14 Mart 2025

Cümə, 22:43

KOREYA FORS-MAJORU

Asiya-Sakit okean regionunda vəziyyət gərgin olaraq qalır

Müəllif:

23.04.2013

Koreya yarımadası üzərində nüvə müharibəsi kabusu dolaşmaqda davam edir. Lakin qarşı-qarşıya duran tərəflərin real qüvvələr nisbəti, həmçinin böhranlı vəziyyətə cəlb olunmuş bütün tərəflərin - nəinki hər iki Koreyanın, həm də digər maraqlı qüvvələrin motivasiyası bu kabusun əsl müharibəyə çevrilmək ehtimalının o qədər də yüksək olmadığını göstərir. Amma belə təhlükənin mövcudluğunun özü bəşəriyyətə dünya düzəninin nə qədər də kövrək olduğunu, nüvə göbələyinin isə planetin gələcəyi üçün ən zülmətli perspektiv vəd etdiyini göstərir. Ondan yalnız birgə sülhsevər səylərlə, bütün dövlətlər üçün qlobal birgə yaşam üçün ədalətli beynəlxalq münasibətlər sisteminin yaradılması ilə qurtulmaq olar.

KXDR Koreya Respublikası ilə münasibətlərinin "müharibə vəziyyətinə qədəm qoyduğunu" rəsmən bəyan edib. Şimali Koreya lideri Kim Çen In, Birləşmiş Ştatlar təxribata əl atacağı təqdirdə, onun Cənubi Koreya, Havay, Quam adasında və Yaponiyadakı bazalarına nüvə zərbələrinin endirilməsi əmrini verib.

Ümumiyyətlə, nüvə təhlükəsi kimdən gəlirsə-gəlsin, bütün planetdə sülh və təhlükəsizlik üçün yolverilməzdir. Bu səbəbdən, hətta Pxenyanın ənənəvi müttəfiqləri olan Çinlə Rusiya da Şimali Koreyanın bu mövqeyini təəccüblə qarşılayıb.

Bütün bunlarla yanaşı, vəziyyətin hərbi təhlili göstərir ki, Pxenyanın aşkar hərbi coşqunluq nümayiş etdirməsinə rəğmən, hazırda o, Amerikanın Sakit okeandakı bazalarını tam vura bilmək üçün kifayət qədər potensiala - hədəfi dəqiq vuran raketlərə və yığcam nüvə başlıqlarına malik deyil. Cənubi Koreya və ABŞ ordusu son dərəcə yüksək hərbi hazırlıq vəziyyətindədir. Üstəlik, Pxenyanın Vaşinqtonla mümkün nüvə müharibəsində heç bir şansı yoxdur.

Şimali Koreya uzun müddət davam edəcək adi müharibəyə də hazır deyil: ölkədə ağır iqtisadi böhran hökm sürür. Odur ki, Pxenyan üçün əlverişli olmayan xarici və daxili siyasi konyukturu nəzərə alsaq, ortaya sual çıxır: Şimali Koreya rəhbərliyini bu qədər irrasional əzələ nümayişinə nə vadar edir?

Bu suala cavab axtararkən, ilk növbədə, ağla subyektiv xarakter daşıyan səbəblər gəlir. KXDR-in gənc liderinə özünü əzmkar və cəsarətli rəhbər kimi təsdiqləmək lazımdır. Bunun növbəti nümayişi də Şimali Koreya üçün kifayət qədər xarakterik şəkildə həyata keçirilib - o, KXDR-in yaradıcısı Kim İr Senin aprelin 15-də keçirilən ad günü ilə eyni günə salınıb.

Amma Koreya yarımadasının, az qala, nüvə müharibəsi astanasına gəlib çıxmasının daha ciddi səbəbi də var. Pxenyanın Cənubi Koreyanı tez-tez müharibə ilə hədələyərək onun himayədarlarından, ilk növbədə, ABŞ-dan iqtisadi dividendlər almağa çalışması ənənəvi haldır. Yəni Şimali Koreya nüvə proqramını müvəqqəti olaraq dondurması müqabilində xaricdən maliyyə və humanitar yardım almağa çalışır. Məhz, bu səbəbdən, nüvə silahını "cingildədən" Kim Çen In Qərblə mənfəətpərəst düşüncə ilə razılığa gəlməyə ümid edir.

Şimali Koreya rəhbərliyinin bundan da əhəmiyyətli səbəbi var. Pxenyan raket hədələri səsləndirməklə, növbəti nüvə sınağına hazırlaşmaqla beynəlxalq arenada özünü nüvə dövləti kimi təsdiqləməyə çalışır. KXDR məhz bu yolla digər dövlətləri onunla hesablaşmağa vadar etməyi düşünür.

Bəs, görəsən, həqiqətənmi Pxenyan nüvə proqramını yalnız elə proqram xətrinə davam etdirməkdə israrlıdır? Şübhəsiz ki, yox. Bu məqamda bəlli olur ki, Asiya-Sakit okean regionunda gərginliyin artmasında heç də yalnız Şimali Koreya günahkar deyil.

Dünya arenasında geostrateji proseslərin inkişaf tendensiyası Şimali Koreyanı bir şeyə əmin edir: dövlət suverenliyinin qarantı olmaq üçün nüvə silahı vacibdir. ABŞ və müttəfiqlərinin bütün dünyada xoşlarına gəlməyən rejimlərlə haqq-hesab çəkməsi və bu siyasəti davam etdirməsi Qərbdən fərqli inkişaf yolu seçmiş Pxenyanı (bunun pis və ya yaxşı yol olması başqa söhbətin mövzusudur və o, yalnız Şimali Koreya xalqının ixtiyarındadır) özünə müdafiə "şit"i qurmaq məcburiyyətində qoyur. Özünü təsdiq etməyə çalışan Kim Çen In də ABŞ və müttəfiqlərinə mesaj yollamağa çalışır - sanki, mənimlə də vaxtilə Slobodan Miloşeviç, Səddam Hüseyn, Müəmmar Qəddafi ilə davrandığınız kimi davrana biləcəyinizi düşünməyin. Mən sizin üçün heç Bəşər Əsəd və ya Mahmud Əhmədinejad da deyiləm və siz Pxenyanı Belqrad, Bağdad, yaxud Tripoli kimi bombardman edə bilməzsiniz. Mənim nüvə silahım var və odur ki, mənimlə zarafat sizə baha başa gələr. Bu baxımdan, Kim Çen Inın bəyanatı çox şeydən xəbər verir: "Bizim nüvə proqramımız ölkənin suverenliyini və xalqı qorumaq vasitəsidir. Biz onun vasitəsilə müharibələri önləməyə, sülhü qoruyub-saxlamağa çalışırıq".

  Bununla yanaşı, Kim Çen Inın siyasi təcrübəsinin olmaması, üstəlik, dünyada təcrid olunmuş KXDR liderlərinə xas olan inqilabçı fanatizm ölkə rəhbərliyinin əzmini və gücünü bu cür kobud formada nümayiş etdirməsinə səbəb olur. Bu isə, hətta beynəlxalq arenada ənənəvi olaraq Pxenyanı müdafiə edən ölkələrin belə xoşuna gəlmir.

Bununla yanaşı, son dərəcə vacib olan daha bir məqam da nəzərə alınmalıdır - ABŞ hazırda prinsipcə Koreya yarımadasında hərbi əməliyyatlara başlamağa hazır deyil. Bundan başqa, Şimali Koreya liderinin bəyanatlarının tam hərbi ruhda olması Vaşinqtonun regiondakı uzun-müddətli maraqlarına, müəyyən mənada uyğundur.

Məsələ ondadır ki, Koreya yarımadasında mümkün müharibə onsuz da böyük həcmdə xarici dövlət borcu olan Birləşmiş Ştatlardan yeni xərclər və borclar tələb edir. Bu səbəbdən də, amerikalıların hazırkı şəraitdə yürütməli olduqları ən məqsədəuyğun siyasət KXDR-in qarşısının alınmasına çalışmaqdır.

Digər tərəfdən, ABŞ-ın regionda hərbi mövcudluğunu artırması, Koreya yarımadasında 37 minlik ordusunu saxlamaq üçün onun, məhz, bu cür Şimali Koreya liderinə ehtiyacı var. ABŞ üçün Çinin artan qüdrəti və Rusiyanın ənənəvi nüfuzu (son bir neçə onillikdə sonuncunun regiondakı geosiyasi mövqeləri xeyli zəifləsə belə) qarşısında Cənubi Koreya və Yaponiya ilə hərbi ittifaq son dərəcə vacibdir.

Çinin hərbi potensialının artması fonunda Şimali Koreyanın nüvə proqramını inkişaf etdirməsi Yaponiya və Cənubi Koreyanı dəstək üçün yenidən ABŞ-a üz tutmağa vadar edir. Vaşinqton isə öz növbəsində, Koreya yarımadası ətrafında və Yaponiyada əlavə raketdən müdafiə sistemlərinin yerləşdiriləcəyini istisna etmir. O, eyni zamanda regiondakı müttəfiqlərilə birgə hərbi manevrləri daha tez-tez keçirmək niyyətindədir. Amerika-Cənubi Koreya hərbi ittifaqında islahatların aparılmasının 2015-ci ilədək təxirə salınması qərarı da çox şeydən xəbər verir. Xatırladaq ki, hazırkı müttəfiqlik şərtlərinə görə, müharibə başlayacağı təqdirdə, Cənubi Koreya ordusuna operativ rəhbərlik ABŞ-da olacaq, islahatdan sonra isə bu qaydanın aradan qaldırılması nəzərdə tutulur.

  Amma Şimali Koreyanın qarşısının alınması siyasətində yalnız KXDR ilə bağlı olmayan daha bir məqam da var. ABŞ-ın dövlət katibi Con Kerri bu vəzifəyə yeni təyin olunan kimi  Pxenyanın nüvə siyasətini İran problemi prizmasından qiymətləndirmişdi. O, hesab edir ki, Şimali Koreyanın təxribatlarına sərt reaksiya verilməzsə, İran xeyli cəsarətlənəcək.

Bundan başqa, Qərb mənbələri Şimali Koreya ilə İran arasında texniki sahədə əməkdaşlığın inkişafına və silah alverinə diqqət çəkirlər. ABŞ rəsmi səviyyədə KXDR-i İrana raket detalları tədarük edən əsas ölkə olmaqda günahlandırır. Ötən ilin payızında Pxenyanla Tehran arasında elmi sahədə əməkdaşlığa dair memorandumun imzalanması da Qərb KİV-nin diqqətindən yayınmayıb. Qeyd edək ki, sənədin Tehranda keçirilmiş imzalanma mərasimində İranın Atom Enerjisi Agentliyinin rəhbəri və müdafiə naziri də iştirak etmişdi.

Amma bütün bunlar artıq ayrıca söhbətin mövzusudur.  Hərçənd, bu mövzu da bəşəriyyətin taleyi üçün son dərəcə əhəmiyyətli olan nüvə silahlarının yayılmaması ilə bağlıdır. 



MƏSLƏHƏT GÖR:

514