24 Noyabr 2024

Bazar, 11:41

SOSİAL ŞƏBƏKƏLƏR MƏNGƏNƏSİNDƏ

İnternet məkanı insanlara hazırkı reallıqda necə düşünməyi, necə anlamağı və necə yaşamağı diktə edir

Müəllif:

09.04.2013

Məşhur PSY Gangnam style rəqsini Youtube-da, dünyada İnternetin olduğu, demək olar ki, hər bir mənzildə sevərək rəqs edirlər. İnternetin cavanlı-qocalı çoxsaylı bütün istifadəçiləri xoreoqrafiya incəsənətindən çox nəticəyə hesablanmış Gangnam üslubunda rəqs hərəkətlərini «layk»layaraq qızğın müzakirələr açıblar. Nəticədə dekabrın 21-də - düz dünyanın «sonu» ərəfəsində (həm bu hadisə, həm də rəqs kifayət qədər reklam olunmuşdu) o qədər də keyfiyyətli olmayan bu klipə baxanların sayı 1 milyardı ötüb.

 

Şər, yoxsa xeyir?

Youtube vidoehostinqini də Facebook, Twitter, «Odnoklassniki» və s. kimi sosial şəbəkə saymaq olar. Məsələn, Facebook-a yerləşdirilən istənilən video avtomatik olaraq istifadəçini Youtube-a istiqamətləndirir, orada nəyə və nə vaxt istəsən, harada istəsən baxa bilərsən. Əslində Youtube da digər sosial şəbəkələr kimi, ictimaiyyətə ciddi təsir alətidir. Nəzərə alsaq ki, sosial şəbəkə istifadəçilərinin böyük əksəriyyəti ağlı, həyata baxışı tam möhkəmlənməmiş gənclərdir, o zaman Youtube zövqləri, əhvalı, prioritetləri, düşüncələri formalaşdıra bilər. Bəs insanları, deyək ki, o qədər də yüksək səviyyədə olmayan videoçarxa baxmağa, onu təkrar-təkrar açmağa nə vadar edir? Niyə bir vaxtlar pıçıltı ilə, həyəcanla danışılan intim mövzular indi asanlıqla sosial şəbəkələrə, qoyulur, hər kəsin müzakirəsinə çıxarılır? Hər şey tərbiyədən və ailədəki dəyərlərdən asılı ola bilərmi?

Bu, üzərində heç baş sındırılmasına dəyməyən çox çətin suallardır. Çünki reallıq ortadadır - hansısa beynəlxalq güc ictimai şüuru idarə etməyə, onun zövqü ilə manipulyasiya etməklə, dəyərləri dəyişdirməklə istəyinə nail olmağa çalışır. Gələcəkdə sxemi dəyişərək insanlara daha çətin və incə ideologiya yeritmək lazım gələcəksə, o da bugünkü qədər asan şəkildə həyata keçiriləcək. Çünki həmin qüvvənin əlində İnternet və sosial şəbəkələr var. Başqa təsir vasitəsi yaratmağa isə ehtiyac yoxdur.

Məsələn, ABŞ prezidenti Barak Obamanın mühafizəsində yadplanetlinin «tapıldığına» dair videoçarxın Youtube portalına hansı məqsədlə qoyulduğunu kim bilir? Maraqlı deyilmi? Videoya baxdıqda, həqiqətən, yadplanetlini görürsən. Görüntüləri biri digərinə ötürür və ona baxılma sayı sürətlə artır.

Sosial şəbəkələrin gündəlik sıravi istifadəçiləri onun insan həyatına təsirinin miqyası haqda çətin ki, düşünsünlər. Bu gün sosial şəbəkələrin İnternetdə ən populyar məşğuliyyət olduğunu söyləsək qətiyyən yanılmarıq. Bunu dünya statistikası da təsdiqləyir.

İnsan sosial şəbəkədə… O, kimdir? O, böyük bir dünyada yaşayır. Amma insan heç olmasa bir sosial şəbəkədə qeydiyyatdan keçibsə, o, ölənədək heç yerə itməyəcək. İnternet texnologiyası sahəsinin mütəxəssisləri bildirirlər ki, hazırda sosial şəbəkələr ən müxtəlif informasiyaların toplandığı nəhəng məlumatlar bazasıdır. Bu, bütün dünyada yüz milyonlarla insanı əhatə edir. Üstəlik bu şəbəkələr heç də pis strukturlaşdırılmayıb. Son zamanlar şəbəkələr xarici dünyaya daha çox açılır, istifadəçilərin bir çox şəxsi məlumatları isə indi istəyənlərə tam açıqdır. İnsan müxtəlif sosial şəbəkələrdə nə qədər ünsiyyət qurursa, onun haqqında hər hansı xüsusi şərt olmadan daha çox informasiya toplamaq mümkündür. Bu səbəbdən «xüsusi xidmət orqanlarının informasiyaların 70%-ni açıq mənbələrdən əldə etməsinə» dair mübahisələr indi daha inandırıcı görünür.

Müasir sosial şəbəkələr istifadəçilərdən özləri haqqında, demək olar ki, hər şeyi açıqlamasını tələb edir: foto, video, əlaqələr, maraqları, təhsili, iş yeri, baş çəkdiyi məkanlar, üstünlük verdiyi ərzaqlar, şəxsi düşüncələri və sair. Bu informasiyaların əksəriyyətini qeydiyyatsız da əldə etmək mümkündür. Bunun üçün axtardığınız insanın populyar sosial şəbəkələrdəki səhifəsini tapmağınız kifayətdir. Qalan məlumatları isə onu dostların sırasına daxil etdikdən sonra əldə edə bilərsiniz. Şəxsi yazışmalar da daxil olmaqla, bütün məlumatlar həmin şəbəkənin administratorlarında var və bunu heç bir məxfilik funksiyası ilə gizlətmək mümkün deyil.

 

Amma digər tərəfdən

Almaniyalı alimlər sosial şəbəkələrdə araşdırma aparıblar. Onlar daha çox dünyanın ən məşhur sosial şəbəkəsi olan Facebook-u araşdırıblar. Nəticələr nədən ibarətdir? Müsbət məqamlar azdır. Daim sosial şəbəkələrdə «gəzişmək» insanda mənfi emosiyalar yaradır. «Kiminsə istirahətdə, romantik görüşdə və ya səyahətdə çəkdirdiyi super fotodan yaranan qıcıq insanlarda müxtəlif formalı paxıllıq yaradır, öz həyatında baş verənlərin əhəmiyyətsiz olduğunu düşünməsinə, darıxmasına, tənhalıq hiss etməsinə səbəb olur. Bir çoxlarında «like» toplamaq xəstəliyi yaranır. Bu istək zəhlə aparan hal alır və insanlar sanki topladıqları «like» sayı ilə öyünməyə çalışır. Ümumi şəkildə danışsaq, sosial şəbəkələr streslərə, həyatdan narazılıqlara səbəb olur. Bu vəziyyətlərin ifadəsi üçün hətta «kiberpsixologiya», «internet psixologiyası», «internet asılılığı» kimi ifadələr də yaranıb», - deyə tədqiqatçılar bildirirlər.

Adi misal. İnternet yazışmalarının mübahisəyə səbəb olması ilə ailə idilliyası bir anda dağıla bilər. Paradoks ondadır ki, dünyanın müxtəlif bucaqlarında olan insanları birləşdirən İnternet birlikdə olanları ayırır, virtual sevgi real sevgini dağıdır. ABŞ-da aparılmış statistikaya əsasən, İnternetdəki sevgi yazışmaları hər 5 nikahdan 1-nin pozulmasına səbəb olur.

Bəs sosial şəbəkələrdə cəlbedici olan nədir? Psixoloqların fikrincə, bu, ilk növbədə, özünüreklam və özünü təqdimatla bağlıdır. Kimin roluna istəsən girirsən, fikirlərini, ideyalarını, bütün dünyadan olan xəbərləri bölüşürsən. Gənclərin xoşbəxt olmaları üçün çoxmu şey tələb olunur? İnsan İnternet vasitəsilə özündə müəyyən mikrokosm hiss edir və Kainatın mərkəzinə çevrilir.

Düşünmək olar ki, bu, müsbət haldır. Lakin «yan təsirlər» də var. Bu, internet asılılığıdır - dəlicəsinə saytda olmaq istəyi, özünü göstərmək, «like»ları saymaq, şərhlərə baxmaq həvəsi. Bu, tez-tez əhval pozuntularına səbəb olur. Sosial şəbəkələr əslində insanın əhatə dairəsini genişləndirsə də, reallıqda insanı dost siyahısındakı minlərlə insanın arasında olmasına rəğmən, qapalı, özünə qapanmış hala salır.

 

İnternetin qəribəlikləri

Bəzən İnternetdə çox qəribə hallarla da rastlaşırsan. Məsələn, «Uporotıy lis» ilə bağlı hadisə adamı təəccübləndirməyə bilmir. Axı, bəzi ciddi səhvlərlə düzəldilmiş tülkü müqəvvası insanı niyə cəlb etsin ki? İnsan bu yırtıcını necə bəyənə, «uporotım» adlandıra və ya hərracda onu ala bilər?

Bilməyənlər üçün qeyd edək ki, «Uporotıy lis» - stulda əyləşmiş, gözləri bərəlmiş tülkü müqqəvasıdır. Müqəvvanın müəllifi britaniyalı taksidermistka Adel Morzedir. Ona «Uporotıy lis» adı narkomanların ənənəvi xarici görünüşünü xatırlatdığı üçün verilib. Beləliklə, o, İnternetdə çox məşhur simaya çevrilib - Rusiyada bununla bağlı sərginin təşkilinə də qərar verilib. 2012-ci ilin dekabrında «Uporotıy lis» oyuncaq prototipinə çevrilib və onun üzərində yazılıb ki, bu oyuncaq «əla hədiyyə» ola bilər.

«Uporotım lis», Gangnam style və çoxlu sayda digər nümunələr göstərir ki, İnternet insanların şüurunda asanlıqla və tez bir zamanda möhkəmlənə bilər. Ensiklopedik məlumata əsasən, - «kiç-düşüncə» hamıya məlum olan stereotipdir və o, guya mürəkkəb olan nələrinsə çox asan və rahat şəkildə qəbul olunmasını nəzərdə tutur. Əslində, bu, özünü və başqalarını aldatmaqdır. Burada yenilik əvəzinə ştapm, ağıllılıq əvəzinə - bayağılıq, bədii yenilik əvəzinə isə adilik və şitlik təbliğ olunur. Lakin şitliyi əsl sənət kimi sırımaq üçün, təbii ki, onu parlaq, səs-küylü və diqqəti cəlb edəcək «novatorçu forma» ilə təmin etmək tələb olunur.

 

Və bu gün İnternet, kütləvi şüuru idarə edən sosial şəbəkələr vasitəsilə, məhz bununla məşğuldur.



MƏSLƏHƏT GÖR:

448