Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycan "Hollandiya sindromu"na üstün gəldi və iqtisadiyyatının diversifikasiya olunması yolundadır. Ölkənin növbəti inkişaf mərhələlərindəki əsas məqsədi - ixrac qabiliyyətli model əsasında ölkənin iqtisadi potensialını möhkəmləndirməkdir. Bunun üçün hökumət xariciləri Azərbaycana təkcə maliyyə resursları yatırmaq deyil, həmçinin yeni texnologiyalar və nou-haular gətirmək, qabaqcıl təcrübə ilə bölüşmək, yerli mütəxəssisləri öyrətmək və s. sahələrdə həvəsləndirmək məqsədilə ölkə iqtisadiyyatının sərmayə cəlbediciliyini artırmaq üçün əlavə tədbirlərin tətbiqini davam etdirməyə hazırdır.
Məhz bu məsələlər ötən həftə "The Economist" jurnalının təşkilatçılığı ilə Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammiti: "2020 və sonrakı iqtisadi inkişafı sürətləndirmə" adlı beynəlxalq tədbirin gedişi zamanı müzakirə predmeti olub.
Sammitdə Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov bildirib ki, Azərbaycan böyük təbii resurslara malik ölkələrin etdiyi səhvlərdən, o cümlədən "Holland sindromu"ndan yan keçməyə müvəffəq olub. Onun sözlərinə görə, "Holland sindromu"nun əlamətlərindən biri valyutanın dəyərinin sürətlə artması, ixracatın azalması kimi amillərdir. Azərbaycan bunlardan yan keçə bilib. Ş. Mövsümov qeyd edib ki, Azərbaycan Dövlət Neft Fondunda yığılan vəsaitlər də az rol oynamır. "Bundan başqa, neft sənayesi əvvəllər ÜDM-nin 60%-ni təşkil edirdisə, indi bu rəqəm 40%-dir", - deyə Ş. Mövsümov bildirib.
Beləliklə, bu gün Azərbaycan sabit iqtisadiyyata malik 10 ölkədən biridir. "Son illər Azərbaycanın ÜDM-si 3 dəfədən çox artıb. Bunun qlobal maliyyə böhranı fonunda baş verməsi xüsusilə önəmlidir. Məhz buna görə də bir çox xarici maliyyə institutları təsdiq ediblər ki, Azərbaycan iqtisadiyyatı dünyada sabit iqtisadiyyata malik on ölkədən biridir", - deyə sammitdə çıxışı zamanı Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov bildirib. Onun fikrincə, bu inkişafın sabitliyinin mühüm amillərindən biri də iqtisadiyyatının proqnozlaşdırıla bilməsidir. Bu mənada ölkə iqtisadiyyatının gələcək inkişafında əsas rolu "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası oynayır. Bu sənəd təkcə ölkə qarşısında duran məqsəd və vəzifələri deyil, həmçinin onlara nail olma yollarını da ifadə edir. Eyni zamanda hökumət iqtisadiyyatın şaxələndirilməsinə böyük diqqət ayırır. "Bu proqram hesabına xüsusi diqqət mərkəzində nəqliyyat, logistika, regionların inkişafı duracaq. Əsas prioritet - insan kapitalıdır. Gələcəkdə kənd təsərrüfatı və emal ÜDM-nin 45%-nı təşkil edəcək. Son illər turizm sahəsi gəlir gətirir ki, bu da xarici investorları bu sahəyə cəlb edir. İKT sahəsi də ölkədə böyük inkişaf mərhələsi keçib", - deyə R. Məmmədov bildirib. O, əlavə edib ki, diversifikasiya sayəsində Azərbaycan iqtisadiyyata olan təhlükəni azaldıb.
Bu amil, sözsüz ki, ölkənin investisiya cəlbedicilik qabiliyyətinin artması üçün mühüm cəhətlərdən biri olacaq. Bundan başqa, açıqlanan göstəricilər dövri olaraq nüfuzlu agentliklər və maliyyə institutları tərəfindən də yüksək reytinqlərlə təsdiq olunur. Məsələn, R. Məmmədovun sözlərinə görə, "Doing Business" (Ümumdünya bankının hesabatı) indikatoru üzrə Azərbaycanın mövqeyi daim artır. "Əcnəbi investorları biz yerli sərmayədarlarla bərabər tuturuq. Onlar üçün də eyni şərtlər yaradılır. Deyə bilərəm ki, bu günə artıq kifayət qədər iri investisiyalar yatırılıb", - deyə AZPROMO-nun rəhbəri əlavə edib.
Sözlərinin sübutu olaraq o, deyib ki, Azərbaycan dünyanın 140 ölkəsi ilə ticarət əlaqəsi qurub və bu münasibətlərin inkişafı üçün bütün zəruri infrastruktur mövcuddur.
Prinsipcə, ARDNF-in icraçı direktoru Ş. Mövsümovun da qeyd etdiyi kimi, Azərbaycan - daxili bazarı məhdud olan kiçik ölkədir: "Onun üçün daha münasib iqtisadi model ixrac qabiliyyətli modeldir". Eyni zamanda Azərbaycan infrasktrukturun inkişafı və yaxşılaşdırılması, nəqliyyat imkanlarının yüksəldilməsi və biznes-mühitin yaxşıladırılmasına iri sərmayə yatıraraq, xarici investorlar üçün yaxşı imkanlar yaradır. Bütün bunlar birlikdə əlverişli coğrafi mövqe ilə təkanverici amillərdir.
Hərçənd bu istiqamətdə müəyyən problemlər və boşluqlar da təkzib olunmur. Misal üçün "AmCham Azerbaijan"ın icraçı direktoru Nərgiz Nəsrullayeva-Müdüroğlunun fikrincə, Azərbaycanın cəlbediciliyini artırmaq üçün, hökumət xarici investorlara biznes-vizaların verilməsini sadələşdirməlidir. "Hökumət turist vizalarının verilməsi prosesini bir qədər sadələşdirib, amma biznes-vizalarla bağlı hələ də müəyyən çətinliklər mövcuddur", - deyə o, hesab edir. Həmçinin onun rəyinə görə, gömrük sistemində islahatların aparılmasını davam etdirmək və əmək resurslarının cəlb edilməsi üzrə əcnəbi şirkətlərin təcrübəsini təşviq etmək lazımdır. Onun sözlərinə görə, bundan başqa, hazırda sənəd dövriyyəsinin elektron formaya keçidi fəal şəkildə həyata keçirilir və biznesin qeydiyyata alınması prosedurunun sadələşdirilməsi üçün onu tamamlamaq lazımdır. "Başlıca olaraq hansı sahələrin inkişafı iqtisadiyyatın şaxələndirilməsi üçün daha vacibdir" sualına cavab verən Palatanın direktoru informasiya texnologiyaları, nəqliyyat, kənd təsərrüfatı və turizmin adını çəkib. Onun sözlərinə görə, bu sahələrin hər biri böyük potensiala malikdir.
Burada sözgəlişi qeyd edək ki, hökumət Azərbaycanın ixrac potensialının inkişafını stimullaşdırmaq üçün artıq tədbirlər görürür. Belə ki, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin sözlərinə görə, ixrac-idxal əməliyyatlarının həyata keçirilməsi üçün Azərbaycan sahibkarlarına cəmi iki sənəd lazım olacaq.
"Məlum olduğu kimi, idxal-ixrac əməliyyatlarının aparılmasının liberallaşdırılması sahəsində islahatlar nəticəsində 2009-cu il yanvarın 1-dən etibarən Azərbaycan dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin yoxlanılmasında "bir pəncərə" prinsipi tətbiq edilib, yeni Gömrük Məcəlləsinin tətbiqi ilə idxal-ixrac əməliyyatları sahələrində inzibati prosedurlar daha da sadələşdirilib", - deyə Ş. Mustafayev bildirib.
Nazirin sözlərinə görə, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmana uyğun olaraq, bu sahədə islahatlar davam etdiriləcək. "Belə ki, bir sıra normativ-hüquqi aktlara dəyişiklik edilməklə idxal-ixrac zamanı gömrük nəzarətinin həyata keçirilməsi üçün ancaq nəqliyyat sənədi və bilavasitə bəyannamə tələb olunacaq. Bununla da, tələb olunan sənədlərin sayı idxalda 11-dən 2-yə, ixracda isə 8-dən 2-yə endiriləcək. Ümumilikdə isə tələb olunan sənədlərin sayı 19-dan 4-dək azalacaq", - deyə Ş. Mustafayev əlavə edib.
Bununla da ixrac qabiliyyətli məhsulların istehsalına yardımdan başlayaraq, onun xaricə satışı üzrə prosedurunu bilavasitə sadələşdirilməsindək, kompleks tədbirlər yaxın illərdə Azərbaycan iqtisadiyyatının diversifikasiyası üzrə planların reallaşdırılmasının təməli olacaq. Xarici sərmayələr, texnologiya və təcrübə isə bu prosesin sürətlənməsi üçün əlavə amil olacaq.
MƏSLƏHƏT GÖR: