25 Noyabr 2024

Bazar ertəsi, 10:43

QIRMIZI XƏTT

Azərbaycanda keyfiyyətli benzinlə qarışdırılmış benzini ayırmağın yolu asanlaşdı

Müəllif:

23.04.2013

Son illərdə Azərbaycanda nəqliyyat vasitələrinin sayının artdığını və bu tendensiyanın davam etdiyini statistika xidmətlərinin məlumatları olmadan da görmək mümkündür. Bu, bir tərəfdən əhalinin rifah halının yaxşılaşdığının bariz göstəricisidirsə, digər yandan da şəhər və nəqliyyat təsərrüfatı, həmçinin yanacaqdoldurma məntəqələrini fasiləsiz yanacaqla təmin edən qurumlar üçün "başağrısı"dır. İlk hal - tıxacların aradan qaldırılması üçün genişmiqyaslı yol tikintisi aparılır (bu, bəzən problemi daha da ağırlaşdırır), ikinci problem isə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Neft Emalı Zavodlarının (NEZ) istehsal gücünün artırılması ilə daha operativ həll olunur.

 

İxracın zərərinə

Məlum olduğu kimi, Azərbaycanda neft məhsulları Bakıdakı iki NEZ-də istehsal edilir. Onların birgə gücü ildə 16 milyon ton emal etməyə çatır. Hər iki müəssisə Azərbaycan Dövlət Neft Şirkətinin tabeliyindədir və onlar ildə SOCAR-ın hasil etdiyi 7 milyon tonadək nefti emal edir. Bakı NEZ açıq, "Azneftyağ" NEZ isə tünd neft məhsullarının istehsalı üzrə ixtisaslaşıb. Azərbaycan bazarındakı tələbatın ödənilməsindən sonra, onların istehsal etdiyi məhsulların bir hissəsi ixrac olunur.

Lakin son illər Azərbaycanın NEZ-lərindən xaricə neft məhsullarının satılması problemə çevrilir. Bu, heç də məhsulların keyfiyyətsizliyilə bağlı deyil - bu problem həll olunub və gələcəkdə də bu istiqamətdə konkret addımlar atılacaq. Sadəcə olaraq daxili bazarda tələbat o qədər sürətlə artır ki, zavodlar bu tələbatı güclə ödəyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2012-ci ildə Azərbaycanın daxili bazarına 4,8 milyon ton neft məhsulu verilib. Bu, 2011-ci ilin göstəricisilə müqayisədə 8,8% çoxdur. Ötən il xüsusilə avtomobil benzininin, dizel yanacağının, neft bitumunun, sürtkü yağlarının və digər neft məhsullarının tədarükü artırılıb. Ümumilikdə istehlakçılara (ixrac da daxil olmaqla) 6,5 milyon ton neft məhsulu verilib və bu, 2011-ci illə müqayisədə 1,4% çoxdur. Bu həcmin 73,8%-i daxili bazarda reallaşdırılıb, cəmi 26,2%-i ixrac edilib.

Avtomobil benzini ixracında azalmanı SOCAR-ın təqdim etdiyi statistik məlumatlar əsasında da aydın şəkildə görmək mümkündür. 2012-ci ildə şirkət 60,14 min ton benzin ixrac edib. Halbuki 2011-ci ildə bu rəqəm 96,54 min olub. Bu ilin ilk rübündə 4,47 min ton benzin ixrac edilib, 2012-ci ilin eyni dövründə isə bu, 19,17 min ton olub.

 

Köhnələrin əsaslı təmiri...

Əlbəttə ki, ixracda bu qədər kəskin azalma başadüşülən olsa da, SOCAR üçün biznes baxımından arzulanan deyil. Çünki necə deyərlər, heç kəs əvəzedilməz  deyil və bu tendensiya davam edərsə, Azərbaycan şirkəti xaricdəki neft məhsulları satışı bazarlarını itirə bilər. Nəzərə almaq lazımdır ki, SOCAR istehsalla yanaşı, həm də neft məhsullarının distribusiyası təcrübəsinə də malikdir. Məlum olduğu kimi, onun Azərbaycanla yanaşı, Gürcüstan, Ukrayna, Rumıniya və İsveçrədə də yanacaqdoldurma məntəqələri şəbəkəsi var.

Görünür, şirkət həm bunu, həm də daxili bazarda benzinə olan tələbatın gündən-günə artdığını nəzərə alaraq mövcud qurğuların müasirləşdirilməsi və yenidən qurulmasına başlayıb. Məsələn, SOCAR 2014-cü ildə Heydər Əliyev adına BNEZ-də kataliz krekinqi qurğusunun təmiri, istehsal gücünün artırılması üçün işlərə başlamağı planlaşdırır. Qeyd edək ki, benzin istehsalının təxminən 65%-i məhz bu qurğunun payına düşür. Plana əsasən, Amerikanın UOP şirkəti SOCAR-a qurğunun yenidən qurulması layihəsini təqdim etməli, növbəti ildə isə layihə çərçivəsində işlərə başlanılmalı, 2015-ci ildə işlər tam başa çatdırılmalıdır. Qurğunun müasirləşdirilməsi onun emal gücünü 1 milyon ton artıracaq (ildə 2 milyon tondan 3 milyon tona), benzin istehsalı isə 450 min ton artacaq.

Heydər Əliyev adına BNEZ-də sözügedən qurğunun yenidən qurulması ilə yanaşı, kataliz riforminq qurğusunda avtomatikanın, həmçinin neftin ilkin distilləsinin həyata keçirildiyi qurğunun müasirləşdirilməsi də nəzərdə tutulub. Zavodda bir sıra qurğuların yenidən qurulması istiqamətində işlərin 2014-2015-ci illərdə başa çatdırılması planlaşdırılır.

Bütün bunlarla yanaşı, ən vacib məsələlərdən biri də zavodlarda neft emalının dərinliyinin artırılmasıdır. Məsələn, hazırda SOCAR NEZ-də emal dərinliyi 92%-dən çoxdur. 2014-cü ildə isə bu göstəricinin 95%-ə çatdırılması nəzərdə tutulur.  Emal dərinliyinin və müvafiq olaraq şəffaf neft məhsullarının istehsalının artırılması ölkənin elektrik stansiyalarının yenilənməsi hesabına mümkün olur. Bu, mazuta tələbatın azalması deməkdir.

 

...və yenilərinin inşası

SOCAR-ın köhnə emal obyektlərinin yenidən qurulması ilə bağlı planlaşdırılan işlər, onların keyfiyyət göstəricisinin yaxşılaşdırılması Qaradağ rayonunda (Bakının 60 kilometrliyində) yeni neft emalı və neft kimya kompleksinin (OGPC) istifadəyə verilməsinədək Azərbaycanın neft məhsullarına tələbatının ödənilməsinə imkan yaradacaq. Məlum olduğu kimi, yeni kompleksin inşasına bu ilin payızında başlanılması planlaşdırılıb. Onun 2020-ci ilin sonlarında istifadəyə verilməsi planlaşdırılır.

17 milyard dollar dəyərində yeni kompleks yaradılması (bank kreditlərinin faizləri də nəzərə alınmaqla) 1,7 milyon ton hazır məhsul istehsal etmək gücündə neft-kimya müəssisəsinin, ildə 10 milyon ton neftin ilkin emalını həyata keçirə biləcək neft emalı zavodunun, həmçinin ildə 10 milyard kubmetrlik gücə malik qaz emalı zavodunun inşasını nəzərdə tutur.

Bu, sonda SOCAR-a dünya standartlarına cavab verən məhsul istehsalına, həmçinin emal zavodlarının Bakıdan kənara çıxarılmasına imkan yaradacaq. Demək, müvafiq olaraq, Bakının ekoloji durumu yaxşılaşacaq.

Yeni müəssisədə neftin emal dərinliyi, təxminən, 95%, şəffaf neft məhsullarının istehsalı isə 85% olacaq. Perspektivdə isə qaz emalı zavodunun gücünün ildə 15 milyard kubmetrədək artırılması planlaşdırılır. Yeni kompleksin inşası çərçivəsində gücü 250 meqavat olan istilik elektrik stansiyasının yaradılması da nəzərdə tutulur.

OGPC-nin tərkibindəki yeni neft emalı zavodunun A-95 və A-98 markalı avtomobil benzini istehsal edəcəyini də vurğulamaq lazımdır. Hazırda SOCAR A-92 və A-95 markalı benzin istehsal edir.

 

Rəngli keyfiyyət

Bir qədər də keyfiyyət haqqında. Bu gün ölkədə satılan benzinin keyfiyyətindən istehlakçıların 100% razı olduğunu söyləmək düzgün olmazdı. Bu sahədə problemin olduğunu müvafiq dövlət qurumları da gizlətmir.

Bu səbəbdən, SOCAR-ın istehlakçıların aldadılmasını önləmək, onların hüquqlarını müdafiə etmək üçün tapdığı orijinal vasitəni yalnız alqışlamaq və onun effektiv olacağına ümid etmək lazımdır. Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, A-95 markalı benzinin A-92 ilə dəyişdirilməsini önləmək üçün sonuncunun rəngində dəyişiklik edilib. İndi A-95 markalı benzin əvvəlkitək rəngsizdirsə, A-92 qırmızıdır. "Bu, bəzi insanların avtomobil sahiblərini aldada bilməməsi üçün edilib", - deyə R.Abdullayev bildirib.

  Bununla yanaşı, etiraf olunmalıdır ki, neft məhsullarına olan tələbatın artması, avtomobillərin sayının çoxalmasının ekoloji fəsadları da var. Ekoloji normalara əməl olunması məqsədilə ölkəyə köhnə, Avro-3 ekoloji standartlarına cavab verməyən avtomobillərin gətirilməsi məhdudlaşdırılıb. Amma bu tədbirlər də bəzən kifayət etmir.

Qeyd etmək lazımdır ki, SOCAR mövcud istehsal müəssisələri hesabına Avro-3 ekoloji standartına uyğun benzin və dizel yanacağı istehsal edə bilir. OGPC-nin istismara verilməsi ilə isə ölkədə daha yüksək ekoloji standartlara cavab verən neft məhsulları istehsal ediləcək.

Bütün sadalananlar göstərir ki, hazırda Azərbaycanda neft emalı prosesinin təkmilləşdirilməsi, onların bölüşdürülməsi istiqamətində ciddi işlər görülür. Bu, müsbət nəticələrin əldə olunmasına, digər sahələrlə yanaşı, neft emalı sənayesinin də dünya standartları səiyyəsinə çatdırılmasına imkan verəcək. 


MƏSLƏHƏT GÖR:

469