25 Noyabr 2024

Bazar ertəsi, 10:34

AVROPA İTTİFAQININ "BAROMETR"i NƏ GÖSTƏRİR?

Azərbaycan əhalisinin 69%-i iqtisadi vəziyyətini yaxşı hesab edir. Ermənistanda isə 72% əhali iqtisadi vəziyyətindən narazıdır

Müəllif:

30.04.2013

Azərbaycan əhalisinin əksəriyyəti öz hökumətinə (92%) və parlamentinə (68%) inanır. "Avropa qonşuluğunun barometri" çərçivəsində 2012-ci ilin sonunda Azərbaycanda keçirilmiş sorğunun əsas nəticələrindən biri budur. Sorğu Avropa qonşuluq siyasətinə qoşulmuş ölkələrdə 2012-ci ilin noyabr-dekabr aylarında 1000 respondent arasında Avropa İttifaqı tərəfindən maliyyələşdirilən ictimai rəyin öyrənilməsi layihəsi çərçivəsində aparılıb. Sonda açıqlanmış hesabatda bildirilir ki, Azərbaycanda əksər komponentlərə görə vəziyyət regionun digər ölkələrindən xeyli yaxşıdır. Əslində bu, heç də təəccüblü deyil...

 

İqtisadi  lider

Beləliklə, Avropa Qonşuluğu İnformasiya Mərkəzinin məlumatında bildirilir ki, sorğuya qatılmış azərbaycanlıların əksəriyyəti (65% - bu, regionun digər ölkələrindəkindən daha yüksək göstəricidir) həyatlarından razı olduqlarını bildirib. Yaşayış şəraitindən xüsusilə gənclər, tələbələr daha məmnundur.

İqtisadi vəziyyətin indeksi də yüksəkdir: rəyi soruşulanların 69%-i iqtisadi vəziyyətini yaxşı qiymətləndirir. 60% respondent isə ölkədə gedən demokratik proseslərdən razıdır.

Azərbaycanlıların əhvalı ölkənin son illər əldə etdiyi uğurları, xüsusilə sosial-iqtisadi inkişafı özündə tam real olaraq əks etdirir. Beynəlxalq təşkilatların qiymətləndirməsinə görə, Azərbaycan müəyyən göstəricilərə görə nəinki regionda, ümumilikdə dünyada lider mövqeyindədir.

Yalnız son 10 ildə ölkədə ÜDM-in 3 dəfə, o cümlədən qeyri-neft sektorunda 2,4 dəfə, dövlət büdcəsi gəlirlərinin 19 dəfə (üstəlik, son illərdə büdcə kəsiri ÜDM-in təxminən 1%-i həcmindədir), strateji valyuta ehtiyatlarının 30 dəfə artdığını, iqtisadimyyata 140 milyard dollar sərmayə qoyulduğunu, ən başlıcası isə yoxsulluq səivyyəsinin 7,5 dəfə azaldığını qeyd etmək kifayətdir.

Əlbəttə ki, Azərbaycanın Cənubi Qafqazdakı qonşuları bu göstəricilərdə onunla rəqabət apara bilməz. Regionda ÜDM-in 80%-i tək Azərbaycanın payına düşür. Məsələn, Ermənistanda rəyi soruşulanların 72%-i iqtisadi durumunu pis adlandırıb. 31% isə vəziyyətinin daha da pisləşəyinə əmindir. 

Gürcüstanda da eyni bədbin əhval-ruhiyyə var. Burada sorğuya qatılanların 75%-i ölkənin iqtisadi durumunu ağır qiymətləndirib.

Odur ki, rəyi soruşulan ermənilərin 85%-nin Aİ-nin ölkə iqtisadiyyatının inkişafında iştirakını artırmasını istəməsi təəccüblü deyil. Erməni respondentlərin 87%-i hesab edir ki, Aİ ölkədə ticarətin, 78%-i hesab edir ki, demokratiyanın, 78%-i isə düşünür ki, regional əməkdaşlığın inkişafında iştirakını artırmalıdır.  Gürcülər də Aİ-nin ölkə iqtisadiyyatına dəstək arzusunu ön plana çıxarıblar. Bunu vacib sayanlar düz 92% təşkil edir.

Azərbaycana gəlincə, sorğu göstərib ki, burada vətəndaşların özlərini təmin etməsi onların Avropaya inteqrasiya məsələsinə yanaşmasında da özünü göstərir. Ermənistan və Gürcüstanda Aİ-dən iqtisadi inkişaf məsələsində dəstək gözləyirlərsə, Azərbaycanda respondentlər bərabərhüquqlu tərəfdaşlığa üstünlük verir. Rəyi soruşulanların 53%-i hesab edir ki, Bakı ilə Aİ arasında yaxşı münasibət var, 37% respondent Avropa İttifaqını ölkəsinin strateji tərəfdaşı sayır, 51% isə tərəflər arasında məhsuldar əməkdaşlıq üçün kifayət qədər ümumi dəyərlərin olduğunu düşünür.

Ölkədə düzgün iqtisadi və sosial inkişaf strategiyası onun xarici yardımlardan asılılığını minimuma endirib. 2006-cı ildən Azərbaycan Beynəlxalq Valyuta Fondunun kreditlərindən tam imtina edib, qurumla konsultativ muzakirələr səviyyəsində əməkdaşlıq edir. Digər beynəlxalq maliyyə institutları ilə də qarşılıqlı münasibətlər, ilk növbədə, milli maraqlara uyğun qurulur. Məhz bu səbəbdən hazırda Azərbaycanda xarici borcun ÜDM-ə nisbəti daha qəbulolunandır - aprelin 1-nə olan məlumata görə, cəmi 7,5%. Ermənistanın xarici borcu ÜDM-in 50%-nə çatır, Gürcüstanda isə bu rəqəm 31%-dir. 

 

Sabitlik və əminlik

Azərbaycanda iqtisadi islahatlar dinamikası əhalinin sosial rifahı üçün əsas yaradıb. Bu, əlbəttə ki, özünü ilk növbədə, ölkədə yoxsulluğun səviyyəsinin azalmasında göstərir. 2003-cü ildə 44,7% olan yoxsulluq 2012-ci ilin sonlarında cəmi 6% idi. Ermənistanda bu göstəricinin hələ də yalnız rəsmi rəqəmlərə görə 35%-dən yuxarı olduğunu nəzərə alsaq, əhalinin öz hökumətindən narazılığı, insanlar arasındakı bədbinlik tamamilə başadüşüləndir: ermənilərin yalnız 23%-i ölkənin doğru yolda olduğunu düşünür. 61% isə seçilmiş yolun yanlış olduğuna əmindir.

Aydındır ki, Azərbaycanda respondentlər bu suallara tam əks cavablar verib. Onlar ölkənin inkişaf xəttindən məmnundurlar: 48% hesab edir ki, ölkə doğru istiqamətdə inkişaf edir. Bununla razılaşmayanlar cəmi 17%-dir.

Prezident İlham Əliyevin tapşırığı ilə hökumətin 2020-ci ilədək ÜDM-in ikiqat artırılması istiqamətində götürdüyü kurs azərbaycanlılarda uzunmüddətli sabitliyə əminlik yaradır.

Hökumətə olan inamın yüksək səviyyəsi də bundan irəli gəlir. Eyni hala qonşu ölkələrdə rast gəlmək mümkün deyil. Məsələn, Ermənistanda respondentlərin yalnız 52%-i Nazirlər Kabinetinin fəaliyyətindən razıdır. Parlamentdən razı olanlar daha azdır - 38%. Ermənistan vətəndaşları xarici təşkilatlara daha yaxşı münasibətdədirlər - Aİ-yə respondentlərin 63, BMT-yə 68, NATO-ya isə 48%-i etibar edir.

Sorğuya qatılmış gürcülər də ümumilikdə həyatlarından razı deyillər (burada belə düşünənlər regionun digər iki ölkəsində olandan daha çoxdur). Rəyi soruşulanların 67%-i yaşayış səviyyəsindən razı deyil. Vəziyyətindən razı olanlar daha çox gənclər və savadlı respondentlərdir.

Beləliklə, artıq bir çox beynəlxalq təşkilat və reytinq agentliklərinin Azərbaycanın inkişafı haqda etirafları növbəti dəfə təsdiq olunub. Bu dəfə onu Aİ təsdiqləyib. Vacib olanı isə bu halda göstəricilərin əhalinin rəyinə əsasən formalaşmasıdır.

Bir sözlə, Aİ tərəfindən aparılmış bu sorğunun nəticəsi Prezident İlham Əliyevin Azərbaycanın dövlət siyasətinin mərkəzində vətəndaş və onun rifah halının dayandığına dair dediklərini təsdiqləyir.

 

 

 



MƏSLƏHƏT GÖR:

539