Müəllif: Zeynal ƏLİ Bakı
Bahar Bayramı olan Novruz Şərqin böyük, çoxsaylı, başqa dillərdə danışan, müxtəlif etnoslara məxsus insanları özündə birləşdirən mədəniyyətlərini bir araya gətirən əsas bayramdır. O, YUNESKO-nun qeyri-maddi irs siyahısına salınıb. Amma bu bayramın başına çox işlər gəlib. Onu dəfələrlə Türkiyə, Suriya, İran kimi ölkələrdə, o cümlədən Sovet İttifaqı ərazisində qadağan ediblər.
Hər şey necə başladı?
Novruz Azərbaycanda ilk dəfə hələ VII əsrdə, Ərəb xilafətinin ilk illərində qadağan olunsa da, bu cəhd uğur gətirməmişdi. İkinci qadağa XX əsrdə oldu. Sovet dövlətinin ilk illərində kommunistlər arasında "kiçik xalq"ların milli siyasəti və onların mədəni rəmzlərinə dair yekdil fikir yox idi. Məşhur rus mədəni tarixçisi və ədibi Dmitri Bıkov Okudjava haqda kitabında yazır ki, bu məsələdə Stalin və Lenin xətti arasında ciddi fərq var idi. Tarixçinin sözlərinə görə, "Qafqazın bolşeviklər tərəfindən yeni işğal olunduğu"1920-ci illərin əvvəllərinə aid olan yazışmalarında ağır xəstə olan Lenin Stalinə respublikalara mədəni və siyasi baxımdan geniş muxtariyyət verilməsini tövsiyə edib. Loyallıqdan daha uzaq və daha fanatik olan Stalin isə milli və mədəni müxtəlifliyin kommunizm ideyalarına zidd olduğunu, bu üzdən də onun məhvinin vacibliyini bildirir. Bununla yanaşı, Stalin həmin dövrdə xalq komissarı (milliyyətlər üzrə xalq komissarı) idi və son söz ona məxsus idi.
Amma ilk 10 ildə milli-mədəni məsələlərə xüsusi diqqət göstərilmədi. Ölkə iqtisadiyyatının dirçəldilməsi ilə məşğul idi. Bu, nisbətən iqtisadi azadlıq və məşhur YİS (Yeni İqtisadi Siyasət, rusca NEP) dövrü idi.
"Vintlərin sıxılması"na 1930-cu illərdə başlanıldı. 30-cu illərin sonlarındakı repressiya dövründə bütün millətlərə təzyiqlər artırıldı. Proses dini sahədən başlamışdı - məscidlər və kilsələr dağıdılır, insanların müqəddəs hesab etdikləri yerlər təhqir olunurdu. Həmin dövrdə, məsələn, Buzovnadakı "Əli ayağı" piri də qismən dağıdılmışdı. Dinlə "haqq-hesab çəkildikdən sonra", Sovet hakimiyyəti milli ənənələrin üzərinə düşdü - 30-cu illərin ortalarında Novruz Bayramı qadağan olundu. O, pantürkizmlə mübarizənin qurbanına çevrildi. Onun Roma-xristian analoqu olan yolkalı Yeni ilin qeyd olunması da qadağan idi. 1940-cı illərdə yolkanı geri qaytardılar. Sadəcə, onun zirvəsindəki Yeni il mələyi sovet ulduzu ilə əvəzləndi. Novruz isə sanki unudulmuşdu.
Amma əhali Novruz Bayramını nümayişkaranə şəkildə olmasa da, qeyd edirdi.
Pensiyaçı Lətifə İsrafilova "R+" jurnalına açıqlamasında həmin dövrü belə xatırlayır: "O qorxunc illərdə insan hətta qonşularından belə, gizlənməli olurdu. Biz tamamilə ziyalıların və partiya işçilərinin yaşadığı binada yaşayırdıq. Odur ki, insanlar bir-birlərini Novruz Bayramı münasibətilə təbrik etmirdilər. Amma əminəm ki, onların hamısı evlərində bayramı qeyd edirdilər".
L. İsrafilova hələ uşaq olarkən bayram məclisinin qızğın vaxtında qonşularının evinə daxil olduğunu xatırlayır: "Müharibə ərəfəsi idi. Hamı çox yoxsul yaşayırdı. Anamın rəfiqəsi olan qonşumuz mənə bir az konfet, qoz verdi və dedi: "Qoy bu bizim aramızda kiçik sirr olsun". Onda mən qonşumuzun niyə belə dediyini anlamamışdım. Hər şeyi sonralar, böyüdükdən sonra başa düşdüm".
Şıxəli Qurbanov
Stalinin ölümündən və partiyanın məşhur XX qurultayından (yeri gəlmişkən, bu, 20 ildən artıq müddətdə partiyanın ilk qurultayı idi), şəxsiyyətə pərəstiş və kütləvi zorakılığın ifşasından sonra, sanki ölkədə mülayim hava əsməyə başladı. Nəticədə, bütün ittifaqda mütərəqqi düşüncəli şəxslər fərqli ideyalar səsləndirməyə başladılar. Kütləvi şəkildə dövlətin nəzarətində olmayan "maraq klubları" - yazıçılar, musiqiçilər (məşhur özfəaliyyət musiqisi klubu), şairlər klubları və s.
Milli mədəniyyət sahəsində də bir mülayimləşmə müşahidə olunmaqda idi. Məsələn, Azərbaycanda pantürkizm sayılan tamaşaların nümayişinə icazə verildi, onların Stalin repressiyasının qurbanı olmuş müəllifləri bəraət qazandı və s.
Həmin dövrdə - 60-cı illərin əvvəllərində yazıçı-dramaturq Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz Bayramı da Azərbaycana qaytarıldı. Üstəlik bu, rəsmi səviyyədə baş verdi. Məsələ ondadır ki, o dövrdə Qurbanov Azərbaycan KP MK-nın üzvü idi. Sonradan o, Azərbaycan KP-nın ideoloji katibi postunu tutdu. Şıxəli Qurbanov partiya fəaliyyəti ilə yanaşı, həm də yazıçı və dramaturq kimi fəaliyyət göstərirdi ("Milyonçunun dilənçi oğlu", "Sənsiz" pyesləri). Onun təşəbbüsü ilə 1962-ci ildə teatr sənhələrində ilk dəfə Novruz Bayramına həsr olunmuş uşaq tamaşaları və şənliklər nümayiş olundu. Yeri gəlmişkən, həmin tədbirlərdə ilk Bahar Qızı rolunu məşhur teatr və kino aktrisası Safurə İbrahimova oynayıb. O, həmin dövrdə Akademik Milli Dram Teatrında və Musiqili Komediya Teatrında çalışırdı.
Amma mülayimləşmə dövrü elə də uzun çəkmədi və 60-cı illərin sonlarında Novruz Bayramının rəsmi şəkildə qeyd edilməsi yenidən qadağan olundu. Sovet tarixində durğunluq dövrü kimi qalmış illər başladı. Amma Stalin dövrü artıq geridə qalmışdı və xalq evində Novruz Bayramını heç bir təhlükə olmadan qeyd edirdi.
İstirahət günü
70-ci illərdə və sovet dövrünün sonunadək Novruz Bayramına ən yaxşı tamaşalar həsr olunurdu. Düzdür, bu bayram rəsmi xarakter daşımırdı, amma hamı daxilində anlayırdı ki, bu, əsl bayramdır. Bu işdə Musiqili Komediya Teatrı xüsusilə fərqlənirdi O, ən yaxşı tamaşalarını məhz martın 21-nə salırdı.
Bu sahədə dönüş anı 1991-ci il oldu. Həmin ildə Novruz Bayramı nəinki leqallaşdırıldı, bayram günləri rəsmən qeyri-iş günləri elan olundu. Maraqlıdır ki, elə həmin il Novruz Bayramı 1925-ci ildən qadağan olunduğu Türkiyədə də rəsmən leqallıq qazandı.
Bu gün Novruz Bayramı Azərbaycanda dövlət səviyyəsində qeyd edilir. Bundan başqa, həmin gün Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Kukla Teatrında və digər meydançalarda uşaqlar üçün bayram şənlikləri keçirilir, müxtəlif musiqi səhnələri təşkil olunur. Bir qayda olaraq, Novruz Bayramı günü Heydər Əliyev Sarayının səhnəsində böyük tamaşalar oynanır. Küçə tədbirləri isə ənənəvi olaraq, İçərişəhərdə keçirilir.
Bu Bahar Bayramının yaranmasından, ən azı, 3 min il keçir. O, bu dövr ərzində çox dəyişikliklərə məruz qaldı, qadağan olundu, yeni qəhrəmanlar, əfsanələr yarandı (onlar hər ölkədə fərqlidir), amma sonda əsl mədəniyyət abidəsinə çevrildi.
Səməni
Səməni - cücərdilmiş buğdadır. O, Novruz Bayramının əsas rəmzlərindən biri, bahar, əmin-amanlıq, bolluq rəmzidir. Eyni zamanda sehr və sitayiş baxımdan da əhəmiyyətə malikdir.
***
Novruz günlərində xalq adətlərinə görə tonqal qalanır, şəkərbura, badambura, paxlava, qoğal kimi müxtəlif şirniyyatlar bişirilir, xonça hazırlanır (məcməyiyə yığılmış yemək-içmək), səməni cücərdilir, qaynadılmış yumurtalar boyadılır və s.
***
Bayram günlərində insanlara bayram payı (Novruz payı) verilməsi ənənəsi var. Məcməyiyə bayram şirniyyatları, səməni qoyulur və o, qonşulara, dostlara göndərilir. Ailədə nişanlı qız varsa, nişanlısının adından onun üçün xüsusi xonça göndərilir. Həmin gün oğlanın ailəsi də gəlin evinə mütləq hədiyyə göndərməlidir - şirniyyat, qızıl və gümüş zinət əşyaları və s. Qız ailəsi isə öz növbəsində qarşı tərəfə müvafiq diqqət göstərir.
Qapıpusma
İlaxır çərşənbədə (Novruz Bayramından əvvəlki son çərşənbə axşamı) və ya həftənin istənilən günü axşam saatlarında qonşuların qapısı pusulur. İnanca görə, bu zaman həmin evdən eşidilən ilk söz və ya sözlər qapını pusan şəxsin həyatına yozulur (bu üzdən bayramaxşamları evdə yalnız yaxşı şeylər danışmaq lazımdır). Məsələn, qapı pusan şəxs ilk olaraq "işığı yandır", "hər şey yaxşıdır" və s. kimi sözlər eşidərsə, demək, onu yaxşı günlər gözləyir. Əksinə, "söndür", "bərbad" kimi sözlər uğursuzluq gətirə bilər.
Kosa və Keçəl
Azərbaycanda Novruz Bayramında xalq arasında Kosa və Keçəl kimi pesonajların iştirakı ilə düzənlənən xalq tamaşaları populyardır. Kosa Keçəllə gülməli libas geyir, açıq dizlərinə və dirsəklərinə gil, his sürtür, başına keçədən hazırlanmış uzunqulaqlı papaq qoyur, sifətini saqqal və maska ilə örtür. Kosanın boynunda və belində müxtəlif bəzək əşyaları olur. Yekəqarın olmaq üçün qarnına balış bağlayır. Kosa gah şer deyir, gah mahnı oxuyur. Ətrafdakıları güldürmək üçün o gah yıxılır, gah durur, əzilir-büzülür, ağız-burun əyir. Bu zaman təkcə Kosa yox, onun yanındakı Keçəl də şeir deyir, mahnı oxuyur.
***
Hər il Novruz Bayramı ərəfəsində qışın 4 çərşənbə axşamı qeyd olunur - Su, Od, Yel və Torpaq çərşənbələri. Bu günlərin hər birinə dair xalq arasında şeirlər, mahnılar, oyunlar, inanclar var. Bayramdan öncəki sonuncu çərşənbə axşamı (İlaxır çərşənbə) günü uşaqlar qonşuların qapısını döyür, kandara papaq ataraq gizlənirlər. Həmin evin sahibləri papağı uşaqlara içərisinə bayram şirniyyatları qoyaraq qaytarmalıdırlar. Həmin gün hər evdə ailə üzvlərinin sayına uyğun şam yandırılır. İnanca görə, şamları özü sönənədək söndürmək olmaz.
MƏSLƏHƏT GÖR: