
"ERGENEKON" OLUBMU?
Türkiyə hökuməti gözdən salınmış generalitetin əsas fiqurlarına bəraət verir
Müəllif: Natiq NAZİMOĞLU Bakı
İstanbul məhkəməsi dövlət çevrilişinə cəhddə günahlandırılaraq həbs olunmuş şəxslərin 13-nü azadlığa buraxıb. Məhkəmə bu qərarı yeni qanunvericilik normalarına əsaslanaraq çıxarıb. Söhbət dövlət əleyhinə fəaliyyətdə təqsirləndirilən şəxslərin maksimal həbs müddətinin 5 il azaldılmasını nəzərdə tutan qanundan gedir. Bundan başqa, məhbusların sərbəst buraxılmasına həm də parlamentin bu yaxınlarda qəbul etdiyi qanun imkan verir. Həmin qanuna əsasən, dövlət çevrilişinə hazırlıqla bağlı qərar çıxarmış xüsusi yurisdiksiyalı məhkəmələr ləğv edilib.
Azad olunanlar arasında məşhur vəkil Kamal Kerinçsiz, jurnalist Tuncay Özkan, bir sıra tanınmış hərbçi, yazıçı və publisist var. Amma əlbəttə ki, ictimaiyyət arasında əsas rezonansı Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəhbəri İlkər Başbuğun azadlığa buraxılması yaradıb. Xatırladaq ki, Başbuğ Rəcəb Tayyib Ərdoğan hökumətini devirmək üçün yaradılmış "Ergenekon" təşkilatına başçılıq etməkdə günahlandırılaraq, ömürlük azadlıqdan məhrum edilmişdi. Onun azadlığa buraxılması Konstitusiya Məhkəməsinin generalın qanuni hüquqlarının pozulduğuna dair iddiasını təmin etməsindən sonra mümkün olub. Konstitusiya Məhkəməsində belə qənaətə gəliblər ki, Başbuğun hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq həbs olunması əsassız imiş. Qurum bu qərarını məhkəmənin məsələyə dair hökmü təfərrüatı ilə açıqlamaması ilə əsaslandırıb.
Başbuğun sərbəst buraxılması "Ergenekon" işi üzrə ittiham olunan 200-dən çox insan üçün presedent ola bilər. Bununla yanaşı, məhkəmənin məsələyə yenidən baxması həm də Türkiyədəki daxili siyasi proseslərlə bağlıdır. Xatırladaq ki, son aylarda ölkə daxilində korrupsiya qalmaqalları yaşanır, baş nazir Ərdoğanın tərəfdarları ilə "Hizmət" klerikal hərəkatının lideri Fətullah Gülənin tərəfdarları arasında qarşıdurma daha da qızışır.
Son günlərdə Türkiyənin iri şəhərlərini genişmiqyaslı antihökumət nümayişləri bürüyüb. Nümayişlər polislə toqquşmalarla müşahidə olunur. Etiraz aksiyaları ötən ilin yayında keçirilən nümayiş zamanı polis tərəfindən yaralanaraq komaya düşmüş yeniyetmənin dünyasını dəyişməsi ilə daha da qızışıb. Hökumət əleyhinə kütləvi etiraz aksiyalarının davam etməsi Ərdoğanın mövqelərinin açıq şəkildə zəiflədiyini göstərir. Mühafizəkar elektoratın böyük bir hissəsinin maraqlarını təmsil edən Gülənlə qarşıdurma ilə yanaşı, dünyəvi dairələrin hakim partiyanın siyasətini qəbul etməməsi gərginliyi daha da artırır. Həmin dairələr hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) Türkiyənin əsası Mustafa Kamal Atatürk tərəfindən qoyulmuş dövlətçilik düzənini dəyişmək istəyinə qəti şəkildə etiraz edir. Belə olan təqdirdə, görünür, Ərdoğan hərbi dairələrlə illərdir davam edən düşmənçilik kimi ağır yükü hökumətinin çiynindən atmaq qərarına gəlib.
Məlum olduğu kimi, hərbi dairələrin bir çox nümayəndəsi bir neçə ildir, Türkiyədə çoxlarının qurama və siyasi saydığı ittihamlarla həbsdədirlər.
Ərdoğan hələ bu ilin yanvarında bildirmişdi ki, o, Ədliyyə Nazirliyinə dövlət çevrilişinə cəhddə ittiham olunan ordu zabitlərinin təkrar məhkəməsi üçün yolların tapılmasını tapşırıb. Bununla da o, "Ergenekon" işi və "Balyoz" hərbi çevriliş planı ilə bağlı səs-küylü proseslərə yenidən baxılmasının mümkünlüyünə işarə etmişdi.
Ola bilsin ki, baş nazir bələdiyyə və prezident seçkiləri ərəfəsində (bələdiyyə seçkisi artıq martın 30-da, prezident seçkisi isə yayda keçiriləcək) hərbçilərlə alyansa getməyi planlaşdırır. Gözdən salınmış zabitlərə bəraət verilməsi prosesinə başlanılması da bununla əlaqədar ola bilər. Bəlkə də Ərdoğanın bu cəhdi son vaxtlaradək daxili siyasi proseslərdən təcrid edilmiş generalitetdə də rəğbətə səbəb olacaq. İstənilən halda, Başbuğ hələ azadlığa çıxmaq üçün müraciət etdikdə faktik olaraq, baş nazirin "dövlət daxilində Gülənin dəstəklədiyi bandanın olduğuna" dair fikri ilə razılaşmışdı. Amma Kamal dövlətinin qurulduğu andan dünyəvi dövlətçiliyin qarantı kimi çıxış edən yüksək rütbəli türk zabiti üçün ƏİP - "Hizmət" qarşıdurmasından kimin qalib ayrılacağı elə bir prinsipial əhəmiyyət daşımır. Həm Ərdoğanın, həm də Gülənin Türkiyənin şəklini bir qədər islama tərəf dəyişmək niyyətlərini gizlətməmələri onlara hərbçilərlə strateji ittifaq yaratmaq şansı qoymur.
Prosesə, şübhəsiz ki, dünyəvi siyasəti əsas götürmüş müxalifət də öz təsirini göstərəcək. Bu, ilk növbədə, Mustafa Kamalın Cümhuriyyət Xalq Partiyasıdır (CXP). Bu siyasi təşkilat ƏİP-in Atatürkün ideya irsinə yenidən baxmaq cəhdinə, ölkədə islamlaşma yönündə islahatların aparılması niyyətinə qəti şəkildə etiraz edir.
Amma Ərdoğan hökumətinin tezliklə hakimiyyətdən gedəcəyinə dair fikirlərin yanlış olduğunu ölkədə aparılan sosioloji sorğular da təsdiqləyir. Sorğular Ərdoğanın və partiyasının hələ də Türkiyənin ən populyar siyasi qüvvəsi olaraq qaldığını göstərir.
Siyasi böhranın böyüməsi fonunda ƏİP-in hakimiyyəti dövründə Türkiyədə qeydə alınan iqtisadi inkişaf Ərdoğan hökumətinin əlində güclü "kozır" olaraq qalır. Avropa İttifaqı və dünyanın iqtisadi mərkəzləri tərəfindən də təsdiqlənən rəsmi statistika göstərir ki, Ərdoğanın baş nazir olduğu son 12 ildə Türkiyə iqtisadiyyatı dünyada ən dinamik inkişaf etmiş iqtisadiyyatlardandır. Böhranlı 2010-2011-ci illərdə belə, onun inkişafı müvafiq olaraq 9,2% və 8,5% təşkil edib. 2002-ci ildən 2013-cü ilədək Türkiyənin Ümumi Daxili Məhsulu, təxminən, 4 dəfə artaraq hardasa 1 trilyon dollara çatıb. Əhali arasında adambaşına düşən gəlir 3 min dollardan 11 min dollara qalxıb. ƏİP hökuməti dövründə Türkiyə ixracının rekordları da yenilənib: 2012-ci ildə ixrac həcmi 156 milyard dollar təşkil edib.
Amerikalı Ceffri Saks da daxil olmaqa, dünyanın aparıcı iqtisadçıları Türkiyədə iqtisadi artımın qısamüddətli olmadığına əmindirlər. Onlar bu fikirlərini bu artımın maliyyə qovuqlarına deyil, möhkəm təsərrüfat təməlinə əsaslanması ilə izah edirlər. Ekspertlər (həm də Qərb ekspertləri) Türkiyə iqtisadiyyatında artımın təhsil, turizm, infrastruktur layihələri, öncül mühəndis qurğuları sahələrindəki inkişafla, tikinti bumu ilə əlaqədar olmasına heyranlıqlarını gizlətmirlər.
Bütün bunlar ƏİP tərəfindən hakimiyyətdə qalmaq üçün əsaslı arqumentlər kimi istifadə olunacaq. Bu il keçiriləcək və son 10 ildə Türkiyənin siyasi sinfi üçün ən ciddi sınağa çevriləcək seçki prosesində müxalifət bundan daha ciddi arqumentlər ortaya qoya biləcəkmi? İstənilən halda, qarşıdan gələn seçkilərin siyasi və hüquqi nəticələri yaxın illər üçün Ankaranın strateji prioritetlərinin gündəmini formalaşdıracaq. Üstəlik, bu seçkilər bir suala da cavab verməlidir: Türkiyənin aparıcı siyasi qüvvələri getdikcə artmaqda olan siyasi qarşıdurmalar fonunda milli birliyi qoruya, dövlətin özülünün zəifləməsinin qarşısını ala biləcəklərmi?
MƏSLƏHƏT GÖR: