illərdir öyrəşdiyi ən pis vərdişlərdən biridir. Siqaretin ziyanı və bunun nəticəsində ölən insanlar haqda çox məlumatlar yazılıb. Lakin heç nə dəyişmir. Əksinə, hər şey pisə doğru gedir. Bu gün siqaret çəkən qadını da və yeniyetməni də tez-tez görmək mümkündür. 

 

Hər yerdə siqaret çəkirlər

Azərbaycanda vəziyyət çox acınacaqlıdır. Statistikaya əsasən, hər üçüncü insan fəal siqaret aludəçisidir; passiv çəkənlərin sayını isə heç kim hesablamağa da cəhd etmir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Azərbaycan siqaret çəkənlərin sayına və adambaşına düşən siqaretlərin orta sayına görə aparıcı yerlərdən birini tutur. Siqareti hər yerdə - küçələrdə, nəqliyyatda, kafedə, mağazalarda çəkirlər. Azərbaycan Respublikası "Tütün və tütün məhsulları barədə" qanununa əsasən, 18 yaşına çatmamış şəxslərə siqaret satışı qadağandır. Amma bu qayda hər yerdə pozulur və nəinki pozulur - ümumiyyətlə, ona riayət olunmur və müvafiq qanunun icra olunması ilə bağlı nəzarət də mövcud deyil. Bəzən, 12-13 yaşlı uşaqlar mağazaya daxil olub siqaret qutusu alırlar və satıcı onlara rahatca siqaret satır. Qanun barədə sual verəndə satıcı deyir ki, çox vaxt uşaqlar siqareti ataları üçün alırlar. Hər halda, öz malının satışında maraqlı olan mağaza sahibi alıcılara qarşı bu cür seçim edir. 

Təbii ki, bunların hamısı siqaret çəkməyən insanlar tərəfindən kəskin narazılıqla qarşılanır. Demək olar ki, ölkəmizdə siqaret çəkilməsinə ciddi məhdudiyyət və qadağa qoyan müəssisə mövcud deyil. Hələ bir neçə il bundan əvvəl millət vəkili Qənirə Paşayeva ictimai yerlərdə siqaret çəkilməsini məhdudlaşdıran qanunun tətbiq edilməsinin vacibliyi haqda danışırdı. Qənirə xanımın sözlərinə görə, mövcud olan qanunun icrası belə qənaətbəxş deyil. Çünki məsələn, tütün məhsullarının təbliğinə və uşaq müəssisələrinin yaxınlığında satışına qoyulan qadağa belə icra olunmur. 

O zaman yeni qanunun tətbiqi haqda nə demək olar? Qapalı (ictimai) yerlərdə siqaret çəkməyin qadağa olunmasına dair hazırlanmış qanun la-yihəsi hələ də qəbul olunmayıb. Milli Məclisin yaz sessiyasının planına o heç daxil də olmayıb. Məlum olub ki, qanuna baxılması mübahisəli məqamlar səbəbindən  daha iki ilə təxirə salınıb. Ümumilikdə, qanun layihəsinə əsasən, bir sıra qapalı yerlərdə, nəqliyyat vasitələrində,  mədəni və idman müəssisələrində, təcridxanalar, ruhi xəstələr üçün xəstəxanalar və qocalar evi  istisna olmaqla (bu yerlərdə siqaret çəkməyə icazə verilir), siqaret çəkilməsinə qadağa və cərimə şəklində bir sıra inzibati sanksiyalar da nəzərdə tutulur.

Bundan başqa, Azərbaycan hələ 2005-ci ildə ÜST-in Çərçivə Konvensiyasına qoşulub. Bu sənədə əsasən, ictimai yerlərdə siqaret çəkilməsinə dair qadağa strategiyası çərçivəsində tütünə qarşı mübarizə üçün kompleks tədbirlər icra olunur. Bu sıraya tütün məhsullarına vergilərin və qiymətlərin artırılması, reklama qadağa, siqareti atmaq istəyənlərə yardım, passiv çəkilməsinə qarşı müdafiə daxildir. Konvensiyaya qoşulmasına baxmayaraq, bizdə ictimai yerlərdə siqaret çəkilməsinə qarşı heç bir tədbir görülməyib. 

Siqaret çəkməyən insanlar nəinki diskomfort yaradan tüstüdən qorunmağa, həmçinin  passiv çəkmənin ziyanı ilə mübarizə aparmağa  çalışırlar. Məlum olduğu kimi, nikotinin böyük hissəsi tüstü ilə birlikdə havaya "gedir", bu da siqaret çəkənin yanında duran insanlara da mənfi təsir göstərməyə  bilməz. Passiv çəkmə uşaqların inkişafına qarşı güclü təsirə malikdir. Siqaret çəkməyən insanların əsas arqumenti ondan ibarətdir ki, uşaqları tüstünün zərərli təsirindən və uşaqlarda gələcəkdə siqaret çəkmək istəyi yarada biləcək mənfi nümunələrdən uzaqlaşdırmaqdır. Siqaretçəkmənin zərəri haqda çoxsaylı verilişlər və məqalələr, siqaret çəkənlərin ağ ciyərlərinin təsviri olan "qorxulu şəkillər", hətta siqaret qutularının üzərində yazılan "Siqaret çəkmək sizin sağlamlığınıza ziyandır" yazısı daha çox mülayim, daha dəqiq desək, az faydalı bir tədbir kimi dəyərləndirilir. 

Qərb ölkələrinin, hətta qonşu Türkiyənin təcrübəsi göstərir ki, yalnız sərt inzibati sanksiyaların və yüksək cərimələrin tətbiqi vəziyyətə təsir edə bilər. Siqaret çəkməyə qarşı mübarizədə daha bir ciddi amil siqaretin qiymətləridir. Azərbaycanda siqaretin qiyməti bununla mübarizə aparan ölkələrlə müqayisədə kifayət qədər aşağıdır. Təbii ki, üç milyon insanın birdən-birə çəkməməsi mümkün deyil, heç kim buna iddia etmir. Hətta siqaret çəkməyən vətəndaşlar da siqaret çəkənlərə qarşı loyal münasibət bəsləyirlər. Onlara iaşə müəssisələrində yalnız ayrı  yerlər, uşaqların yanında, ailəvi kafelərdə və restoranlarda, nəqliyyatda, məktəb və xəstəxana ərazilərində siqaret çəkmənin qadağan edilməsini tələb edirlər.

 

Siqaret çəkənlər bəs necə?

Təbii ki, siqaret çəkənlərin bir qismi, xüsusilə nəzərə alsaq ki, onların çoxu yetkinlik yaşına çatıb, amma hər halda öz mövqelərini təzyiqdən qorumağa çalışırlar. Məsələn, Bakı sakini  29 yaşlı həkim-epidemioloq Murad Paşazadə bildirir: "Avropda siqaret çəkilməsinə qadağa, daha çox onu çəkənlərin hüquqların pozulması ilə nəticələnir. Niyə o birilərinin (siqaret çəkməyənlərin) hüquqlarını qorumaq lazımdır, digərlərin isə yox? Məncə, ən optimal həll "siqarət çəkən" və siqaret çəkməyənlər"in zonalara bölünməsidir. Bütün restoranlar da özləri müəyyənləşdirsin: zonalara bölünmə, siqaret çəkmək, yoxsa ona qadağa qoymaq. Amma düşünürəm ki, çoxları siqaret çəkməyə icazə verəcək. Çünki, məsələn, mən və digər siqaret çəkən insanlar da siqaret çəkmək qadağan edilən restoranlara demək olar ki, getmirik.  Bu isə müəssisə üçün gəlirin azalması deməkdir". Onun sözlərinə görə, hər bir siqaret aludəçisi siqaretçəkmənin ziyanından xəbərdardır. Əgər bilirsə və davam edirsə, bu onun şəxsi seçimidir. Hər bir insan öz həyatı və səhhəti ilə istədiyi kimi rəftar edir. Lakin təbii ki, ətrafdıkaların maraqlarını nəzərə almaq və onlara zərər verməmək də lazımdır. 

Bakıdan olan mühəndis Anton Saburov da hesab edir ki, təcrübəli "tüstü buraxanlara" siqaret çəkməyi birdən-birdə qadağan etmək olmaz: "Əvvəlcə, mütləq siqaret çəkmək üçün zonalar təmin etmək və hazırlamaq lazımdır. Lakin açıq yerlərə bu, şamil edilmir. Hər halda, avtomobillərin ifraz qazları daha ziyanlıdır. Bu hazır olanda və yoxlandıqdan sonra məhdudiyyətlər tətbiq etmək lazımdır. Stressi aradan qaldıra bilməyən siqaret aludəçisi ünsiyyətə o qədər də açıq deyil. Stressdən gələn ziyan onun siqaret çəkib sakitləşməsindən daha çoxdur". 

Bununla belə, siqaret aludəçilərinin çoxu ya peşman olurlar ki, nə vaxtsa siqaret çəkməyə başlayıblar və indi də bu zərərli vərdişi tərgidə bilmirlər. Və ya siqaret çəkməklə ətrafdakılara diskomfort yaratdıqlarını və onların səhhətinə zərər verdiyini anlayaraq, müəyyən məhdudiyyətlərə tam hazırdırlar. 

Gördüyümüz kimi, iki qarşı-qarşıya duran ordular - siqaret aludəçiləri və siqaret çəkməyənlər bir-biri ilə razılığa gələ bilərlər. Müvafiq qanunun tətbiqi və dövlət qurumları tərəfindən ona riayət olunmasına nəzarət vacibdir.  


MƏSLƏHƏT GÖR:

732