Müəllif: Sara EMİL QIZI Bakı
Azərbaycanda, demək olar ki, heç bir sosial xidmət öz fəaliyyətinin ilk günlərindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin «ASAN xidmət»i kimi populyar olmayıb. İki aydan azacıq çox bir müddətə o, nəinki öz yaşamaq qabiliyyətini sübut etdi, həmçinin vacib sənədlərin alınması, inzibati-hüquqi prosedurların keçilməsi zamanı bürokratik əngəllərin geniş siyahısının həlli atributuna çevrildi. Əvvəllər isə bu sənədlər və prosedurlar insanların çox vaxtının, gücünün, əsəblərinin, bəzən də pulunun getməsi hesabına başa gəlirdi. Bu yaxınlarda isə prezident İlham Əliyev tərəfindən «ASAN xidmət»də göstərilən xidmətlər siyahısına əlavələr də edilib ki, bunlar da şübhəsiz bu xidmətin ölkədə daha da populyarlaşmasına imkan yaradacaq.
Keyfiyyət ardınca kəmiyyət
Beləliklə, ilk addım yetərincə uğurlu olub. Hazırda ölkədə yalnız bir «ASAN xidmət» (№1) mərkəzi işləsə də və onun fəaliyyəti hazırda yalnız Bakının üç rayonunu - Nəsimi, Nərimanov və Binəqədi rayonlarını əhatə etsə də , artıq onun xidmətindən 35 min vətəndaş yararlanıb. Əgər bu yaxınlara kimi xidmətlər siyahısına yalnız 23 bənd daxil idisə, martın 18-dən dövlət başçısının əmri ilə bu sıraya xaricilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanda əmək fəaliyyətinə fərdi icazə verilməsi, həmçinin dövlət reyestrindən daşınmaz əmlak üzrə arayışların verilməsi də daxil edilib. Bununla da, göstərilən xidmətlərin sayı 25-ə çatıb.
Bununla yanaşı, mərkəzlər vətəndaşlara 22 yardımçı funksional xidmət üzrə də yardım edəcəklər. Bu sıraya bank hesabının açılması, valyuta mübadiləsi, dövlət rüsumlarının, inzibati hüquq pozuntusu üzrə cərimələrin qəbulu üzrə bank xidməti, avtomobillərin və daşınmaz əmlakın könüllü və icbari sığortası üzrə xidmətlər də daxildir.
Hüquqi yardım göstərilməsi sahəsində xidmətlərin sırasına hüquqi məsələlər üzrə şifahi və yazılı məsləhətlərin verilməsi, izahların və arayışların, eləcə də məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardımını göstərilməsi, hüquqi xarakterli ərizə, şikayət və sənədlərin tərtib edilməsi, həmçinin vətəndaşların müraciəti əsasında göstərilən başqa hüquqi xidmət növləri də daxildir.
Mərkəzlərdə, həmçinin bütün sənədlərin dövlət dilinə və dövlət dilindən başqa dillərə tərcümə edilməsi üzrə xidmətlər də göstəriləcək. Bundan başqa, burada tibbi arayışlar, həmçinin ilkin tibbi yardım almaq da mümkün olacaq.
Bir sıra elektron xidmət növləri asan.gov.az internet-səhifəsinin yardımı ilə göstəriləcək. Mümkün xidmətlər sırasına onlayn rejimdə mərkəzdə növbə yeri əldə etmək, vətəndaşların müraciətlərinin qəbulu və bu müraciətlərə cavab verilməsi, vətəndaşların «ASAN xidmət» mərkəzlərində göstərilən bütün xidmət növləri barədə məlumatlandırılması, mərkəzlərdə göstərilən bütün xidmət növləri üzrə dövlət orqanlarına müraciətlərin qəbulu və bu müraciətlərə cavabların verilməsi daxildir. Mərkəzlərdə yerləşdirilmiş xüsusi terminallar vasitəsi ilə mobil rabitə və internet xidmətlərinin, işıq, su, qaz və başqa kommunal xidmətlərin haqqının ödənilməsi, kreditlər və sığorta üzrə ödənişlərin gerçəkləşdirilməsi də mümkün olacaq.
Azərbaycan Respublikası Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları iş üzrə şöbəsinin müdiri Fuad Ələsgərov bir sıra KİV-lərə bildirib ki, «ASAN xidmət» mərkəzlərinə həvalə edilmiş xidmətlər siyahısına yenilərinin əlavə edilməsi iki əsas məqsəd daşıyır. Birincisi, mərkəzdə hansısa bir sənədi gözləyən vətəndaşlar onlara lazım olan, amma vaxt azlığından və ya başqa səbəb üzündən əvvəllər ala bilmədikləri başqa xidmətdən yararlanmaq üçün əlavə imkan qazanırlar. Bu, eyni zamanda bir neçə problemi həll etməyə imkan yaradır.
İkincisi, yardımçı xidmətlər dövlət orqanları tərəfindən deyil, əsasən özəl müəssisələr və təşkilatlar tərəfindən göstərilir. «ASAN xidmət» mərkəzləri dövlət qurumları olsalar da, özəl sektora - hüquqi şəxslərə, banklara, sığorta təşkilatlarına öz potensialından istifadə etməyə şərait yaradırlar. «Əgər nəzərə alınsa ki, hər gün «ASAN xidmət» mərkəzlərinə minlərlə insan müraciət edir, onda ehtimal etmək olar ki, dövlət mərkəzlərin vasitəsi ilə özəl bölmə üçün də böyük imkanlar yaradır», - deyə F.Ələsgərov vurğulayıb.
Özəl bölmənin inkişafında bu yaxınlarda yaradılmış xidmətin rolunu mərkəzə baş çəkmiş və onun funksiyaları ilə tanış olmuş beynəlxalq təşkilatlar, diplomatik missiyaların rəhbərləri və xarici nümayəndə heyətləri də vurğulayıblar. Belə ki, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının başçısı Raca Almarzoqi xüsusi olaraq Azərbaycan hökumətinin hazırda ölkədə biznes mühitinin yaxşılaşması istiqamətində gördüyü tədbirlər sırasında «ASAN»xidmət mərkəzlərinin fəaliyyətə başlamasını da xüsusi qeyd edib.
Vətəndaşların qapısının astanasınacan
Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış «ASAN xidmət» mərkəzlərinin konsepsiyasının əsas məqsədi yalnız bütövlükdə özəl sektorun inkişafına dəstək vermək deyil, həm də fərdi qaydada hər bir vətəndaşın problemlərinin həllidir. Bu, şəffaflığın təmin edilməsi, korrupsiya faktlarının aradan qaldırılması, dövlət qurumlarının xidmət göstərməsi prosesində çağdaş texnologiyaların tətbiq edilməsi, dövlət qulluqçusu - vətəndaş münasibətləri çərçivəsində yeni düşüncə tərzinin formalaşdırılması deməkdir.
Prezident İlham Əliyev də öz çıxışlarından birində bildirib ki, «dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Siyasət Azərbaycan vətəndaşının sosial rifahının, təhlükəsiz yaşamaq şəraitinin təmin edilməsinə xidmət etməlidir. Biz hər şeyi Azərbaycan vətəndaşı üçün edirik. Bizim məqsədimiz budur». Beləliklə, F.Ələsgərov hesab edir ki, prezident hər bir dövlət məmuru üçün əsas vəzifə kimi dövlət tərəfindən vətəndaşlara göstərilən xidmətlərin etika normalarına ciddi uyğun şəkildə, əngəlsiz və bürokratik maneəsiz gerçəkləşdirilməsini müəyyən edib.
Yeri gəlmişkən, dövlət başçısının sərəncamına uyğun olaraq, «ASAN xidmət» mərkəzlərinin konsepsiyasının yaxşı nəticələr verməsi nəzərə alınmaqla, cari ilin sonuna kimi onlar öz fəaliyyətləri ilə bütünlüklə Bakı, Sumqayıt və Gəncə şəhərlərini əhatə edəcəklər. Mayda Bakının Xətai rayonunda 2 saylı «ASAN xidmət» mərkəzi işə başlayacaq, daha sonra belə bir mərkəz Sumqayıtda peyda olacaq. Onlar Bakının bir neçə rayonunun, Sumqayıtın və respublikanın bir neçə yaxın rayonlarının sakinlərinə xidmət göstərəcəklər. İyulun əvvəlində isə Bakının Yasamal rayonunda 3 saylı «ASAN xidmət» mərkəzi fəaliyyət göstərməyə başlayacaq. Nəticədə Bakının bütün sakinləri mərkəzlərin xidmətindən tam ölçüdə yararlanmağı bacaracaqlar. Həmçinin planlaşdırılır ki, avqustun sonuna kimi Gəncədə «ASAN xidmət» mərkəzi işə başlayacaq, o, şəhərin və yaxın rayonların sakinlərinə xidmət göstərəcək.
Bununla yanaşı, F.Ələsgərov bildirib ki, bütün respublika ərazisinin «ASAN xidmət» mərkəzlərinin fəaliyyəti ilə əhatələnməsi bir neçə il çəkəcək. Amma bu, başqa regionların sakinlərinin ilk vaxtlarda mərkəzlərin xidmətindən yararlana bilməyəcəyi demək deyil. Belə ki, dövlət başçısının göstərişi ilə, iyundan başlayaraq, lazımi çağdaş avadanlıqlarla təchiz olunmuş xüsusi avtobuslar şəhərlərdə və ölkənin rayonlarında əhaliyə səyyar xidmət göstərəcək. «Bir sözlə, dövlət öz xidmətlərini birbaşa vətəndaşlarımızın qapısının astanasına qədər çatdırmalıdır», - deyə Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb.
MƏSLƏHƏT GÖR: