
"UKRAYNA UĞRUNDA DÖYÜŞ" DAVAM EDİR
Rusiya və Qərb postsovet məkanına nəzarət uğrunda mübarizədə ikili standartlardan gen-bol istifadə edirlər
Müəllif: Natiq NAZİMOĞLU Bakı
Ukraynada böhran dərinləşir. Bu, Şərqi Avropa ölkəsi uğrunda "döyüş"ə girmiş Rusiya ilə Qərb, əslində, bütünlükdə postsovet məkanının geosiyasi taleyini həll edirlər. Bu kontekstdə Kiyev "Avromaydan"ının bu və ya digər nəticələri heç də yalnız Ukrayna üçün həyati əhəmiyyət daşımır.
Krım Ali Sovetinin müstəqillik bəyannaməsini qəbul etməsi, bunun ardınca yarımadanın statusuna dair referendumun keçirilməsi və Moskvanın Krımla Sevastopolu Rusiyanın tərkibinə qəbul etmək qərarı yalnız postsovet məkanında deyil, bütünlükdə dünya geosiyasətində ciddi hadisədir. Kreml praktiki olaraq, "va-bank" gedir, Ukrayna ilə "dostluq və qardaşlığı" qurban verərək, bu ölkənin ən rusiyapərəst hissəsinə nəzarəti ələ alır.
Kiyevə himayədarlıq edən Qərb fövqəldövlətləri Ukraynanın ərazi bütövlüyünün qorunub-saxlanması işində bu dəfə də bacarıqsızlıq göstərərək, 5 il əvvəl Gürcüstanın Abxaziya və Cənubi Osetiyadan məhrum olduğu qarşıdurmada etdiklərini təkrarladılar. Rusiyanın hərbi fəallığına ABŞ və Avropa İttifaqı, sadəcə, bəzi Rusiya rəsmilərinə sanksiyaların tətbiqi, o cümlədən, Moskva ilə Qərb arasında strateji əməkdaşlığın dayandırılmasına yönəldilmiş bəzi addımlarla cavab verir. Sonuncu üçün vacibi Kremlin Avrasiya inteqrasiyası layihəsinin reallaşmasına imkan verməmək, keçmiş SSRİ ərazisində Avro-Atlantizmin maraqlarını təmin etməkdir. Bu mənada, ABŞ və Aİ üçün Ukraynanın bütün ərazisində olmasa da, böyük bir hissəsində mövqelərini gücləndirmək vacibdir. Ukraynanın yeni rəhbərliyinin mayın 25-nə təyin olunmuş prezident seçkisini, ölkədə siyasi və iqtisadi vəziyyətin nisbətən sabitləşməsini gözləmədən Avropa İttifaqı ilə Assosiativ Sazişin siyasi hissəsinin imzalanmasına qərar verməsi də təəccüblü deyil.
Qlobal mərkəzlərin postsovet məkanında hökmranlığı ələ almaq uğrunda həlledici olacaq "Ukrayna uğrunda döyüş" dünya ictimaiyyətini "soyuq müharibə"nin 2-ci versiyasına doğru aparır. Bundan sonra Rusiya ilə ABŞ-ın ikitərəfli münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıra biləcəklərinə inanmaq çətindir (ən azı, yaxın perspektivdə). Halbuki, cəmi bir neçə il əvvəl bu münasibətlərə heç bir təhlükənin olmadığı düşünülürdü. Amma zamanla çox şey dəyişir. İndi cəmi bir neçə il əvvəl Rusiya ilə münasibətlərdə "yenilənmə" kursunu həyata keçirməyə başlamış ABŞ prezidenti Barak Obama onunla hərbi və ticarət əlaqələrinin dayandırılması haqda qərarlar qəbul edir. Qərb Rusiya ilə gələcək münasibətlərə dair mövqeyini Haaqada nüvə təhlükəsizliyi üzrə sammitdə açıq şəkildə ortaya qoyub. Sammitdə bütün aparıcı dövlətlərin (ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Yaponiya), o cümlədən Avropa İttifaqının liderləri iştirak edib. "Böyük səkkizlik" çərçivəsində Moskva ilə əməkdaşlıqdan imtina etmiş bu dövlətlər "Krımda Ukrayna Konstitusiyasına zidd olaraq keçirilmiş qanunsuz referendumu", "Rusiyanın beynəlxalq hüquq normalarına zidd olaraq Krımın işğalına etdiyi qanunsuz cəhdləri" pisləyiblər. Bundan başqa, Qərb liderləri "Rusiyanın gərginliyi artırmaqda davam edəcəyi təqdirdə ona qarşı fəaliyyətlərini koordinasiya etməyə, Rusiya iqtisadiyyatına daha geniş sanksiyaların tətbiqinə hazır olduqlarını" bəyan ediblər.
Ukrayna böhranı kontekstində güman ki, yeganə ümidverici məqam Haaqa sammiti çərçivəsində Rusiyanın XİN başçısı Sergey Lavrovla Ukraynanın xarici işlər naziri səlahiyyətlərini icra edən Andrey Deşiça arasındakı görüşdür. Amma bu görüşdə də real müsbət nəticə əldə olunmayıb. Lavrov israrla bildirib ki, "Ukraynadakı islahatlarda onun müxtəlif regionlarının xüsusiyyətləri nəzərə alınmalı"dır. Rusiya tərəfi Krımla bağlı mövqeyini dəyişmək niyyətində olmadığını da göstərib.
Deşiça isə görüşdə "yeni heç nəyin deyilmədiyindən" şikayətlənib, Lavrovdan yalnız "köhnə ritorika" eşitdiyini söyləyib.
Fövqəldövlətlərin Krımın Ukraynadan ayrılması və Rusiyanın tərkibinə qoşulmasına olduğu kimi, Ukraynadakı vəziyyətə münasibəti göstərir ki, prosesə bu və ya digər dərəcədə cəlb olunmuş bütün xarici qüvvələr yalnız öz maraqlarını güdürlər. Rusiya Ukraynada yaşayan rusların hüquqlarını əsas gətirərək faktiki olaraq Krım referendumunun ilhamvericisi kimi çıxış edibsə, ölkənin cənub şərqində öz nüfuzunu qoruyub-saxlamaq üçün separatçı əhvaldan yararlanmanı davam etdirirsə, Qərbin də yanaşmasında özünə məxsus ikili standartlar var. ABŞ və Aİ sözdə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, Kremlin Kiyevin suverenliyini pozmaq cəhdlərini pisləyir. Ağ Ev Krım referendumuna qəti etiraz edir, bunu Ukrayna Konstitusiyasının və beynəlxalq qanunvericiliyin pozulması kimi qiymətləndirir.
"Biz Krımı Ukraynanın bir hissəsi sayır, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. İstənilən referendum Ukrayna qanunvericiliyinə uyğun şəkildə keçirilməlidir. Qanunvericilik isə referendumda Ukraynanın bütün əhalisinin, bütün ərazisinin, bütün hissələrinin iştirakını tələb edir", - deyə ABŞ-ın dövlət katibi Con Kerri bildirib.
Bu mənada Ukraynanın ərazi bütövlüyünü müdafiə edən Birləşmiş Ştatların Ermənistan-Azərbaycan münaqişəsinin həllində eyni prinsipiallığı ortaya qoymaması təəccüb doğurur. Ermənistan 20 ildən artıqdır ki, Azərbaycanın ərazilərinin 1/5 hissəsini işğal edib və ona qarşı təcavüzkar siyasətini davam etdirir. Amma fövqəldövlətlər - ABŞ, Rusiya və digərləri - Ermənistandan öz silahlı qüvvələrini Azərbaycan ərazilərindən dərhal çıxarmağı tələb etmək haqda heç düşünmürlər də. Onlar İrəvana mümkün sanksiyaları tətbiq etmir, təcavüzkar ölkəni beynəlxalq arenada təcrid duruma salmır. Amma Rusiya Ukraynanın cənub-şərqinə hərbi təcavüz etməyin mümkünlüyünü dilə gətirən kimi, Qərb onu təcavüzkar elan edib. Belə olan təqdirdə, Azərbaycana qarşı real təcavüzə yol vermiş Ermənistan niyə hələ də Birləşmiş Ştatlar və Avropa İttifaqı tərəfindən eyni qətilikdə tənqidə tuş gəlmir?
Amerika rəhbərliyi etiraf edir ki, bir ölkənin bu və ya digər regionunun statusuna dair referendumun yalnız bir region miqyasında keçirilməsi beynəlxalq hüquqa tam ziddir. Vaşinqtonla Brüssel məhz bu əsasla Krımda, yəni, beynəlxalq aləm tərəfindən Ukrayna ərazisi kimi tanınan bölgədə keçirilmiş referendumun nəticələrini tanımır. Bu qüvvələr Ukraynanın gələcəyi ilə bağlı xalqın iradəsinin bütün ölkə ərazisində ortaya qoyulmalı olduğunu bildirirlər. Belə olan təqdirdə, nədən ATƏT-in Minsk qrupunun ABŞ və Fransanın da daxil olduğu həmsədrləri erməni tərəfinin münaqişənin sülh yolu ilə həllinə yönəlmiş prosesi sabotaj etməsini pisləmir? Axı ermənilər Dağlıq Qarabağın statusuna dair referendumun yalnız DQ ərazisində keçirilməsini tələb edirlər. Beynəlxalq hüquq və Azərbaycan Konstitusiyası isə (Ukraynanın və istənilən digər ölkənin Konstitusiyası kimi) bənzər referendumların yalnız bütünlükdə ölkə ərazisində keçirilməsini tələb edir.
Bütün bu cür, yumşaq desək, uyğunsuzluqlar, ikili standartlara son qoyulmasının vacibliyini, müasir dünyanın aktual problemlərinin beynəlxalq qanunvericiliyə əsasən çözülməli olduğunu göstərir. Çünki bunun başqa yolu bitmək bilməyən qeyri-sabitlik, millətlərarası müharibə və düşmənçilikdir.
MƏSLƏHƏT GÖR: