13 Mart 2025

Cümə axşamı, 13:31

GEOSİYASƏTİN GİROVU

Qərblə Rusiya arasında Ukrayna uğrunda yaşanan qarşıdurma Qarabağ münaqişəsinin nizamlanması prosesinə necə təsir göstərəcək?

Müəllif:

18.03.2014

Son həftələr Azərbaycan və Ermənistanın XİN başçılarının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşləri ilə yadda qaldı.

Həmsədrlər İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) fevralın 22-dən martın 11-dək Parisdə və Moskvada Elmar Məmmədyarov və Edvard Nalbandyanla silsilə görüşlər keçirdilər. ATƏT-in yaydığı məlumata görə, həmsədrlər nazirlərlə Azərbaycan və  Ermənistan prezidentlərinin 2013-cü ilin noyabrında Vyanada keçirdikləri görüşdə qaldırdıqları məsələlərin həlli istiqamətində işləri davam etdiriblər.

Nazirlər isə öz növbələrində, həll olunmamış qalan məsələləri çözmək, prosesi irəli aparmaq arzularını dilə gətiriblər. Bundan başqa, Minsk qrupunun həmsədrləri sülh prosesinin davam etdirilməsi üçün yüksək səviyyədə görüşlərin keçirilməsinin vacibliyini vurğulayıblar. Onlar gələn ay regiona səfər etmək niyyətində olduqlarını da açıqlayıblar.

Beləliklə, vasitəçilərin bəyanatı onların yaxın perspektiv üçün əsas məqsədlərinə - prezidentlərin görüş vaxtının müəyyənləşdirilməsinə nail ola bilmədiklərini göstərir. Bu, izaholunandır. Təbii ki, səbəb yenə Ermənistanda axtarılmalıdır. Məsələ ondadır ki, vasitəçilərin hazırkı fəallığı Ukraynadadakı dramatik hadisələr, Krımın ölkədən ayrılmasının səsə qoyulduğu referendum fonunda yaşanır. Görünən odur ki, Krımdakı vəziyyətin aydınlaşmasınadək Ermənistan prezidentinin görüşə razılıq verməsini gözləməyə dəyməz. Çünki onun xarici qüvvələrdən və şəraitdən son dərəcə asılı olduğu aydındır.

İlk baxışdan Krımın Ukraynadan ayrılması Ermənistan tərəfindən bəyənilməlidir. Hər halda, İrəvan Kosovo, Abxaziya, Cənubi Osetiya, Şərqi Timov və digər regionlarla bağlı analoji şəraitdə məhz bu cür mövqe nümayiş etdirmiş, baş verənləri Dağlıq Qarabağ üçün presedent saydığını açıq şəkildə bəyan etmişdi. Amma İrəvan sevincdolu fikirləri hadisələrin ilk mərhələsində səsləndirmiş, sonradan bu fikirlər tədricən yox olmuşdu.

İndi erməni ekspertləri birağızdan bildirirlər ki, Dağlıq Qarabağda söhbət "azadlıq uğrunda mübarizə"dən gedirdisə, Krım Rusiyanın təcavüzünə məruz qalıb. "Dağlıq Qarabağ - Krım tezisi Ermənistanın daxili və xarici siyasəti üçün son dərəcə zərərlidir. Çünki beynəlxalq nöqteyi-nəzərdən bu iki problemi eyni cərgəyə qoymaq mümkün deyil", - deyə bu günlərdə Ermənistanın "Azad demokratlar" partiyasının sədr müavini Anuş Sedrakyan bildirib.

Bununla yanaşı, Ukraynada baş verənlərin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə birbaşa təsiri var. Krım ətrafında yaşananlar Rusiya ilə Qərb arasında münasibətləri xeyli pisləşdirib. Bəziləri, hətta tərəflər arasında "soyuq müharibə"nin başlandığını bildirirlər. Söhbət Moskvaya qarşı ciddi sanksiyaların tətbiqindən gedir. Üstəlik, Qərb paytaxtlarından gələn bəyanatların totallığı göstərir ki, hadisələr indiki axarı ilə gedəcəyi təqdirdə, Rusiyaya qarşı sanksiyaların sərtliyi getdikcə artacaq. Yeri gəlmişkən, bu, ermənilərin Krımın Ukarynadan ayrılmasını düşünmədən qəbul etməsinə mane olan daha bir məqamdır. "İrəvanın ən yaxın müttəfiqi olan Rusiyaya qarşı beynəlxalq sanksiyaların tətbiqi onsuz da acınacaqlı durumda olan Ermənistanın vəziyyətini, onun regional təcridini daha da ağırlaşdırmayacaq ki?" - deyə İrəvanda, az qala, hər kəs sual edir.

İstənilən halda, Qərblə Rusiyanın münasibətlərinin gərginləşməsi, şübhəsiz ki, Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivinə müsbət təsir göstərməyəcək. ATƏT-in Minsk qrupunun Rusiya, ABŞ və Fransadan ibarət 3 həmsədri onsuz da ötən 20 ildə bu problemin həllində hansısa ciddi nailiyyətləri ilə öyünə bilməzlər. Belə olan təqdirdə, yeni "soyuq müharibə"nin yetişdiyi bir vaxtda bu işdən hansısa müsbət nəticələr gözləmək olarmı? Axı hər şey indiki kimi davam edərsə, onların özlərinin sülhməramlılara ehtiyacı olacaq. Ən pis halda Minsk qrupunun fəaliyyəti dayandırılacaq, yaxşı halda isə vasitəçilərdən hər biri, daha doğrusu, bir yanda Rusiya, digər tərəfdə isə ABŞ və Fransa "yorğanı öz üzərinə çəkməyə" başlayacaq. Bu ssenarilərin heç biri münaqişənin həllini istəyənlərin maraqlarına uyğun deyil.

Bütün bunlarla yanaşı, bu məsələdə bir müsbət "əmma" da var. Rusiya bu cür təcridolunmuş durumunda artıq bir dəfə qalıb və bu, 2008-ci ilin avqustunda baş verib. Gürcüstan-Rusiya müharibəsindən sonra Moskvanın Abxaziya və Cənubi Osetiyanı birtərəfli şəkildə müstəqil respublikalar kimi tanıması Qərb tərəfindən ciddi səs-küylə qarşılanmışdı. Onda da Rusiyaya qarşı sanksiyaların tətbiq olunacağı, onun "Böyük səkkizlik"dən çıxarılacağı və s. hədələr səsləndirilmişdi. Həmin dövrdə onu da deyirdilər ki, Rusiya bu addımı ilə yalnız Gürcüstan ərazisində deyil, Dağlıq Qarabağ münaqişəsi də daxil olmaqla, digər problemlərin həllində özünü neytral vasitəçi kimi "yandırıb". Amma zaman keçdikcə, bu ritorika  nəhəng nüvə dövlətlərindən biri olaraq qalan, hələ də Avropanın enerji bazarında əsas rola malik olan Rusiyaya qarşı daha praqmatik yanaşma ilə əvəzləndi. Bundan başqa, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ən fəal mərhələ məhz postavqust dövrünə təsadüf etdi. Rusiya sanki  digər vasitəçilərlə münasibətlərindəki sərinləşmədən istifadə edərək, praktiki olaraq əsas rolu öz üzərinə götürdü. Rusiya prezidentinin vasitəçiliyi ilə 4 ildən bir qədər az müddətdə Azərbaycan və Ermənistan prezidentinin bir neçə görüşü təşkil olundu. Ya Moskva postsovet məkanındakı münaqişələrin hər birinin öz xüsusiyyəti olduğunu göstərməyə çalışır, ya da onların həlli prosesinin irəli aparılmasına gücünun çatmadığına dair fikirlərin yanlış olduğunu nümayiş etdirməyə cəhd edirdi. Amma hər bir halda, Qarabağ probleminin həlli prosesində görünməmiş dinamizm məhz həmin dövrə təsadüf etdi. Bu dəfə necə olacağını isə zaman göstərəcək.

Məyus edən başqa məqamdır. Dağlıq Qarabağın və ona bitişik rayonların işğalı problemi beynəlxalq birliyi az narahat edir. Artıq  Ermənistan - Azərbaycan münaqişəsi ilə dünyada daha çox başqa proseslər kontekstində maraqlanırlar. Söhbət məsələ ilə məşğul olan dövlətlər üçün böyük geosiyasi əhəmiyyət daşıyan proseslərdən gedir. Bir müddət əvvəl belə "əhəmiyyətli" proses Gürcüstan-Rusiya müharibəsi idi. İndi isə Qarabağ probleminin nizamlanması Ukrayna ətrafında yaşananların girovuna çevrilib. Azərbaycan üçün isə ərazilərinin işğalı problemi prioritet olub və belə də olacaq. Bu şəraitdə Azərbaycanın borcu öz xəttini davam etdirməli, kimlərinsə bu problemi arxa plana atmasına imkan verməməlidir. Ən azı, müxtəlif mənfi proqnozlara rəğmən, Azərbaycan 2008-ci ilin avqustunda yaşanan hadisələrdən layiqli şəkildə çıxa bildi.



MƏSLƏHƏT GÖR:

742