Müəllif: İlhamə MÖNSÜMOVA Bakı
Dünyada coğrafi ərazisinə görə o qədər də böyük olmayan Azərbaycanın yerləşdiyi təbii-iqtisadi zonaya bənzər məkanda yerləşən çox az ölkə var. Hətta çox böyük dövlətlər belə, bu cür zona ilə öyünə bilməzlər. Ölkə Yer kürəsinin 11 iqlim qurşağından 9-da yerləşir. Yerin altında isə başqalarının, sadəcə, xəyal etdikləri sərvətlər var. Bu sərvətlərdən dövlət üçün maksimum səmərəli istifadə olunmalıdır. Amma təəssüf ki, biz çox vaxt tam üzdə yerləşən sərvətlərə qənaətlə yanaşmırıq - Azərbaycanın çox sayda faydalı qazıntısı ya unudulub, ya da bir çox yataqlar tam istismar olunmur. Ölkədə geoloji kəşfiyyat işlərinin perspektivi nədən ibarətdir? Azərbaycanın əməkdar geoloqu Vasif XƏLİLZADƏ "R+" jurnalına müsahibəsində bu haqda danışıb.
- Son 20 ildə geologiya sahəsində hansı uğurlar əldə edilib?
- Uğurlar çoxdur. "Qızıl əsr"in müqaviləsi imzalanıb. Azərbaycanla Amerikanın "RV Investment Group Services" şirkəti arasında Gədəbəyin qızıl yataqlarının işlənməsi üzrə imzalanmış müqaviləni biz geoloqlar öz aramızda belə adlandırırıq. Bu müqavilə xammal emalında yeni texnoloji istiqamətlərdən istifadəni nəzərdə tutur və onun əsası Mineral Xammal İnstitutunda qoyulub. Biz əvvəllər üzə çıxarılmış kiçik yataqların yenidən qiymətləndirilməsi istiqamətində böyük işlər görmüşük. Sovet hakimiyyəti illərində onlar belə hesab olunur və sadəcə qızıl və digər qiymətli metalların təzahürləri sayılırdı. Yəni, hər 1 ton filizdə 3-4 qramdan az qızıl olurdusa, bu yataq kənara atılırdı. Araşdırmalar isə göstərir ki, 1 ton filizdə 1 qramdan az belə filiz varsa, yeni texnoloji üsullar onu əla hasil edir və bu, böyük iqtisadi effektə malikdir. İnstitut da yataqlarımızın bəzilərində bu işləri apardı. Nəticədə, məsələ xarici şirkətlərin diqqətini çəkdi - ilk dəfə müvafiq müqavilə imzalandı və sənədə əsasən, "RV Investment" şirkəti xeyli geciksə də, Gədəbəy yatağında işlərə başladı. Qızıl hasilatı biokimyavi texnologiyalardan istifadə ilə ekoloji cəhətdən təhlükəsiz rejimdə davam etdiriləcək.
Onu da qeyd edim ki, Gəncədə dünya təcrübəsində ilk dəfə olaraq alunit və gil torpaq istehsal olunub. Amma prosesin ətraf mühitə ciddi mənfi təsir göstərməsi bu istehsalın dayandırılmasına səbəb olub. Biz onu elə həmin anda anlamış və müvafiq tədbirlər görmüşdük. Amma lazımi effekt əldə olunmadı. Nəzərə alınmalıdır ki, bu, ilk alunit zavodu idi və orada aradan qaldırılmalı olan qüsurların ortaya çıxması mümkün hal idi. Odur ki, bu zavodun bazasında tədqiqatlar həm bizim institutumuzda, həm də Politexnik İnstitutunda davam etdirilməlidir. Amma onu da deyim ki, artıq təkcə filizin bölüşdürülməsi üzrə deyil, eləcə də metalların yuyulma metodu üzrə yeni maraqlı emal sxemi işlənib hazırlanıb.
Bunun üçün müvafiq patent də alınıb.
Yaxud dolomit adlı xammal var. Naxçıvanda o, həddindən artıq çoxdur. Bir sözlə, bu resursla bağlı məhtudiyyət yoxdur: onun gücü yüzlərlə metrlə, uzunluğu kilometrlərlə ölçülür. Vaxtilə həmin yataqda nəhəng müəssisə olan soda kombinatının əsasını qoymuşuq. Dolomitin kompleks emalı üçün xüsusi texnologiya hazırlanıb, patent alınıb.
- Bu gün geoloqlar qarşısında hansı vəzifələr dayanır?
- Ölkədə müvafiq sahələr, strukturlar, ilk növbədə isə geoloqlar əsasən yeni yataqların axtarışı ilə məşğul olmalı deyil. Bütün qüvvə elm və texnikanın nailiyyətlərindən istifadəyə yönəldilməlidir. Yalnız bu halda innovasiyalı texnologiyalar bizə yataqlarda böyük həcmdə işlər qurmaq, nəticə əldə etmək, maksimal olaraq tullantılarsız texnologiyalara yiyələnmək imkanı verəcək. Bu gün müasir texnologiyalardan istifadə etməklə mineral xammalın nazik və həddən artıq nazik halda emalı mümkündür. Bu halda onun aktivliyi artır. Məqsəd heç də xammal əlavəsi deyil, əksinə, ölkədə yeni texnologiyalara əsaslanan istehsalın bütün mərhələlərini nəzərdə tutmuş emal sənayesinin təşəkkül tapmasıdır. Bir sözlə, dünya bazarlarında böyük təlabətın olduğu qiymətli məhsul istehsalçısına çevrilməliyik.
- Öz saatını gözləyən başqa hansı yataqlar var?
- Hazırda bizim balansımızda 500 bu cür yataq mövcuddur. Məsələn, Gədəbəy rayonundakı Qaradağ mis filiz yatağı. Əvvəllər mövcud olan texnologiyalardan istifadə etsəydik, biz xammal əlavəsinə çevrilərdik, üstəlik, ətraf mühitə böyük zərər dəyərdi. Bu, bizi qətiyyən qane etmirdi və məsələni institut qarşısında qaldırmışdıq. Qısa zamanda geoloqlar tamamilə yeni texnologiya hazırladılar: bu, bakterial maddələrdən istifadə olunan bioloji-geoloji texnologiyadır. Bu mədəndən təbii miss kuporosu almaq olardı. Azərbaycanda üzümçülüyün ciddi inkişafını nəzərə alsaq, buna tələbat yüksəkdir. Bağçılıq, tərəvəzçilik mis kuporosu olmadan keçinə bilməz. Eyni fikri digər sahələr haqda da söyləmək mümkündür. Qısa müddətdə mütəxəssislər mis kuporosunun əldə edilməsi texnologiyasını hazırladılar, genişmiqyaslı araşdırmalar apardılar. Bundan sonra Nazirlər Kabineti Qaradağ yatağında bu maddənin istehsalı ilə məşğul olacaq "Çənlibel" müəssisəsinin yaradılmasına dair qərar çıxardı. Plana görə, əldə ediləcək məhsulun 50-60%-ni özümüz istifadə edəcək, artığını isə xaricə satacaqdıq. Çünki ona tələbat həddindən artıq böyükdür. Təəssüf ki, SSRİ-nin dağılmasından sonra bu proses də yarımçıq qaldı.
Bu gün Azərbaycanın yaddan çıxmış daha bir yatağı seolit yatağıdır. Bu, içməli suyun təmizlənməsi, heyvandarlıqda yemlərə əlavə olunması baxımından əvəzedilməz xammaldır. Bu gün elm, o cümlədən Rusiyadan, Ukraynadan olan ekspertlər masaya duzla yanaşı seolitin də qoyulmasını lazım bilirlər. Amma bu mineralın yer aldığı zəngin yataqlara malik olsaq da, ondan istifadə etmirik. Bu mineral heyvanların orqanizmindən bütün kanserogen maddələri xaric edir. Onun peyinə qatılması isə peyini daha keyfiyyətli gübrəyə çevirir.
Azərbaycan geoloqları dünya təcrübəsində ilk dəfə olaraq seolitdən içməli suyun təmizlənməsi üçün istifadə ediblər. Daha bir geoloq qrupumuz bu maddədən təbii qazın qurudulmasında istifadə edib. O zaman hər iki qrup elm sahəsində Lenin mükafatı əldə etmişdi. Bu, geoloqlarımızın çox böyük uğuru idi. Təəssüf ki, bu gün bunların hamısı unudulub.
- Yataqların işlənməsindən əmələ gələn tullantıların təkrar emala yönəldilməsi mümkündürmü?
- Biz bütün bunları bildiyimizdən hələ o vaxt xammaldan kompleks istifadə olunması təklifi ilə çıxış etmişdik. Məsələn, Gəncə Giltorpaq Kombinatı. Biz dünya təcrübəsində ilk dəfə olaraq alunit mədənindən giltorpaq, ondan isə təmiz metal - alümin əldə etmişik. Gəncə Giltorpaq Kombinatında 1 ton giltorpaq istehsalından şlam şəklində 6 tonadək tullantı alınır.
O zaman ekspertlər qarşısında bu tullantıların necə olacağı sualını qoyduq və cavab aldıq - istifadə. Sizə bir material göstərəcəyəm. (Vasif müəllim rəfə yaxınlaşaraq daşa bənzəyən, amma son dərəcə yüncül olan dördkünc metal gətirir). Bəli, tikinti işlərinə yarayacaq daşa çox bənzəyir. Amma burada 1 qram belə, sement yoxdur. Bu, Gəncə Giltorpaq Kombinatının tullantılarından əldə edilmiş süni daşdır. Təklif olunan texnologiya hesabına ildə 1 milyard kubmetrədək yüngül tikinti materialı əldə etmək olar. Bu, Azərbaycanın tələbatını tam ödəməyə, hətta ixraca imkan verər.
Bununla yanaşı, biz sementdən istifadə etmədən, tullantılar, əhəng daşı və qarışıqlardan üzüm sahələri üçün dirəklər istehsal edirdik. Nəticədə 70-ci illərdə üzümçülük sahəsində məhsuldarlıq 1 milyon tona çatmış, qarşıya bu rəqəmin 3 milyon tona çatdırılması vəzifəsi qoyulmuşdu. Şpalerlərin isə daha çox istehsal edilməsi təklif olunurdu. Halbuki, əsl şpaler dəmir-betondan hazırlanır: daxilində metal armaturun, çınqılın, sementin, qumun olduğu bu cür şpalerlərin çəkisi 70-75 kiloqrama çatır. Biz isə tullantılardan içiboş şpalerlər hazırlayırdıq. O, bütün keyfiyyətlərilə istənilən betonu geridə qoymaqla yanaşı, 12-15 kiloqram ağırlığa malik olurdu. Mərhum Heydər Əliyev o zamanki Kirovabada (Gəncə) sərgiyə gəldikdə bu məhsulu ona təqdmi etmişdilər. O, şpaleri götürmək üçün əvvəl güc versə də, sonda şpalerin çox yüncül olduğunu görmüşdü. Bütün bu nailiyyətlər geniş imkanlar açırdı. Səhv etmirəmsə, hazırda orada ən azı 10 milyon ton tullantı başlı-başına qalıb. Bəlkə də zamanla onun həcmi daha da artıb. Təəssüf ki, sonralar Gəncə Giltorpaq Kombinatı yalnız boksit istehsalı ilə məşğul olmağa başladı. Nəticədə boksit tullantıları qiymətli alunit tullantılarının üzərinə töküldü.
- Yataqların işlənməsi, hasilatı ətraf mühit üçün zərərsiz ötüşə bilməz. Bu zərərin minimuma endirilməsi üçün nə etmək lazımdır?
- Mineral xammalların hasilatı və emalı ilə əlaqədar ətraf mühitin çirklənməsi ən ciddi problemlərdən biridir. Sovet illərində tətbiq olunan pulların müəyyən sahələrə ayrılması metodu ətraf mühitin çirklənməsinə səbəb olub. Dünya miqyasında isə hər il Yerin altından səthinə ən az, nə çox - düz 120 milyard ton mineral xammal çıxarılır. Tendensiyaya görə, bu rəqəm hər 10-12 ildə 2 dəfə artır. Çıxarılan xammalın isə uzağı 10%-i, bəlkə də daha az miqdarı istifadə olunur. Hasilat və emaldan sonra xammalın əhəmiyyətli bir hissəsi kənd təsərrüfatı üçün istifadə oluna biləcək əraziləri tutur. Üstəlik, bu işə ciddi enerji sərfiyyatı, əmək sərf olunur.
Mənim ən xoşuma gələni Filizçay yatağımızdır. O, bütün ölkəyə səs salan zaman Sov.İKP MK-nın bu yatağın sənaye emalına cəlbinə dair qərarı çıxdı. Amma hamı meydana çıxacaq ekoloji problemlərdən danışmağa başladı. SSRİ-nin cənub regionlarında - Şimali Qafqazda və Ermənistanda - artıq nəhəng metallurgiya müəssisələri fəaliyyət göstərdliyindən, bizim yatağımıza sanki xammal əlavəsi kimi baxılırdı. Guman olunurdu ki, onun işlənməsi zamanı əldə ediləcək filiz və konsentrat Şimali Qafqaza və Ermənistana göndəriləcək, tullantılar isə Azərbaycanda qalacaq. Amma biz buna getmədik. Çünki bu yataq nadir ekoloji təbiət zonasında yerləşirdi - Böyük Qafqazın cənub yamacında, Şəki, Zaqatala, Balakən regionunda. Bu səbəbdən ona sadəcə yataq kimi baxılması düzgün deyildi. Bu nadir ərazi çirklənmə təhlükəsi ilə qarşı-qarşıya idi. Elə həmin vaxt yatağın ən müasir texnologiyalarla işlənməli olduğu fikri səsləndirildi. Bu texnologiyalar isə o zaman yox idi. Respublikamızın rəhbərliyi ekologiya ilə əlaqəli problemləri, eyni zamanda o zamankı texnologiyalardan istifadə ilə həyata keçiriləcək emal zamanı ortaya çıxacaq digər ciddi məqamları anlayaraq prosesə mane olmağa, prosesi mümkün qədər uzatmağa çalışdı və istəyinə nail oldu. İndi bu yataq da öz saatını gözləyir.
MƏSLƏHƏT GÖR: