
"BİZ HƏLƏ Kİ, BUNU BACARMIRIQ"
Azərbaycanın əməkdar artisti Mehriban Zəki seriallar və ümumilikdə, aktyor yaradıcılığı haqqında
Müəllif: Nərminə VƏLİYEVA Bakı
O, ekranlarda və teatr sənhəsində emosional və təbiidir. Aktrisa hər dəfə kiminsə həyatını yaşayır. Onu kiminləsə səhv salmaq çətindir. Real həyatda Azərbaycanın əməkdar artisti Mehriban Zəki təmkinli və ağılla hərəkət edəndir. Həmkarları onu güclü xarakterə malik qadın sayır. Mehriban Zəki böyük məsuliyyət və fədakarlıq tələb edən peşəsini çox sevir. Tamaşaçılar onu "Əlvida, cənub şəhəri", "Hökmdarın taleyi", "Yalançılar" və s. filmlərdən tanıyırlar. Bu yaxınlarda onun çəkildiyi filmlər yeni serialla ("Sirr" - red.) da zənginləşib. Bəs Mehriban Zəki müasir seriallara necə yanaşır? Bu, onun üçün nədir? Yaradıcılıq, yoxsa sadəcə, iş, gəlir mənbəyi? Azərbaycanın əməkdar artisti Mehriban Zəki bu və aktyor həyatının digər tərəfləri haqqında fikirlərini "R+" jurnalının oxucuları ilə bölüşüb.
- Mehriban xanım, fikrinizcə, serialların hazırkı populyarlığının sirri nədədir?
- Yəqin ki, orada reallığı xatırladan həyatın göstərilməsində. Serialları həm də çox davam etməsi və bəzən də insanı yormadığı üçün sevirlər. Şəxsən mən serialı incəsənət saymıram. Mənim üçün incəsənət teatr və kinodur. Teatr mistik, sehrli ayindir. Kino lentə alınmış rəsmdir. Serial isə başqa tələbləri və parametrləri olan televiziya məhsuludur. Tamaşaçıların Braziliya seriallarını necə izlədiklərini xatırlayırsınızmı? Halbuki, bu gün baxsaq, həmin serialların nə qədər primitiv və sadə olduğunu görəcəyik. Sonradan telekanallarda Rusiya və Türkiyə serialları peyda oldu. Bizdə isə bu proses hələ indi başlayır. Biz uzun bir yolun başlanğıcındayıq. Bu üzdən əksər seriallarımız hələ idealdan çox uzaqdır. Artıq dediyim kimi, televiziya təfəkkürü və tələbləri teatr və ya kinematoqrafiyadakından çox fərqlidir. Televiziyada əsas yerdə reytinq, populyarlıq durur. Prodüserlərin vəzifəsi mümkün qədər çox tamaşaçı cəlb etmək, demək, həm də daha çox reklam gətirməkdir. Rusiya və Türkiyədə tamaşaçıların izləməsi və gözləməsi üçün serialların necə çəkilməli olduğunu çoxdan başa düşüblər. Bu, dəqiq düzülməli, yaradılmalı olan riyaziyyatdır, bir sxemdir. Biz hələ ki, bunu bacarmırıq. Nə vaxt bacaracağıqsa, o vaxt da inkişaf olacaq. Hələliksə... öyrənməliyik.
- Özünüz seriallara baxırsınızmı? Sizin üçün hansı filmlər maraqlıdır?
- Əvvəllər seriallara baxmırdım. Birincisi, boş vaxtım o qədər də çox deyil. İkincisi, mənim incəsənətdəki hədəfim bir qədər fərqlidir. Açığı, indi də seriallara baxmaq mənim üçün çox darıxdırıcıdır. Seriala çəkilməyə başladıqda işimlə əlaqədar olaraq bir neçə dəfə Türkiyə və Rusiya teleserialına baxmalı oldum. Rusiya serialları Braziliya seriallarından daha yığcam olması ilə fərqlənir. Onlar sonsuzluğadək uzanmır və daha çox çoxseriyalı bədii filmləri xatırladır; məsələn, "Anna Karenina" və ya "Yesenin" həm səhnələşdirmə baxımdan, həm də vizual olaraq çox savadlı çəkilib. Rusiyada serial çəkilişi prosesinə çox ciddi yanaşılır. Hər halda, baxdığım üçün deyirəm. Onlarda hər şey dəqiq düşünülür, bütün məqamlar nəzərə alınır. Əla dekorasiyalar, operator effektləri, səs, işıq. Eyni sözləri artıq bütün dünyada nümayiş olunan bir çox məşhur türk serialları haqda da deyə bilərəm - "Möhtəşəm yüzyıl". Bu serialdan sonra ssenari yazanlar və rejissorların sxemi, filmin konstruksiyasını necə qurduqlarını anladım. İlk 10-15 seriyanın süjeti, adətən, əsas qəhrəmanların tarixi və sərgüzəştləri ilə o qədər zəngin olur ki, tamaşaçı daim gözləntidə, həyəcan içərisində qalır. Bundan sonra süjet bir qədər "ləngiyir", qəhrəmanlar, təbii ki, uğurla çıxdıqları müxtəlif vəziyyətlərlə üzləşir. Bu yaxınlarda "Möhtəşəm yüzyıl"ın ssenari müəllifi Meral Okayın müsahibəsini oxudum. O, serialın necə çəkildiyindən danışır. Sultan Süleymanın dövründə hər kəsin qəti şəkildə əməl etdiyi ciddi tabular var idi; məsələn, qadınların açıq-saçıq geyimdən istifadəsi qadağan idi, onlara yad kişilərlə söhbət etməyə icazə verilmirdi. Tarixi qaydaları pozmamaq, eyni zamanda, filmə romantika, sevgi lirikası vermək üçün ssenari müəllifləri kişilərlə qadınların bir-birlərinə çoxmənalı baxışlarla baxdıqları, eşqbazlıq etdikləri səhnələr yaradıblar. Film haqqında danışsaq, bu, tam fərqli olacaq. Filmə baxdıqdan sonra əsəbiləşir, sevinir, qəzəblənir, nəsə oynamaq istəyi ilə alışıb-yanıramsa, deməli, bu filmi artıq sevmişəm.
- Yaradıcılıq yolunun lap başlanğıcında sənətdə kumiriniz kim olub?
- Odri Hepbern. Düşünürəm ki, şahzadə, xoşsifət, sadəlövh təmiz qız obrazı bütün dövrlərdə insanları valeh edəcək. İnanılmaz aktrisadır! O qədər təbii və təsirlidir ki, onun iştirak etdiyi filmlərə təkrar-təkrar baxmaq istəyirsən. Bir neçə il əvvəl Fransa kinosu - Edit Piafın tərcümeyi-halı olan "Çəhrayı rəngli həyat" filminə baxmışdım. Orada baş rolu Marion Kotiyar oynayır. Əla ifaya görə o, "Oskar" a da layiq görülüb. Vaxtilə Kotiyar "Taksi" filminə də çəkilib. Amma onu çox az adam xatırlayır. "Çəhrayı rəngli həyat" filmindəki rolu isə onu məşhurlaşdırdı. O, Edit Piafı çox gözəl və dahiyanə oynayıb! Ən sevimli amerikalı aktrisalarımdan biri də Meril Stripdir. Onun "Meddison dairəsinin körpüləri"", "Dəmir ledi" filmləri aktyorluq peşəsi üçün xrestomatiyadır.
Rusiyalı aktrisalar arasında Alisa Freyndlixə çox hörmət edirəm. Yeri gəlmişkən, onların hər ikisinin obrazları oynamaq üslubu, ifa tərzləri eynidir. Onlar olduqları kimidirlər! On il əvvəl onların ekranda belə effektə necə nail olduqlarını anlamır, başa düşmürdüm. Sanki ekranda bütün bir həyat yaşayırlar. İllər keçdikdən sonra müəyyən peşəkarlıq təcrübəsi ilə bu oyunun texnikasını başa düşməyə başladım.
- Azərbaycan aktrisalarından kimləri fərqləndirərdiniz?
- Çox gözəl Şəfiqə Məmmədovanı. Fikrimcə, səhnədən və efirdən həddindən artıq tez getdi. Onun oynadığı bütün rollar qiymətli və qeyri-adidir. Şükufə Yusifovanı da çox sevirəm. Zərif, incə tərzi ilə hamıdan fərqlənir.
- Bizim aktrisalarımız digərlərindən nə ilə fərqlənirlər? Aktyorluq peşəsində mentalitet anlayışı varmı?
- Bu, kifayət qədər ciddi və dərin mövzudur. Mənə elə gəlir ki, bizim aktrisalarımız digərlərindən fərqləndikləri kimi, onlar da bizimkilərdən fərqlənirlər; məsələn, eyni ekstremal vəziyyətdə azərbaycanlı, rus, türk və amerikalı aktrisa özlərini fərqli aparacaqlar. Fərqlilik və məna da bundadır. Fikrimcə, biz rus, ingilis, fransız pyeslərini oynayarkən orada o qədər də orqanik deyilik. Eyni sözləri rus pyesini oynayan amerikalılar haqqında da demək olar. Amma mənim üçün bu, çox maraqlıdır. Yadımdadır, "Şirə oxşayan"" pyesinin məşqi zamanı ilk dəfə belə problemlə üzləşmişdik. Qəhrəman Lena rus qızıdır. Mən bu düşüncəni, psixologiyanı, reaksiyaları başa düşməli, içimdən keçirməli idim. Etiraf edirəm ki, bu, elə də asan deyildi. Lakin sonradan bir çox vacib məqamı anladım - əsl incəsənətin də, ruh kimi, yaşı, görünüşü, milliyyəti, mentallığı olmur.
- Sizi Azərbaycanın ən yaxşı müasir aktrisalarından biri sayırlar. Uğurunuzun düsturu nədir?
- Məni belə qiymətləndirənlərə çox minnətdaram. Özüm isə düşünürəm ki, uğurlarım hələ qarşıdadır. Bu gün, sadəcə, özümü 100% işə verməyə çalışıram. Mən azad rəssamam - heç kimdən asılı deyiləm və bu, məni tamamilə qane edir. Biz aktyorlar heç zaman heç nəyi əvvəldən planlaşdırmırıq. Bu və ya digər filmdə çəkilməklə bağlı yaxşı təklif varsa, işləyirik. Yoxdursa, gözləyirik. Etiraf edim ki, uzun müddət gözləmək aktyoru çox incidir. Hesab edirəm, peşəkarcasına görülən işə yaxşı da qiymət verilməlidir. Aktyor bildikdə ki bu pulu ustalığına görə qazanır, o, inkişaf edəcək və daha da təkmilləşəcək. Düşünürəm, əldə edilənlə kifayətlənmək olmaz. İnkişaf etmək, öz üzərində işləmək lazımdır. Odri Hepbern "Roma tətilləri" filminə görə "Oskar" aldıqda demişdi: "İndi aktyor ustalığını ciddi şəkildə öyrənməliyəm".
MƏSLƏHƏT GÖR: