Müəllif: Nərminə VƏLİYEVA Bakı
Mahmud Rüstəmov böyük bir yaradıcı nəslin nümayəndəsidir. Atası Aslan Rüstəmov və böyük qardaşı Teymur məşhur heykəltəraşlar olublar. Mahmudun da uşaq yaşlarından məşhur heykəltəraş olmaq arzusuna düşməsi, bütün vaxtını incəsənətə həsr etməsi təəccüblü deyil. Onun istedadı artıq gənc yaşlarında hiss edilməyə başlanıb. 2000-ci ildə isə Mahmud Rüstəmov Mədəniyyət və Turizm Nazirliyi ilə Gənclər və İdman Nazirliyi tərəfindən verilən "İlin heykəltəraşı" adına layiq görülüb. Heykəltəraş müxtəlif illərdə Bakıda keçirilmiş Beynəlxalq müasir incəsənət bianellesində, 2003-cü ildə isə Moskvada təşkil olunmuş "Mart" gənclər sərgisində iştirak edib. Onun yaradıcılıq bioqrafiyasında bir neçə fərdi və birgə sərgilər var. Mahmudun əl işləri dünyanın bir çox ölkəsində sərgilənir. O, həm Azərbaycanda, həm də xaricdə monumental heykəltəraşlıq işlərinin müəllifidir.
- Mahmud, sizin əl işləriniz o qədər də adi işlər deyil - onlarda fantastika ilə reallığın müəyyən qarışığını görmək mümkündür. İdeyalarınız necə yaranır?
- Bu, başqa məkan, mənim yaşadığım paralel dünyadır. Uşaqlıqda elmi fantastikaları oxumağı sevirdim. Mənim əla təxəyyülüm var idi! Bütün günü fantastika oxuyurdum, kitab qəhrəmanları ilə kosmosa "səyahət edir", marslıların necə yaşadıqlarını təsəvvür edirdim. Yəqin ki, əl işlərimdə də uşaqlıqdakı fantaziyalarım öz əksini tapır. Mən bir araya sığmayan şeyləri birləşdirməyi, qeyri-adi heykəllər yaratmağı xoşlayıram.
- Siz də atanız Aslan Rüstəmov, əminiz və böyük qardaşınız Teymur kimi, həyatınızı heykəltəraşlıq sənətinə həsr etmisiniz. Bu işdə ən çox bəyəndiyiniz cəhət hansıdır?
- Həqiqətən də, özümü dərk edəndən ətrafımda hər zaman şəkillər və heykəllər olub. Uşaqlıqda vaxtımı atamın emalatxanasında keçirməyi sevirdim. Onun necə işlədiyini maraqla seyr edir, bənzər nələrsə yaratmağa çalışırdım. Orta məktəbi bitirdikdən sonra Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunun heykəltəraşlıq fakültəsinə daxil oldum. Sonra ortaya hansı istiqamətdə getmək, təhsilimi harada davam etdirmək məsələsi çıxdı - Moskvada, Leninqradda, yoxsa Tbilisidə. Amma heç yerə getməli olmadım. Bəxtimdən həmin il Dövlət İncəsənət Universitetində heykəltəraşlıq fakültəsi açıldı və mən də oranın tələbəsi oldum. Daha sonra SSRİ Rəssamlıq Akademiyası yanında Ömər Eldarovun rəhbərliyilə yaradıcılıq dərsləri verilməyə başlandı. Yeri gəlmişkən, atamda və onun qardaşlarında sənətə marağı babam Mahmud Rüstəmov yaradıb. O, dövrün kifayət qədər uğur qazanmış sahibkarı idi - babamın Abşeronda duz gölləri, Biləcəridə zavodu var idi. Ev arxivimizdə Nəriman Nərimanovun babama yazdığı məktub hələ də qalır. Məktubda babamdan Qızıl Orduya yardım etməsi, cəbhəyə bir neçə vaqon duz göndərməsi istənilir. Sonralar babamın bütün mülkü müsadirə olundu, özünə isə 10 il həbs cəzası verildi. O, 1967-ci ildə, mənim dünyaya gəlməyimdən bir neçə ay əvvəl vəfat etdi və mənə babamın adını veriblər. Atam danışırdı ki, babam musiqini və incəsənəti çox sevirmiş. O, övladlarının musiqi, bədii sənət sahəsinə getmələrini istəyirmiş. Babamın yəhudi dostları ona "uşaqların başını boş şeylərlə doldurmamağı" məsləhət görürlərmiş: "Mahmud, bu zamanda nə musiqi, nə şəkil? Sənin övladların hüquqşünas, həkim, biznesmen olmalıdırlar". Babam isə bu fikirləri təbəssümlə qarşılayaraq, uşaqların musiqi, rəssamlıq dərslərinə görə pul ödəməyə davam edirdi. Peşəmdə ən çox bəyəndiyim cəhətlə bağlı sualınıza gəlincə, qısa olaraq deyə bilərəm ki, bu, azadlıq və özünü ifadə imkanıdır.
- Siz mərmərdən-tuncadək, müxtəlif materiallarla işləyən heykəltəraşsınız. Rəssam olmaq üçün yaxşı ustad məktəbi keçməyin, prosesin texniki tərəflərinə yiyələnməyin vacibliyi haqda fikirlərlə razısınızmı? Yoxsa bu işdə ideyaya sahib olmaq, ideyanı bacardığın şəkildə insanlara çatdırmağa çalışmaq kifayətdir?
- Texnika yoxdursa, ideyanın ifadəsi o qədər də uğurlu alınmaya bilər. Öyrənmək, nəzəriyyəni bilmək, təcrübə toplamaq, öz üzərində çalışmaq lazımdır. Heykəltəraşlıqda ideyalarını bu zaman gerçəkləşdirə bilərsən. Hesab edirəm ki, insan hansı sahədə çalışırsa-çalışsın, peşəkar olmalıdır.
- Bəs incəsənətə pul lazım deyil?
- Lazımdır. Amma gəlin prioritetləri müəyyənləşdirək. Pul keçicidir, sənət isə yox. Bəlkə də insan cəmiyyətinin inkişafının hansısa mərhələsində pula son qoyulacaq. Amma incəsənətə son qoyularsa, biz məhv olarıq.
- Bir heykəlin hazırlanmasına nə qədər vaxtınız gedir?
- Adətən, qarşıma heykəlin 1 günə hazırlanması vəzifəsini qoyuram. Bu, çətin olsa da, tamamilə mümkündür. Amma vaxtın əhəmiyyəti yoxdur. Əsas odur ki, ideyanı ifadə edə, heykələ müəyyən məna, ruh verə biləsən. Son zamanlar eskizsiz işləyirəm. Beynimdə hazır iş yaranır və sadəcə, onu daşa və ya gilə köçürmək qalır.
- Sizin üçün daha çox nə maraqlıdır - kiçik heykəllər yaratmaq, fərdi kolleksiyalar üçün işləmək, yoxsa gündə minlərlə insanın görə biləcəyi miqyaslı şəhər heykəlləri hazırlamaq?
- Mənim üçün bunların fərqi yoxdur. Mən sadəcə, öz işimlə məşğul olmağı xoşlayıram. Heykəldən həzz alıram və onun ölçüsünün, fərdi kolleksiya üçün və ya şəhər üçün olmasının fərqi yoxdur. Məmnunluq ürəkdən gəlir - düşüncəmi həyata keçirə bildikdə xoşbəxt oluram.
- İşlərinizdən biri atanız və qardaşınızla birlikdə Xocalı faciəsinə həsr etdiyiniz "Ana fəryadı"dır. Bu abidənin yaranması haqda danışın...
- Hazırda metronun "Xətai" stansiyası yaxınlığındakı həmin abidənin yerində əvvəl 1993-cü ildə hazırlanmış başqa abidə var idi. O, tələsik hazırlanmışdı və həmin dəhşətli hadisələri tam əks etdirmirdi. Bu üzdən abidənin daha fundamental və əzəmətli abidə ilə əvəzlənməsi qərara alındı. Qara qranit və tuncdan hazırlanmış yeni abidə əvvəlkindən ölçüsünə görə xeyli fərqlənir. Köhnə abidənin hündürlüyü 4 metr idisə, indiki abidə postamenti ilə birlikdə, təxminən, 9 metrdir. Abidənin pyedstalındakı lövhəciklərdə faciə haqda Azərbaycan və ingilis dillərində qısa informasiya verilir: "26 fevral, 1992-ci il. Xocalıda soyqırımı". Bundan başqa, postamentə Azərbaycan xalqının faciəsini əks etdirən 3 barelyef, həmçinin Xocalıda qətlə yetirilmiş 613 dinc sakinin adlarını da əlavə etmişik.
- Fikrinizcə, xalqın muzeylərə, bədii qalereyalara getməsi üçün nə etmək lazımdır? İnformasiya texnologiyaları ilə böyüyən indiki gəncliyin marağını bu sahələrə necə çəkmək olar?
- On il əvvəl Oksfordda keçirilən Art in Action festivalına dəvət almışdım. London aeroportunda fiziki məhdudiyyətləri olan yapon uşaqlardan ibarət qrupla rastlaşdığımı xatırlayıram. Onların əksəriyyəti əlil arabasında idi. Əvvəlcə elə bildim ki, Londona müalicə üçün gətiriblər. Amma məni müşayiət edən şəxs uşaqların bu uzaq məsafəni Londonu görmək, oradakı muzey və qalereyalara baş çəkmək üçün qət etdiklərini söylədi. Bu, məni son dərəcə heyrətləndirmişdi... Bəs bizdə muzeylərə gedən, bədii qalereyalarla maraqlanan məktəblilər çoxdurmu? Gənc olduğum dövrlərdə müəllimlər bizi muzeylərə aparır, bizdə gözəllik hissi aşılamağa çalışırdılar. İndiki məktəbliləri bu maraqlandırmır. Onların valideynləri də muzeylərə, qalereyalara can atmırlar. Bizim xalqımız xarici ölkələrə səfərlər zamanı hovuzda, restoranda dincəlməyə, yaxud alış-verişə üstünlük verir. Səbəb nədir? Vaxt azlığı? Bu, səbəb, hətta bəhanə deyil. Əksər gənclərimiz axşamları evdə vaxtlarını mənasız yerə kompyuterin qarşısında keçirirlər. İncəsənəti təbliğ etmək lazımdır. Elə etmək lazımdır ki, muzeylərə, bədii qalereyalara səyahətlər dəbə minsin. Uşaqlarda ən gənc yaşlarından, məktəb illərindən yaxşı zövq formalaşdırmaq vacibdir. Bütünlükdə xalqın mənəvi sağlamlığı bundan asılıdır.
- Azərbaycanda müasir incəsənətə dəstək verən "YARAT!" qeyri-kommersiya təşkilatı ilə əməkdaşlığınız haqda nə deyə bilərsiniz?
- Azərbaycanda incəsənətdən anlayan, yaradıcı gəncləri dəstəkləyən şəxslərin olması çox xoşdur. Bizdə çox sayda istedadlı rəssam, heykəltəraş, rejissor, fotoqraf var. Onların başa düşülməsi, dəstəklənməsi vacibdir. Sənin işlərinin kimin üçünsə maraqlı və lazımlı olduğunu bilmək xoşdur. Mən "YARAT!" təşkilatı ilə artıq bir neçə ildir əməkdaşlıq edirəm. İki il əvvəl Bakıda "012 Baku Public Art" festivalı çərçivəsində mənim "Alternativ" layihəmin təqdimatı oldu. Qız Qalasının ətrafında qeyri-adi heykəltəraşlıq kompozisiyası qurulmuşdu - kərgədanın arxasınca gedən yadplanetli.
- Bakının əsas rəmzinin yanında kifayət qədər maraqlı bir kompozisiya... Niyə məhz yadplanetli?
- Qız Qalasının nə zaman tikildiyinə dair dəqiq tarix hələ də bəlli deyil. Odur ki, mən bu qalanın Yerə aid olmadığına dair ideyanın mövcud olmaq hüququnu tanıyır və dəstəkləyirəm. Yeri gəlmişkən, mən kərgədanın buynuzuna Azərbaycan mədəniyyətinin qədim simvollarından sayılan nar taxaraq, öz kosmik kompozisiyama milli kolorit də qatmışdım. Öndə gedən kərgədan isə rəssamın fikrində gözlərimiz qarşısında sürətlə inkişaf edən şəhərimizi göstərir. Kompozisiya Qız Qalasının qarşısında kifayət qədər uzun müddət qaldı və o, sökülən zaman İçərişəhər sakinləri məyus olmuşdular. Sən demə, yadplanetli onların əhvalını qaldırırmış.
- İlk işinizi xatırlayırsınızmı? O, nədən ibarət idi?
- Həmin şəkli atam hələ də emalatxanasında saxlayır. Onda 4 yaşım var idi və kağız üzərində insan çəkməyə çalışmışdım. Atamda mənim və qardaşımın uşaqlıqda çəkdiyimiz çoxlu sayda şəkillər var. İndi isə o, eyni sevgi ilə nəvələrinin "əsərlərini" toplayır. İlk heykəltəraşlıq əsərim isə diplom işim - "Zaratustra" eskizi olub: sonradan onu İçərişəhər aldı.
- Qız Qalasından başqa hansı şəhər abidəsini paytaxtımızın rəmzi adlandırardınız?
- Mənim üçün bu, 1958-ci ildə Bakının Neftçilər prospektində, Bakı Funikulyorunun qarşısında qoyulmuş "Bəhram Gur" heykəlidir. Yeri gəlmişkən, o, Bakıda tuncdan düzəldilmiş ilk abidələrdəndir. "Bəhram Gur" kompozisiyası Nizaminin "Yeddi gözəl" poemasından süjetdir - əjdaha ilə savaşan nağıl qəhrəmanı. Abidə Xeyirin Şər üzərindəki qələbəsidir. Çünki Şərq mifologiyasında əjdaha şər rəmzidir. Sovet dönəmində hər tərəfdə dünya proletariatlarının rəhbərlərinin, gipsdən bir-birinə oxşar fəhlə və kolxozçu heykəllərinin ucaldığı bir vaxtda, bu cür alleqorik kompozisiyanın yaradılması böyük çətinliklər hesabına başa gəlmişdi. "Bəhram Gur"un şəhərimizin mərkəzində, layiqli məkanda ucaldılması yalnız ozamankı mer Əliş Ləmbəranskinin hesabına mümkün olub. Yeri gəlmişkən, abidəni atam Aslan Rüstəmov dostları olan heykəltəraşlar Albert Mustafayev və Qorxmaz Sücəddinovla birlikdə hazırlayıb. O zaman onlar hələ tələbə idilər və Bakının tərtibatının yaxşılaşdırılmasına dair müsabiqəyə qatılarkən uğur qazanacaqlarını özləri də düşünmürdülər. Amma gözlənilmədən, gənc heykəltəraşların layihəsi hər kəsin xoşuna gəldi.
- Mahmud, həyatınızdan, özünüz-özünüzdən razısınızmı?
- Əlbəttə. Mənim çox gözəl ailəm və etibarlı dostlarım var. Sevimli işimlə məşğul oluram və bu iş mənə məmnunluqla yanaşı, həm də yaxşı gəlir gətirir. Xoşbəxtlik üçün daha nə lazımdır? İşlərimdən biri ötən il "Sotheby's" hərrac evi tərəfindən satılıb. Bu satışdan ciddi qonorar əldə etmişəm...
- "Qlamur genetik" adlı qeyri-adi kompozisiyanı nəzərdə tutursunuz? Maraqlıdır, bu qəribə, hətta deyərdim ki, ağlasığmaz işin ideyası nədən ibarətdir?
- (gülür) O qədər də şişirtmək lazım deyil. Mən qoyunun başını, keçinin ayaqlarını, inəyin alt çənəsini və omba sümüyünü bir fiqurda toplayaraq, bu "mutant"a çəhrayı rəngli sintetik xəz geyindirmişəm. Qlamur və gözəl alınıb. İdeya nədən ibarətdir? Atalar sözü ilə cavab verim: "Hər parıldayan qızıl deyil".
MƏSLƏHƏT GÖR: