24 Noyabr 2024

Bazar, 11:34

XALQ TƏBABƏTİ ÜSULU İLƏ

Ara həkimlərinə və başqa xalq loğmanlarına müraciət edən zaman əslində nə baş verir?

Müəllif:

30.04.2013

Biz təzadlar dövründə yaşayırıq. Bir yanda ən yeni elmi kəşflər, o biri yanda isə geri qalmış ölkələrin total savadsızlığı; kosmosa uçuşlar və aclıq. Belə təzadlardan biz də xali deyilik. Çox sayda klinikaların, diaqnostika avadanlığının olmasına baxmayaraq, insanların çoxu yenə də tibb qurumlarına deyil, xalq təbabəti təmsilçilərinə müraciət etməyə üstünlük verir. 

Dərhal açıqlayaq: "xalq təbabəti" anlayışı yetərincə genişdir və geniş diapazonda "xidmətləri" əhatə edir - məsələn, ara həkimləri tərəfindən geniş tətbiq edilən və yeri gəlmişkən, ənənəvi tibb tərəfindən də təkzib edilməyən otla müalicədən  tutmuş, bəzən dəllək-cərrahlar ("sünnətçilər"), sınıqçılar, çöpçülər, çildağçılar və bel sarıqçıları tərəfindən gerçəkləşdirilən yetərincə riskli əməliyyatlara qədər genişdir. 

 

Dəllək üsulu 

Aprelin 3-də Qədirovlar ailəsində faciə baş verib. Evə çağırılmış "mütəxəssis" 2 aylıq Hüseynə sünnət məqsədiylə əməliyyat aparıb. Müəyyən müddətdən sonra uşaq qanaxmadan dünyasını dəyişib. Uşağın ölüm faktı ilə bağlı Abşeron Rayon Prokurorluğu 124.1 (bilmədən adam öldürmə) maddəsi ilə cinayət işi başlayıb. Uşağın hemofiliya  (qanın laxtalanmasında pozuntu olması ilə bağlı olan irsi xəstəlik) xəstəsi olması ilə bağlı versiyaya baxılır. Əgər uşaq tibb qurumunda, ixtisaslı həkimlərin nəzarəti altında olsaydı, bəlkə də, faciədən yaxa qurtarmaq olardı...

Uşaqlara sünnət edilməsi Azərbaycanda hər bir ailə üçün xüsusi vacib məsələdir. Sanılır ki, əgər uşağa sünnət edilibsə, o, demək olar ki, kişidir və valideynlər uşaq üçün "kiçik toy" edirlər. Sünnətin faydalığı barədə yalnız müqəddəs Qurani-Kərimdə deyilmir, bu cərrahi müdaxilə həm də tibbi fayda baxımından da yüksək dəyərləndirilir. Amma belədir ki, Azərbaycanda bu vacib ənənə üçün daha çox "cərrah" kimi dəlləkləri dəvət edirlər və onlar da cinsi orqanın ucunu  kustar üsullarla üzə çıxarır. Maraqlıdır ki, bir sıra ailələr hələ də bu özü öyrənmiş "xalq həkimləri"inə üz tuturlar. Bu əməliyyat mürəkkəb olmasa da, tez-tez bu cür "eksperimentlər" göz yaşları ilə bitir.

Belə ki, bir neçə il qabaq Gəncədə "təcrübəli dəllək" oğlanın cinsi orqanının ucundakı dərinin əvəzinə, cinsi orqanın başını kəsmişdi. Özü də həkimlər daim xəbərdarlıq edirlər: tibbi və cərrahi ixtisası olmayan insanlara müraciət edilməsi ciddi fəsadlarla nəticələnə bilər. Aseptika qaydalarına riayət edilməməsi infeksiya yoluxmasına, bu da öz növbəsində irinləməyə gətirə bilər. Həmçinin toxumaların nekrozu, qanaxmalar və çox sayda başqa şeylər mümkündür. Uğursuz sünnətdən sonra valideynlərin yardım üçün tibb müəssisəsinə müraciət etməsi geniş yayılıb.

1 saylı xəstəxananın ali kateqoriyalı cərrahı Rauf Mirzəyevin sözlərinə görə, keçmiş zamanlarda dəlləklər nəsillərdən-nəsillərə keçən qaydaları müqəddəs tutaraq, onlara riayət edirdilər və tibbin inkişaf etmədiyi həmin zamanlarda bu cür əməliyyatlar yetərincə uğurlu keçirdi, amma indiki dəlləklər isə heç bir qaydaya riayət etmirlər.  "Bu gün hər bir kəs özünü dəllək adlandırır, çünki bu işdə yetərincə yaxşı pullar qazanmaq mümkündür. Və təəssüf ki, valideynlər də keçmişdəki adətlərə uyğun olaraq tibbi təhsili olmayan insanlara müraciət etməyə üstünlük verirlər. Yaxşısı budur, bu məsələdə risk eləməsinlər", - deyə həkim vurğulayır. 

 

Çöpçü 

Otuzikiyaşlı Pərviz (ad dəyişdirilib) həmişə özünü praqmatik realist sayıb. O, həmişə uçan boşqablar barədə hekayələrə gülüb və bütün "o tərəflərə" tamamilə skeptik yanaşıb. Amma necə oldusa, onun kiçik qızı xəstələndi. İki gün temperaturu düşmədi və uşağa sistem qoşdular. "Həkimlər bir səslə deyirdilər ki, bu, infeksiyadır və uşağa antibiotik döşəyirdilər, amma heç nə yardım eləmirdi", - deyə Pərviz vurğulayır. Amma iki həftədən sonra həkimlərdən ixtisaslı yardım almağa ümidlərini itirən Pərviz qohumlarının məsləhətinə qulaq asdı və bütün riskləri, qorxuları boynuna götürərək uşağı çöpçüyə aparmaq qərarına gəldi. 

Çöpçüyə getməsi barədə belə danışır: "Çöpçü qızımdan yüz qrama qədər çürümüş yemək qalığı çıxardı. Uşaq, demək olar ki, bir sutka ərzində ayağa qalxdı. Sonra mən həkimlərdən bunun necə baş verməsi barədə soruşduqda, etiraf etdilər ki, özləri də uşaqlarını mütəmadi olaraq çöpçüyə aparırlar". Arvadını belə şeylərə inandığına və ara həkimlərinə müraciət etdiyinə görə sərt qınayan Pərvizin skeptiklik dərəcəsi xeyli zəifləyib. 

Nərminə isə artıq uzun müddətdir ki, üçyaşlı oğlunu çöpçüyə aparır. O, bu səfərləri öz dərdi üçün özəl bir məlhəmə çevirib. Uşağın temperaturunun  qalxmasına o, səbəb kimi "boğazda nəyinsə qaldığını" görür. 

Bütünlüklə, çöpçü nəzəriyyəsi belədir: böyüklərdən fərqli olaraq, uşağın udlağının və qırtlağının quruluşu elədir ki, orada çox sayda kiçik qırışlar var və yad cisimlər orada ilişərək qalır. Bu yad cisimlər də süstlüyə, zəifliyə səbəb olur, temperaturu qaldırır və hərdən ürəkbulanması, qusmalara gətirib çıxarır. Çöpçü aşağıdakı şəkildə işləyir: boğazı qırtlaq nahiyəsində sıxaraq udlağı xüsusi şəkildə sıxır və yuxarıda bəhs edilən yad cisim vaxtında açılmış ovuca düşür. 

Doğrudur, bu yetərincə ekzotik və radikal üsulun bir çatışmazlığı da var: sıxma zamanı  qırtlaqda çuxur yaranır və yemək qalıqları ora yığılır, beləliklə, çöpçü daimi işlə təmin edilmiş olur. Əlqərəz, texnika yerində dayanmır: belə hallar üçün ayrıca "mütəxəssislər" var və onlar da tutarlı qonorar qarşılığında, həmin "çuxur"u izsiz və həmişəlik bağlamağa hazırdırlar. 

Bu fenomeni tibb işçiləri necə izah edirlər və  mütəxəssislər belə olan halda nə məsləhət görürlər? Həkim-otorinolarinqoloq Lalə Seyfullayeva bildirir ki, əslində, böyüklərlə uşaqların udlağı və qırtlağı fərqlənir, amma bu fərq elə də böyük deyil. Udlaqda və qırtlaqda heç bir qırış yoxdur ki, orada yad cisim qalsın. Bu yad cisimlər və qida qalığı yemək borusunda qala bilər ki, bunun da simptomları tamamilə fərqlidir, yəni insanları adətən çöpçüyə müraciət etməyə məcbur edən səbəblər deyil. 

Əslində, qırtlağı basan çöpçü öyümə refleksinə səbəb olur ki, yemək borusunda və hətta mədədə qalmış yemək qalıqları tamamilə çölə çıxa bilər. Bundan başqa, həkim-otorinolarinqoloq, yən sadə dillə deyilsə, LOR həkimi rahatlıqla insanı, o cümlədən körpəni qırtlaqdakı yad cisimlərdən xilas edə bilərlər. Bu,  xüsusi kəlbətinlər vasitəsilə edilir və tamamilə ağrısızdır. Bunu həkim-rentgenoloq Nailə Quliyeva da təsdiqləyir: "Siz dəqiq bilə bilməzsiniz ki, yad cisim orqanizmin harasında qalıb və o, artıq orqanizmdə nələr törədib, bunu tibbi diaqnostika üsullarından xəbərsiz olan istənilən adam, o cümlədən çöpçü də bilə bilməz. Bundan başqa, əgər bu zaman temperaturun yüksəlməsi müşahidə edilirsə, bu, iltihab prosesindən xəbər verir ki, o, səngiyib xroniki hala keçə bilər, orqanizmdə xroniki infeksiya ocağı isə gec işə düşən bombadır. Əgər LOR həkiminin müayinəsi nəticə vermirsə, onda yad cismin çıxarılması üçün farinqoskopiya və ya ezofaqoskopiya tələb edilir. Yad cisimlərin özbaşına çıxarılması gələcəkdə zərərli nəticələrə gətirə bilər. Özünüz təsəvvür edin ki, uşaq nəsə burnuna soxub. Burunun axması üzündən yad cisim tapılmaya bilər, eyni zamanda, ikinci burun deşiyi nəfəs funksiyasını yerinə yetirir, çöpçü isə üfürməklə yad cisimi nəfəs yoluna itələyə bilər. Çöpçüyə getmək uşağın ixtisaslı yardım almasını uzaqlaşdırır". 

Şəksiz, nüfuzlu, rəsmi tibbin mövqeyi belədir. Amma bununla yanaşı, minlərlə insan, xüsusilə də analar iddia edirlər ki, uşağa antibiotik döşəyən mühafizəkar həkimə baxanda çöpçü yetərincə "təsirlidir". Ancaq qəribədir ki, qida qalıqlarının əlacı sayılan çöpçü fenomeni yalnız bizim ölkədə müşahidə edilir. Bu fikrə də bir çox analar etiraz edir: "Hardan bilirsiniz? Başqa ölkələrdə də uşaqların qırtlağından yad cisimləri çıxarırlar". Tamamilə doğrudur, amma orada bununla ara həkimləri deyil, xüsusi təhsil almış peşəkar həkimlər məşğul olurlar. Bundan başqa, çöpçülər də başqa peşə qardaşları kimi, əslində yaxşı psixoloqlardır və çox vaxt həyəcanlanmış analar uşağın qırtlağından nəyinsə "çıxdığını" görüb dərhal rahatlaşırlar. 

 

Çıldağçı və sınıqçı  

Əsas problem ondan qaynaqlanır ki, əhali heç də həmişə rəsmi tibbə inanmır və öz problemini köhnə qaydalarla həll etməyə üstünlük verir. Burada təmiz mentalitet özəllikləri də rol oynayır. Əhalinin çoxunun kəndlərdə yaşadığı və tibbin inkişafsız olduğu, bütöv bir mahalın payına bir dənə otla müalicə edən ara həkimi və mamaça düşdüyü zamanlarda insanlar bu cür "az önəmli" məsələlərin həlli üçün yerli loğmanların yanına qaçırdılar və bu, normal idi. Hazırda isə insanlar, (ən dəhşətlisi də budur)  yalnız əyalətlərdə deyil, iri şəhərlərdə də öz fikirlərini dəyişməyiblər. Eyni şeylər çıldağçı, sınıqçı və sair kimi "loğman"lara da aiddir.

Çıldağçı - nevropatoloqun analoqudur, müəyyən nöqtələri dağlamaqla insanlarda qorxu və stressi "qovur". Həkim-nevropatoloq Dilarə Seyidbəyli bu cür hadisələrə belə qiymət verir: "Bu cür dağlama kimi akupunktura üsulu var, amma müəyyən nöqtələri. Bəllidir ki, akupunktura Şərq təbabətinin bir növüdür, çoxillik hazırlıq və savad tələb edir. Çıldağçı da belə dağlar basır, amma mən düşünmürəm ki, çıldağçı bioloji aktiv nöqtələrdən xəbərdardır. Bu daha çox psixoloji amil kimi təsir göstərir. Bütünlükdə bu xalq müdrikləri yaxşı psixoloqlardır, onlar insanlara eşitmək istədiklərini deyirlər. Nevropatoloqlara isə savadsızlıq və mentalitet üzündən müraciət etmirlər, çünki kənd camaatının, eləcə də şəhər camaatının çoxu nevropatoloqu psixiatrla eyniləşdirir". 

Halbuki, nevropatoloq da stress və depressiya zamanı həm medikamentoz yolla, həm də autotreninq yolu ilə keyfiyyətlə mütəxəssis yardımı göstərə bilər. Amma bu cür təfsilatlara varmayan insanlar həkimlərə müraciət etməyi özlərinə ayıb sayırlar. Öz rahatsızlıqlarını "gözəgörünməz" və ya dini səbəblərlə izah etmək daha sadədir - bu, həmin rahatsızlığın həkim tərəfindən müalicə edilə biləcəyini etiraf etməkdən daha hörmətlidir".

Sınıqçı isə sümükçıxmaları və qırıqları ilə məşğuldur. Eyni işi həkim-travmatoloqlar daha effektiv və peşəkarcasına  görürlər. 

Xalq təbabətinin bu cür nümayəndələri ilə müqayisədə ənənəvi otla müalicə, başqa sözlə, fitoterapiya zərərsiz görünür. Halbuki, istənilən peşəkar həkim fitoterapiya üsullarına etiraz etməsə də, bildirəcək ki, otların qəbulu ciddi şəkildə dozaya uyğun olmalıdır və heç cür özünü müalicəyə icazə verilmir. İstənilən müalicənin təyin edilməsinin əsas şərti doğru və vaxtında edilmiş diaqnostikadır.

Azərbaycan qanunvericiliyinə uyğun olaraq, istənilən tibbi fəaliyyət Səhiyyə Nazirliyindən lisenziya alınmadan qanunsuz sayılır və qanun pozucularına qarşı cərimə sanksiyaları tətbiq edilir.



MƏSLƏHƏT GÖR:

664