24 Noyabr 2024

Bazar, 11:46

KİTAB QADINI TAPIR

«Kağız» kitabların naşiri bu gün hansı auditoriyaya ümid edir?

Müəllif:

16.04.2013

"Əgər qadınlar oxumağı dayandırsalar, ədəbiyyat ölər". "The Guar-dian"da yazdığı məqaləsində ingilis yazıçısı İen Makyuen bu qənaətə gəlib.  Bukker mükafatı laureatı olan yazıçı məqaləni yazmazdan bir neçə gün öncə eksperiment kimi parkda pulsuz kitablar paylamağı qərara alıb (kitablar özününkü olmayıb). Və bu zaman açıq-aydın hiss edilən gender  disbalansı aşkarlayıb - pulsuz kitabları əsasən qadınlar götürüb. Qadınların kişilərdən çox oxuduğunu müxtəlif ölkələrdə keçirilmiş çoxsaylı sorğular da təsdiq edir. Kişilər isə çox vaxt kitabları alaraq onları oxumadan "kolleksiya" yığırlar. Bu da var ki, kişilərin  46%-i oxuduqları kitabların sayını artırır. 

Qadınların kitabı çox oxumasının səbəblərini izah etməyə cəhd edən çox sayda nəzəriyyələr var. Psixoloqlar deyirlər ki, qadınlar emosionaldırlar, Britaniya alimləri isə irəli sürürlər ki, hər şey qadınlarda həssas olan "güzgü neyronlar"la bağlıdır. "In These Times" jurnalı qeyd edir ki, ABŞ, Kanada və Böyük Britaniyada qadınların yalnız 20%-i kitab oxuyur. Qadınlar, orta hesabla, iki dəfə çox kitab oxuyurlar. Bu fonda isə aşağıdakılar səciyyəvidir: bütünlükdə, bəşəriyyət daha az oxumağa başlayıb. Aparılan sorğulara görə, orta amerikalı ildə cəmi 4 kitab oxuyur. Beləliklə, paradoksal durum göz qabağındadır: insanlar az mütaliə edir, yoxsa daha çox zərif cins oxuyur. Sonucda bu nəyə gətirir? Ona ki nəşriyyatlar, əsasən, qadınlara istiqamətlənməyə başlayırlar. Nəşriyyatların bu siyasəti xüsusilə də  Şərqi Avropada daha açıq özünü göstərir, orada elektron piratçılıq üzündən kağız kitab bazarı hər şeydən daha çox zərər görüb. Əgər kitabı pulsuz yükləmək mümkündürsə, onu almağa dəyərmi? 

Yaxşı kitablar da var, pis kitablar da. Bəllidir ki, kitablar bilik, xeyirxahlıq kimi əbədi dəyərlər yaymaqla yanaşı, həmişə əyləncə funksiyasını da daşıyıb. Belə olan halda, onların özünəməxsus "genderləşməsi" baş verir. Kişilərə xoş gələn məsələlər qadınları bezdirə bilər və ya əksinə. Məsələn, güclü cinsin ən böyük arzusu adı çox da düşündürməyən, birbaşa qoyulmuş və süjeti də belə birbaşa olan hansısa superfantastik döyüş filmidirsə (nə etmək olar, hisslərə təzyiq mexanizmi yaşdan, statusdan və intellektual inkişafdan asılı olaraq dəyişmir), qadınları cəlb edən isə sevgi və ya ailə-məşiət (yəni "həyati") nəsridir. Misal üçün, rusdilli bədii ədəbiyyat reytinqlərində kitabların çoxu qadın (gender) nəşridir. Onların fonunda müvəqqəti olsa da, liderliyə cazibədar, genderdənkənar belletrist Akunin çıxıb.

Amma dünyanın ən iri kitab nəşrçisi "Amazon"un  keçən il üçün tutduğu dünya satışlarının reytinqi daha maraqlı görünür. Bu zaman ilk üç sətri rəqiblərini böyük fərqlə arxada qoymuş şəbəkə yazıçısı E.L.Ceymsin əsəri "Alatoran"ın erotik versiyası tutur. 

 

Bəs bizdə  necədir? 

Azərbaycan postsovet məkanında ən çox oxuyan ölkələr sırasına aid olmasa da, bununla belə, ümumi dünyada gedən meyilləri dəstəkləyir. Axı burada da bütün dünyada olduğu kimi, "oxumaq hamı üçün deyil".  Eyni zamanda, hər yerdə olduğu kimi burada da, kitab mağazalarının  müştərilərinin çoxu və dəb yeniliklərinin əsas müştəriləri qadınlardır. Paytaxtın məşhur kitab mağazasının satış zirvəsində E.L.Ceymsin "Bozun əlli çaları" romanının növbəti variasiyası, Silviya Deyin "Sənin  üçün soyunmuş" romanı və  Britaniya müəllifi Devid Mitçelin  dəbdə olan yeni bestselleri - "Bulud atlası" romanıdır. Sonuncu uğurla ekranlaşdırılıb və paytaxtın bütün kinoteatrlarında da nümayiş etdirilib. Amerika yazıçısı Süzen Kollinzin ekranlaşmış və gənclər üçün nəzərdə tutulmuş yeni, aktual  postapokalipsis fantastik romanı "Ac oyunlar" da mağazanın satış zirvəsində olanlar sırasındadır. Daha çox mühafizəkar olan və yeniliyə az maraq göstərən kişilər Çingiz Abdullayevin detektivlərini, poketbuk formatında döyüş əsərlərini sevirlər. 

 

Kitab bazarının başına nə gəlib? 

Yəni kağız üzərində, əsasən, qadın nəsri çap olunmağa başlayıb. Siz fikir vermisiniz, son illərdə kitabların xarici görkəmi necə dəyişib? Çox vacib məqamdır: hətta "qadın üçün" olmayan ən sadə kitablar belə öz xarici görkəmlərini dəyişiblər, əlvan, rəsmli,  vintaj, stimpank üz qabığına malikdirlər. Dəhşətli silahları ilə hər kəsi qorxudan "bərkgedən" oğlanlar birdəfəlik harasa yox olublar və onların yerini pərilər, süzgün baxışlı arıq  xanımlar, impressionist  rəsmlər, çiçəklər və burma patefonlar,  Biq Benin və Eyfel qülləsinin rəsmləri, qəhvə və siqaretlər tutub...

Nəşriyyatlar meyilləri tutmağı bacarır, həmçinin  onlara riayət edirlər. Burada bir neçə çox önəmli vacib amili qeyd etmək yerinə düşər. Birincisi, kitab nəşri və ilk növbədə, kağız kitab nəşri son illərdə ciddi böhran keçirir. Bu, daha çox əhalisi maneəsiz  şəkildə internetdən pulsuz nəşr yükləyə bilən zonalarda özünü göstərir. Bütün bunlar planşetlərin, geniş ekranlı mobil telefonların, elektron riderlərin sayının artması, təbii ki, onların qiymətinin azalması fonunda baş verir. Bir neçə giqabayt elektron kitab üçün bir neçə qəpik ödənildiyi  və bunun bir neçə kitab etdiyi, yaxud onları sadəcə pirat saytlarından  oğurlamağın mümkün olduğu bir şəraitdə, kağız kitablara olan ehtiyac çox sürətlə ölür. Nə baş verir? Bu suala cavab vermək üçün ilk öncə başqa sualı cavablandırmaq lazımdır: "Kağız kitab  indi bizim üçün nədir? Onu niyə alırıq?".

Sirr deyil ki, yaxşı, zövqlə seçilmiş, həmçinin gözəl kitabxanasının olmasını insan həmişə istəyir, həm də açıq danışılsa, bu, prestijlidir. Naşirlər də bunu yaxşı bilir. Birincisi, kitabların qiyməti bahalaşıb. Bu, təkcə tirajların aşağı düşməsi ilə bağlı deyil, həm də bir nüsxənin qiymətinin qalxması ilə bağlıdır. Kağız, tərtibat, çap - bunların hamısının keyfiyyəti yüksəlib.  Kitablar evin zərif əşyasına çevriliblər. Onlar daha gözəl olublar, elitar görünür, həmçinin mebel predmeti kimi interyerə ideal şəkildə uyğun gəlirlər. Kitab almaq imkanında olan tanışlarımın çoxu evlərində onsuz da yetərincə olan klassik əsərləri almağa başlayıblar, sadəcə ona görə ki, onu rəfə qoysunlar, yəni məsələyə istisnalı şəkildə estetik baxımdan yanaşırlar. 

Bulqakovun "Ustad və Marqarita"sının köhnə Bakı nəşrini təkrar nəşrlərin mücərrəd və cazibədar üz qabıqları ilə tutuşdurun. Yaxud sovet dövrünün sərt qənaət edilmiş solğun kitablarını götürək, indiki yumşaq tərtibatlarda kitab oxumaq belə xoşdur. Beləliklə, ilkin funksiyası olan öyrətmək-əyləndirməklə yanaşı, kitab həm də atribut və stilli aksessuardır. Kitab mağazasına giriş isə artıq hansısa bir gəzinti, adam içinə çıxmaq sayıla bilər, hətta bununla bağlı  "şopinq" sözünü də işlətmək olar. 

Yəni insanlar sadə və funksional qiraət üçün demokratik elektron daşıyıcılarına üstünlük verirlər. Bu səbəbdən Marininanın elit tərtibatlı keçmiş birdəfəlik poketbukları və E.L.Ceymsin dünya köpüyü ölçüsünə qədər şişmiş fanfiki  "Alatoran" rekord vurur. Vizual olaraq ikisi də ədəbiyyat kimi görünür, amma ədəbiyyata  sərt döyüş əsərləri kimi aidiyyətləri var.



MƏSLƏHƏT GÖR:

558