Müəllif: Anar ƏZİZOV Bakı
2008-ci ildə başlayan dünya maliyyə böhranı pulların nəzərəçarpacaq dərəcədə bahalaşmasına gətirib çıxardı. Bununla yanaşı, bu maliyyə vasitələrinə çıxış imkanı kifayət qədər azaldı. Azərbaycanın, qonşu ölkələrin də daxil olmaqla bir çox dövlətlər böhran zamanı çətin maliyyə vəziyyətindən çıxmaq üçün dünya bazarlarında fəal şəkildə vəsaitlərini borca götürürdü. Nəticədə, bir çox ölkələrin xarici dövlət borcunun səviyyəsi böhran səviyyəsinə çataraq, kəskin şəkildə artmağa başladı.
Beynəlxalq Hesablamalar Bankının (Bank for International Settlements) məlumatına görə, dünyada borcun ümumi həcmi 100 trln dolları keçib. Bununla belə, 2007-ci ilin ortalarında böhranın ilk əlamətləri ortaya çıxandan bəri, 2013-cü ilin ortalarınadək dünya borcu 70 trln dollardan 40%-dən çox artıb. Çünki maliyyə böhranından sonra dövlətlər iqtisadiyyatlarını resessiyadan çıxarmaq üçün fəal şəkildə borc vəsaitlərini cəlb edirdilər. Şirkətlər isə aşağı faiz dərəcələrindən yararlanırdılar.
Azərbaycan da 2008 -2013-cü illərdə fəal şəkildə beynəlxalq və kommersiya institutlarından kreditlər cəlb edirdi. Lakin bu, böhranın öhdəsindən gəlmək üçün deyil, infrastruktur layihələrin həyata keçirilməsi üçün edilirdi. Bununla yanaşı, kreditlərlə birgə öz valyuta ehtiyatlarını da artırdı. Əgər 2008-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 18 mlrd dollar təşkil edirdisə, 2013-cü ilin sonuna bu göstərici 50 mlrd dollardan çox təşkil edirdi. Ona görə dövlət xarici borcalmaların fəal, lakin eyni zamanda, ehtiyatlı siyasətini yürüdə bilər.
2014-cü ilin yanvarın 1-nə olan məlumata əsasən, Azərbaycanın dövlət borcu 6 mlrd 59 mln dollar təşkil edir və bu, 2013-cü ildə 6,1% artıb. Ümumilikdə, 2008-2013-cü illər ərzində Azərbaycanın xarici borcu mütləq mənada iki dəfədən bir qədər çox artıb. Borcun ikiqat artmasına baxmayaraq, onun ÜDM ilə nisbəti cəmi 8,2% təşkil edib. Azərbaycanın xarici borcunun adambaşına düşən səviyyəsi 639,3 dollar təşkil edir.
Azərbaycanda xarici borc ilə bağlı əlverişli vəziyyət region ölkələri və iqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə müqayisədə özünü yaxşı göstərir. Məsələn, 2014-cü ilin əvvəlinə əsasən, Ermənistanın xarici borcu ÜDM-yə nisbətdə 60%-dən çox, Gürcüstanda - təxminən 70%, Ukraynada - 80%, Türkiyədə - 36%, Rusiyada - 14,1%, Belarusda - 17,4% təşkil edir. İnkişaf etmiş ölkələrdə xarici borc ÜDM-in səviyyəsini üstələyir. ABŞ-da 101%, AB-də - 108%, Böyük Britaniyada - 400%, Almaniyada - 140%-dən çox təşkil edir.
Hökumətin açıqladığı məlumatlara əsasən, müstəqillik dövrü ərzində Azərbaycan beynəlxalq və kommersiya maliyyə institutları ilə 12,013 mlrd dollar dəyərində kreditlərin cəlb edilməsinə dair saziş imzalayıb. Onlardan 7,884 mlrd dolları mənimsənilib. Bununla bərabər, Azərbaycan 1,825 mlrd dollar həcmində olan kreditlərini bağlayıb. Nəticədə, yuxarıda qeyd olunduğu kimi, bu ilin əvvəlinə Azərbaycanın xarici borcu 6,059 mlrd dollar təşkil edir.
Xarici borcun strukturuna gəlincə, 3,924 mlrd dollar, yəni 64,8%-i, Dünya Bankı (DB), Beynəlxalq Valyuta Fondu (BVF) və bir sıra digər mailyyə institutları qarşısında olan borclardır. Müstəqilliyin ilk dövrlərində müxtəlif islahat proqramlarını icra etmək və iqtisadiyyatını dirçəltmək üçün Azərbaycan fəal şəkildə DB və BVF-dən vəsaitləri cəlb edirdi. Sonradan bu maliyyə institutları ilə əməkdaşlıq fokusu dəyişdirildi. DB-dən hökumət kreditlərini daha çox infrastruktur və digər layihələr üçün cəlb etməyə başladı, BVF ilə əməkdaşlıq məsləhətləşmələr xarakterini daşımağa başladı. 2005-ci ildən başlayaraq, Azərbaycan BVF-dən vəsaitləri borca götürməyi dayandırdı. Nəticədə, ölkənin fond qarşısında olan borcu cəmi 6 mln dollar təşkil edir və o, çox güman ki, artıq 2014-cü ildə bağlanacaq.
Xarici borcun strukturunda 1,11 mlrd dollar, yəni 18,3% su təchizatı, su elektrik stansiyalarının tikintisi, kiçik və orta sahibkarlığa dəstək, aviasiya və dəmir yolu xidmətləri sahələrində olan kreditlərin payına düşür.
Daha 1,024 mlrd dollar, yəni 16,9% hökumətin zəmanəti altında müxtəlif dövlət təşkilatları tərəfindən infrastruktur layihələrin həyata keçirilməsi üçün cəlb olunan vəsaitlərdir.
2013-cü ildə xarici borcun 809 mln dolları xidmət xərclərinə yönəlib. Onlardan 714,3 mln əsas borcun, 94,7 mln dolları isə faizlər üzrə vəsaitlərin ödənilməsinə yönəlib. Birbaşa dövlət büdcəsindən borcun xidmət xərclərinə 594,5 mln dollar, daha 210,5 mln dolları kreditləri cəlb edən dövlət strukturları, 12 mln dolları isə xüsusi Zəmanət Fondundan ödənilib.
2014-cü ilin nəticələrinə əsasən, Azərbaycanın xarici borcu 8 mlrd dollar həddini aşıb və yəqin ki, ÜDM-nin 10% həddini keçəcək. Cari ilin mart ayında Maliyyə Nazirliyi ilk dəfə olaraq 1,25 mlrd dollar həcmində avrobond yerləşdirib. Bununla bərabər, suveren kağızlara təklif, tələbatı 4 dəfə üstələyib. Bundan başqa, hökumət Dünya Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, Almaniya İnkişaf Bankı (KfW) və digər maliyyə institutlarından avtomobil yollarının tikintisi, kommunal infrastrukturun yaxşılaşdırılması sahələrində layihələrin həyata keçirilməsi və digər məqsədlər üçün yeni kredit vəsaitləri cəlb etməyi də planlaşdırır.
Lakin ölkə istənilən halda ÜDM-nin 25-50% səviyyəsində borcun ağır həddindən xeyli uzaqdır və çətin ki, nə vaxtsa onu aşa bilsin. Son 10 ildə Azərbaycan borc verməyə əlverişli olan ölkə nüfuzuna yiyələnib. Çünki respublika borc öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirir. Bununla bərabər, Azərbaycan maliyyə vəsaitlərinə sahibdir və onları Dövlət Neft Fondu vasitəsilə prioritet layihələrin maliyyələşdirilməsinə yönəldir. Buna görə də maliyyə institutları nə qədər Azərbaycan kimi nümunəvi borc alanı əldə etməyə çalışsalar da, kredit vəsaitlərinin cəlb edilməsi siyasəti konservativ olaraq qalacaq.
MƏSLƏHƏT GÖR: