
TƏHLÜKƏLİ HƏDDƏ MANEVRLƏR
Sanksiya müharibəsi və Ukraynanın iqtisadi tənəzzüldən xilas perspektivi
Müəllif: Sahil İSGƏNDƏROV, politoloq Bakı
Ukraynanın tərkibindəki Krım Muxtar Respublikasında (KMR) keçiriləcək referendumun tarixi dəyişdirildi. Əvvəlcə onun mayın 25-də (Ukraynada prezident seçkisinin keçiriləcəyi gün) təşkil olunması nəzərdə tutulsa da, sonradan səsvermə martın 30-na, sonda isə 16-na təyin edildi. Üstəlik, səsverməyə çıxarılacaq sualda da dəyişiklik olundu. Əvvəlcə bildirilirdi ki, referendumun keçirilməsində məqsəd Ukrayna mərkəzi hakimiyyəti və ya Konstitusiyasında baş verə biləcək istənilən dəyişiklik halında KMR-in hüquqlarının qorunması üçün onun statusunun təkmilləşdirilməsidir. Martın 2-də isə Krım parlamentinin spikeri V. Konstantinov referendumda əsas məqsədin muxtariyyətin müstəqil dövlətə çevrilməsi olduğunu bəyan etdi. Nəhayət, sonda səsverməyə 2 məsələnin çıxarılması qərara alındı: "KMR Rusiya Federasiyasının tərkibində olmalıdırmı?" və "KMR Ukraynanın tərkibində olmalıdırmı?".
Bu vəziyyətdə krımlıların öz müqəddəratını təyinetmə hüququndan danışmaq yersiz olardı - uşağa da aydırdır ki, burada söhbət Rusiya-Qərb qarşıdurmasından gedir. Dünyanın güc mərkəzlərinin ritorikasında sərtliyin artması fonunda Simferopolun tələbləri də dəyişdi. Rusiya Federasiya Şurasının Putinə Ukraynada Rusiya Silahlı Qüvvələrindən istifadə etmək icazəsi verməsindən, Qərbin isə Moskvanı adekvat cavab addımları ilə hədələməsindən sonra, KMR hökuməti referendumun vaxtını 2 həftə qabağa çəkdi və sessiya məsələsini də səsverməyə əlavə etdi. Vaşinqtonun "Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə yaranmasına görə" məsuliyyət daşıyan Rusiya məmurlarına, o cümlədən fiziki şəxslərə viza sanksiyaları tətbiq edildiyini açıqlamasından, Aİ-nin Moskva ilə viza rejiminin yüngülləşdirilməsinə, yeni baza razılaşmasının bağlanmasına dair danışıqların dayandırıldığını bəyan etməsindən sonra, Krım parlamenti referendumun martın 16-da keçirilməsinə qərar verdi. Üstəlik, KMR muxtariyyətin Rusiyaya birləşdirilməsi ilə bağlı Moskvaya müraciət də etdi. Bundan başqa, KMR və Sevastopolun müstəqilliyinə dair bəyannamə qəbul olundu.
Kiyev və Qərb referendumu, eləcə də qəbul olunmuş bəyannaməni qeyri-legitim adlandırdı, Rusiyanın əməlləri isə Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə təhlükə, beynəlxalq hüquq normalarına tamamilə zidd fəaliyyət kimi qiymətləndirildi. Moskva isə addımlarını Ukraynanın legitim hakimiyyətinin güc yolu ilə devrilməsi, ölkənin rus və rusdilli əhalisinin həyatı üçün təhlükənin yaranması ilə əsaslandırır. Rusiyanın məntiqinə müəyyən mənada etiraz etmək çətindir. Amma Qərbin Moskvanı suveren dövlətin ərazi bütövlüyünə hörmət olunması haqda beynəlxalq prinsiplərə hörmət etməməkdə günahlandırması ilə də razılaşmamaq mümkün deyil. Bununla yanaşı, Qərbin ərazi bütövlüyü prinsipinə sadiqlikdə heç də həmişə ardıcıl olmaması, bu məsələdə əksərən öz geosiyasi maraqlarından və siyasi məqsədyönlülükdən çıxış etməsi onun mövqeyini zəiflədən məqamdır. Ukrayna məhz bu siyasətin qurbanına çevrilib. İndi orada Krım problemi ilə yanaşı, Donetskdə, Xarkovda, Luqanskda da ehtiraslar coşmaqdadır. Qərb və Rusiya isə bütün bunların fonunda düz, Ukraynanın sərhədində əzələ nümayişi ilə məşğuldur.
Əksər ekspertlərin proqnozuna görə, məsələ açıq hərbi qarşıdurmaya keçməyəcək. Siyasi xarakterli sanksiyalar isə Moskvanın mövqeyinə elə bir ciddi təsir göstərməyəcək. Yeri gəlmişkən, qarşıdan gələn prezident seçkisində qələbə şansı kifayət qədər yüksək qiymətləndirilən Ukraynanın sabiq baş naziri Yuliya Timoşenko dünyanın Rusiyaya qarşı istifadə etdiyi beynəlxalq alətlərin qeyri-effektiv olduğunu bəyan edib. O, ABŞ və Aİ-ni daha sərt iqtisadi rçaqlara əl atmağa çağırıb. Amma problem ondadır ki, Rusiya dünyanın maliyyə-iqtisadi sisteminə çox güclü inteqrasiya edib və ona yönəldiləcək istənilən iqtisadi sanksiyanın prezident Vladimir Putinin də dediyi kimi, qarşılıqlı zərəri olacaq. Bununla yanaşı, Moskvanın adekvat cavab addımlarında ilk əsas zərər görən 2012-ci ildə ticarət dövriyyəsinin 40 milyard dollar təşkil etdiyi ABŞ yox, Aİ ölkələri olacaq. Əslində, Amerikada Rusiyaya qarşı sərt iqtisadi sanksiyların tətbiqi, çətin ki, müəyyən lobbiçi qrupların ürəyincə olsun. Məsələ ondadır ki, Amerikanın "Ceneral Elektrik", "Katerpiller", "Con Dir", "Ford", "Ceneral Motors", "Boinq" və s. kimi nəhəng şirkətlərinin Rusiya bazarlarında çoxmilyardlıq maraqları var. Rusiya və Amerika şirkətləri arasında Arktika şelfinin birgə işlənməsinə dair razılaşma da mövcuddur. Bu mənada, Aİ daha ciddi problemlərlə üzləşə bilər. Ötən il Rusiya ilə Aİ arasında ticarət dövriyyəsinin həcmi müxtəlif qiymətləndirmələrə görə, 410-440 milyard dollar olub. Rusiya şirkətləri Aİ iqtisadiyyatına 80 milyard dollardan artıq sərmayə qoyublar. Avropa şirkətlərinin Rusiyaya yığılmış investisiyalarının həcmi isə 288 milyard dollardır. Rusiya iqtisadiyyatının əsas investorları Almaniya, Fransa və Hollandiya şirkətləridir. Onlar, çətin ki, bu cür nəhəng kapital qoyuluşlarını riskə artmaq istəsinlər.
Yaşananların fonunda Aİ-nin enerji təhlükəsizliyi məsələsi də gündəmə gəlir. Hazırda Avropa İttifaqının "mavi yanacaq" idxalının 34%-i Rusiyanın payına düşür. Aİ ilə Rusiya arasında iqtisadi münasibətlərin kəskin şəkildə pisləşməsi halında birincinin mövqeləri daha zəif olacaq. Çünki qısa və orta perspektivdə "Köhnə dünya"nın alternativ qaz mənbələri tapmaq imkanı yoxdur. Bundan başqa, Rusiya qərb istiqamətində sutkada 2,7 milyon barel neft ixrac edir. Hələlik dünya bazarında bunun da alternativi yoxdur. Müxtəlif sahələrdə Almaniya-Rusiya iqtisadi əməkdaşlığı da önəm daşıyır. Ekspertlərin qiymətləndirməsinə görə, Almaniya avtomobil sənayesinin ixracının 45%-i Rusiya bazarlarının payına düşür. Üstəlik, Almaniya Rusiyadan ən çox qaz alan Avropa ölkəsidir. Almaniya kansleri Angela Merkel Moskvanın ünvanına sərt tənqidlər səsləndirsə də, xarici işlər naziri F.V. Ştaynmayerin Rusiya ilə dialoqda diplomatik səylərə üstünlük verməyin vacibliyini söyləməsi məhz bununla bağlıdır. Almaniyanın sabiq kansleri Herhard Şröder isə Aİ-nin Ukrayna siyasətini, ümumiyyətlə, yanlış adlandırıb.
İstənilən halda, Rusiya və Qərbin sanksiyalara əl atmayacağı təqdirdə belə, Ukraynanın iqtisadi tənəzzüldən xilas edilməsi problemi ciddi problem olaraq qalır. Qərbin Kiyevə siyasi dəstəyi tam aydındırsa, iqtisadi sahədə xüsusi şövq müşahidə olunmur. Ukrayna Maliyyə Nazirliyinin məlumatına görə, 2014-2015-ci illərdə Ukraynaya makromaliyyə yardımının həcmi 35 milyard dollar olmalıdır. ABŞ Senatının profil komitəsi artıq Kiyevə 1 milyard dollarlıq yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib. Dünya Bankı Ukraynaya 3 milyard dollar yardım etməyə hazır olduğunu bildirib. BVF isə Kiyevə 4 milyard dollarlıq kredit ayıra bilər. Bundan başqa, ötən həftə Avropa Parlamenti Avropa Komissiyasının Ukarynaya qısa və uzunmüddətli perspektidə 11 milyard avroluq maliyyə yardımının ayrılması təklifini qəbul edib. Amma bütün bu ciddi maliyyə dəstəyi belə, Ukrayna iqtisadiyyatı üçün panaseya deyil.
Əksər ekspertlərin iddiasına görə, bu problemin Rusiyanın mümkün yardımı olmadan həlli mümkün deyil. Maraqlıdır ki, Qərb də Rusiyanı Ukrayna qarşısında öhdəliklərini sonadək yerinə yetirməyə çağırır. Söhbət Moskvanın Kiyevə 15 milyard dollarlıq kredit ayırmağa razılaşmasından gedir. Xatırladaq ki, Rusiyanın Ukraynaya bu məbləğdə kredit ayıracağına dair razılaşma hələ Viktor Yanukoviçin prezidentliyi dövründə əldə olunmuşdu. Amma Ukraynada yaşananları dövlət çevrilişi kimi qiymətləndirən, ölkənin yeni liderlərinin legitimliyini tanımayan Rusiya nəinki Kiyevə kredit ayrılmasını dayandırıb, üstəlik, Ukraynaya satılan qazın qiymətindəki güzəştlərin aprelin 1-dən ləğv olunacağını da bəyan edib. Bundan sonra Moskva yalnız KMR-ə və Ukraynanın Rusiyanın hamiliyi altına keçməyə razı olan vilayətlərinə maliyyə yardımı göstərməyə hazırdır.
Ukraynanın iqtisadi iflasdan xilas olunması üçün son dərəcə maraqlı təklifi məşhur amerikalı politoloq Zbiqnev Bjezinski irəli sürüb. O, Brüssel və Vaşinqtona 10 ukraynalı oliqarxı adama 1 milyard dollar ayırmağa razı salmağa çağırıb. Deyəsən, geosiyasətin patriarxı sayılan Bjezinskinin məsləhətini eşidiblər. Aİ Şurası martın 5-də dövlət əmlakının qeyri-qanuni mənimsənilməsində şübhəli bilinən, insan haqlarının pozulması hallarına aidiyyətlərinin olduğu güman edilən 18 Ukrayna vətəndaşının aktivlərinin dondurulmasına dair qərar qəbul edib. Onların arasında Viktor Yanukoviç, onun oğulları və yaxınları da var. Yanukoviç və tərəfdarları ilə bağlı (ümumilikdə 20 nəfər) anoloji qərarı İsveçrə hökuməti də hələ fevralın sonlarında qəbul edib. Güman ki, bu vəsaitlər Qərbin Ukraynaya verdiyi kreditlərin bağlanmasının qarantı kimi istifadə olunacaq. Gələcəkdə onların müəyyən hissəsinin kredit şəklində Kiyevə verilməsi də mümkündür. Yəni, Qərb "maydançılar"ın Ukrayna iqtisadiyyatı üçün vəsait tapmalarına belə bayağı üsulla kömək edir. Yeri gəlmişkən, artıq "maydançılar"ın özləri də V. Yanukoviçə və ona yaxın oliqarxlara məxsus vəsaitlərin, biznes strukturlarının milliləşdirilməsinə start veriblər. Güman ki, Ukraynanın yeni liderləri maliyyə probleminin aradan qaldırılmasında bəzi Ukrayna oliqarxlarının yardımına bel bağlayırlar. Qərbpərəst oliqarxlar İ.Kolomoyskinin və S.Tarutanın Dnepropetrovsk və Doneskin qubernatoru təyin olunmaları, çətin ki, təsadüfi addım olsun. Amma ən böyük təhlükə bütün bunların Ukrayna biznesində mülkiyyət, nüfuz dairəsi bölgüsündən o tərəfə keçməməsi olardı. Hər şeyi zaman göstərəcək.
MƏSLƏHƏT GÖR: