
FORMATI KİÇİLTMƏDƏN
Ermənistan qərar vermək iqtidarında deyilsə, Azərbaycan kiminlə danışıqlar aparsın?
Müəllif: Rasim MUSABƏYOV, politoloq, Milli Məclisin deputatı Bakı
Martın sonlarında Haaqada (Niderland) III Nüvə Təhlükəsizliyi Sammiti keçirilib. Sammitdə bir çox dövlət və hökumət başçıları iştirak ediblər. Sammitin plenar iclasında çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev Bakının Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (MAQATE) nüvə təhlükəsizliyinin gücləndirilməsi sahəsində fəal əməkdaşlıq etdiyini, BMT-nin Nüvə Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsdəki səylərini dəstəklədiyini bildirib. İlham Əliyev Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən işğalı, orada aparılan etnik təmizləmə üzündən Bakının həmin ərazilərə lazımi səviyyədə nəzarəti həyata keçirmək imkanına malik olmadığını təəssüflə qeyd edib. Onun sözlərinə görə, bu cür vəziyyət transmilli mütəşəkkil cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan tərəfindən zəhərləndirilməsinə şərait yaradır.
Azərbaycan prezidenti Ermənistanın, təxminən, 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik Stansiyasının yaratdığı təhlükədən danışıb, stansiyanın olduqca təhlükəli texnologiyaya əsaslanmasına rəğmən, Ermənistanın ondan 2026-cı ilədək istifadə etmək niyyətində olduğunu xatırladıb.
İlham Əliyev sammit çərçivəsində həmkarları - Türkiyənin dövlət başçısı Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayevlə, həmçinin Böyük Britaniyanın baş naziri Devid Kemeron və İtaliya hökumətinin başçısı Matteo Rentsi ilə görüşüb.
Bununla yanaşı, İ.Əliyev ATƏT-in Minsk qrupu həmsədrləri ilə də bir araya gəlib, Haaqa sammitinin kluarlarında Ermənistan prezidenti Serj Sarqsyanla söhbətləşib. Bu haqda məlumatı Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Twitter mikrobloqundakı səhifəsində yazıb. Azərbaycan və Ermənistan prezidentlərinin görüşünə dair rəsmi dairələr heç bir məlumat yaymasalar da, Uorlikin xəbəri təkzib də olunmayıb. Belə qənaətə gəlmək olar ki, görüş həqiqətən də baş tutub, lakin o, qısa və məhdud məzmunlu olub. Görünür, Uorlik mikrobloqdakı xəbərinin sonunda məhz bu səbəbdən bədbin suala da yer verib: "Ermənistan və Azərabaycan prezidentləri Haaqada söhbətləşdilər. Görəsən, onlar həqiqətən də Qarabağda sülhün bərqərar olması üçün yolların axtarılmasına sadiqdirlərmi?".
Göründüyü kimi, C. Uorlik yeni twitter diplomacy-nin tərəfdarlarından birinə çevrilmək cəhdlərini davam etdirir. İş o yerə çatıb ki, onun bu fəallığına Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi Elman Abdullayev münasibət bildirməli olub. Abdullayev də elə Twitter vasitəsilə Minsk qrupunun amerikalı həmsədrini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərin ictimaiyyətə açıqlanmasında ehtiyatlı olmağa çağırıb. Abdullayev daha sonra yazır ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllində vasitəçi kimi çıxış edən ölkənin öhdəliyi ədalətin bərpası, Ermənistanın etinasızlıq göstərdiyi beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyə məcbur olunmasıdır.
Lakin cənab Uorlik sosial şəbəkədə öz ikimənalı tvitlərini davam etdirir. O, bu yaxınlarda yazdığı belə tvitlərin birində bildirir: "Bu gün mənə düzəliş veriblər ki, münaqişə Dağlıq Qarabağla Azərbaycan arasında yaşanır. Biz isə bütün tərəflərə sülh yolu ilə nizamlanma arzulayırıq". Ortaya sual çıxır: Uorlikə "düzəliş etməyə" çalışan şəxs kimdir ki, o, bunu çəkinmədən mikrobloqda yazır? Vəzifə subardinasiyasına əsasən, yüksək rütbəli amerikalı diplomata "düzəliş"i yalnız onun birbaşa rəhbəri olan ABŞ-ın dövlət katibi və ya onun müavinlərindən, köməkçilərindən kimlərsə verə bilər. Əgər Uorlik həqiqətən də sadəcə Dövlət Departamentindəki ideya və əhvalın ifadəsi ilə məşğuldursa, Amerikanın, ən azı, hazırkı rəhbərliyi dövründə Dağlıq Qarabağ probleminin həllindəki vasitəçiliyinin səmərəliliyi haqda düşünməyə ehtiyac var. ABŞ təmsilçilərinin danışıqlar prosesini Bakı ilə Dağlıq Qarabağ arasında birbaşa dialoq formatına yönləndirmək cəhdlərinə gəlincə, bu yanaşma, sadəcə, məsələnin tarixi haqda kifayət qədər məlumatlı olmamağa əsaslanır.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsi dünən baş qaldırmayıb və artıq 20 ildən çoxdur davam edir. Hələ ATƏM (sonradan ATƏT) çərçivəsində ilk müzakirələrdə münaqişə tərəfləri olaraq, Ermənistan və Azərbaycan tanınıb. Bundan başqa, prosesdə 2 maraqlı tərəf var - Dağlıq Qarabağın azərbaycanlı və erməni icması. ABŞ-ın dövlət katibi Ceyms Beykerin 1992-ci ildə təklif etdiyi "2+2" formatı Azərbaycan və Ermənistanın xarici siyasət idarələri tərəfindən qəbul edilib, daha sonra Minsk qrupu çərçivəsində təsdiqlənib və "Beyker düzəlişi" kimi tarixə düşüb. Uorlikin nəzərinə çatdıraq ki, əvvəllər danışıqlar prosesində adıçəkilən tərəflərin hamısı iştirak edib. 1998-ci ildə Ermənistanda Levon Ter-Petrosyanın hakimiyyətdən zorla uzaqlaşdırılması və Dağlıq Qarabağdan olan separatçı liderlərdən biri Robert Koçaryanın hakimiyyətə gəlişi ilə Qarabağın erməni icması ilə Koçaryan tərəfindən danışıqlar prosesindən kənarlaşdırılıb. Məhz Koçaryan həmin dövrdən danışıqlarda Dağlıq Qarabağın erməni icmasının maraqlarının təmsilçiliyini öz üzərinə götürüb. Bundan sonra Minsk qrupundan olan vasitəçilər regiona səfərləri zamanı Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları ilə sadəcə epizodik görüşlərlə, onların danışıqlar haqda ötəri məlumatlandırılması ilə kifayətləniblər. Əsas danışıqlar isə İrəvanla Bakı arasında aparılmağa başlanıb.
Amma Uorlik və onun fikrini bölüşən şəxslər hazırkı danışıqlar formatının uzun illərdir nəticə vermədiyini əsas gətirə bilərlər. Belə olan təqdirdə, format niyə dəyişdirilməsin və danışıqlar nədən birbaşa Bakı ilə Dağlıq Qarabağın separatçı rəhbərliyi arasında aparılmasın? Amma birincisi, danışıqların ilkin mərhələsində erməni və azərbaycanlı icmanın prosesdə iştirakı heç bir müsbət nəticə verməyib. İkincisi, postsovet məkanındakı analoji münaqişələrin təcrübəsi Bakı ilə separatçılar arasında birbaşa danışıqların potensialına skeptik yanaşma zərurəti yaradır; misal üçün, uzağa getməyə ehtiyac yoxdur - məsələn, Dnestryanı münaqişəni artıq illərdir ki, Kişinyovla Tiraspol arasında birbaşa dialoqla çözməyə çalışırlar. Bu prosesdə vasitəçi qismində Rusiya, Ukrayna, ABŞ, Avropa İttifaqı və ATƏT çıxış edir. Nəticə isə sıfırdır.
Gürcüstan da uzun illər Abxaziya və Cənubi Osetiyanın separatçı rejimləri ilə danışıqlar aparsa da, nəticə əldə olunmayıb. 2008-ci ilin avqust müharibəsindən sonra Gürcüstan onun ərazilərinin Rusiya tərəfindən işğal olunduğunu, hərbi məsələlərin məhz Moskva ilə çözülməsinin vacibliyini bəyan edib. Vaşinqton isə Tiflisin mövqeyini dəstəkləyir, Krımın da Rusiya tərəfindən işğal olunduğunu bildirir. Amma Dağlıq Qarabağ münaqişəsinə gəlincə, o, nədənsə, Bakını separatçılarla birbaşa dialoqa yönləndirməyə çalışır. Məntiq haradadır?
Ola bilsin, Uorlikin təklifinin qəbulu beynəlxalq hüququn prinsiplərini, BMT TŞ-nin qətnamələrinin tələblərini pozan Ermənistana onsuz da güclü olmayan təzyiqləri bir qədər də zəiflədər, dolayısı ilə olsa da, Dağlıq Qarabağdakı separatçı rejimə müəyyən legitimlik qazandırardı. Amma münaqişənin həlli üzrə danışıqlar prosesi bundan, çətin ki, sürətlənə. Əksinə, bu halda proses daha da geriləyər. Odur ki, Uorlikin mövqeyi ABŞ-ın nüfuzlu erməni lobbisinin maraqlarına cavab verə bilər. Amma onun Bakını maraqlandıracağını gözləməyə dəyməz.
Bakıda əmindirlər ki, bu gün nəinki Dağlıq Qarabağın separatçı rəhbərliyi, hətta Ermənistan rəhbərliyi belə, müstəqil siyasi fiqur deyil. Onlara daha çox Rusiya tərəfindən "forpost"a təyin olunmuş komendant və qubernatorlar kimi baxılır. Ola bilsin, Bakının Minsk qrupunun vasitəçilik missiyasına ümid bağlaması yersizdir. Bəlkə artıq əslində, Rusiyanın əlaltısı olan qeyri-məhsuldar erməni siyasətçiləri ilə dialoqdansa, nə qədər çətin olsa belə, postsovet məkanındakı münaqişələrlə bağlı real qərar qəbul edən tərəflər, yəni Rusiya ilə danışıqlar aparılsın?
Uorlikin nəzərinə çatdıraq ki, Moskvada heç də yalnız daim Azərbaycanın əleyhinə çıxış edən və Rusiyanın Cənubi Qafqazdakı müttəfiqi olan Ermənistanı dəstəkləyən Jirinovski və ya KTMT-nin katibi Bordyuja kimi təxribatçılar mövcud deyil. Orada Qarabağ nizamlanmasında tamamilə obyektiv, balanslaşdırılmış mövqe tutan siyasətçilərə və ziyalılara da rast gəlinir. Məsələn, bu yaxınlarda Rusiya prezidenti yanında millətlərarası münasibətlər üzrə şuranın üzvü Maksim Şevçenko "Vestnik Kafkaza"ya müsahibəsində Krımla Dağlıq Qarabağ arasında paralel aparılmasının tamamilə yersiz olduğunu bildirib. "Unutmaq lazım deyil ki, Azərbaycan xalqı yalnız türklərdən ibarət deyil. Orada albanmənşəli Qafqaz xalqları, o cümlədən ləzgilər və bir çox digər xalqlar da yaşayır. Qarabağ xanlığı həmin insanların əzəli torpağı olub və onlar sonradan Azərbaycan xalqını formalaşdırıblar və özlərini azərbaycanlılar adlandırıblar. Bu üzdən də onların Qarabağdan qovulması cinayətdir. Dağlıq Qarabağda hansısa referendumun keçirilməsindən yalnız həmin isnanların bölgəyə qayıtmalarından sonra danışmaq olar. Qaçqınlar Qarabağ ərazisinə qaytarılmadan keçirləcək istənilən referendum qeyri-legitim olacaq", - deyə ekspert qeyd edib.
Moskvanın Qarabağ problemi ilə bağlı siyasəti və məsələyə münasibəti birmənalı deyil. Ermənistan Avropa İttifaqı ilə Assosiativ Sazişdən imtinasından və Gömrük İttifaqına qoşulmaq qərarından sonra Rusiyaya daha möhkəm bağlanıb. İndi Kreml Azərbaycanı da özünə cəlb etmək üçün onun işğal altındakı bəzi rayonlarının boşaldılmasına çalışa bilər. Amma bunun əvəzində tərəflərdən bir-birinə qarşı güc tətbiqindən imtina öhdəliyinin tələb olunması mümkündür. Bu, nəinki Rusiyanın Cənubi Qafqazdakı mövqelərini gücləndirər, həm də Krımın işğalı ilə dünyanı şoka salmış Rusiyaya özünü sülhməramlı dövlət kimi göstərmək imkanı verərdi. Xatırladaq ki, 2008-ci ilin avqustunda Gürcüstanla yaşanmış müharibədən, demək olar ki, dərhal sonra Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə münaqişə tarixində Azərbaycan və Ermənistan prezidentlərinin ilk birgə bəyanatı qəbul olundu. Mayndorf bəyanatı adlandırılan bu sənəddən sonra münaqişənin həllində irəliləyişə nail olunması üçün ciddi addımlar atıldı.
Aydındır ki, danışıqların dalandan çıxarılması üçün Minsk qrupunun 1 həmsədrinin səyləri kifayət deyil. Bəs Fransa, ABŞ və Rusiya prezidentləri vaxtilə Jak Şirak və Dmitri Medvedevin etdikləri kimi, Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlarda moderator funksiyasını öz üzərlərinə götürməyə hazırdırlarmı? Məsələ açıq qalır və müəyyən mənada ritorik təsir bağışlayır. Aydın olan odur ki, münaqişənin həllində irəliləyişə danışıqların formatının Qarabağın separatçı rejimi ilə dialoq təşkilinə endirilməsi ilə deyil, əksinə, oraya dünya səviyyəli siyasətçilərin cəlbi ilə nail olmaq mümkündür.
Bu arada ATƏT-in rəsmi saytında Azərbaycan və Ermənistanın XİN başçıları Elmar Məmmədyarovla Edvard Nalbandyanın apreldə Moskvada bir araya gələcəklərinə, görüşün iki ölkə prezidentlərinin dialoquna hazırlıq xarakteri daşıyacağına dair xəbər yerləşdirilib.
MƏSLƏHƏT GÖR: