
SONU GÖRÜNMƏYƏN BORU…
Rusiya Qərb istiqamətində qaz borularının gücünün artırılmasını planlaşdırır
Müəllif: Rövşən İBRAHİMOV Bakı
Rusiya Qərb istiqamətində qaz nəqli infrastrukturunun inkişafını davam etdirir. Artıq "Şimal axını"nın üçüncü və dördüncü xəttinin inşası və fəaliyyətinin ətraf mühitə mümkün təsirinin qiymətləndirilməsi üzrə işlərə başlanılıb. Bundan başqa, "Yamal-Avropa-2" boru xəttinin bərpası planı da təsdiqlənib. "Yamal-Avropa"nın ilk xəttinin inşasına 1996-cı ildə başlanılıb. Qaz borusunun ümumi uzunluğu 2 min kilometrdir və o, Belarusla Polşanın ərazisindən keçməklə Almaniyayadək uzanır. Boru xətti ildə 32,9 milyard kubmetr qaz nəql etmək iqtidarındadır. Avropa İttifaqı bu layihəni Trans-European Network çərçivəsində reallaşdırılan prioritet layihələr sırasına daxil etmişdi. Aİ ilə Polşa onun işə salınmasında və Rusiya qazının Avropa bazarlarına nəqlinin artırılmasında son dərəcə maraqlı idilər.
Lakin indi vəziyyət dəyişib.
Nəql gücü ildə 15 milyard kubmetrədək olan "Yamal-Avropa-2" boru xətti də Belarus və Polşa ərazisindən, lakin Slovakiya və Macarıstan kimi ölkələr istiqamətində keçməlidir. Onun reallaşdırılması üçün ilk addım aprelin 5-də "Qazprom"la Polşanın "EuRoPol GAZ" şirkəti arasında imzalanmış anlaşma memorandumu olub. Lakin Polşa tərəfi bu layihəyə son dərəcə soyuq yanaşır.
Polşalılar bildirir ki, razılaşmanın imzalanması heç də onların üzərinə qaz borusunun çəkilməsilə bağlı öhdəlik qoymur və Polşa Rusiya qazının tədarükünü artırmaq niyyətində deyil.
Göründüyü kimi, Polşa Rusiyanın Şərqi Avropa bazarlarında nəql infrastrukturunun inkişaf etdirilməsilə möhkəmlənmək cəhdlərinə son dərəcə qısqanclıqla yanaşır. Bununla yanaşı, bir şey də qeyd olunmalıdır ki, "EuRoPol GAZ" şirkətinin səhmlərinin 48%-i "Qazprom"dadır. Yəni faktiki olaraq Rusiyanın enerji nəhəngi öz-özü ilə müqavilə imzalayıb və bununla da, layihənin reallaşdırılmasını asanlaşdıracağına ümid edib.
"Yamal-Avropa" qaz borusu layihəsinin ilk xəttinin çəkilişindən keçən 20 ildə bu layihəyə yanaşma köklü şəkildə dəyişib: indi Rusiyanın layihənin ikinci xəttinin inşasına başlamaq niyyəti Polşa tərəfindən mənfi qarşılanır. Şübhəsiz ki, 1990-cı illərin ortalarında boru xəttinin iqtisadi əhəmiyyəti nəzərə alınırdısa, indi onun mümkün siyasi fəsadları haqda düşünülür, polşalılar bu layihənin Polşanın milli təhlükəsizliyinə problem yarada biləcəyini zənn edirlər. Polşa bir mənbədən asılılığın artmaması üçün Rusiyadan qaz idxalını artırmaq istəmir. Avropanın digər ölkələri kimi, Polşa da qaz idxalında mənbələrin diversifikasiyası imkanlarını nəzərdən keçirir.
Rusiyanın qaz xəttini çəkmək istəməsinin səbəblərindən biri və bəlkə də, birincisi öz qazının Avropaya nəqlində tranzit ölkə kimi Ukraynadan asılılığın azaldılmasıdır. Yeri gəlmişkən, polşalı siyasətçilər Ukraynanın maraqlarına zidd qərarlar verməyəcəklərini dedikdə, məhz bu məqamı nəzərdə tuturlar. Polşanın coğrafi qonşusuna bu cür dəstək verməsi təqdirəlayiq haldır. Amma o da bəllidir ki, Polşanın "Yamal-Avropa-2" layihəsinə qarşı çıxması sırf altruistliklə bağlı deyil. Bu məsələdə onun maraqları Ukraynanın maraqları ilə eyni olmasa da, üst-üstə düşür və bu, polşalıların sözügedən bəyanatla çıxış etməsinə, bununla da, Ukraynanın dəstəyini qazanmasına imkan verir.
Ukraynaya gəlincə, hələ uzaq keçmişdə Rusiya qazının ixracının təxminən 80%-i bu ölkə ərazisilə reallaşdırılırdı. Bu vəziyyət Moskvanı qane etmir. Çünki xüsusilə "narıncı inqilab" liderlərinin Ukraynaya rəhbərliyi dövründə Kiyev tranzit faktından Rusiyaya təzyiq vasitəsi kimi istifadə etməyə, siyasi və iqtisadi dividendlər qazanmağa çalışırdı. Məhz bu iki ölkə arasındakı fikir ayrılığı Ukrayna və Avropa ölkələrinə Rusiya qazının nəqlinin dayandırılmasına səbəb olmuşdu.
Paradoksal olsa da, Rusiyanın bu məsələdə Ukraynadan asılılığını azaltmaq istəyi Moskvanın Avropa bazarlarında siyasi və iqtisadi maraqlarını təmin etmək üçün "qaz kartı"ndan yararlanmaq niyyətindən irəli gəlir. Rusiya üçün bu çətin vəziyyətdən çıxış yolu nəql dəhlizlərinin diversifikasiyasıdır. "Şimal axını"nın ilk iki xətti də məhz bu niyyətlə çəkilib, "Cənub axını" layihəsinin reallaşdırılmasına da bu məqsədlə başlanılıb.
"Şimal axını" Baltik dənizinin dibi ilə çəkilərək Rusiya ilə Almaniyanı birləşdirən magistral qaz xəttidir. Rusiya onun vasitəsilə son dərəcə perspektivli alman bazarını ələ keçirib və Ukrayna, Belarus, Polşa kimi "vasitəçiləri" oyundankənar vəziyyətdə qoyub.
Qara dənizin dibi ilə çəkilməsi nəzərdə tutulan "Cənub axını" layihəsinin reallaşdırılacağı təqdirdə isə Rusiya Bolqarıstan, Macarıstan, Avstriya, Yunanıstan, Serbiya, Sloveniya və Xorvatiya bazarlarına çıxış əldə edəcək. Bu boru xəttinin ümumi ötürücülük qabiliyyətinin ildə 63 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Şübhəsiz ki, Rusiyanın yeni boru xətləri inşa etmək niyyətinin arxasında kommersiya maraqları ilə yanaşı, geosiyasi məqsədlər də var. Avropaya qaz nəqlində Ukraynadan tranzit asılılığının azaldılması Rusiya üçün böyük əhəmiyyət daşıyır. Lakin bəzi ekspertlər Moskvanın bu istəyinin o qədər də praqmatik olmadığı qənaətindədirlər. Mütəxəssislərin fikrincə, bu sayda boru xətlərinin çəkilməsinə ehtiyac yoxdur. Səbəb sadədir - Avropa Rusiyanın bütün mövcud və planlaşdırılan boru xətlərilə nəql edə biləcəyi həcmdə qazı istehlak etmək iqtidarında deyil. "İnvestkafe" agentliyinin analitiki Yuliya Voytoviç "Nezavisimaya qazeta"ya bildirib ki, "nəql gücünün artırılmasına yönəlmiş növbəti layihədə mənfi məqam daha çoxdur. Belə ki, 2012-ci ildə "Qazprom" Avropaya 203,22 milyard kubmetr qaz nəql edib. Halbuki yalnız Ukrayna vasitəsilə qaz nəqli imkanı 246,4 milyard kubmetrdir".
Beləliklə, Rusiya heç Ukraynanın infrastrukturunun potensialını belə tam ödəyə bilmir. "Şimal axını"nın üçüncü və dördüncü xətlərinin, "Cənub axını" və "Yamal-Avropa-2" layihələrinin reallaşdırılacağı təqdirdə isə Rusiyanın Avropa istiqamətində boru xətləri gücü 380 milyard kubmetrədək artacaq.
Bu boru xətlərinin heç zaman tam gücü ilə işləməyəcəyi ehtimalı kifayət qədər yüksəkdir. Rusiya, hətta lazımi həcmdə qaz hasilatının davamlılığını təmin etsə belə, onu nəql etmək üçün, sadəcə, bazar tapmayacaq. Maliyyə böhranından sonra Avropada təbii qaz istehlakı azalıb. Bununla yanaşı, avropalılar bu həcmdə qazı eyni mənbədən almayacaqlar. Onlar mənbələrin diversifikasiyasını vacib sayırlar. Bu məqsədə çatılmasında ABŞ-dakı "şist qaz inqilabı" da vacib rol oynayıb. Amerikanın daxili bazarı öz qazı ilə təmin etməsindən sonra Yaxın Şərq ölkələrindən mayeləşdirilmiş qaz almaq ehtiyacı aradan qalxıb. Nəticədə, bu həcm Avropa bazarlarına istiqamətləndirilib. Polşa da daxil olmaqla, bir sıra Avropa ölkələri öz ərazilərində şist qazının hasilatına başlamağı düşünür. Bu isə Rusiyanın strateji planlarını poza bilər.
Rusiyanın Ukraynadan yan keçəcək qaz xətti çəkmək niyyəti və Avropa bazarlarında mövqelərini gücləndirmək arzusu kommersiya baxımından rentabelli olmaya, iqtisadi risklər yarada bilər. Bu halda geosiyasi məqsədlər və siyasi qərarların iqtisadi faydalılığa məğlub olması mümkündür. Əks təqdirdə, bütün nəzərdə tutulan boru xətləri reallaşdırılarsa, onlar birbaşa funksiyalarını yerinə yetirməyəcəklər. Ən yaxşı halda bu boru xətləri qazın iqtisadi dividendlər gözləməyərək bir bazardan digərinə nəql olunması üçün elastik siyasətin həyata keçirilməsində alət olacaq.
MƏSLƏHƏT GÖR: