Müəllif: Nurlanə QULİYEVA Bakı
Yaxın 10 ildə Azərbaycana gələn turistlərin sayı 2 dəfə artaraq 5 milyona çatacaq. Bu proqnoz Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Turizm İnstitutunun (ATİ) birgə apardıqları araşdırmalar nəticəsində ortaya çıxıb. Nəzərə alsaq ki, hökumətin planlarına turizmin müxtəlif istiqamətləri və növlərinin inkişafına dəstək, turizm obyektlərinin sayının artırılması və həmin obyektlərdə xidmət səviyyəsinin yüksəldilməsi kimi məsələlər daxildir, bu, kifayət qədər real rəqəmdir. Məhz bu üzdən 2024-ci ilə turizm sektorunun ölkə iqtisadiyyatındakı çəkisinin hazırki 0,9%-dən 2,5%-ə yüksələcəyi guman olunur.
İstirahət növləri
"Azərbaycan turizmi 2023-cü ildə: hədəflər və qarşıda duran vəzifələr" araşdırmasında iştirak etmiş ekspertlər bildirirlər ki, Azərbaycana turizm axınının inkişafı haqda nikbin proqnozlar bu sahədə son 10 ilin statistikasının təhlilinə əsaslanır. Məsələn, otellərin, şirkətlərin sayının artması, sektora investisiya qoyuluşlarının genişlənməsi, gəlirlərin çoxalması və s. "Səsləndirilən rəqəm (2024-cü ilədək 5 milyonadək turist) turizm sektorunun orta inkişaf senarisinə əsaslanır. O, ümumilikdə bütünlükdə bu sahədəki inkişaf dinamikasını əks etdirir", - deyə ATİ-nin prorektoru Eldar Aslanov "R+" jurnalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, söhbət ölkədə mehmanxana nömrələrinin, xidmət personalının sayının artırılmasından, məsələn, Xəzər sahillərində yeni turizm şəhərciklərinin yaradılmasından gedir. Bundan başqa, turizm mövsümünün uzanması faktı da nəzərə alınır. Məsələn, hələ 2 il əvvəl Azərbaycanda yalnız yay turizm mövsümü var idisə və o, mayda başlayıb sentyabrda bitirdisə, "Şahdağ" və "Tufan" yay-qış turizm komplekslərinin açılması ilə indi qış mövsümü də var. Bu, təbii ki, ölkəyə yeni turistlərin cəlbi imkanlarını da artırır. Üstəlik, yaxın illərdə həmin komplekslərdəki otellərin, göstərilən xidmətlərin sayının genişlənməsi də nəzərdə tutulur. "Bundan başqa, idman turizminin inkişafına da son dərəcə ciddi diqqət ayrılacaq. 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Oyunları, 2017-cü ildə təşkil ediləcək IV islam Həmrəylik Oyunları şübhəsiz ki, bu işə öz töhfəsini verəcək. Ölkədə başqa beynəlxalq yarışların keçirilməsi də planlaşdırılır", - deyə E.Aslanov qeyd edib.
Mədəni irsin inkişafı, 7 mindən artıq tarixi abidənin bərpası və təbliği, ziyarətçilərin rahatlığı üçün lazımi infrastrukturun yaradılması (gidlər, qidalanma obyektləri və s.) istiqamətində də böyük planlar var və bütün bu işlər ölkəyə turistlərin cəlbinə kömək edəcək. Ölkənin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin də dediyi kimi, Azərbaycanda tarixi abidələrin son inventarlaşdırılması 2001-ci ildə həyata keçirilib və siyahıya 6308 abidə salınıb. Son 4-5 ildə bu siyahıya daha 1705 abidə əlavə olunub, 100-dən artıq tarixi abidə üçün pasport hazırlanıb. Ə. Qarayevin sözlərinə görə, ölkənin bütün tarixi abidələri pasportla təmin olunmalıdır. "Amma bununla yalnız Mədəniyyət və Turizm Nazirliyi məşğul olmamalıdır. 8 mindən artıq abidənin pasportlaşdırılması üçün ciddi işlər görülməlidir. Odur ki, prosesə bütün dövlət strukturları cəlb edilməlidir", - deyə nazir qeyd edib. Bununla yanaşı, Ə.Qarayev tarixi abidələrin mühafizəsinin təşkilini də vacib məsələlərdən biri sayır. Onun fikrincə, bu işdə yerli ictimaiyyət də fəal iştirak etməlidir.
Ekspertlər hesab edir ki, yaxın illərdə ölkədə sürətlə inkişaf edəcək daha bir turizm növü tibbi turizmdir. Onlar bu fikirlərini Prezident İlham Əliyevin sentyabrda Naftalan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqda imzaladığı sərəncamla da əsaslandırırlar. Sərəncam çərçivəsində Naftalanın "Çinar" sanatoriyasında nömrələrin sayının artırılması, mövcud infrastrukturun inkişafı və s. nəzərdə tutulur. "Tibbi turizmin inkişafı çərçivəsində respublikanın digər bölgələrindəki qaynar mənbələr ətrafında insanların yaşaması və müalicəsi şərtlərinin yaxşılaşdırılması planları da var. Duzdağ və Naxçıvandakı duz mağaralarında, Bilgəh qəsəbəsindəki kardioloji sanatoriyada və s. belə işlərin həyata keçirilməsi nəzərdə tutulur", - deyə Eldar Aslanov bildirib. Bununla yanaşı, Azərbaycana turist axınının inkişafı məqsədilə ekoturizm, təhsil turizmi və s. növlərin inkişafı istiqamətində işlər aparılır.
Kadrlara ehtiyac var
Beləliklə, göründüyü kimi, planlar nikbindir. Amma planların qeyd olunan müddətdə reallaşdırılması üçün hökumət bir sıra infrastruktur layihələrinin gerçəkləşdirilməsinə təşəbbüs göstərməli, yaxud ən azı, onları dəstəkləməli, eyni zamanda kadr potensialının inkişafına diqqət ayırmalıdır.
"Azərbaycan turizmi 2023-cü ildə: hədəflər və qarşıda duran vəzifələr" araşdırmasında yer alan proqnozlara görə, 10 ildə ölkədəki mehmanxanaların və oradakı yataq yerlərinin sayı 3 dəfə artırılaraq, müvafiq olaraq 1500 və 100 minə çatdırılacaq. Eyni zamanda, həmin dövrə Azərbaycanda turizm şirkətlərinin sayının 2 dəfə artaraq 350-yə çatacağı proqnozlaşdırılır. Qeyd edək ki, yalnız 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyi mehmanxana fəaliyyəti üçün 57, turizm fəaliyyəti üçün 74 lisenziya verib. Ə. Qarayevin Azərbaycanda keçiriləcək I Avropa Oyunlarınadək ölkədə lisenziyasız fəaliyyət göstərən bircə otelin belə qalmayacağı vədini verdiyini nəzərə alsaq, onların sayı artıq bu ilin sonuna ciddi şəkildə arta bilər. "Azərbaycanda istirahət mərkəzlərinə, otellərə lisenziyaların verilməsi prosesi daimi şəkildə davam edir. Mən hər gün, təxminən, 3-4 otelə və turizm təşkilatına lisenziyanın verilməsinə dair sənəd imzalayıram. Bu məqsədlə nazirliyə İntertnet vasitəsilə və ya birbaşa daxil olan sənədlər mütəmadi olaraq nəzərdən keçirilir. Yerlərdə vəziyyət öyrənilir və təxminən, 15 gün sonra bu və ya digər quruma lisenziyanın verilməsi, yaxud bundan imtinaya dair qərar açıqlanır", - deyə Ə.Qarayev qeyd edib.
Ekspertlər bildirir ki, qarşıdakı 10 ildə ölkədə otellərin 1500-dək artırılması planının həyata keçirilməsi zamanı xüsusi diqqət orta sinfə uyğun otel və istirahət evlərinin açılmasına yönəldilməlidir. Bu gün ölkənin, demək olar ki, bütün bölgələrində beşulduzlu otellər var. Təbii ki, onların öz müştəriləri də var. Amma nəzərə alınmalıdır ki, hər regionda mehmanxana yerlərinin yalnız 30%-i beşulduzlu otelə uyğun olmalıdır. Qalan 70% orta və aşağı gəlirli turistlər üçün nəzərdə tutulmalıdır. Tələbə və gənc turizm zonaları, hostellər və s. də bu kateqoriyaya aiddir. Belə obyektlərin tikintisi mövcud dövlət proqramlarında nəzərdə tutulmasa da, hökumət biznesmenlərin bu istiqamətdəki təşəbbüslərini dəstəkləməyə hazırdır.
Bununla yanaşı, dəfələrlə məmurların və ekspertlərin diqqət çəkdikləri daha bir problem var. Bu, turizm obyektlərində, xüsusilə "azulduzlu" obyektlərdəki xidmətin keyfiyyətidir. Əbülfəs Qarayev regionlardakı istirahət məkanlarında xidmət səviyyəsinin aşağı olduğunu deyərək, belə obyekt sahiblərini vəziyyəti düzəltməyə çağırıb.
Amma məsələ ondadır ki, bu aktual problemin həlli o qədər də asan deyil. 2013/2014 tədris ilində turizm istiqaməti üzrə bütün ali məktəb və texnikumları bitirmiş məzunların sayı cəmi 1029 nəfər olub. Onların arasında ali təhsilə yiyələnənlər isə cəmi 272 nəfərdir. 480 məzun orta peşəyə, 277 məzun isə texniki peşəyə sahib çıxıb. Statistika isə hazırda turizm sahəsində 9 min insanın çalışdığını göstərir. Üstəlik, proqnozlara əsasən, 10 ildə onların sayı 75,6 minə çata bilər. Nəzərə almaq lazımdır ki, onların ən azı 20%-i ali, 30-40%-i orta-texniki, qalanları isə texniki-peşə təhsilli olmalıdırlar.
"Tələbələrimiz artıq 2-ci kursdan etibarən, boş vaxtlarında işləməyə başlayırlar. Onlara tələbat çox yüksəkdir. Bilirik ki, bu gün ölkənin turizm sektoruna, ən azı, 2 min ixtisaslı kadr lazımdır. Amma ATİ-nin mövcud maddi-texniki bazası qarşıdakı 10 ildə yalnız 3-3,5 min ali təhsilli kadr yetişdirməyə imkan verir. Bu isə tələb olunandan 5 dəfə azdır. Analoji vəziyyətə turizm sahəsində daha aşağı təhsil ocaqlarında da rast gəlmək mümkündür. Bununla əlaqədar olaraq, araşdırmada institutun imkanlarının artırılaraq, ildə 2 minədək kadr buraxılmasına imkan verəcək səviyyəyə çatdırılması təklif olunur", - deyə ATİ-nin prorektoru Eldar Aslanov bildirib.
O, hesab edir ki, turizm obyektlərinin tikintisinə investisiyalar yatıran biznesmenlərin tələb olunacaq ştat sayını əvvəlcədən müəyyənləşdirməsi, onların hazırlanması üçün instituta müraciət etməsi daha məqsədəuyğun olardı: "Bu, rasional yanaşmadır. Çünki bizim üçün məzunlarımızın işlə təmin olunması, turizm obyektlərinin isə yüksək ixtisaslı kadrlarla, menecmentlə bağlı sıxıntı çəkməməsi vacibdir. Çünki bu, xidmətin səviyyəsinə, həmçinin ümumilikdə ölkənin turizm sektorunun imicinə birbaşa təsir göstərir".
Bütün bunlar - yeni obyektlər, infrastrukturun və xidmətlərin yaxşılaşdırılması son nəticədə yalnız ildə proqnozlaşdırılan 5 milyon turistin ölkəyə axınını təmin etməyəcək. Bu, həm də daxili turizmin inkişafına ciddi təsir göstərəcək, Azərbaycan vətəndaşlarının turist kimi xarici ölkələrə daşıdığı külli miqdarda vəsaitin ölkədə qalmasını təmin edəcək.
MƏSLƏHƏT GÖR: