25 Noyabr 2024

Bazar ertəsi, 03:17

SƏNAYE SIÇRAYIŞININ CİZGİLƏRİ

Azərbaycanda "Sənaye İli" çərçivəsində hansı tədbirlər planlaşdırılıb?

Müəllif:

01.04.2014

Bu gün bir çox inkişaf etmiş ölkələr milli xüsusiyyətlərini nəzərə almaqla təkmilləşdirilmiş irəliləyişə can atırlar. Müxtəlif start mövqelərə baxmayaraq, sənayenin qeyri-neft sahələrinin inkişafı iqtisadiyyatın mütərəqqi dinamikasını təmin edən ümumi bünövrə kimi qəbul edilir. Bunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev "Sənaye İli"nin keçirilməsi ilə bağlı tədbirlər planını təsdiqləyib. 

"Sənaye İli"nin keçirilməsi ilə bağlı qərar cari ilin yanvar ayında hökumətin geniş iclasında elan olunub. O, son bir neçə il ərzində ölkənin yeni sənayeləşməsi siyasətinin real uğurları ilə bağlı idi.

Son on beş il ərzində sosial-iqtisadi inkişafın yüksək templərinə yiyələnən Azərbaycan, kifayət qədər tez bir müddətdə keçid dövrünü aşmağı və orta inkişaf etmiş ölkələr sırasına daxil olmağı bacarıb. Bu gün ölkə qarşısında ölkə ÜDM-nin 80%-ni təmin edən rəqabətə davamlı, yüksək texnologiyalı aqrar və sənaye qeyri-neft istehsalını formalaşdırmaq və mərhələli şəkildə yerli məhsulları dünya bazarlarına çıxarmaq bir vəzifə kimi dayanır.

Kifayət qədər qısa müddətdə bir neçə müxtəlif profilli sənaye parkları və biznes-inkubatorları işə salınıb,  20 mindən çox müəssisə istismara verilib və onlardan, təqribən, 400-nü iri və orta sənaye obyektləri kateqoriyasına daxil etmək olar. Onların sırasında Naxçıvan, Qaradağ və Qazax rayonunda iri sement zavodları var. Bu  zavodların sayəsində sementin istehsalı 2,3 dəfə artıb. Polimer borular və armaturlar, lak və boya məhsulları, kirəmit, gips karton, quru qarışıqlar, müxtəlif suvaq materialları və s. kimi geniş spektrli tikinti materiallarının istehsalını lokallaşdırmaqda nəzərəçarpacaq nailiyyətlər əldə olunub.  Metanol zavodu  istismara verilib, Gəncə və Sumqayıtda alüminium müəssisələri modernləşdirilib, güclü müdafiə-sənayesi kompleksi yaradılıb və s. 

Bu yaxınlarda Xəzəryanı regionda ən iri gəmiqayırma zavodu istismara verilib və onun gücü öncədən Dövlət Neft Şirkəti və Xəzər Dənizçiliyinin sifarişləri ilə yüklənib.  90-dan çox yeni müəssisənin tikintisi davam etdirilir və yaxınlarda ikinci karbamid zavodu və ölkənin şimal-qərbində nəhəng poladtökmə kompleksi istismara veriləcək. Bakı yaxınlığında 750 min ton gücündə olan yeni poladəritmə zavodunun təməli qoyulur. Gələcəkdə isə paytaxtın Qaradağ rayonunda Cənubi Qafqaz regionunda ən iri neft-kimya və qaz emalı kompleksinin tikintisi də gözlənilir. 

Ölkədə elmtutumlu sənayenin inkişafı kimi vacib trend müəyyənləşib. Burada artıq xeyli irəliləyişlər də var; məsələn, günəş batareyaları, istilik generatorları və LED lampalarının istehsalı təmin olunub. İKT sektorunun inkişafının sürətləndirilməsi üçün vergi imtiyazlarının tətbiqi yaxın zamanlarda kommunikasiya avadanlığı, kompüterlər, periferiya vasitələri, optik lif, bio və tibbi avadanlıq, alternativ energetika resurslarının istifadəsi üçün müxtəlif avadanlıq istehsalını nəzərdə tutan, təqribən, 15 zavodun yaradılmasına şərait yaradılıb. 

Dövlətin yeni sənaye siyasətinin əsas trendi qeyri-neft məhsulları ixrac edən özəl şirkətlərə dəstək və yeni, ixrac qabiliyyətli sahələrin formalaşdırılması olacaq. 

Yeni sənayeləşmənin qısamüddətli proqramı necə görünür və "Sənaye İli" çərçivəsində bu il üçün hansı tədbirlər nəzərdə tutulub? 

"Sənaye İli"nin planına əsasən, dörd istiqamətdə 45 tədbirin həyata keçirilməsi nəzərdə tutulub. Bu bölmələr, əsasən, sənaye potensialının gücləndirilməsi, təşkilati tədbirlər, kadr və elmi dəstəyin təmin edilməsini, eləcə də informasiya dəstəyini hədəfləyib. Müasir müəssisələr və mövcud sənaye obyektlərinin təkmilləşdirilməsi və restrukturizasiyası da vacib istiqamət kimi müəyyənləşdirilib. Onlar arasında tam silsilədə olan metallurgiya kompleksinin yaradılması üçün məsləhətçinin cəlb edilməsi, alternativ energetika üçün avadanlıqlar istehsalının təmin olunması, Sumqayıtda kimya texnopark infrastrukturunun formalaşdırılması, Qaradağ rayonunda neft-kimya kompleksinin tikintisi və s. daxildir. Ayrı-ayrı maddələr Gəncə və Mingəçevirdə yeni texnoparkların yaradılmasına və Balaxanı texnoparkına rezidentlərin cəlb edilməsinə aiddir. 

Plan, həmçinin normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirləri də nəzərdə tutur. Belə ki, bir il ərzində innovasiya fəaliyyəti haqqında qanun layihəsi hazırlamaq, sənaye və texnoloji parklarda stimullaşdırıcı tədbirlər və preferensiyaları genişləndirmək, sənaye məhəllələrinin yaradılması və çalışması ilə bağlı təkliflər hazırlamaq lazımdır. Dövlət başçısı dövlət orqanları, biznes strukturlar, elm nümayəndələrinin daxil olacağı innovasiyaların təşviqi qrupları, hökumət qurumları və sənaye müəssisələrini birləşdirəcək işçi qrupların yaradılmasını da tapşırıb. Sənaye sahəsində internet-portalın və məlumat bazasının, müəssisə və məhsulların növü üzrə elektron kataloqun yaradılması planlaşdırılır. 2014-cü ildə, həmçinin sənaye sahəsində elmi tədqiqatların aparılması, Azərbaycanda sənayenin inkişafı məsələləri üzrə müxtəlif seminarlar və beynəlxalq konfransların keçirilməsi nəzərdə tutulub. 

Paralel olaraq ölkədə Cənubi Koreya mütəxəssisləri ilə birgə prioritet strateji istiqamətlərini müəyyən edən orta müddətli sənayenin inkişaf proqramı da hazırlanır. Yeni sənaye strategiyasının  əsas elementi kimi, yüksək ixrac potensialına malik birgə sənaye müəssisələrinin bir yerdə yerləşdirilməsinin səmərəli üsulu çoxprofilli texnoparkların mərhələli şəkildə genişləndirilməsi göstərilib. Sahibkarlara əlavə stimul kimi texnoparklar üçün bir sıra güzəştləri nəzərdə tutan Vergi və Gömrük Məcəllələrinə edilən dəyişikliklər  olub.

Daha bir vacib trend kimi, biznes və sərmayə mühitinin yaxşılaşdırılmasını da nəzərdə tutan qanunvericiliyin təkmilləşdirilməsi görünür. Belə ki, İqtisadiyyat və Sənaye Nazirliyinin mütəxəssisləri tərəfindən səkkiz istiqamət üzrə paket hazırlanıb. Onların hazırlamasında dünyanın qabaqcıl dövlətlərinin təcrübəsi nəzərə alınıb. Xüsusilə biznes strukturların qeydiyyatı və sərmayəçilərin hüquqlarının qorunmasında Yeni Zelandiya, tikintiyə icazə verilməsi üzrə Honkonq, elektrik şəbəkəyə qoşulması üzrə İslandiya, əmlak hüququnun qeydiyyatı üzrə Gürcüstan, kreditlərin verilməsi məsələsində Malayziya, ixrac-idxal əməliyyatları sahəsində Sinqapur, müəssisələrin bağlaması məsələsində isə Yaponiyanın təcrübəsi öyrənilib. 

Yeni sənayeləşmə siyasətini həyata keçirməklə, Azərbaycan xüsusi iqtisadi zonalar, texnoparklar və səmərəli elmi-istehsalat strukturların yaradılmasında Cənubi Koreyanın zəngin təcrübəsini diqqətlə öyrənir. Koreya iqtisadiyyatının xüsusiyyəti şaquli inteqrasiya olunmuş "çobol" adlı meqa-holdinqlərin formalaşdırılması olub. Sənaye və bank əsaslarını bir yerdə birləşdirən bu strukturlar qısa müddət ərzində gəmiqayırma, maşınqayırma, dəzgah istehsalı, poladtökmə istehsalı, mikroelektronika kimi sahələrin kapitallaşmasının yüksək səviyyəsini təmin etməyi bacarıb. Ölkədə bu təcrübənin həyata keçirilməsi üçün əsaslar var:  holdinq olan çoxsahəli strukturlar artıq bir neçə ildir ki, Azərbaycanın iqtisadi landşaftının əsas elementləridirlər. 

Ümid etmək qalır ki, ölkənin sənayeləşmə proqramının reallaşdırılması qeyri-neft sektorumuza sərmayə və nou-haunu cəlb etməyi, bununla da rəqabətə davamlı və ixrac qabiliyyətli iqtisadiyyat formalaşdırmağa kömək edəcək. 


MƏSLƏHƏT GÖR:

702