15 Mart 2025

Şənbə, 00:26

DƏRİNDƏN BAXARKƏN

Azərbaycanla Ermənistan arasında inam atmosferinin yaradıldığına dair spekulyasiyalar nəyə xidmət edir?

Müəllif:

30.04.2013

Son zamanlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində tərəflər arasında inam atmosferinin yaradılmasının vacibliyi haqda çağırışlar çox tez-tez eşidilməyə başlanıb. Bu işdə bəzi yerli və xarici qeyri-hökumət təşkilatları, həmçinin Ermənistan və Azərbaycan ziyalılarının nümayəndələri xüsusi fəallıq göstərirlər. Mətbuatda vaxtaşırı Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinə qarşı çıxışlar da edilir, xalq diplomatiyasının vacib rolu qeyd olunur. Əlbəttə ki, ümumilikdə belə çağırışlar kifayət qədər mütərəqqidir. Amma onların arxasında duran məqsədlər nədən ibarətdir? Qeyd edək ki, çox vaxt onlar real vəziyyət haqda yanlış fikirin formalaşmasına səbəb olur, əsasən, diqqəti problemin özündən yayındırmağa xidmət edir.

Məsələ ondadır ki, Azərbaycanın son anda Ermənistan tərəfindən işğal edilmiş torpaqlarını hərbi yolla azad etmək hüququnu özündə saxlamasına rəğmən, hələ ki, münaqişənin dinc yolla həllindən heç kim imtina etməyib. Digər tərəfdən, Azərbaycanda erməni xalqına qarşı düşmənçilik və nifrət hökm sürmür. Erməni xalqının da azərbaycanlılar kimi, erməni etnofundamentalistlərinin təcavüzkarlığının qurbanı olduğu məlumdur. Amma bu münaqişədə tərəflərin bərabər tutulması, yumşaq desək, nəzakətsizlikdir.

Ən nüfuzlu beynəlxalq təşkilatların da etiraf etdiyi kimi, Azərbaycanda etnik-dini tolerantlıq atmosferi mövcuddur. Monoetnik Ermənistanda isə bu sahədə vəziyyətin necə olduğu hər kəsə bəllidir.

Hələ 1988-ci ildə azərbaycanlı qocanı qətlə yetirməkdə təqsirləndirilərək həbs olunmuş gənc erməni DQMV üzrə Təşkilat Komitəsində Ermənistan SSR-i təmsil edən V.Kondratyevin "Bu addımı hansı səbəbdən atdın?" sualına iftixarla belə cavab vermişdi: "Həqiqətənmi, türkləri bizim xalqın düşmənləri kimi, məhv etmək lazım olduğu aydın deyil?".

Erməni gəncliyi bu ruhda tərbiyə olunur. Bizdən düşmən obrazı yaradılmasında əsas rolu isə erməni alimlər və ziyalılar oynayır. Bunun təsdiqi kimi, Azərbaycan və Ermənistan SSR-in akademiyaları arasındakı yazışmalardan birini misal göstərmək yerinə düşər.

Ötən əsrin 80-ci illərinin sonlarında 250 azərbaycanlı alim Ermənistan SSR Elmlər Akademiyasına müraciət etmişdi. Müraciətdə Ermənistanın Azərbaycana ərazi iddialarına, erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara və türklərə qarşı düşmənçiliyin qızışdırılmasına son qoyulması istənilirdi.

"Ziyalılarınıza müraciət edin, həmvətənlərinizin azğınlığının qarşısını alın. Qonşu dövlətdən ərazi tələb etmək olar? Azərbaycan dadlı bir tikənin bölünməsi mümkün olan piroq deyil. Hələ tam bitməyən 100 illik ərzində ermənilər üçüncü dəfədir  qardaş xalqlar arasında ağır toqquşmalara səbəbkar olurlar. Coşmuş kütlənin qarşısını siz almayacaqsınızsa, bəs kim alacaq?" - deyə Ermənistan EA-nın rəhbərliyinə ünvanlanmış teleqraf müraciətində bildirilirdi.

Ermənistan SSR EA əməkdaşlarının müraciətə iyrənc cavabında isə Azərbaycan elmi və ümumilikdə Azərbaycan xalqı təhqir olunmuşdu: "Azərbaycan alimləri! Bu sözün hər ikisi dırnaq içərisində yazılmalı olduğundan, hətta sizə necə müraciət edəcəyimizi bilmirik... Teymurləngin, səlcuq türklərinin və osmanlıların nəslinin heç zaman öz torpağı olmayıb. Köçəri maldar olan bu insanların öz torpaqları ola da bilməzdi. Tarixi yalnız qətllər, qarətlər və zorakılıqlardan ibarət olanların öz torpaqları hardan olsun axı? Sizə öz xalqınızı mədəniləşdirmənizi məsləhət görürük, əlbəttə, bu, mümkündürsə".

Bu aşkar rasist məktubunun altında Ermənistan EA prezidentinin imzası yox idi. Halbuki, müraciətə o cavab verməli idi. Amma heç kim prezidentin bu cavaba etirazına da şahid olmadı. Üstəlik, İrəvanda keçirilən mitinqdə Ermənistan EA-nın müxbir üzvü R.Kazaryan bəyan etdi ki, "Onillik ərzində ilk dəfə Ermənistanı təmizləmək imkanı qazanmışıq".

Onun sözünü EA-nın digər akademiki V.Ambarsumyan da təkrarladı: "Türklərsiz, yəni azərbaycanlılarsız Ermənistan". 

Sonda onlar istədiklərinə nail oldular və bu gün Ermənistanda dini-etnik dözümlülük haqda danışmağa belə dəyməz. Çünki o, tam monoetnik dövlətdir.

Göründüyü kimi, söhbət inam atmosferinin yaradılması niyyətindən yox, diqqəti əsas məsələdən - beynəlxalq hüququn tələb etdiyi kimi, erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılmasından yayındırmaqdan gedirdi. 

Niyyət aydındır. Son 25 ildə Azərbaycanda yeni nəsil formalaşıb. O, ermənilərin Azərbaycan torpaqlarını işğal edən zaman törətdikləri vəhşiliklərin şahidi olmayıb. Azərbaycan xalqının milli-dini tolerantlığı hipotetik olaraq erməniliyin xeyrinə işləyə bilər. Yaxşı və pis polis oyunu ortadadır: əvvəlcə erməni xalqını millətçi-şovinist virusa yoluxduran ziyalılar peyda olur, çirkin niyyətlərinə nail olduqdan sonra isə meydana guya "mülayim" ziyalılar çıxır. O, Azərbaycan cəmiyyətindəki vəziyyəti öyrənərək, mehriban qonşuluq münasibətləri haqda "nağıl danışmağa" başlayır, amma eyni zamanda, erməni gənclərinin beynini doldurmaqdan da əl çəkmir.

Bu konteksdə məşhur azərbaycanlı filosof, mərhum akademik T.Köçərlinin sözlərini yada salmaq yerinə düşər: "Biz dostluğa tam sadiq, sədaqətli idik. Mehriban qonşuluq qaydalarının gücünə inanırdıq. Ermənilərlə düşmənçilik etmək ağlımızdan belə keçmirdi. "Ömürboyu" onlarla müharibəyə də hazırlaşmamışıq. Üstəlik, öz tariximizdən dərs çıxarmağı da bacarmamışıq".

Ermənistan və Azərbaycanda aparılan rəsmi təbliğatı da bir-biri  ilə qətiyyən müqayisə etmək olmaz. Qarabağda dinc azərbaycanlılara qarşı qətliamlarda bilavasitə iştirak etmiş Ermənistan rəhbərliyi antiazərbaycan və antitürk təbliğatını davam etdirirsə, rəsmi Bakı heç zaman bütünlükdə erməni xalqını düşmən adlandırmayıb. Bu mövqeyi Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə dilə gətirib: "Bizim əsas düşmənimiz dünya erməniliyi və onun təsiri altında olan riyakar, rüşvət və korrupsiyaya bulaşmış siyasətçilər, erməni lobbisinin pulu ilə işləyən bir sıra parlamentlərin üzvləri, bəzi siyasi xadimlərdir".

2007-ci ilin yanvarında qəbul olunmuş "Ermənistan Respublikasının milli təhlükəsizlik strategiyası"nda isə Azərbaycan və onun Türkiyə ilə strateji-müttəfiq münasibətləri Ermənistan və Dağlıq Qarabağın təhlükəsizliyinə kənar təhdid kimi göstərilir. Yəqin ki, şərhə ehtiyac yoxdur.

Bəs Ermənistan prezidenti S.Sarqsyanın Xocalı soyqırımında şəxsən iştirak etməsi  ilə öyünməsi erməni xalqı üçün necə nümunə ola bilər? Yoxsa bu, qarşılıqlı inam atmosferinin yaradılmasına çağırışdır? İlk öncə bu suallara cavab verilməlidir. Ən vacibini isə Azərbaycan Prezidenti İlham Əliyev apreldə "Rossiya-24" telekanalına verdiyi müsahibəsində söyləyib: "Çox vaxt bizi onda təqsirləndirməyə çalışırlar ki, Azərbaycan etimad tədbirlərinin möhkəmlənməsini istəmir, Azərbaycan təmas xəttində möhkəm atəşkəs rejimi yaradılmasını istəmir. Lakin əvvələn, atəşkəs rejimi iki tərəfdən pozulur. Digər tərəfdən, danışıqlar prosesinin mahiyyətini təşkil edən işğala son qoyulması məsələsi həll edilmədən, bu yolda irəliləyiş olmadan hər hansı başqa tədbirləri o qədər də vacib təsəvvür etmirik". 



MƏSLƏHƏT GÖR:

459