Müəllif: Nurlanə QULİYEVA Bakı
Neftin heç vaxt sabit olmayan, daim oynayan qiymətinin 100 dollardan aşağı düşməsi yenidən beynəlxalq iqtisadi ictimaiyyəti çaş-baş qoyub. Ekspertlər və bir çox neft hasil edən dövlətlərin təmsilçiləri artıq yaranmış vəziyyətdən narahatlıqlarını ifadə edir. Lakin onlar hələ ki, konkret tədbirlər görməyə tələsmirlər. Azərbaycan da neftin 1 barrelinin 100 dollar göstərildiyi bu ilin dövlət büdcəsinə yenidən baxmağa hazırlaşmır. Nüfuzlu analitiklər isə ən pis halda belə, yaxın 20 ildə neftin qiymətinin 60 dollardan aşağı düşməyəcəyini proqnozlaşdırır.
Sarsılmaz büdcə
"Qara qızıl"ın bir barrelinin qiymətində bir neçə dollarlıq eniş son həftələrdə analitik proqnozların əsas mövzularından birinə çevrilib. Ekspertlər ABŞ-da neft istehsalının artması ilə əlaqədar olaraq, bu tendensiyanın yaxın vaxtlarda da davam edə biləcəyini proqnozlaşdırır. Qeyd edək ki, Birləşmiş Ştatlarda neft istehsalı şist yataqları hesabına sutkada 7,21 milyon barrelədək artıb (son 20 ildə rekord həddir). Bununla yanaşı, ABŞ-ın neft ehtiyatı da tarixi maksimuma yaxındır - 387,6 milyon barrel. OPEK-in növbəti iclası mayın 31-nə təyin olunub. Analitiklər isə 1 barrel neftin qiymətinin hələ bir müddətdə 92-96 dollar arasında qalacağı təqdirdə, OPEK-in təcili toplantı keçirəcəyini düşünür. Onların fikrincə, təcili toplantıda neft hasilatı kvotasının azaldılması məsələsi müzakirə oluna bilər.
Azərbaycan üçün yanacaq bazarlarında belə qiymət oynaması ən azı ona görə arzu edilməzdir ki, 2013-cü ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 100 dollar olaraq göstərilib. Bu ilin proqnozlarına görə isə dövlət büdcəsinin 60%-i neft sektorundan asılıdır. Bununla yanaşı, Prezident Administrasiyasının iqtisadi siyasət şöbəsinin müdiri Mayıl Rəhimov hələlik 2013-cü ilin dövlət büdcəsi ilə bağlı proqnozlara dəyişikliklər edilməsinə ehtiyac görmür. "Son zamanlar dünya bazarlarında neftin qiyməti aşağı düşüb. Lakin indiyədək qiymət 100 dollardan yüksək olub və bu üzdən biz ucuzlaşma ilə bağlı çətinliklərin olacağını gözləmirik. Büdcə göstəriciləri ilə bağlı proqnozlara yenidən baxılmasına ehtiyac yoxdur, - deyə o, qeyd edib.
M.Rəhimovun nikbin fikrini Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov da bölüşür. Onun proqnozuna görə, 2013-cü ilin sonuna fondun aktivləri ötənilki səviyyəsini qoruyub-saxlayacaq: "Dünya bazarlarında neftin qiymət konyukturası dəyişməsə, biz aktivləri ilin əvvəlindəki səviyyədə saxlaya biləcəyik. Halbuki, Fondun büdcəsi defisitlə hazırlanıb".
Xatırladaq ki, "Ernst&Young" audit şirkəti tərəfindən təsdiqlənmiş audit hesabatına əsasən, ARDNF-in aktivləri 2012-ci ildə 14,36% artaraq 26 milyard 890,136 milyon manat təşkil edib.
Rentabel dəhlizi
İstənilən halda, artıq qeyd edildiyi kimi, neftin qiymətindəki növbəti oynama qiymətin kəskin şəkildə aşağı düşəcəyi təqdirdə, dünya iqtisadiyyatının gələcəyinin necə olacağına dair müzakirələrə yol açıb. "VR" şirkətinin "2030-cu ilədək dünya energetikasının inkişaf proqnozu" adlı nüfuzlu tədqiqatının nəticələri göstərir ki, son onillikdə yerin altından çıxarılan yanacaq növlərinin qiymətində rekord artım qeydə alınıb. 5 ildə (2007-2011) neftin orta illik real qiyməti 1997-2001-ci illərə nisbətən 220% artıb. Kömürün qiymətində analoji dövrdə artım 141, qazın qiymətində isə 95% olub. Tələb və təklifdəki dəyişikliklərlə əlaqədar, bu uzunmüddətli qiymət dəyişiklikləri qaçılmaz olacaq. Bununla yanaşı, Bakıda proqnozları açıqlayan "bp" şirkətinin aparıcı iqtisadçısı Lev Fraynkmanın sözlərinə görə, yaxın 20 ildə enerji daşıyıcılarına və ümumilikdə enerjiyə tələbat 36% artacaq. Bu, elektrik enerjisi sektorunda istehlak həcminin artması ilə bağlıdır.
L. Fraynkman bildirir ki, 20 illik perspektivdə neft və qaz hasilatında artım, əsasən, şist yataqlarının işlənilməsi nəticəsində qeydə alınacaq. ABŞ-da məhz "şist inqilabı"nın baş verməsi "VR" ekspertlərini 2030-cu il üçün ötənilki proqnozlara yenidən baxmağa vadar edib. "Şimali Amerikada şist qazı hasilatının artması nəticəsində 2030-cu ildə neft və qazın qiyməti bir il əvvəl proqnozlaşdırdığımızdan az olacaq", - deyə ekspert bildirir.
Bu istiqamətin inkişafı ənənəvi olaraq neft və qaz hasil edən, xüsusilə də OPEK üzvü olan ölkələri, bazarda tarazlığı qorumaq üçün hasilat həcmini azaltmağa məcbur edəcək. Proqnozlara görə, OPEK ölkələrinin 2013-cü ildə gözlənilən xam neft hasilatı (sutkada 30 milyon barrel) 2020-ci ilədək təkrarlanmayacaq. Çünki bu sahədə OPEK-ə üzv olmayan ölkələrin tədarükü dominatlıq edəcək. 2020-2030-cu illərdə isə OPEK üzvü olmayan ölkələrdə istehsal həcmi azalacaq və nəticədə, güman ki, neft təchizatı sutkada 5,1 mln barrel artacaq.
Neftin növbəti 20 ildə ən ləng artan yanacağa çevriləcəyi, digər yanacaq növlərinin qiymətinin neftə bağlılığının azalacağı gözlənilir.
Bütün bunlarla yanaşı, dünyada neft hasilatının həcmini rentabelli səviyyədə qoruyub-saxlamaq üçün "qara qızıl"ın qiyməti 60 dollardan aşağı düşməməlidir. "60-120 dollarlıq dəhliz neft biznesinin effektivliyi üçün ən qəbulolunan vəziyyətdir", - deyə L.Fraynkman bildirir.
Başqa sözlə, yaxın 20 ildə istənilən halda bu dəhlizdən sapmaların olması ehtimalı azdır. Amma bu gün Azərbaycan üçün əlbəttə ki, belə aşağı qiymət də arzulanan deyil: bu dövr üçün Azərbaycanda sabit neft hasilatının olacağına dair proqnozlara baxmayaraq, "qara qızıl"ın qeyri-sabit qiymətinin hipotetik də olsa, ümumi iqtisadi inkişafa təsir göstərəcəyi mümkündür. Amma bu, məsələyə bugünkü reallıqlarla yanaşdıqda belədir. Məhz bu üzdən hökumət yaxın perspektivdə ölkənin makroiqtisadi göstəricilərinin formalaşdırılmasında qeyri-neft sektorunun maksimal inkişafını qarşıya əsas vəzifə kimi qoyub.
MƏSLƏHƏT GÖR: