Müəllif: Nurlanə QULİYEVA Bakı
Azərbaycanın ümumi daxili məhsulunda (ÜDM) neftdənkənar bölmənin payının son bir neçə ildə müşahidə edilən artımı ölkə iqtisadiyyatının neft hasilatının həcminin dəyişməsindən asılı olması barədə şübhələri getdikcə daha çox arxa plana keçirir. Belə ki, əgər statistikaya görə ölkə üzrə ümumi daxili məhsul artımı I rübdə bütünlükdə 3,1% təşkil edibsə, neftdənkənar bölmədə bu, 11,4%-ə çatıb.
Telekommunikasiya, aqrar-sənaye kompleksi, turizm, infrastruktur və s. sahələri layihələrinin uğuru hökuməti iqtisadiyyatın neftdənkənar bölməsinin hələ elə də fəal olmayan sahələri üzrə yeni proqramların inkişafına stimullaşdırır. Buna misal kimi, sonucda rəqabətqabiliyyətli və ixraca yönəlik məhsulların əldə edilməsi üçün çağdaş texnologiyaların tətbiqi üzrə innovasiya həllərinin tapılmasını, yeni istehsal xətlərinin yaradılmasını, həmçinin Azərbaycanın bütün sənaye istehsalı potensialının istifadə edilməsini göstərmək olar. Bu gün xüsusi iqtisadi zonaların və sənaye şəhərciklərinin yaradılması üzrə gerçəkləşdirilən ideya məhz bu nəticəni güdür.
Qanunvericilik bazası
Xüsusi iqtisadi zonalar (XİZ) yaradılması praktikası yeni deyil və onilliklər boyunca dünyanın bir çox ölkələrində fəal olaraq tətbiq edilir. Bu cür zonalar sərmayəçilərin (xüsusilə də xarici səmayəçilərin) özünəməxsus dəstəklənmə formasıdır və iqtisadi-hüquqi bazanın yaxşılaşdırılması, bununla da, yerli iqtisadiyyatın rəqabət qabiliyyətinin yaxşılaşdırılması üçün yaradılır. XİZ-lərin yaradılmasında əsas məqsəd investorlar üçün vergi güzəştlərinin tətbiqi ilə ayrı-ayrı regionlarda iqtisadiyyatın yenidən strukturlaşması yolu ilə fəallaşdırılmasıdır. Bu zonalarda xüsusi önəm xarici strateji sərmayəçilərin, onların kapitalının və texnologiyalarının cəlb edilməsidir.
Azərbaycanda XİZ-lərin yaradılması ideyasının konkret konturları 2009-cu ildə uyğun qanunun təsdiqindən sonra bəlli olmağa başlayıb. Qeyd edək ki, "Azərbaycanda XİZ-lərin və sənaye şəhərciklərinin inkişafı" layihəsi ölkənin İqtisadi İnkişaf Nazirliyi (İİN) tərəfindən gerçəkləşdirilir, layihəyə konsaltinq dəstəyi isə Koreyanın beynəlxalq tərəfdaşlıq agentliyi (KOICA)tərəfindən verilir.
Bu möhtəşəm yeniliyin gerçəkləşdirilməsində önəmli addım keçən ilin sonunda Gömrük Məcəlləsinə uyğun olaraq xüsusi iqtisadi zonaların fəaliyyəti haqqında qanun layihəsi zərfinin qəbul edilməsi olub. Buraya Vergi Məcəlləsinə düzəlişlər, həmçinin "Xüsusi iqtisadi zonalar haqqında", ""Gömrük orqanlarında xidmət qaydaları"nın təsdiq edilməsi haqqında", "Sərhəd qoşunları haqqında", "Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" qanunlara düzəlişlər edilməsi haqqında qanun layihələri daxildir.
O cümlədən Vergi Məcəlləsinə düzəlişlər ölkəyə təkrar ixrac üçün gətirilən malların aksiz vergisindən azad edilməsini nəzərdə tutur.
İqtisadi İnkişaf Nazirliyinə (İİN) sənaye parkları və texnoparklar üçün idarəetmə şirkətləri və operatorlar tərəfindən avadanlıq idxalının təsdiqi üçün sənəd vermə hüququ verilib. Düzəlişlərə görə, sənaye parklarının və texnoparkların rezidentləri yeddi il müddətinə mənfəət vergisi, torpaq və əmlak vergiləri, texnoloji avadanlığın idxalı zamanı gömrük rüsumu ödəməkdən azad edilirlər. Bundan başqa, idarəetmə şirkətləri və texnopark operatorları gəlirlərin tikintiyə və park infrastrukturunun saxlanılmasına yönəldilən hissəsi üçün mənfəət vergisi ödəməkdən azad edilirlər.
Bununla yanaşı, XİZ-lərin yaradılması yeni çağdaş profil müəssisələrinin yaradılması, həmçinin iqtisadiyyatın əlaqələndirici sahələrinin inkişafı ilə ifadə olunan bariz iqtisadi məqsədlər və üstünlüklərlə yanaşı, həm də çox önəmli sosial məsələlərin həlli məqsədini daşıyır. Buraya, ilk növbədə, yeni iş yerlərinin yaradılması daxildir ki, əhalinin regionlardan paytaxta axışmasının qarşısını almağa imkan verir. Nəzərə alınmalıdır ki, XİZ-lərə çağdaş texnologiyaların cəlbindən söhbət gedir ki, bu zaman artıq mövcud olan potensialın ixtisas səviyyəsinin yüksəldilməsinə və yeni kadrların hazırlanmasına diqqət yetiriləcək.
Perspektivli şəhərlər
Beləliklə, XİZ-lər üçün müəyyən qanunvericilik bazası artıq yaradılıb, layihə var və ərazisində bu zonaların yerləşəcəyi şəhərlər var - Bakı, Sumqayıt, Gəncə seçilib. İlk başdan Şəki də bu siyahıya daxil idi, ancaq sonradan hələ ki, bu üç şəhərlə kifayətlənmək qərara alınıb. Seçim təsadüfi deyil, bu regionlar tarixən Azərbaycanın sənaye mərkəzləri olublar və buralarda aqrar-sənaye kompleksi zəif inkişaf edib.
Bakıya gəldikdə isə, söhbət Balaxanı eko-sənaye parkından gedir, parkın bünövrəsi keçən il dekabrın 19-da prezident İlham Əliyevin iştirakı ilə qoyulub. İqtisadi inkişaf naziri Şahin Mustafayevin sözlərinə görə, parkın yaradılmasında məqsəd ölkədə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsulunun istehsalıdır. Həmçinin məqsədlər sırasına neftdənkənar bölmənin dayanıqlı inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, həmçinin Bakı şəhərinin və ətraf qəsəbələrin ekoloji durumunun yaxşılaşdırılması da daxildir. Sənaye parkında plastik məmulatların, şinlərin, elektrik cihazlarının, akkumulyatorların, əlvan metalların, kabellərin təkrar istehsalı nəzərdə tutulur.
Parkın Balaxanı poliqonuna və "Təmiz şəhər" ASC məişət tullantılarının yandırılması zavoduna, həmçinin əsas nəqliyyat-infrastruktur qovşaqlarına yaxınlığı gələcək investorlar üçün xammalı və ya hazır məhsulu əlverişli reallaşdırmaq üçün əlavə imkanlar yaradır.
Potensial investorların "yaşıl" biznesə, xüsusilə də tullantıların təkrar işlənməsinə marağının artırılması üçün parkın bütün daxili və xarici infrastrukturunun yaradılması planlaşdırılır. Yəni yol, elektrik, qaz və su təchizatı, kanalizasiya və rabitə xətlərinin çəkilməsi nəzərdə tutulur. Parka girişdə qeydiyyat məntəqəsi və tərəzi qoyulacaq, ərazidə ofis və idarəetmə binası tikiləcək.
Həmçinin, Azərbaycan prezidentinin 2011-ci ilin dekabr ayında kimya sənayesinin potensialının artırılması, bu sahədə özəl müəssisələrin yaradılması və yerli xammaldan rəqabətqabiliyyətli məhsulların alınması məqsədi ilə verdiyi sərəncam çərçivəsində yaradılan Sumqayıt kimya-sənaye parkında da işlər uğurla gedir. Sərəncama görə, "SOCAR"a (Dövlət Neft Şirkəti) İİN-lə birlikdə Sumqayıt kimya-sənaye parkında kimya sənayesinə aid olan istehsal və emal sahələrinin yaradılması üzrə tədbirlər gerçəkləşdirmək tapşırılıb.
Parkın yaradılması üçün "SOCAR"a əvvəllər sənaye istehsalı üçün istifadə edilən 168 hektar sahə ayrılıb. İİN-in məlumatına görə, artıq köhnə istehsalat xətlərinin sökülməsi başa çatdırılıb və təmizləmə işləri gerçəkləşdirilib. Sosial obyektlərin və infrastrukturun, o cümlədən yolların, kommunikasiyaların yaradılması üzrə işlərə başlanılır, həmçinin yeni müəssiələrin layihələşdirilməsi aparılır.
Bundan başqa, KİV-də gedən məlumata görə, həm Azərbaycan ərazisində, həm də qonşu və xarici ölkələrdə tələb olunan kimya məhsullarının əlavə istehsalının təşkili üçün parkın ərazisinin genişləndirilməsi mümkündür. Parkın yaradılması 2,5 - 3 il çəkə bilər, yəni artıq 2015-ci ildə onun ərazisində müəssisələrin işə salınması üzrə işlər başa çatdırıla bilər.
Gəncəyə gəldikdə isə, hələ ki, burada real işlər başlamayıb və təklif edilən layihələr, ideyalar içərisində ən yaxşı variantların seçimi gedir.
Daha bir iştirakçı
Yalnız yerli deyil, həm də xarici sərmayəçilərin fəaliyyətdə olan XİZ-lərin çərçivəsində müəssisə yaratmağa yetərincə yüksək marağını nəzərə alan ölkə prezidenti İlham Əliyev XİZ yaradılacaq şəhərlər siyahısına Mingəçeviri də daxil edib. "Mingəçevir də sənaye şəhəridir. Orada demək olar ki, kənd təsərrüfatı yoxdur. Mingəçevirdə çağdaş sənaye komplekslərinin tikilməsi barədə qərar qəbul edilməlidir. Sərmayə yatırmaq istəyən qurumlara tövsiyə olunur ki, onlar da vaxtında Mingəçevirə diqqət yetirsinlər. Mən düşünürəm ki, biz buna nail olsaq, onda ölkədə dörd əsas sənaye mərkəzi mövcud olar. Mən düşünürəm ki, Azərbaycan kimi bir ölkə üçün bu, yetərlidir", - deyə prezident İ.Əliyev Nazirlər Kabinetində 2013-cü ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr edilmiş iclasında çıxış edərkən bildirib.
İİN-də bu tapşırıq üzərində artıq işə başlanılıb. Gəncə və Mingəçevirdə yaradılacaq sənaye zonalarının əsas fəaliyyət istiqaməti hələ məlum olmasa da, dövlət başçısının dediyinə görə, oralarda fəaliyyət göstərəcək müəssisələr ölkə iqtisadiyyatı üçün strateji xarakter daşımalıdır. "Təbii ki, orada yalnız rəqabətqabiliyyətli, ixrac məhsullları istehsal edilməlidir. Əminəm ki, yaxın aylarda biz yeni texnoloji parkların yaradılmasını görəcəyik", - deyə İ.Əliyev bildirib.
Beləliklə, Azərbaycan iqti-sadiyyatının şaxələndirilməsi və ölkənin neft sektorundan asılılığının azaldılması, ölkənin yalnız neft və qaz deyil, həm də keyfiyyətli sənaye malları ixracatçısına çevrilməsi məsələsinin həllinə daha bir tutarlı töhfə vermək mümkün olacaq.
MƏSLƏHƏT GÖR: