Müəllif: Ənvər MƏMMƏDOV Bakı
Artıq bir neçə ildir ki, Azərbaycanın xarici ticarət sahəsində kompleks islahatlar gerçəkləşdirilir. Bu strategiyanın əsas elementi 2011-ci ilin ortalarında yeni Gömürk Məcəlləsinin qəbulu ilə bağlı normativ-hüquqi bazanın yeniləşdirilməsidir. O cümlədən, bu yaxınlarda Milli Məclis çox vacib olan "Gömrük tarifləri haqqında" qanun layihəsinin müzakirəsinə başlayıb və parlamentin yaz sessiyasında sənədin qəbul edilməsi gözlənilir.
Sənədli yeniləşmə
İki il qabaq Gömrük Məcəlləsinin təsdiqi ilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı əsasında normativ-hüquqi xarakterli 59 aktın yeni məcəllənin tələblərinə uyğunlaşdırılması prosesi başlayıb ki, bu da Azərbaycanın xarici ticarət fəaliyyətində ciddi dəyişikliklərə səbəb olmalıdır. Yeni məcəllənin maddələri daha şəffaf və sadələşdirilmişdir ki, bu da malların sərhədləri keçməsi prosesini sürətləndirməyə, bürokratik əngəlləri minimuma endirməyə, sahibkarlığın işinin asanlaşdırılmasına imkan yaradacaq. Yeni qanunvericilik həmçinin yüklərin rəsmiləşdirilməsi və nəzarəti zamanı informasiya texnologiyalarından geniş istifadə edilməsini, həm də gömrük prosedurlarının standartlaşdırılmasını və sadələşdirilməsini nəzərdə tutur.
"Yeni Gömrük Məcəlləsinin qəbul edilməsindən keçən müddət ərzində bu sahədə normativ bazanın 70%-dən çoxunun yeniləşməsi başa çatıb. Gömrük tarifləri sahəsini tənzimləyən vacib qanun layihələrindən biri bu günlərdə parlamentin müzakirəsinə çıxarılıb, daha iki sənəd isə baxılmaq üçün Prezident Administrasiyasındadır, qalan normativ aktlar isə hazırlıq və qurumlararası razılaşdırma prosedurundan keçir", - deyə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.
Onun vurğuladığı sənədin - "Gömrük tarifləri haqqında" yeni qanun layihəsinin müzakirəsinə bu günlərdə Milli Məclisin iqtisadi siyasət komitəsində başlanılıb. O, 18 il qabaq qəbul edilmiş, bu günsə yetərincə köhnəlmiş "Gömrük tarifləri haqqında" qanunu əvəz edəcək. Yeni sənəd gömrük tariflərinin formalaşdırılması və tətbiqi, həmçinin malların dövlət sərhədindən keçməsi zamanı gömrük rüsumlarının tutulması qaydalarını tənzimləyir və iqtisadiyyatın inkişafı, ölkənin milli təhlükəsizliyinin təmin edilməsi baxımından böyük önəm daşıyacaq.
"5 fəsildən və 23 maddədən ibarət "Gömrük tarifləri haqqında" qanun layihəsinin əsas məqsədi idxalın əmtəə strukturunun tənzimlənməsi və səmərəliləşdirilməsi, valyuta gəlirlərinin və xərclərinin əlverişli nisbətinin təmin edilməsi, ölkə iqtisadiyyatının xarici rəqabətin zərərli təsirindən qorunması, Azərbaycanın dünya iqtisadiyyatına effektiv inteqrasiyası üçün şəraitin yaradılmasıdır", - deyə DGK Baş Gömrük Nəzarəti İdarəsinin rəisi Mirqasım Vahabov bildirib. Sənəddə, həmçinin malların gömrükdə bəyan edilməsi və gizli məlumatın saxlanılması məsələləri, bəyanedicinin və gömrük qurumunun hüquq və öhdəlikləri, malın gömrük dəyərinin müəyyən edilməsi üsulları, gömrük rüsumlarının ödənilməsindən azad olmanın aspektləri, tarif güzəştləri və s. məsələlər öz əksini tapıb.
Yeni sənədin tətbiq ediləcəyi konkret yeniliklərə gəldikdə isə, M.Vahabovun sözlərinə görə, onlardan biri, məsələn, bir sıra hallarda mal girişinin və çıxışının operativ tənzimlənməsi üçün mövsumi rüsumların tətbiq edilməsi olacaq, ancaq onların fəaliyyət müddəti ildə altı aydan artıq ola bilməz. O cümlədən iqtisadiyyatın prioritet sahələrinin inkişafı məqsədi ilə müəyyən dövr ərzində xammal və çağdaş texnologiyalar idxalına tarif güzəştləri tətbiq edilir. Qanun layihəsi ilə həmçinin gömrük rüsumlarından azad edilmənin və ya başqa güzəştlərin tətbiqinin mümkün olduğu bir sıra başqa sahələr də müəyyən edilib.
Başqa bir yenilik isə DGK əməkdaşları tərəfindən sərhəddən keçirilən mala qarşı yanlış və fəaliyyətdə olan tarif toruna uyğun gəlməyən qiymət müəyyən edilməsi zamanı DGK əməkdaşlarının inzibati və maddi məsuliyyətə cəlb edilməsi ola bilər. Əgər sahibkarların şikayətləri məhkəmə orqanlarının qərarı ilə dəstəklənərsə, bəyanedicinin çəkdiyi zərər və məhsulun qiymətinə edilmiş əlavə gömrük qulluqçusunun hesabına ödənəcək.
ÜTT-nin tələbləri
Gömrük tarifləri sahəsində islahatlardan danışarkən, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması məsələsini də yada salmamaq mümkün deyil. Məhz bu proses çərçivəsində hökumət xarici ticarətdə tənzimlənmənin liberallaşdırılması məqsədi ilə azpilləli gömrük rüsumları sisteminə keçid üzrə layihə işləyib. Belə ki, 2001-ci ildən bu günə kimi ölkədə 0, 0,5, 1, 3, 5, 10 və 15% dərəcəli gömrük tarifləri sistemi fəaliyyət göstərir. Təsnifatın dəyişdirilməsi nəticəsində yalnız üç səviyyənin - 0%, 5% və 15%-in saxlanması planlaşdırılır. İstehsal yönümlü məhsulların bir hissəsi (strateji vacib xammal və avadanlıq) ilə bağlı sıfır dərəcə tətbiq ediləcək. Hazırda 0,5% rüsum tutulan bir sıra məhsul növləri də bu dərəcə altına düşəcək. İdxalın, təxminən, 10-15%-i onların payına düşür. Eyni zamanda, yerli məhsulların ixracının gömrük rüsumlarından azad edilməsi nəzərdə tutulur. Ancaq azpilləli gömrük rüsumları sisteminə keçid haqqında yekun qərar ÜTT ilə danışıqlarda irəliləmə ilə bağlıdır.
M.Vahabovun sözlərinə görə, xarici ticarət dövriyyəsinin artırılması üçün Azərbaycanın ÜTT-yə üzvlüyü həddindən vacib olsa da, bunun ölkə iqtisadiyyatına mənfi əks təsirləri də mümkündür. Belə ki, bu gün Azərbaycanda idxala qarşı maksimum gömrük rüsumu 15% təşkil edir. ÜTT ilə ilkin danışıqların gedişində Azərbaycan tərəfi bu dərəcənin 50-60% aralığında olmasını təklif edib, amma müzakirələr prosesində bu hədd aşağı salınıb. "Bu gün bir sıra ÜTT üzvü olan ölkələr öz məhsullarını Azərbaycana sıfır dərəcəsi altında idxal etmək istərdilər ki, bu da ölkə sənayesinin və kənd təsərrüfatının inkişafına ciddi maneçilik ola bilərdi", - deyə DGK Baş Gömrük Nəzarəti İdarəsinin rəisi Mirqasım Vahabov vurğulayıb.
Məsələ bundadır ki, Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də neftdənkənar bölmənin inkişafı üzrə nəzərəçarpacaq uğurların olmasına baxmayaraq, hələ ki, ölkə ixracının 85%-dən çoxu karbohidrogen xammalın və onun emal məhsullarının payına düşür. Bundan başqa, yüngül sənayenin, emal və yeyinti sənayesinin dinamik inkişafına baxmayaraq, bu sektorlarda istehsal edilən məhsullar heç də həmişə beynəlxalq keyfiyyət standartlarına uyğun gəlmir, bəzən də qiymət amilinə görə yetərincə rəqabət qabiliyyətli olmur.
Bütün bunlara əsaslanaraq, Milli Məclisin iqtisadi siyasət komitəsinin başçısı Ziyad Səmədzadə ədalətlə bildirib ki, "Maksimum səy göstərmək lazımdır ki, yerli sənayenin və aqrar-sənaye kompleksinin məhsulları xarici və daxili bazarlarda rəqabət aparmaq qabiliyyətində olsunlar". Məhz bu amil Azərbaycanın ÜTT-də uğurlu iştirakını təmin edər və bunu ölkə üçün yararlı fəaliyyətə çevirə bilər. Buna görə də danışıq qrupunun ÜTT üzvləri ilə gömrük baum-tariflərinin müzakirəsi zamanı bu məsələyə həssas və hətta ehtiyatlı yanaşması yetərincə məntiqlidir.
MƏSLƏHƏT GÖR: