14 Mart 2025

Cümə, 23:41

İRANA ÖZ PROBLEMLƏRİ KİFAYƏTDİR

Azərbaycanla qarşıdurma Tehranın maraqlarına cavab vermir

Müəllif:

16.04.2013

Deyəsən, bəzi iranlı parlamentarilər beynəlxalq hüququ ləğv etmək qərarına gəliblər. Ötən həftə FARS agentliyi İran parlamentinin bir neçə üzvünün Türkmənçay müqaviləsinə yenidən baxılmasını, Azərbaycanın İrana birləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işlədiyinə dair məlumat yayıb.

Ərdəbildən olan deputat Kəmaləddin Pirmoazzen azərbaycandilli deputatların tezliklə müvafiq qanun layihəsi hazırlayacaqlarını bildirib. "İranın şimal regionlarından olan deputatlar forumu 1828-ci ildə imzalanmış müqavilənin müddətinin bitdiyini nəzərə alaraq, sənədə yenidən baxılmalı olduğu qərarına gəliblər", - deyə Pirmoazzen bildirib.

Azərbaycanın ünvanına Urmiyadan olan deputat Nadir Qazipur da hədə səsləndirib: "Bakının liderlərinə xəbərdarlıq edirik ki, yanlış əməllərindən əl çəkməsələr, biz Gülüstan və Türkmənçay müqavilələrinə yenidən baxacağıq".

Qazipur Azərbaycan hökumətini Tehrana qarşı yönəlmiş əməllərdən əl çəkməyə çağırsa da, narazılığının konkret səbəbini söyləməyib. O hesab edir ki, sözügedən iki sənədə əsasən, İrandan ayrılmış Azərbaycan şəhərlərində referendum keçirilərsə, əhali İranın tərkibinə daxil olmağa səs verəcək.

Əlbəttə ki, bütün bunlara Azərbaycan tərəfinin reaksiyası özünü çox gözlətməyib. Hakim Yeni Azərbaycan Partiyasının sədr müavini və icraçı katibi Əli Əhmədov "İnterfaks-Azərbaycan"a açıqlamasında iranlı deputatların bəyanatını tam absurd adlandırıb. "Bu təşəbbüs sərsəm ideyadan, tam cəfəngiyatdan başqa bir şey deyil və İranın daxili auditoriyasına hesablanıb. Digər tərəfdən, bu gün İranın başı üzərini təhlükə alıb və belə cəfəng bəyanatla yalnız reallıq hissini, obyektivliyini itirmiş iranlı siyasətçilər çıxış edə bilərlər", - deyə Ə.Əhmədov qeyd edib.

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə bildirib ki, "İranlı deputatlar Türkmənçay müqaviləsinə yenidən baxmaq istəyirlərsə, biz də öz növbəmizdə Cənubi və Şimali Azərbaycanın birləşməsi tələbini irəli sürə bilərik".

Bakının rəsmi mövqeyinə gəlincə, onu xarici işlər naziri Elmar Məmmədyarov səsləndirib. Nazir hesab edir ki, İran rəhbərliyi Türkmənçay müqaviləsinə yenidən baxılmasına imkan verməz. "İran parlamentində xoş olmayan diskussiyalar başlayıb. Lakin İran tərəfinin belə əməllərinin mənfi nəticələrə aparıb-çıxaracağına inanmıram", - deyə E.Məmmədyarov qeyd edib. Nazir Azərbaycan XİN və səfirliyinin bu məsələ ətrafında yaşananları diqqətlə izlədiyini də söyləyib.

Əlbəttə ki, azərbaycanlı deputatlar hadisələrin inkişafını uzun müddət müşahidə etməli olmayacaqlar. Çünki bir qrup iranlı deputatın təşəbbüsü təxribatçı xarakter daşıyır və apriori iflasa məhkumdur.

Tarixin dərinliklərinə baş vurmadan söyləmək olar ki, Fars və Rusiya imperiyaları arasında bağlanmış Gülüstan və Türkmənçay müqavilələri hüquqi qüvvəsini çoxdan itirib. Ən azı, indi nə Fars, nə də Rusiya İmperiyası var. İranın özü isə indiyədək bütün beynəlxalq ictimaiyyətlə birlikdə Azərbaycan Respublikasının müstəqilliyini iki dəfə tanıyıb - ötən əsrin əvvəlində və sonunda. Yəni hətta İran parlamenti Gülüstan və Türkmənçay müqavilələrindən üz döndərərsə belə, bunun heç bir hüquqi nəticəsi olmayacaq.

Bu gün Azərbaycan beynəlxalq ictimaiyyətin tamhüquqlu üzvüdür. O, BMT-də təmsil olunmaqla yanaşı, qurumun Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü, regionun ən güclü dövlətlərindən biridir. Rəsmi Bakı Azərbaycan torpaqlarının 20%-ni işğal etmiş Ermənistan istisna olmaqla, bütün qonşuları ilə bərabərhüquqlu mehriban qonşuluq münasibətləri qurur. Bu üzdən də Tehranın bir neçə mənfur deputatının təxribatçı bəyanatının ardınca gedəcəyi inandırıcı deyil. Üstəlik, hazırda İran ətrafında beynəlxalq vəziyyət də hər kəsə bəllidir.

"İranın beynəlxalq ictimaiyyətlə çox ciddi problemlər astanasında olduğu bir vaxtda, qonşulara qarşı hər hansı ərazi iddiası ilə çıxış edilməsi çox təhlükəlidir. Bu, həmin ölkə üçün çox ciddi fəsadlar verə bilər", - deyə Azərbaycan Parlamentinin deputatı Asim Mollazadə bildirib.

Ətrafındakı beynəlxalq halqanın günbəgün daraldığı İranın Azərbaycanla dost münasibətlərinə ciddi ehtiyacı var. Tehranda anlayırlar ki, İranın nüvə proqramı ətrafında hadisələrin inkişafı böyük ölçüdə həm də Bakının mövqeyindən asılıdır. Mehriban qonşuluq münasibətlərinə sadiq qalan Azərbaycan rəhbərliyi öz ərazisindən İrana hərbi zərbələrin endirilməsinə imkan verməyəcəyini dəfələrlə elan edib. Beynəlxalq koalisiyanın Əfqanıstandan qoşunları çıxarması ilə İrana qarşı hərbi əməliyyatlara başlamağa imkan verəcək resursların yaranacağını da nəzərə alsaq, Bakının bu mövqeyi son dərəcə ciddi dost addımıdır.

Digər yandan, deputat Qazipurun dediyi kimi, referendum keçirilərsə belə, o, Şimali yox, Cənubi Azərbaycanda təşkil edilməli olacaq. Şimali Azərbaycanın əhalisi SSRİ-nin dağılmasından sonra müstəqilliyə səs verməklə, öz seçimini çoxdan edib.

Amma Qazipurun özü də yaxşı başa düşür ki, Cənubi Azərbaycanda referendum keçirilərsə, bunun altını, ilk növbədə, İranın özü çəkəcək. Nəzərə almaq lazımdır ki, bu ölkənin azərbaycanlı əhalisi dövlət quruculuğunda daim əsas faktor rolunu oynayıb. Azərbaycanlılara iradələrini sərbəst şəkildə ifadə etmək imkanı yaradılarsa, onlar çətin ki, İran islamiyyətini vahid, dünyəvi Azərbaycanın tərkibində yaşamaqdan üstün tutsunlar. Üstəlik, hazırda Qərb istənilən an İranın azərbaycanlı əhalisi arasında mümkün milli-azadlıq mübarizəsini dəstəkləməyə hazırdır. Qərb də İran kimi, vaxtaşırı "Azərbaycan amili"ndən geosiyasi təzyiq vasitəsi kimi istifadə etməyə çalışır.

"İran rejimi siyasi cəhətdən güclü və iqtisadi baxımdan çiçəklənən Azərbaycanın İrandakı soydaşları arasında gizli yollarla separatçılığa dəstək verəcəyindən ehtiyatlanır", - deyə Amerikanın Xarici Siyasət şurasının vitse-prezidenti İ.Berman bununla bağlı "Forbes" jurnalında yazıb.

Oxşar fikirləri bir çox digər ekspertlər də səsləndirir. Onların fikrincə, bəzi parlamentarilərin qalmaqallı bəyanatları həmin deputatların ərköyünlüyü yox, Tehranın özünün növbəti demarşıdır. Özü də ekspertlər bu cür təxribatçı bəyanatlarla məhz azərbaycanlı deputatların çıxış etməsini təsadüf saymırlar. Bu deputatlar, çətin ki, belə bəyanatlar verməklə seçici dəstəyi qazanmağa ümid etsinlər.

İstənilən halda, bu məsələ bir neçə iranlı deputatın quru bəyanatından o tərəfə getməyəcək. Mövcud vəziyyətdə nə Azərbaycan,  nə də, xüsusilə,  İran gərginliyin artmasına yol verməyəcək.



MƏSLƏHƏT GÖR:

556