
«YƏHUDILƏR BURDA YAŞAMAQDAN QHRUR DUYURLAR»
İsrailin Azərbaycandakı səfiri: “Azərbaycan əox tolerant slkədir və bu xhsusiyyətlərinə gsrə başqa slkələr həhn model rolunu oynaya bilər”
Müəllif: Almaz Mahmud Bakı
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz yarım ildən bir qədər artıqdır ki, bu vəzifədə çalışır. 20 illik iş təcrübəsi olan diplomat bu postda səfir Mixael Lavon Lotemi əvəzləyib və artıq Bakı və azərbaycanlılarla yaxından tanış ola bilib. Deyir ki, burada özünü evindəki kimi hiss edir. Səfir Azərbaycan-İsrail münasibətlərindən də razıdır. Lakin hesab edir ki, əməkdaşlığı dərinləşdirmək üçün hələ çox iş görmək lazımdır. İsrail Dövlətinin 65-ci Müstəqillik Günü ərəfəsində səfir Rafael Harpaza müsahibə üçün müraciət etdik və o, suallarımızı cavabsız qoymadı.
– Bayramınız mübarək, cənab səfir. İsrail xalqına sülh və çıçəklənmə arzulayırıq! İcazə verin, Azərbaycanda çalışdığınız ilk ayların təəssüratları ilə maraqlanaq...
– Təbrikə görə çox sağ olun! Azərbaycanlılar mənim üçün çox xoş təəssürat yaradıblar. Onlar məni bir səfir kimi burda öz evimdə hiss etdirirlər. Bura, əlbəttə ki, iki ölkə arasındakı gözəl münasibətləri də əlavə etmək istərdim. Hansı ki əvvəlki prezident Heydər Əliyevin başladığı siyasəti indiki prezident İlham Əliyev davam etdirir. Azərbaycanla İsrail arasında xüsusi münasibətlər mövcuddur. Ümumiyyətlə, qeyd etmək istərdim ki, həm israilliləri, həm də azərbaycanlıları birləşdirən bəzi oxşar xüsusiyyətlər var. Azərbaycanlılar da israillilər kimi çox səmimi, istiqanlı, dürüst insanlardır. Biz oxşar fikirləri, dəyərləri bölüşürük. Baxmayaraq ki, Azərbaycan cavan ölkədir və 21 ildir müstəqillik əldə edib, bir çox sahələrdə böyük tərəqqiyə nail olub.
– Hər halda, Azərbaycanda işə başlamazdan əvvəl bir diplomat kimi, bu ölkə haqqında araşdırmalar aparmısınız. Daha çox hansı sahə diqqətinizi cəlb edib və niyə?
– Mən Azərbaycana gəlməmişdən əvvəl Vaşinqtonda çalışmışam. Orda olduğum müddətdə Azərbaycan haqqında araşdırmalar aparmışam, eləcə də sizin səfirliyinizlə əlaqələrim olub. Mən həm də İsrailin Xarici İşlər Nazirliyində iqtisadi şöbənin rəhbəri vəzifəsində işləmişəm. Orda ekspertlərin Azərbaycanla bağlı rəyləri ilə tanış olmuşam. İqtisadi şöbədə olduğum üçün Azərbaycanın bu sahədəki fəaliyyəti diqqətimi çox çəkib. Ölkənizin iqtisadiyyatı yüksək templə inkişaf edir və biznes üçün çox yararlıdır. Azərbaycanın turizm üçün böyük potensialı var.
Bu ölkə müstəqillik əldə etdikdən sonra Qərbə inteqrasiya yolunu tutub və BTC, TANAP kimi bütün enerji borularını Qərbə doğru yönəldir. Bu, tarixi bir qərardır. Azərbaycan NATO-nin Əfqanıstandakı qüvvələrini dəstəkləyir, tolerantdır - xüsusilə də yəhudilərə qarşı. Bunu İsrail də yüksək qiymətləndirir, beynəlxalq ictimaiyyət də. Mən özümü təkcə İsrailin Azərbaycandakı deyil, eləcə də Azərbaycanın İsraildəki səfiri hesab edirəm. Azərbaycanlıların İsrailə qarşı böyük sevgiləri var. Azərbaycan mədəniyyətinə vurulmuşam. Bir neçə muğam konsertində olmuşam və deyərdim ki, dünyada tək-tük ölkələr var ki, muğamı dinləyir, bunlardan biri də İsraildir.
– İsrail üçün Azərbaycanın və ya əksinə, Azərbaycan üçün İsrailin bir dövlət olaraq önəmi, əhəmiyyəti nədir?
– Azərbaycan müstəqillik əldə edəndən sonra çox yaxşı əlaqələr yaranıb. İsrailin əvvəlki rəhbərlərinin, eləcə də indikilərin Azərbaycanla yaxşı münasibətləri olub və bu indi də davam edir. Bir müddət öncə, Davos Forumunda Azərbaycan və İsrail prezidentlərinin görüşləri, eləcə də müdafiə naziri Ehud Barakla xarici işlər naziri Elmar Məmmədyarov arasında Münhendə Təhlükəsizlik Konfransında olan görüşlər çox yaxşı siyasi əlaqələrin olduğunu göstərir. Biz hər iki ölkə arasında gözəl ikitərəfli münasibətləri yüksək qiymətləndiririk. Siyasi əlaqələrlə yanaşı iqtisadi əməkdaşlığın da inkişafı hər iki tərəf üçün önəmlidir. Biz sevinirik ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdur və burada konstruktiv rol oynayır.
– İsrail Azərbaycanla enerji, təhlükəsizlik, müdafiə, bir sözlə, çox sahədə əməkdaşlıq edir. Bu sahələrin perspektivləri barədə nə deyərdiniz?
– Enerji sahəsində əlaqələrimizə gəlincə, İsrail Azərbaycandan neft alır. Azərbaycan enerji sahəsində əhəmiyyətli və zəngin təcrübəyə malik bir ölkədir. İsrail neçə illərdən sonra quruda təbii qaz tapıb. Bizim üçün çox mühümdür ki, bu sahədə Azərbaycanın təcrübəsindən öyrənək. Bizim enerji sahəsində heç bir təcrübəmiz yoxdur. Biz yenicə olaraq sizin Neft Fondu kimi bir fond yaratmışıq. Hal-hazırda İsraildə bu məsələ ətrafında müzakirələr gedir ki, qaz ehtiyatlarını hansı ölkələrə neçəyə ixrac etsinlər. Ona görə də bizim üçün çox vacibdir ki, sizin bu təcrübədən bəhrələnək. Bizim ilk əsas qaz yatağımız TAMAR bu yaxınlarda istifadəyə verildi və bir neçə il sonra digər təbii qaz yatağı “Livyafan” istifadəyə veriləcək. “Livyafan” sözü balina deməkdir. O, dünyada XXI əsrin əvvəllərindən kəşf olunan ən böyük təbii qaz yataqlarından sayılır. Bu, İsrail üçün çox mühüm bir hadisədir. Gələcəkdə də İsrailin neft sahəsindən çoxlu gəlirləri olacaq, amma iqtisadiyyatın bundan asılı olmasını istəmirik. Qeyri-neft sektoru da İsraildə yüksək səviyyədə inkişaf edib və iqtisadiyyatımızın əsasını təşkil edir. Hər iki sektorun inkişafında balansın qorunması vacibdir.
– Bəs TAMAR sözünün mənası nədir?
– TAMAR xurma deməkdir. Mənim baldızımın da adı Tamardır.
– Yəhudi İcması ilə Azərbaycanın əlaqələrindən danışmağınızı istərdik. Ümumiyyətlə, yəhudilərin icma ilə bağlı təcrübəsi daha çoxdur və Azərbaycan bundan nə dərəcədə bəhrələnir?
– Yəhudi icması ilə Azərbaycanın xüsusi bir tarixi əlaqələri mövcuddur. Bizim münasibətlərimizdə yəhudi icması da mühüm aspektdir. Yəhudilərə burda çox hörmətlə yanaşıblar və yanaşırlar. Azərbaycanda ümumiyyətlə antisemitizm yoxdur. Mənim fikrimcə, Azərbaycan çox tolerant ölkədir və bu xüsusiyyətlərinə görə, başqa ölkələr üçün model rolunu oynaya bilər. Yəhudilər burda yaşamaqdan çox qürur duyurlar. Və çox təhlükəsiz şəraitdə yaşayırlar. İsraildə də təxminən, 80 mindən ibarət olan Azərbaycan icması mövcuddur.
Mənim Amerika Yəhudi İcması ilə çox sıx əlaqələrim var. Məlumatım var ki, bu ilin iyun ayında Amerika Yəhudi Komitəsi xarici işlər naziri Elmar Məmmədyarovu mükafatlandıracaq. Sizin ABŞ-dakı səfiriniz Elin Süleymanovla da yaxın münasibətlərim var. Vaşinqtonda işlədiyim vaxt sizin diplomatlarla əlaqələrim olurdu. Demək istəyirəm ki, çox peşəkar diplomatlarınız var. Hər bir ölkə belə peşəkar diplomatları ilə fəxr etməlidir.
– İsrail Knesseti hələ Xocalı soyqırımını tanımayıb. Sizcə, bunun səbəbi nədir?
– İlk olaraq qeyd etmək istərdim ki, Xocalı dəhşətli bir faciədir. Yeddi aydır Bakıdayam və bir çox azərbaycanlı ilə görüşlərim olub. Bütün görüşlərimdə onların mənə danışdıqları ilk məsələ - Qarabağ haqqında olub. Mən bilirəm ki, bu problem təkcə sizin dövlətiniz deyil, sıravi insanlarınız üçün də mühümdür. Məcburi köçkünlərlə də görüşlərim olub. İsrailin Qarabağ məsələsində çox aydın mövqeyi var. Bu mövqe üzrə mən prezident Şimon Peresin və xarici işlər naziri Aviqdor Libermanın bəyanatlarını xatırlatmaq istərdim. Biz Qarabağ məsələsinin sülh yolu ilə həllinə ümidvarıq. Biz buna öz təcrübəmizə arxalanaraq yanaşırıq. Çünki bilirik, nə qədər əziyyət çəkmişik. Sülh ən yaxşı həll yoludur. ATƏT-in Minsk qrupunun səylərini və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. İnşallah, sülhə nail olacaqsınız.
– Yetərincə dost münasibətlərimizə baxmayaraq, Azərbaycanın İsraildə səfirliyi yoxdur. Sizcə, niyə?
– Biz düşünürük ki, 21 ildən sonra vaxtdır və biz onun açılışını səbirsizliklə gözləyirik. Amma bu da Azərbaycan hökumətinin qərarından asılıdır.
– Yaxın gələcəkdə iki ölkə arasındakı ticarət dövriyyəsinin artması ehtimalı varmı?
– Ticarət dövriyyəsi ilə bağlı bir çox məqamlara toxunmaq istərdim. İsrail şirkətləri Azərbaycanda bir çox sahələrdə bizneslə məşğuldurlar. Ticarət və iqtisadi münasibətlər zəminində iqtisadi inkişaf naziri Şahin Mustafayev nümayəndə heyəti ilə İsrailə səfər etmişdir. Həmçinin İsrailin energetika və kənd təsərrüfatı nazirləri də ötən il Azərbaycana səfər etmişdilər. Bundan əlavə İsrail-Azərbaycan Ticarət Palatası yaranmaq üzrədir. Hazırda, son işlər gedir. Bu palata ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə xidmət göstərəcək. Mən bu gün İsrailin özəl sektorunun Azərbaycana olan böyük marağını müşahidə edirəm.
– ABŞ prezidenti Barak Obamanın bu yaxınlarda Yaxın Şərqə olan səfərini xatırlatmaq istərdim. Sizcə, bu səfərin İsrail-Türkiyə və İsrail-Fələstin münasibətlərinə hər hansısa müsbət təsiri olacaqmı? Bir də İsrail "Mavi Mərmərə"yə hücumu ilə bağlı Türkiyədən üzr istədi. Bu barış regiona nə verəcək?
– Bildiyiniz kimi, Obamanın səfərinin sonunda İsrailin baş naziri Benyamin Netanyahu ilə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı oldu. Türkiyə ilə İsrailin bir çox sahələri əhatə edən uzun tarixi əlaqələri var. Hər zaman hər iki ölkənin ümumi maraqları mövcud olub. Regionda olan son hadisələri nəzərə alaraq, hər iki ölkə arasında ortaq maraqlar mövcuddur. Və biz indi də görürük ki, münasibətlər normallaşmağa doğru gedir. Hər iki ölkənin ABŞ-la çox yaxşı münasibətləri var. Suriya və İrandakı hadisələr, bir növ, bizim qapımızın ağzında baş verir və ona görə də bizim kimi ölkələrə yaxın münasibətdə olmaq lazımdır. İki ölkə arasında çox güclü iqtisadi, biznes əlaqələri mövcuddur ki, bu, son illər ərzində də davam edib. Türkiyə Hava Yolları İsrailə uçan ən böyük xarici hava yollarından hesab olunur. Turizm sahəsində də sıx əməkdaşlığımız var. İsraillilər Türkiyəyə gedir, həmçinin türklər İsraildə layihələr həyata keçirir. Hər iki ölkənin səfirlikləri mövcuddur.
İsrail-Fələstin məsələsinə toxunanda heç bir ilkin şərt olmadan biz sülh üçün əlimizi uzatmışıq. İsrail heç bir ilkin şərt olmadan danışıqlara dərhal başlamağa hazırdır. Qəzza məsələsinə gələndə bu, “Həmas” terror təşkilatı tərəfindən idarə olunur. “Həmas” İran və digər ekstremist təşkilatlar tərəfindən sponsorluq edilən, hazırlaşdırılan, maliyyələşdirilən terrorist qrupdur. Prezident Obamanın İsrailə səfəri zamanı Qəzzadan Sderota raket atəşi açdılar və möcüzə nəticəsində heç bir itki baş vermədi. 2005-ci ildə biz Qəzzadan geri çəkiləndə torpaqların 100%-dən imtina edərək, 100% sülh gözləyirdik, amma onun yerinə minlərlə raketlə üzləşdik.
- Azərbaycan həm İsrail, həm də İranla sıx əməkdaşlıq edir. Bu ölkələr arasındakı gərginlik Azərbaycanla münasibətlərə nə kimi təsir göstərir?
- İran məsələsini düzgün başa düşmək lazımdır. İran təkcə İsrail deyil, bütün beynəlxalq ictimaiyyət üçün bir təhlükədir. İran bir nüvə dövlətinə çevrilsə, hər hansı bir dövləti də nüvə dövlətinə çevirə bilər. Bu məsələ ilə İsrail təkbaşına bacara bilməz, buna beynəlxalq ictimaiyyətin səyləri lazımdır. Çox ciddi sanksiyalar da bu gün mövcuddur. Bu sanksiyalar öz təsirini İran iqtisadiyyatında, xüsusilə də enerji sahəsində göstərməkdədir. Amma təəssüf ki, biz hələ də bu sanksiyaların onların nüvə siyasətinə heç bir təsirini görmürük. Biz hamımız bu məsələnin sülh yolu ilə həllinə ümid edirik. Son bir neçə ildə İran beynəlxalq ictimaiyyəti aldadır, onunla oynayır. İranlılar bilməlidir ki, bütün variantlar masa üzərindədir. İkincisi də İran beynəlxalq aləmdə “Həmas”, “İslami-cihad”, “Hizbullah” kimi terror təşkilatlarını maliyyələşdirən, sponsorluq edən, dəstəkləyən dövlətlərdən biridir. Üçüncüsü, İranın dini ideologiyasıdır. İran istəyir ki, bütün müsəlman ölkələri onun kimi radikal şiə ölkəsi olsun. Bu radikal ideologiyanın nüvə məsələsi ilə birləşməsi qorxulu təhlükədir. Bundan başqa, İranda insan haqları, ölüm cəzaları, azad medianın olmaması kimi problemlər də var. Demək istədiyim sonuncu məsələ İran rəhbərlərinin Xolokostu inkar etmələri ilə bağlıdır.
İsrail xalqının İran xalqı ilə heç bir problemi yoxdur. Onlar isə İsrail dövlətinin dağılmasına səsləyirlər. BMT-nin üzvü olan bir ölkə başqa bir üzv olan ölkənin dağılması üçün bəyanatlar verir. Yəhudi dövləti mövcuddur və biz özümüzü müdafiə etməyi bacarırıq.
MƏSLƏHƏT GÖR: