14 Mart 2025

Cümə, 22:43

SİLAH QANUNU

Beynəlxalq hüquqa daha bir deklarativ sənəd əlavə olundu?

Müəllif:

23.04.2013

BMT Baş Assambleyası, təşkilatın bütün iştirakçılarının konsensusu olmasa da, nəhayət, Beynəlxalq Silah Ticarətinə dair Sazişi (BSTS) təsdiqləyib. Qeyd edək ki, bu sənədin qəbulu ilə bağlı ideya BMT dəhlizlərində hələ 1997-ci ildən "dolaşsa" da, indiyədək dəfələrlə müxtəlif səviyyələrdə onun müzakirəsi uğursuz alınırdı. Məsələn, 2012-ci ilin yayında sazişlə bağlı konfrans tam iflasa uğramışdı. Bu dəfə isə "Reuters"in məlumatına görə, həcmi 70 milyard dollara çatan bazarda oyun qaydalarını müəyyənləşdirməyə hesablanmış BSTS BMT-nin 193 üzvünün 154-ü tərəfindən dəstəklənib. Sazişə "hə" deyənlər arasında ABŞ da var.

Sazişin qüvvəyə minməsi üçün o, 50 ölkə tərəfindən ratifikasiya olunmalıdır. Sənəd imzalanması üçün 2013-cü il iyulun 3-dək açıq olacaq və 50 ölkənin imzalamasından 90 gün sonra qüvvəyə minəcək. Saziş qüvvəyə mindikdən sonrakı 6 il ərzində istənilən ölkə ona dəyişiklik etmək hüququna malik olacaq.  Beləliklə, demək olar ki, indi dünyada silah ixracı və idxalına dair məsələlərin həlli üçün, ən azı, ciddi beynəlxalq meydan yaranıb.

Saziş bütün adi silahları özündə əks etdirir - tank və raket sistemlərindən tutmuş, yüngül atıcı silahlaradək. Milli nəzarət sistemi (üzv ölkələr hər il BMT Katibliyinə icra haqda hesabat verməlidirlər) bütün əməliyyatlar - ixrac, idxal, lizinq, tranzit - üçün ümumi qaydalar müyyənləşdirməlidirlər.

Ekspertlərin fikrincə, sazişin əsas dəyəri onun humanitar tərəfi  ilə bağlıdır. Belə ki,  BSTS hər bir ölkənin silah alğı-satqısına qanuni marağını tanıyır. Lakin satıcı ölkə alıcının soyqırımına, bəşəriyyət əleyhinə cinayətlərə, mülki obyektlərə və şəxslərə hücumlara yol verə biləcəyindən xəbərdardırsa, ona silah satılmasını qadağan edir. Müasir silahlı münaqişələrdə ən çox qadınlar və uşaqların qurban olduqlarını nəzərə alsaq, son bənd xüsusilə əhəmiyyətlidir.

"Amnesty International" təşkilatının silahların yayılması və insan haqları proqramının rəhbəri  Brayan Vudun sözlərinə görə, sazişin əsas məqsədi "insan həyatının xilası və insan haqlarının müdafiəsidir". Vud bildirir ki, saziş, nəhayət, "silahların bəşəriyyətə qarşı cinayətlərdə istifadə olunduğu ölkələrə axınının qarşısını alacaq".

İran, KXDR və Suriya sazişin qəbuluna qarşı çıxıblar. Məsələn, PressTV xəbər verir ki, İranın BMT-dəki nümayəndəsinin müavini Qulam Hüseyn Deqani BSTS-in ayrı-ayrı qüvvələrin təzyiqi ilə qəbul olunduğunu bildirib. Onun fikrincə, saziş yalnız ixracatçı ölkələrin maraqlarına uyğundur.  Amma İran nümayəndəsinin mövqeyi, çətin ki, kimisə təəccübləndirsin. İran, Şimali Koreya və Suriya çoxdan BMT-nin bu və ya digər sanksiyası altındadır və onların hər üçü insan haqlarını kobud şəkildə pozan ölkə sayılır.

BSTS-in qəbulunda bitərəf qalmış ölkələrə gəlincə, 23 belə ölkə arasında Rusiya və Çin (dünyada silah ixracına görə müvafiq olaraq ikinci və beşinci pillədə qərarlaşıblar), Hindistan, Belarus, Boliviya, Venesuela, Kuba da var. Dünyanın 66 ölkəsinə silah satan Rusiya sazişin mətni üzərində bir daha ciddi şəkildə düşünmək niyyətindədir. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib ki, sənəd Rusiyada silah satışına dair qəbul edilmiş standartlara heç uyğun gəlmir. Rusiya KİV "Rosoboroneksport" rəhbərliyinə yaxın mənbənin fikirlərinə də yer ayırıb. O, milli maraqlara zərər dəyməsinin yolverilməz olduğunu bildirir.

Çurkin Baş Assambleyanın toplantısındakı çıxışında sənədin mətnində "səlahiyyəti olmayan qeyri-dövlət subyektlərinə silah tədarükünə qadağa qoyulmadığını" bildirib. Bu "subyektlər"in nə olduğu açıq göstərilməsə də, Suriyada baş verənlərin nəzərdə tutulduğu hiss olunur. Üstəlik, Suriyanın BMT-dəki səfiri Bəşər Cəfəri də diqqəti məhz bu məqama çəkib.

Ümumiyyətlə, sanki Suriya gizli şəkildə bu sazişin mərkəzindədir. Bu ilin fevralında "Rosoboroneksport"un baş direktoru Anatoli İsaykin onların silah tədarük etdikləri ölkələr arasında Suriyanın yalnız 12-13-cü yerdə gəldiyini bildirmişdi. Onun sözlərinə görə, Moskva "Suriyaya hərbi sahədə ixracla bağlı müqavilələrin icrasını davam etdirir, çünki bu ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələri  ilə üzləşməyib".

Bununla yanaşı, ötən ilin dekabrında ABŞ Konqresinin Pentaqona "Rosoboroneksport"la sövdələşmələrə getməyi qadağan etməsi məhz Rusiyanın Suriyaya silah tədarükü ilə bağlı idi. Həmin vaxt Konqres Pentaqona "Rosoboroneksport" Əfqanıstan üçün vertolyotların alışına dair böyük bir sazişin bağlanmasını da qadağan edib. Bununla yanaşı, təxminən, 1 ay əvvəl dünya KİV-də Böyük Britaniya və Fransanın Suriya qiyamçılarına yardım göstərmək niyyətində olduqlarına dair xəbər yayılıb. Məlumata görə, London və Paris bu məqsədlə Avropa İttifaqının Suriyaya silah-sursat verilməsinə qoyduğu embarqonu pozmağa hazırdırlar.

Çurkin onu da deyib ki, BSTS-də "risklərin qiymətləndirilməsi üzrə "humanitar" meyarlar kifayət qədər dəqiq göstərilməyib. Bu üzdən ayrı-ayrı ölkələr bunu siyasi məqsədlərlə və ya rəqabət baxımından müxtəlif cür şərh və icra edə bilərlər".

Rusiya sənədin nəzarət edilməyən silah dövriyyəsindən daha çox leqal silah alverinə nəzarət üçün nəzərdə tutulduğunu da düşünür.

Maraqlıdır ki, sazişin qəbulundan cəmi bir neçə gün sonra Rusiya prezidenti Vladimir Putin ölkəsinin xarici dövlətlərlə hərbi-texniki əməkdaşlığı üzrə komissiyanın iclasında Rusiya silahlarına daha çox kreditlərin verilməsi təklifi ilə çıxış edib. O, bunun ideoloji deyil, bazar şərtləri  ilə həyata keçirilməsinin vacibliyini söyləyib.

Bütün bunlarla yanaşı, ABŞ-ın BSTS-in qəbuluna səs verməsi hələ Vaşinqtonun onu tam dəstəkləməsi anlamına gəlmir. Amerikanın Milli Atıcılıq Assosiasiyası ölkənin konvensiyaya qoşulmasına qarşıdır. Qurum sənədin Konqresdə ratifikasiyasına imkan verilməyəcəyini bəyan edib.  Assosiasiyanın təsir imkanlarını bir məqamla qiymətləndirmək olar: ABŞ-da silah satışına daxili nəzarət sahəsində ciddi problemlər var.  İş qabiliyyətli hər bir insanın odlu silah əldə etməsi mümkün olan bir ölkədə - universitetlərdə, məktəblərdə, kinoteatrlarda və digər ictimai yerlərdə çox tez-tez qətliamlar baş verir.  Hazırkı prezident Barak Obama vəziyyətin hansısa formada qaydaya salınması üçün cəhdlər edir. Lakin adıçəkilən assosiasiya ona ciddi müqavimət göstərir.

Bu arada nəzərə almaq lazımdır ki, Rusiya ilə ABŞ birlikdə dünyada silah ixracının yarısından çoxuna sahibdir...

Beləliklə, nə baş verəcək? BSTS,  həqiqətən də, beynəlxalq hüququn nüfuzlu, mükəmməl alətinə çevriləcək, yoxsa daha çox deklarativ xarakter daşıyacaq?

Sənədə əsasən üzv ölkələrin hər biri silah satışı zamanı riskləri özü hesablamalıdır. Bu, müxtəlif hüquqi hiylələr və "əlyerləri" üçün geniş imkanlar açır. 

Birincisi, riskin qiymətləndirilməsinin özünə müxtəlif cür yanaşmaq olar.

İkincisi, nəyin "soyqırımı aktı" və ya "insan haqlarının kobud şəkildə pozulması" olduğuna dair də uzun-uzadı mübahisə etmək mümkündür. 

Üstəlik, dünyada insan haqlarının heç zaman pozulmadığı ölkə yoxdur... Silah alveri zamanı əldə olunan nəhəng maliyyə və bir çox hallarda siyasi dividendləri nəzərə alsaq, məsələnin humanitar tərəfi, çətin ki, daim (və ya nə vaxtsa) ilk pillədə dursun.

Amma ilk növbədə, narahatlıq yaradan başqa məqamlardır: sənəddə onun müddəalarının icrası, həmçinin pozuntuların tədqiqi və pozucuların cəzalandırılması mexanizmləri göstərilmir. Bu xətaya gücü reallıqdan uzaq olan gözəl və düzgün sözlərin yer aldığı bir çox beynəlxalq sənədlərdə rast gəlinir.

 



MƏSLƏHƏT GÖR:

497