25 Noyabr 2024

Bazar ertəsi, 01:57

YENİ İMKANLAR

"Şahdəniz"in səhmdarları bu supernəhəngin "Mərhələ-3"ünü reallaşdırmaqda iddialıdırlar

Müəllif:

18.03.2014

Azərbaycanda olan qaz ehtiyatları daxili tələbatı ödəmək və qaz ixrac etmək üçün 100 ilə bəs edir. Prezident İlham Əliyevin hələ 2007-ci ildə ölkənin təzə-təzə qaz ixracatçısına çevrildiyi zaman etdiyi bu bəyanat ekspertlər arasında spektisizm yarada bilərdi. O vaxt ölkə Gürcüstana və Türkiyəyə hələ kiçik həcmdə qaz ixrac edirdi, həm də qaz ehtiyatlarının həcmi, təxminən, 1,5 trilyon kubmetr təşkil edirdi. Lakin ötən illər göstərdi ki, Azərbaycan ancaq regional ölkələrin tələbatları ilə kifayətlənmək istəmir və Avropanın enerji bazarında öz yerini tuta bilər. 

45 milyard dollar sərmayəyə malik Trans-Anadolu və Trans-Adriatik nəqliyyat magistralları ilə birgə "Şahdəniz" yatağının işlənməsinin 2-ci mərhələsi layihəsinin reallaşdırılması Avropanın qaza artan tələbatını ödəməyə və "mavi yanacaq"ın mənbələrini şaxələndirməyə yardım  edəcək. 

Artıq imzalanan müqavilələrə əsasən, 2019-cu ildən Azərbaycan Yunanıstan, Bolqarıstan və İtaliyaya 10 milyard kubmetr qaz ixrac edəcək. 

Bununla belə, "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşlar əldə etdikləri ilə kifayətlənmək niyyətində deyillər - bu struktur supernəhəng statusa malik olduğunu təsdiqləməyə davam edir və tərəfdaşlar üçün yeni imkanlar açır. 

Bununla bağlı "Şahdəniz" səhmdarları yatağın növbəti 3-cü mərhələsi üzərində işləmək niyyətindədirlər. Bu barədə "R+"a SOCAR-ın nüma-yəndəsi bildirib. 

"İstismarın ilk iki mərhələsində əhatə olunmayan sahədə qazın kifa-yət qədər böyük ehtiyatları var - təxminən, 500 milyard kubmetr. Bu sahənin işlədilməsi üçün səhmdarlar ilə prinsipial razılaşma əldə edilib", - deyə mənbə bildirib.

O qeyd edib ki, ilkin məlumatların dəqiqləşdirilməsi üçün geofiziki işlərin aparılması və kəşfiyyat quyularının qazılması nəzərdə tutulub. Bundan sonra "Mərhələ-3" konsepsiyası, hasilatın həcmi, sərmayələr və digər məsələlər barədə də danışmaq olar.

Bundan əlavə mənbə qeyd edib ki, "Mərhələ-3"ün 2025-ci ildən əvvəl reallaşdırılması mümkünsüzdür. Çünki layihənin tam işlənmə prosesi, ehtiyatların dəqiqləşdirilməsi, sərmayə əsasının hazırlanması, ən azı, 8-10 il tələb edir. "Bu layihə "Şahdəniz" yatağında hasilatın pik həcmlərini uzun müddət ərzində təmin etməyə imkan verəcək. Ümumilikdə isə sübut olunmuş ehtiyatları nəzərə almaqla, ümid edirik ki, "Şahdəniz" ehtiyatlarının ümumi həcmi, təqribən, 1,7 trilyon kubmetr təşkil edəcək. Amma əlavə həcmlərin hasilatı üçün yeni texnologiyaların tətbiqi lazım olacaq", - deyə mənbə vurğulayıb.

"Şahdəniz" "Mərhələ3"ün reallaşdırılmasının mümkünlüyü haqda “bp”nin prezidenti Robert Dadli də danışıb. 

"2007-ci ildə yataqda qazılan kəşfiyyat quyusu dərin qatlarda yaxşı ehtiyatların olmasını göstərib. Genişmiqyaslı kəşfiyyat aparmaq lazımdır. Orada hələ də işlənən yeni texnologiya lazım olacaq, çünki dərin qatlardan başqa orada yüksək təzyiqli qaz var. Öz intuisiya və təcrübəmə əsaslanaraq deyə bilərəm ki, orada növbəti əsrə qədər çatacaq qaz ehtiyatları mövcuddur", - deyə R. Dadli ötən ilin dekabrında bildirib. 

İndiki mərhələdə isə, "XXI əsrin müqaviləsi" adlanan "Şahdəniz - 2" layihəsinin reallaşdırılması ilə birgə, bu yatağın səhmdarlar "Mərhələ-2" çərçivəsində əlavə tədbirlər kompleksini reallaşdırmaq niyyətindədir. Bu, qaz hasilatının pik həcmlərinin uzun müddət ərzində təmin olunması məqsədilə reallaşdırılır. 

Xatırladaq ki, "Mərhələ-1" çərçivəsində 10,4 milyard kubmetr pik həcmə, "Mərhələ-2" çərçivəsində isə 16 milyard kubmetr pik həcmə nail olunması planlaşdırılır. Azərbaycan hökuməti isə öz növbəsində, "Şahdəniz"in işlənməsinin "Mərhələ-2" layihəsinin reallaşdırılmasına  nəinki institusional, eyni zamanda, maliyyə dəstəyi verməkdə davam edir. "Şahdəniz" layihələrinin effektiv idarəetməsi və Avropaya qazın nəql edilməsi üçün bu sahədə artıq Prezident İlham Əliyevin sərəncamı ilə nəzərdə tutulan QSC yaradılır. Nizamnamə kapitalı 100 milyon dollar olan QSC-nin 51 faizi dövlətə, 49 faizi isə SOCAR-a məxsus olacaq. QSC-nin dövlət payının maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fonduna tapşırılıb və bununla bağlı Fond 51 milyon dolların ayrılması üçün 2014-cü il üçün öz büdcəsinin dəyişdirilməsi təşəbbüsünü irəli sürəcək.

ARDNF icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə, QSC-nın xərclərinin ümumi həcmi 5 milyard dollar təşkil edəcək. Öz növbəsində isə ARDNF-dən 5 il ərzində şirkətin fəaliyyəti çərçivəsində 2-2,5 milyard dolların ayrılması nəzərdə tutulub. "Biz hesab edirik ki, Dövlət Neft Fondunun sərmayələri 2023-2024-cü illərə qədər tam olaraq qaytarılacaq", - deyə fondun rəhbəri bildirib. 

Bundan əlavə, "Şahdəniz"in işlənməsində iştirak edən heç də bütün şirkətlər "Mərhələ-2" üzrə üzərinə əlavə sərmayə öhdəlikləri götürməyə hazır deyillər. Halbuki onlar kifayət qədər yaxşı gəlir vəd edir. İşlərin ikinci mərhələsi üzrə ümumi həcm 28 milyard dollar olsa da (TANAP və TAP nəqliyyat magistralları nəzərə alınmadan), gəlirlər, təqribən, 200 milyard dollar səviyyəsində proqnozlaşdırılır. 

Norveçin "Statoil" şirkəti artıq öz səhmlərinin hissəsini "Şahdəniz"in digər iki iştirakçısı olan "bp" və SOCAR-a satıb: "Statoil" 25,5%-lik payının 10%-ni 1,45 milyard dollara satıb - 3,3 faizini bp, 6,7 faizini isə SOCAR əldə edib.

"Geriyə çəkiləndən" daha biri Fransanın "Total" şirkəti ola bilər. Lakin bu, şayiə səviyyəsindədir. Təsdiq olunmamış məlumatlara əsasən, "Total" ya bütün, ya da "Şahdəniz"də olan 10%-lik hissəsini və ya onun yarısını sata bilər. Alıcı qismində "Botaş" şirkətinin adı çəkilir. Lakin bu məlumatlar öz təsdiqini tapmayıb. Hər halda "bp" və SOCAR-ın nümayəndələri Fransa şirkətinin öz payını satması ilə bağlı bildiriş əldə etməyiblər. Müqavilənin şərtlərinə əsasən, layihəni tərk etmək istəyənlərin payının istismarı, ilk növbədə, digər iştirakçılara təqdim olunmalıdır və yalnız sonra üçüncü tərəflərə təklif edilməlidir. Bundan əlavə, SOCAR-da qeyd ediblər ki, bir sıra şirkətlər TANAP-ın səhmdarları tərkibinə daxil olmağa və "Şahdəniz"in işlənməsinə maraq göstərirlər. 

Sual yaranır ki, "Statoil" və "Total"a "Şahdəniz" kimi cəlbedici layihədə paylarının azalması nəyə  lazımdır? Neft şirkətlərinin birindən "R+"a bildiriblər ki, neft-qaz bazarında bu cür iri oyunçular operatorluq etmədən kiçik pay iştirakına malik layihələrə o qədər də maraqlı olmurlar. Bir sıra şirkətlərin "Şahdəniz" layihəsinə marağının artması şəraitində isə iştirak payının qiyməti də artır, bu da müəyyən zamanda onun satılması məsələsini aktuallaşdırır. Bundan əlavə, ümumilikdə, "Total" aktivlərinin satılmasını dünya boyu həyata keçirir. Şirkətin prezidenti Kristof de Marjeri bildirib ki, "Total" aktivlərinin satılması üzrə planı 25 milyard dollara qədər çatdıra bilər. O qeyd edib ki, 2012-2014-cü illər üzrə aktivlərin 15-20 milyard dollar satılması ilə bağlı əvvəllər elan olunan planı, 25 milyard dollara çatdırmaqla da icra etmək olar. De Marjeri əlavə edib ki, şirkət 2015-ci ildən sonra da aktivlərini satmağı planlaşdırır. Lakin "Şahdəniz" layihəsindən çıxdığı halda belə, "Total" 40%-lik payı ilə operatoru olduğu "Abşeron" yatağının işlənməsindən imtina etmək niyyətində de-yil. 300 milyard kubmetr ehtiyatlara malik bu yataq Azərbaycan qazının Avropaya ixracının genişləndirilməsi üçün əlavə resurs bazalarından biri sayılır. 

Həmçinin yaxın gələcəkdə "Azəri-Çiraq-Günəşli" blokunun dərin qatlı qaz laylarının işlənməsi ilə bağlı danışıqların sona çatması gözlənilir. "AÇG"nin işlənməsi ilə bağlı hazırkı saziş, məlum olduğu kimi, yalnız müəyyən laylardan neft hasilatını nəzərdə tutur. Lakin kəşfiyyat işləri prosesində, təqribən, 300 milyard kubmetr səviyyəsində kifa-yət qədər iri ehtiyatlar tapılıb. Bununla bağlı da onların istismarının mümkünlüyü ilə bağlı “bp” ilə danışıqlar gedir. SOCAR-da qeyd ediblər ki, bu danışıqlar son mərhələyə qədəm qoyub və bu yaxınlarda müqavilənin imzalanması gözlənilir. 

Bununla da qeyd olunan yataqlarla birgə "Babək", "Ümid", "Şəfəq-Asiman", "Naxçıvan" və digər strukturların işlənməsi perspektivləri ilə Azərbaycanın ümumi qaz ehtiyatları artıq 3 trilyon kubmetri aşır. Bu cür ehtiyatlar qaz hasilatının artmasını ildə 40-50 milyard kubmetr təşkil edəcəyini təxmin etmək olar, bunun əsas hissəsi ixrac olunacaq. Bu da əminliklə deməyə imkan verir ki, Azərbaycan Avropanın qaz bazarında öz iştirakını daha da artırmağa davam edəcək və qitənin "mavi yanacaq"a olan tələbatını bir neçə əsr ödəyəcək. 

 

 

BİZİM ARAYIŞ

"Şahdəniz" yatağının işlənməsi ilə bağlı müqavilə Bakıda 1996-cı ilin iyunun 4-də imzalanıb və Milli Məclis tərəfindən həmin ilin oktyabrın 17-də ratifikasiya olunub. Layihənin səhmdarları - "bp" - 28,.8%, SOCAR - 16,7%, "Statoil" - 15,5%, "LUKoil" - 10%, NICO - 10%, "Total" - 10% və TPAO - 9% şirkətləridir.  

TANAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından Azərbaycan qazının Gürcüstan-Türkiyə sərhədindən Türkiyənin qərb sərhədinə qədər nəqli üçün nəzərdə tutulub. TANAP-ın dəyəri 10-11 milyard dollar səviyyəsində qiymətləndirilir. Layihənin iştirakçıları SOCAR (68%), "bp" (12%) və "Botas"dır (20%). 

TAP qaz kəməri "Mərhələ-2" çərçivəsində "Şahdəniz" yatağından təbii qazın Yunanıstan və Albaniya vasitəsilə İtaliyaya nəql olunması üçün nəzərdə tutulub. Boru kəmərinin gücü ildə 20 milyard kubmetrədək artma imkanı ilə tələbatdan asılı olaraq ildə 10 milyard kubmetr təşkil edir. Səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: SOCAR (20%), "bp" (20%), "Statoil" (20%), "Fluxys" (16%), "Total" (10%), "E-On" (9%) və "Axpo" (5%).



MƏSLƏHƏT GÖR:

717