Müəllif: Emil İSMAYILOV Bakı
Bakı küçələrində özəl avtonəqliyyat vasitələrinin durmadan artmasına baxmayaraq, statistikaya görə, ictimai nəqliyyat istifadəçilərinin də sayı ildən-ilə artır. Misal üçün, btünlükdə 2012-ci ildə ölkənin nəqliyyat sektoru tərəfindən 1,6 mlrd adam daşınıb ki, bu da 2011-ci il göstəricisindən 8,4% çoxdur. Sərnişinlərin əsas hissəsi avtomobil nəqliyyatı (87,6%) və metropolitenlə (12,1%) daşınıb. Bu zaman keçən ilə baxanda artım uyğun olaraq 8,7% və 7,1% təşkil edib.
Ancaq əgər bir tərəfdən bu göstəricilər ölkənin nəqliyyat sektorunun bu seqmentinin inkişafa meylli olmasını göstərsə də, o biri tərəfdən daşımaların sayı artdıqca sərnişin daşımalarının keyfiyyətinin yaxşılaşdırılması üzrə problemlər daha parlaq özünü göstərir. Həm də məsələ təkcə son zamanlar marşrut avtobuslarının iştirakı ilə sayı artmış yol-nəqliyyat hadisələri ilə bağlı deyil, bütünlükdə həm də, məsələn, avtobusların gəlib-getməsi ilə bağlı dəqiq qrafikin olmaması, sürücülərin etikadan kənar davranması və s. ilə bağlıdır. Bundan başqa, sərnişin axınının artan həcmləri və urbanizasiya prosesi şəraitində əhali arasında ictimai nəqliyyat növlərinə tələbatın artması fonunda hazırda bu sahədə ən aktual mövzulardan biri vahid ödəniş kart sisteminə keçid məsələsidir.
Sonuncu, yeri gəlmişkən, artıq həllinə çox yaxındır.
Biri hamısı üçün
Bildirmək gərəkdir ki, əvvəllər ictimai nəqliyyat sahəsində olan şərait və durum vahid ödəniş sistemini tətbiq etməyə imkan yaratmırdı. İlk öncə bunun əsas səbəbi paytaxt küçələrində kiçik ölçülü avtobusların işlədilməsi ilə bağlı idi. Bəllidir ki, nəqliyyatda elektron ödəniş sisteminin tətəbiq üçün turniketlərin və xüsusi avadanlığın quraşdırılması, elektron bazanın olması vacibdir, amma 4-5 il qabaq şəhərdə populyar olan mikroavtobuslarda bunu eləmək texniki baxımdan mümkün deyildi. Paytaxtın avtobus parkı iri ölçülü avtobusların vasitəsilə əlverişli şəkildə yeniləşdirilib, həmçinin optimallaşdırma və bir-birini təkrarlayan marşrutların ixtirsara salınması işləri görülüb, amma vahid ödəniş kartı ideyası hələ də gerçəkləşdirilməyib.
İctimai nəqliyyatda vahid ödəniş sisteminin tətbiqi üçün şərait və imkanlar yalnız Azərbaycanda nəqliyyatın intellektual idarə edilməsi sisteminin təşkilindən sonra yaranıb. Bu sistemin idarə edilməsi üçün idarəetmə mərkəzi tikilib ki, oradan bütün marşrutlar üçün avtobusların hərəkətini izləmək, paytaxt yollarında durumu müəyyən etmək, eyni zamanda vətəndaşlara Bakı küçələrindəki ümumi vəziyyət barədə məlumat vermək mümkündür.
Nəqliyyatın intellektual idarəetmə sisteminin tətbiqi layihəsi üzrə işlərin üç mərhələdə gerçəkləşdirilməsi nəzərdə tutulur. Artıq gerçəkləşdirilmiş birinci mərhələ Bakı şəhərinin əhatəsini nəzərdə tutur, ikinci mərhələdə Abşeron yarımadasının, üçüncü mərhələdə isə ölkənin magistral yollarının əhatəsi planlaşdırılır. Uyğun olaraq, əgər avtobus parkının yeniləşdirilməsi lazımi avadanlığın quraşdırılmasına imkan yaradırsa, onda intellektual idarəetmə sisteminin tətbiqi ictimai nəqliyyatda vahid ödəniş sitseminin gerçəkləşdirilməsi üçün texniki və elektron baza yaradır.
Və necə deyərlər, nəhayət ki, Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistləri əmin edib ki, bu ilin may ayından avtobuslarda mərhələli şəkildə kart sisteminin tətbiqinə başlanacaq, tam keçidi isə 2013-cü ilin sonuna kimi başa çatdırmaq planlaşdırılır. Kart sisteminin tətbiqi üzrə işlərin böyük bölümü artıq görülüb, o cümlədən aprel ayında avtobuslarda lazımi avadanlığın quraşdırılması, ödəniş sisteminin bank mərkəzləri ilə əlaqəsinin qurulması, ödəniş kartlarının yayılması, həm sürücülərin, həm də sərnişinlərin məlumatlandırılması üzrə işlərə başlanılıb.
İlk növbədə yeni ödəniş sistemi şəhərin mərkəzindəki marşrutlarda işləyən avtobusları, sonra isə ucqar məhəllələri və Bakı qəsəbələrini əhatə edəcək. Önəmli odur ki, bu sistem sərnişinlərə avtobuslarda gedişi yalnız xüsusi ödəniş kartları vasitəsilə deyil, həmçinin bank kartları ilə də ödəməyə imkan yaradacaq.
Daha öncə nəqilyyat naziri Ziya Məmmədovun bildirdiyi kimi, nəqliyyat gedişin vahid ödəniş kartları həm ticarət şəbəkələri vasitəsilə, həm də onların verilməsi üzrə xüsusi aparatlar vasitəsilə də yayılacaq. Xüsusi qeyd edirik: kartlar pulsuz paylanacaq. Balansın yüklənməsi isə bankların, həmçinin köşklərin və şəhərin müxtəlif rayonlarında əlçatar olacaq mobil terminallar vasitəsilə gerçəkləşdiriləcək.
İctimai nəqliyyatda gediş haqqının vahid ödəniş sisteminin tətbiqi layihəsində sosial məsələ də nəzərə alınacaq. Məsələn, tələbələr və başqa kateqoriya istifadəçilər üçün güzəştlərin tətbiqi ilə ayrıca kartlar buraxılacaq.
Qeyd etmək gərəkdir ki, ictimai nəqliyyatda gedişin kart sistemi ilə ödənişi yeni məsələ deyil, artıq bir neçə ildir ki, Bakı metropolitenində tətbiq edilir. Özü də yeni kart ildən-ilə sərnişin axını artan metroda da işləyəcək.
Bundan başqa, paytaxt sakinləri və qonaqları üçün gedişin bank kartları ilə ödəniş imkanı hazırda Bakıda fəaliyyət göstərən min ədəd "London Taxi"nin operatoru olan "Baku Taxi Company" şirkəti tərəfindən də təqdim edilir.
Təhlükəsizlik strategiyası
Bildirmək gərəkdir ki, kart sisteminə keçid sürücülərin əmək haqqı sisteminə keçidini təmin edəcək ki, bu da sərnişinlərə göstərilən xidmətdə özünü göstərəcək. Bu, həddindən önəmlidir, çünki sərnişinlər hər yerdə və hər zaman sürücülər və özəl nəqliyyatçılar tərəfindən daşımma qaydalarının pozulması ilə üz-üzə qalırlar. Bununla yanaşı, tez-tez baş verən hadisələrin səbəbləri sırasında yolların avtomobillə yüklənməsi də var - misal üçün, Azərbaycan müstəqillik qazandıqdan sonra avtomobil vasitlərinin sayı ölkədə 200 mindən azacıq çox idi, hazırda isə bu göstərici 1,15 miyondur.
Keçən il Azərbaycanda ölümlə nəticələnən yol-hərəkət hadisələrinin sayı 2011-ci ilə baxanda 6% artıb. Nəqliyyat nazirinin müavini M.Pənahovun sözlərinə görə, bu göstəricinin aşağı salınması üçün bütün tədbirləri nəzərə almaq lazımdır. Çox ciddi problemdir ki, son zamanlarda sərnişin avtobuslarının da iştirakı ilə avtomobil qəzalarının sayı artıb.
M.Pənahovun sözlərinə görə, bu cür hallara yol vermiş avtobus sürücülərinə və nəqliyyatçılara qarşı sərt tədbirlər görülür. Avtobusların hərəkətinə və qoyulmuş qaydaların sürücülər tərəfindən yerinə yetirilməsinə nəqliyyatın intellektual idarəetmə mərkəzi tərəfindən nəzarət edilir. "Bunlar nəqliyyatçının marşrutdan kənarlaşdırılmasına qədər çox şeyi əhatə edən sərt tədbirlərdir ki, bunun nəticəsində də Bakıda özəl daşımaçıların sayı iki dəfə azalıb", - deyə M.Pənahov bildirib.
Burada qeyd etmək yerinə düşər ki, Nəqliyyat Nazirliyi artıq yollarda təhlükəsizlik strategiyasının hazırlanmasını başa çatdırıb və baxılmaq üçün onu müvafiq qurumlara təqdim edib. Onun əsas istiqamətləri sırasında təhlükəsiz yol infrastrukturunun yaradılması, yolların işıqlandırılmasının təmin edilməsi, yol işarələrinin qoyulması və s. var.
Gedişin vahid ödəniş kartının müsbət keyfiyyətlərinə qayıdaraq qeyd edək ki, bir çox ölkələr bunu çoxdan tətbiq ediblər və keçən illər sistemin səmərəli olmasını ortaya çıxarıb. Əslində bu, ölkədə nağdsız hesablaşmaların populyarlaşması məsələsində güclü sıçrayış ola bilər. Və əlbəttə, bu sistemin tətbiqi nəqliyyatda ödəniş prosesini yüngülləşdirməyə və sadələşdirməyə imkan verər, şəffaflığı və vəsait daxilolmaları üzərində nəzarəti təmin edər, sürücü ilə sərnişinin əlaqəsini minimuma endirər. Bütün bunlar öz növbəsində sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətində özünü göstərər və narazılıqların böyük hissəsinə son qoyar.
MƏSLƏHƏT GÖR: