
NEYTRALLIQ MÜMKÜN DEYİL
İnformasiya müharibəsi artıq qlobal miqyas alıb
Müəllif: İrina XALTURİNA Bakı
"Ən kədərlisi odur ki, informasiya müharibəsində uduzan həmişə haqlı tərəf olur. Çünki o, yalnız həqiqətlə məhdudlaşıb, yalançı isə ağlına nə gəlirsə, danışa bilər". Amerikalı yazıçı-fantast Robert Şeklinin bu fikri Facebook-da hamının xoşuna gəlib. Bu isə göstərir ki, son ayların da hadisələri sübut edir ki, gözəl və dəbdə olan "informasiya müharibəsi" ifadəsi artıq günümüzün reallığına çevrilib. Özü də əsl müharibədə olduğu kimi, döyüşlər hər ev uğrunda, daha doğrusu, hər kompüter uğrunda gedir.
"Quyruq iti idarə edəndə" ("Wag the Dog") komediyasında Ağ evin seksual qalmaqalı ört-basdır etmək üçün əməlli-başlı genişmiqyaslı müharibəyə başlamasından danışılır. Dastin Hoffmanın canlandırdığı kinoprodüser Stenli Motss qondarma alban terror təşkilatından gələn yalançı təhlükəni reallıq kimi təqdim etməkdə siyasətçilərə yardım göstərir. Butafor xəbər şousu yaradılır - "müharibə şahidləri"nin müsahibələrindən tutmuş, amerikalıların Albaniyaya diversant göndərməsinədək şou qurulur. Bu film ötən əsrin sonlarında çəkilmişdi, o vaxt hələ İnternet təzə-təzə hər evə yol tapırdı, personal kompüter isə ev interyerinin ənənəvi əşyasına çevrilməmişdi, heç kəs səhər-axşam sosial şəbəkələrdə oturmurdu və bu haqda heç təsəvvürləri də yox idi.
Bu gün, həmin filmin çəkilməsindən 15 il sonra, hər şey daha asandır. Əsas media platforması İnternetdir, getdikcə daha çox adam artıq televizora baxmır, xəbərləri isə bir mənbədən (qəzet, agentlik və s.) oxuyur. Sosial şəbəkələr təzə-təzə populyarlıq qazananda KİV-ə istinad edirdilərsə, indi artıq KİV-lər şəbəkələrə istinad edirlər. Əslində, gözümüz qarşısında yeni mass-media məhsulu yaranır - sosial şəbəkədən istifadə edən şəxsin personal lenti: burada müxtəlif mənbələrdən toplanan xəbərlər dost və qeyri-dostların şərhləri ilə bərabər verilir, müxtəlif resurslara istinadlar, foto və kliplər... Bu xəbərlərin mötəbərliliyini yoxlamaq qeyri-mümküdür, daxili "filtrlər" kəmiyyətlə doludur - əsas olanı diqqətlə oxuyub analiz etmək yox, tez oxuyub qeydiyyata düşməkdir. Odur ki, bu cür "özəl qəzet" ictimai rəyə təsir üçün elə geniş imkanlar verir ki, Dastin Hoffmanın qəhrəmanı bunu heç arzulaya da bilməzdi. Belə şəraitdə sağ qalsaydı, təbii ki...
İndi uğurlu montajla ən "zəif" istifadəçi belə, öz məqsəd və fantaziyasına cavab verən şəkil və video hazırlaya bilər. Özü də bu imkandan KİV-lər də istifadə edirlər. Məsələn, bu yaxınlarda Rusiyanın "Birinci kanal"ı "ukraynalıların kütləvi şəkildə Rusiyaya qaçması" haqda xəbərə illüstrasiya kimi Polşa ilə sərhəd-keçid məntəqəsinin kadrlarını vermişdi. Qərb telekanallarını da indiyədək dəfələrlə bu cür "montaj"da ittiham ediblər - məsələn, Liviyadan verilən xəbərlər İraqdan çəkilən kadrlarla müşayiət olunur. Digər tərəfdən, nüfuzlu informasiya agentliklərinin mötəbər xəbərlərinə də asanlıqla şübhə toxumu səpmək olar: "indicə hadisə yerini öz gözü ilə görmüş" bir-iki "şahid"in şərhi kifayətdir. İnsanlar gördüklərinə adi sözdən daha çox inandığı üçün, bu və ya digər vəziyyəti daha əyani və rəngarəng şəkildə təqdim etmək lazım gəlir. Məsələn, Yanukoviçlə Avromaydan qarşıdurmasının ən gərgin vaxtlarında hər bir izləyici görmək və eşitmək istədiklərini görürdü.
Bundan başqa, biz adətən, dostlarımıza daha çox inanır və çoxluğun maraqlandığı məsələyə daha çox diqqət ayırırıq. İstər-istəməz müdafiə reaksiyası özünü göstərir - "əgər hamı bu cür düşünürsə, mən də bu sosial qrupa qoşulum". Çünki fərqli fikir yazsan, mübahisə etmək istəsən, o qədər virtual "şillə və təpik" alacaqsan ki, kompüter arxasına əyləşməyinə peşman olacaqsan.
Ola bilsin, tarixboyu heç vaxt söz və ifadə azadlığı anlayışı bugünkü qədər ziddyyətli şəkil almayıb. Axı bir var, belə bir hüququn olsun, bir də var, konkret şəkildə bu hüquqdan istifadə edəsən. İnternet isə hüquqdan istifadə imkanı verir, çünki azyaşlı bir gəncin 100-200 nəfərlik auditoriyası var. Ümumdünya şəbəkəsi - qloballaşmanın əsas qüvvəsinə çevrilib, o, bütün sərhədləri keçə, birləşməsi mümkün olmayan şeyləri bir arada birləşdirə bilir. Lakin digər tərəfdən, onun imkanlarını da şişirtmək lazım deyil, çünki ilk baxışdan şəbəkə özü-özünü idarə edən orqanizm təsiri bağışlasa da, əslində, vəziyyət tam fərqlidir.
Artıq çoxlarımız bilirik ki, bir nəfərə Twitter və ya Facebook-da yüzə yaxın akkauntun sahibi olmağa imkan verən müəyyən proqramlar var. Bu cür peşəkar "şəbəkəçilər" sizinlə mübahisə edir, təxribata çəkir, inandırır, yayımlayır, ləkələyir, siz isə heç anlamırsınız ki, əslində, özünüz-özünüzlə söhbət edirsiniz. Daha doğrusu, kiminsə maraqlarına cavab verən, sizin yönəldildiyiniz bir fikrə gəlib çıxırsınız. Və bununla da tələ bağlanır. Nəyisə bir dəfə müəyyən şəkildə qəbul etdinizsə, sonradan ona fərqli rakursdan baxmaq çox çətindir.
İndiki geosiyasi hadisələr - "ərəb baharı"ndan tutmuş, Kiyev Maydanına qədər - informasiya nəzarətinin vacibliyini və informasiya müharibəsinin əsl miyqasını və real gücünü nümayiş etdirir.
Qalib gəlmək üçün tərəflərin artıq yalnız hərbi və iqtisadi üstünlüyə malik olması kifayət etmir, "dinləyicilər"ə və "tamaşaçılar"a" lazımi təsir göstərmək üçün xüsusi internet-texnologiyalarının rəqabəti gedir. Məqsəd nədir? Malın satılması. Rejimin dəyişməsi. Atılan addımlara bəraət qazandırılması. Həqiqətin ört-basdır edilməsi. Daha vacib məsələlərdən diqqətin mənasız şeylərə yönəldilməsi. Bu siyahını davam etdirmək də olar.
Özü də bütün bunlar o zaman baş verir ki, ətrafımızda zəruriyyətin sərhədləri ilə yolverilməzliyin sərhədləri kəsişir. Məsələn, Ukraynada baş verən hadisələr fonunda Rusiya qəfildən düşündü ki, öz informasiya məkanına hansısa formada nəzarət etməlidir. Çox güman ki, RİA "Novost" agentliyi və "Russia Today" telekanalının yenidən təşkili, popular Lenta.ru internet-qəzetinin baş redaktorunun (sonradansa, bütün kollektivin) qovulması, müxtəlif saytları qapatmağa imkan verən qanunların qəbulu (misal üçün, müxalifətçi Navalnının bloqu məhz bu yolla qapadıldı) məhz bu siyasətin tərkib hissəsidir. Öz informasiya suverenliyini təmin etməyin daha incə yollarını tapa bilməyən Rusiya, indi "müharibədə bütün vasitələr məqbuldur" prinsipi ilə hərəkət edərək, kifayət qədər sərt addımlar atmalı olub.
Bütün beynəlxalq sənədlərdə yazılıb ki, söhbət milli təhlükəsizliyin təmin olunmasından gedəndə, söz azadlığı məhdudlaşdırıla bilər. Amma onda belə çıxır ki, hər dövlət özü müəyyən edəcək ki, ona qarşı təhlükə var, ya yox. Və istədiyi an özünün oyun qaydalarını tətbiq edəcək. "Columbia Journalism Review" yazır ki, Kolumbiya Universitetinin jurnalistika fakültəsi Snoudenin ifşalarından sonra KİV-də baş verən proseslərdən çox narahatdır. "Əgər əvvəllər bizi məhkəmə ilə hədələyərək, mənbələrimizin açıqlanmasını tələb edirdilərsə, indi biz daha pis vəziyyətə düşmüşük: bizi artıq cinayətə şərik, əlbir qismində təqdim edirlər", - deyə ABŞ-ın "Guardian" qəzetinin baş redaktoru Canin Qibson bildirir.
"New York Times"ın icraçı direktoru Cill Abramson da eyni fikirdədir: "...Mən milli təhlükəsizlik məsələlərini ictmai rəy üçün çox vacib sayıram. Amma bu gün jurnalistika bu cür delikat məsələlərə yanaşmada, az qala, qeyri-qanuni fəaliyyət kimi təqdim olunmağa başlayır".
Bundan başqa, unutmayaq ki, İnternet - ideal casusluq vasitəsidir. Həmin Snouden ABŞ Milli Təhlükəsizlik Agentliyinin sosial media vasitəsilə vətəndaşları izləməsi haqda məlumatları açıqlayandan sonra, milyonlarla istifadəçi öz akkauntunu bağlayıb.
Belə çıxır ki, sonradan xoşagəlməz nəticələrlə üzləşməmək üçün hər bir dövlət öz informasiya qalxanı haqda düşünməlidir. Bu sahədə çalışan mütəxəssislərin fikrincə, bu vəzifəni başqalarının texnologiyalarından (prosessor, əməliyyat sistemi, brauzer və s.) istifadə etməklə, başqalarının ideologiyası və qanunlarına əsaslanmaqla icra etmək mümkün deyil. Yalnız öz texnologiyalarını işə salmaqla virus, vacib parolların yayılması, spamın qarşısının alınması kimi problemləri həll etmək olar. Amma ən vacibi odur ki, ölkə ərazisindəki real obyektlərin dağıdılmasının qarşısını da yalnız bu yolla almaq mümkündür. Hamı İranın nüvə obyektlərini yoluxdurmuş Stuxnet kompüter virusunu yaxşı xatırlayır. Çoxları bu fikirdədir ki, bu metoddan istifadə etməklə - hərbi təcavüzsüz və bombardmansız İranın atom proqramını, ən azı, 2 il geri salmaq mümkün olmuşdu.
Bizim hər birimizin bu cür informasiya qalxanına ehtiyacımız var. Amma dövlət səviyyəsində bu, texnologiyalar vasitəsilə tənzimlənirsə, adi insan buna necə nail ola bilər? Çünki insan beynində - xurafat, instinkt, arzular, psixoloji xəstəliklər, aludəçilik və s. var. Bütün bunlarla mübarizə aparmaq asan deyil. Və bu vəziyyətdə ən axmaq seçim özünün əlçatmaz olduğunu düşünmək və ya neytrallıq elan etmək olardı. Çünki informasiya müharibəsində hamı iştirak edir. İstəyindən və iradəsindən asılı olmayaraq...
MƏSLƏHƏT GÖR: