24 Noyabr 2024

Bazar, 10:29

ALO, KÖMƏK EDİN!

Əksər hallarda, "etimad telefonu" xidmətləri ümidini itirmiş insanlar üçün "saman çöpü" rolunu oynayır

Müəllif:

23.04.2013

Yaşımızdan, cinsimizdən, ailə vəziyyətimizdən və sosial statusumuzdan asılı olmayaraq, hər birimiz çətin vəziyyətlə üzləşə bilərik. Belə vaxtlarda məsləhətə, mənəvi dəstəyə, fikrimizi söyləməyə, məzəmmət olunmadan dərk edilməyə hava-su kimi ehtiyac duyuruq. Kimsə dərdini yaxın dostları ilə, iş yoldaşı ilə bölüşməklə yüngülləşir, kimsə tanımadığı təsadüfi adama ürəyini boşaltmağa üstünlük verir.

Xüsusilə yeniyetmələrin əhvalı dəyişikliklərə qarşı daha həssasdır. Gənclərin psixikası zərif olur. Ən cüzi şey, istənilən ağır söz, məzəmmət yeniyetmənin əhvalını pozmaq üçün kifayətdir. Bu gün çətin anlarda dostların, valideynlərin köməyi  ilə yanaşı, peşəkarlara da müraciət etmək mümkündür. Üstəlik, bu zaman yardım üçün müraciət edən şəxsin anonimliyi tam təmin olunur. Bunun üçün əhaliyə psixoloji yardım göstərən xidmət, başqa sözlə, "etimad telefonu" fəaliyyətdədir.

Şübhəsiz, adi telefon zənginin taleyimizi dəyişəcəyinə, bütün problemləri tam həll edəcəyinə heç birimizin inamı yoxdur. Lakin "etimad telefonu"na zəng vurmaqla hər an peşəkar psixoloji yardım, ağıllı məsləhət və istiqamət alacağımıza ümid edə bilərik.

 

Daxildən baxış

"Etimad telefonu"nda işin daxildə necə qurulduğunu çox az adam bilir. Xəttin o biri başındakı üzünü görmədiyiniz şəxsin səsi yardım göstərmək üçün daim iş başında olan real insanlara məxsusdur. Onların işi yalnız telefon zənglərinə cavab verilməsi və insanların ağır psixoloji durumdan çıxarılmasından ibarət deyil. Bu insanlar müntəzəm olaraq "dəyirmi masa"larda, treninqlərdə bir araya gəlir, bu və ya digər vəziyyətdə necə hərəkət etməyin daha məqsədəuyğun olduğuna dair müzakirələr aparırlar. Axı, onların üzərində böyük məsuliyyət var. Nə qədər insan həyatı, sınmış talelərin bərpası hardasa, az da olsa onlardan asılıdır. Deyirlər ki, zəncir zəif bənddən sınar. Məhz belə vəziyyətdə onlar yardım əllərini uzada, insanları "geriyə dönüşün olmadığı yol"dan qaytara bilərlər.

Belə xidmətlərdən biri Gənclər, İdman və Turizm Nazirliyinin gənclər üçün böhran mərkəzindəki "qaynar xətt"idir. Burada təsadüfi adam yoxdur. Koordinator Aysel Babayeva "R+" jurnalına bildirib ki, "etimad telefonu"nun bütün əməkdaşları psixologiya fakültəsini bitirib və ya həmin fakültənin magistrləridir. "Bizim işçilərimiz sərt və çoxmərhələli seçim turlarından keçiblər. Seçim bir çox meyarlar üzrə aparılıb: səbir, çətin vəziyyətlərdə çıxış yolu tapmaq bacarığı, tolerantlıq və sair", - deyə o, qeyd edib. Qurumda işə düzəlmək istəyən, təxminən, 60 nəfərdən yalnız 13 nəfəri seçilib. Onlar işə Vayominq Universitetindən olan məşqçilərin treninqlərini dinlədikdən sonra başlayıblar. Daha bir maraqlı məqam isə hər bir işçi üçün fərdi iş rejiminin müəyyənləşdirilməsidir.

Zənglər müxtəlif olur. "Adi" problemləri olan sadə insanlarla yanaşı, ciddi psixoloji çatışmazlıqları olan, danışarkən özünü saxlaya bilməyən insanlara da rast gəlinir. "Qaynar xətt" telefon dələduzlarının da "diqqətindən kənarda qalmır". Onlar vaxtaşırı "etimad telefonu"na zəng vuraraq ya tanış olmağa çalışır, ya da qurumun əməkdaşlarını "dolayırlar". Lakin əksəriyyəti qızlar olan səbrli operatorlar onları təmkinlə sakitləşdirir, öz arqumentlərini səsləndirirlər: "Baxın, sizin dələduzluq etdiyiniz vaxtda kimsə intihar etmək fikrinə düşə bilər. Axı, biz həmin şəxsə kömək edə bilərdik".

"Etimad telefonu" operatorlarının nə qədər tale, bədbəxtlik, xoşagəlməzliklərlə qarşılaşmalı olduqlarını təsəvvür etsək, ortaya belə bir sual çıxır : onlar bütün bunların öhdəsindən gəlməyi, həqiqətən bədbəxt olan insanların problemlərini ürəklərinə yaxın buraxmamağı necə bacarırlar? Digər yandan, məsələyə soyuq və həvəssiz yanaşılırsa, bu iş nə dərəcədə effektiv ola bilər?

"Qaynar xətt"in operatorlarından olan mehriban qızlardan biri deyir: "Bizim hər birimizdə empatiya var. Yəni, zəng vuranın dərdinə, problemlərinə, hisslərinə şərik ola bilirik. Bununla yanaşı, bu bizim işimizdir. İşə başlamazdan əvvəl çoxsaylı treninq keçmişik. Nəticədə, hər birimiz qarşımıza insanın böhrandan çıxarılması kimi məqsəd qoymuşuq. Bu ixtisasın bizə öz həyatımızda da kömək olduğunu etiraf etməliyəm. Üstəlik, çevik iş qrafiki bizə işin çoxluğundan "sönmək sindromu"ndan da qaçmağa kömək edir".

Zəng edən insanlara yardım alqoritmi necədir? "Bir dəfə mənə bir xanım zəng vurmuşdu. Söhbətin əvvəlindən aydın oldu ki, onun problemi özünün təsəvvür etdiyindən də ciddidir. Qadın dünyasını dəyişmiş anası haqda danışırdı. Mərhumə psixiatr imiş. Çox tanınmış və zəngin insan olubmuş. Sonradan qadın pulu qurtardığı üçün məşuqunun da onu atmasından danışmağa başladı. Bu, psixoz idi. Mən qadının danışmasına imkan verdim və sonda ondan nə vaxtsa müalicə alıb-almadığını soruşdum. Bu zaman "psixiatr", "psixiatrik xəstəxana", "psixotrop dərmanlar" kimi sözlərdən qaçırdım. Qadınla birlikdə bir neçə sakitləşdirici hərəkətlər etdik, onun ardınca psixoloqlardan ibarət briqadanın göndərilməsini təklif etsəm də, o, bu təklifi qəbul etmədi. Onda qadını mərkəzimizə dəvət etdim. Bilmirəm, o gəldi, ya yox, bu işlərlə koordinator məşğul olur. Amma həmin anda qadını çox ciddi emosional gərginlikdən çıxara bildim", - deyə operator danışır.

"Etimad telefonu" xidmətinin əməkdaşları qürrələnməyə iddia etmirlər. Onlar sadəcə psixoloji yardım göstərir, məsləhətlər verirlər. Daha çətin vəziyyətlərdə isə insanları başqa, daha səriştəli strukturlara yönləndirirlər.

Koordinator deyir: "Gənc insanların psixikası təbiətinə görə çox zərif olur və depressiyalara çox tez-tez məruz qalır. Problemlə qarşılaşmısınızsa və bölüşməyə heç kim yoxdursa, köməkdən heç zaman qaçmayın. O, çox yaxındadır - bir telefon zəngi qədər".

 

Rəy

"Qaynar xətt"lərin işi  ilə bağlı informasiya bolluğuna baxmayaraq, bir çox insanlar öz problemlərini "dədə-baba qaydası ilə" - yaxın dostlarla, qohumlarla bölüşməklə çözməyə çalışırlar. Onlar hələ də daxili baryerlərini aşaraq, problemini telefon dəstəyindən gələn tanımadığı səsə danışa bilmirlər. Azərbaycanda belə xidmətlərə nadir hallarda etibar olunur. Halbuki operatorlar onlara nəinki peşəkarcasına yardım göstərir, hətta eşitdiklərini gizli də saxlayırlar. "Şəhərimiz balacadır, hamı bir-birini tanıyır", - deyə şəhər sakinlərindən biri bildirir. - "Operatorlardan biri mənim problemimi kiməsə danışarsa, sabah bütün şəhər ondan xəbərdar olacaq".

Digər sakin deyir: "Onların hamısı hüquq mühafizə orqanları və psixiatrik xəstəxanalarla əlaqəlidirlər; məsələn, zəng edib onlara narkotik qəbul etdiyin üçün özünü pis hiss etdiyini deyəcəksən, bir də görəcəksən, qapı döyülür və budur, arxanca gəliblər".

Belə xidmətlərə zəng etməyən insanların səbəbləri arasında, əlbəttə ki, absurd olanları da var. Amma istənilən halda, xüsusilə iri şəhərlərdə yaşayan insanlar üçün ürəklərini kiməsə açmaq çətindir. Yardım üçün peşəkarlara müraciət sistemi tam pulsuz olsa belə, hələ ki, mövcud deyil. Amma bütün bunları yaxın qohumluq bağlarının milli xüsusiyyətləri  ilə də izah etmək olar. Xoşbəxtlikdən, Azərbaycanda insanların problemlərinə yaxınlarının və dostlarının reaksiya verməməsi halına çox az rast gəlinir.

 

Bəzi faktlar

"Etimad telefonu"nun tarixi elə də az deyil: onun 100 ildən artıq yaşı var. İlk bənzər xidmət ötən əsrin əvvəllərində Nyu-Yorkda yaradılıb. 1906-cı ildə keşiş Harri Uorrenin evində telefon zəng çalıb. Dəstəkdən gələn səs yardım istəyir, çıxılmaz vəziyyətə düşdüyünü deyərək yalvarırdı. "Sabah kilsə səhərdən açıqdır", - deyən ata səhər  zəng vurmuş şəxsin özünü asdığını eşidib. Bu, keşişə o qədər təsir edib ki, o, qəzetlərdə elan yerləşdirib: "Dünyanı tərk etməzdən əvvəl mənimlə əlaqə saxlayın".

Sonradan - 1958-ci ildə - Böyük Britaniyada bənzər telefon xidməti yaradılıb. Yeri gəlmişkən, bu xidmət də intihar həddində olan insanların əlaqə yaratması məqsədilə keşiş tərəfindən təsis edilmişdi. İndi psixoloji və məsləhət xidməti göstərən "qaynar xətt"lər bir çox psixoloji problemin həllində insanlara yardım göstərir. Yəqin ki, onların sosial rolunun çox böyük olduğunu demək artıq olardı. Axı, hər bir şəxsin psixoloji və psixi sağlamlığı sonda bütünlükdə xalqın sağlamlığıdır.

Azərbaycanda, xüsusilə Bakıda "etimad telefonu" 1993-cü ildə yaradılıb. Belə bir qurumun yaradılması ictimai dəyişikliklər, ənənəvi quruluşun dağılması, iqtisadi və emosional qeyri-sabitliklər üzündən əldən düşmüş insanlar tərəfindən böyük rəğbətlə qarşılanmışdı. Ən azı, 2003-cü ildən çox uğurla fəaliyyət göstərmiş "qaynar xətt"ə zənglərin ardı-arası kəsilmirdi. Lakin sonradan birdən-birə bir neçə "etimad telefonu" peyda oldu. Onların əksəriyyəti dövlət strukturlarının təşəbbüsü ilə yaradıldı. Belə "qaynar xətt"lərdən biri də Gənclər, İdman və Turizm Nazirliyinin gənclər üçün böhran mərkəzindədir.

A.Babayevanın sözlərinə görə, onların əsas işi gənclərlədir. Lakin bəzən digər yaş qruplarına aid insanlar da "qaynar xətt"ə zəng vururlar. Yardıma üz tutan gənclərin əsas problemləri romantik məsələlərdir - aşiqlik, münaqişələr, şəxsi münasibətlər. "Bunlar gənclərə xas şeylərdir. Bu, istənilən uğursuzluğun dəhşətli şəxsi faciə kimi qəbul edildiyi dövrdür. Bu yaşda kiçik bir xoşagəlməzlik kifayətdir ki, insan intihar etmək qərarına gəlsin", - deyə o bildirir.

Statistikaya görə, ikinci yerdə "atalar və övladlar" sindromu, üçüncü pillədə xəstəliklər, dördüncü və beşinci yerlərdə təhsil və işsizliklə bağlı problemlər gəlir.

18 və yuxarı yaş həddi üçün nəzərdə tutulmuş digər "etimad telefonu" xidmətinin anonim operatoru da insanları, əsasən, şəxsi problemlər və münaqişələrin narahat etdiyini söyləyir: "Bu, yalnız gənclər üçün yox, yaşlı insanlar üçün də bir qədər incə məsələdir. Tez-tez ailədə ərlə-arvad arasındakı münasibətlərdə yaşanan problemlərlə əlaqədar zənglər gəlir. Zəng edənlər isə yalnız qadınlar yox, həm də kişilərdir. Yeniyetmələr, əsasən, cavabsız sevgidən şikayətlənirlər. Elə olub ki, bizə bütün varidatını itirmiş insanlar da zəng vurur. Onlar ailəsini dolandıra bilmədiklərini deyir, yeganə çıxış yolunun könüllü şəkildə dünyanı tərk etmək olduğunu bildirirlər. Xoşbəxtlikdən, biz əksər hallarda insanları bu vəziyyətdən çıxara bilirik. Sonrakı talelərindən növbəti zəngləri zamanı xəbər tuturuq. Onlar bizə minnətdarlıq edir, məhz bizimlə söhbətləşdikdən sonra vəziyyətdən çıxış yolu tapdıqlarını bildirirlər. Biz məhz bunun üçün varıq".

Adətən, telefon vasitəsilə anonim psixoloji yardım mərkəzlərində iş bu istiqamətdə aparılır: zəng edən şəxsin böhrandan çıxmasına yardım; psixoloji konsultasiya; lazım gəldikdə daha dolğun yardımın göstərilə biləcəyi başqa bir instansiyaya - psixonevroloji dispanser, xəstəxana və ya böhran mərkəzlərinə istiqamətləndirmə. 

Bütün hallarda tam və qəti anonimliyə zəmanət verilir.


MƏSLƏHƏT GÖR:

549