
«ŞANSON DİPLOMATİYASININ» ERMƏNİ DİLİNƏ TƏRCÜMƏSİ
Şarl Aznavurun bəyanatı Ermənistan üçün son dərəcə əlverişsiz anda səsləndi forma alır
Müəllif: NURANİ Bakı
Yerevanda postseçki qarşıdurması fonunda yeni qalmaqal baş qaldırıb. Onu tamamilə haqlı olaraq «Türkiyə qalmaqalı» adlandırmaq olar. Söhbət heç də İrəvan -Van-İrəvan və İrəvan-İstanbul aviareyslərinin ləğv edilməsindən getmir. Üstəlik reyslərin ləğvi məsələsi Ermənistanın milli aviaşirkəti «Armavia»nın müflisləşməsilə tez bir zamanda kölgədə qalıb. Bundan daha ciddi qalmaqala məşhur fransız şanson ifaçısı, Ermənistanın İsveçrədə, həmçinin BMT və UNESCO-dakı səfiri Şarl Aznavurun bəyanatı səbəb olub.
O, İsveçrədə dərc olunan fransızdilli «La Liberte» qəzetinə müsahibəsində deyib: «Arzum Türkiyəyə səfər etməkdir! …Türklər Ermənistanla sərhədləri açmağa razılıq verərlərsə, «soyqırımı məsələsi» həllini tapmasa belə, mən Türkiyəyə gedəcəyəm. Sərhədlərin açılması bir çox ürəyə su səpəcək. Bu, əla səyahət olardı!..» Şanson ifaçısı İstanbulda yalnız karyerasının başlanğıcında çıxış etdiyini xatırladıb.
Lakin məlum olub ki, jurnalistlərlə söhbətində ifaçı yalnız gileyini dilə gətirməyib: «…Sərhədlərin açılması vacibdir. Amma ermənilər, insanları sahib olduqlarını da satmağa, qul kimi işləməyə məcbur edən mənfəətpərəstlər qarşısında da güclü olmalıdırlar».
İndi şanson ifaçısı «kifayət qədər vətənpərvər olmamaq»la bağlı ittihamlar selinin qarşısında qalıb. İsveçrə-Ermənistan parlament qrupu Şarl Aznavurun İsveçrənin «RTS» telekanalına müsahibəsində 1915-ci il hadisələrinin tanınması mövzusunda danışarkən «soyqırım sözünə tüpürüm» deməsinə son dərəcə sərt, emosional və hətta demək olar ki, «qalmaqallı» reaksiya verib. Bu, Şarl Aznavurun həmvətənlərini «soyqırım» sözündən imtinaya ilk çağırışı deyil. O, hesab edir ki, Türkiyə ilə barışıq Ermənistanın «soyqırım» sözündən imtinasını tələb edirsə, buna gedilməlidir. Hələ 2011-ci ilin payızında Aznavur «Nouvelles d’Arménie» jurnalına müsahibəsində «erməni soyqırımı», miqrasiya, həmçinin Ermənistan-Türkiyə münasibətləri haqda fikirlərini açıqlamışdı. O zaman «Armenia today» saytı xəbər verirdi ki, «Vivement Dimanche» verilişində «soyqırım» termini haqda açıqladığı fikirlərə dair sualları cavablandıran Aznavur deyib: «Bu, məni üzür. Biz bu yolla uğur qazana bilmərik və heç zaman bilməyəcəyik də. Hansı dövlət özünü qurban verərək bizi müdafiə edər? Heç biri. Fransa tanımalı olduğunu tanıyıb və artıq bu istiqamətdə irəli getməyəcək. Bu məsələdə heç bir dövlət bizə kömək etməyəcək. Heç vaxt.» Məşhur ifaçının fikrincə, Ermənistan «soyqırım» sözünə köklənməklə irəli gedə bilməyəcək: «Ermənistan ciddi təhlükə qarşısındadır və bütün diqqətlər «soyqırım» sözünə yönəldilib. Belə şəraitdə Ermənistanın necə irəliləyə biləcəyini təsəvvür etmirəm. Bu məntiq bizi haraya aparacaq? Bu fikrimə görə məni tənqid edən insanlar hanı? Onlar Ermənistana kömək etmək üçün nə iş görürlər? Onlar məni öyrədə bilməzlər. Mən onları öyrədərəm».
Xatırladaq ki, o zaman Şarl Aznavur daha ciddi hücumlara məruz qalmışdı. KİV-də guya bu bəyanatın yalandan Aznavurun adından yayıldığına dair xəbərlər də çıxmışdı. Lakin sonradan məşhur ifaçının həqiqətən də, mübahisəyə səbəb olan bu termindən imtinaya çağırışının təsdiqləndiyi videogörüntülər yayıldı.
Bu arada bir xatırlatma yerinə düşərdi: erməni diasporunun siyasi dairələrində məhz «soyqırım» sözünə daha ciddi əhəmiyyət verilir. Əslində 1915-ci il hadisələrini «erməni faciəsi», «qətliam», «böyük qətliam» və ya «Mets yegernom» adlandırmaq olar, necə ki, Barak Obama adlandırıb. Lakin bu neologizmlərin heç birinin hüquqi davamı olmayacaq. «Soyqırım» ifadəsi isə fərqli şeydir. «Adi qətliam»a görə müttəhimlər kürsüsünə yalnız hadisənin iştirakçılarını oturtmaq olar. Amma söhbət «soyqırım»dan gedirsə, erməni siyasi dairələri əmindir ki, burada Türkiyə dövlətinin cəzalandırılması tələbilə çıxış etmək mümkün olacaq. Üstəlik ermənilərin bu məsələ ilə bağlı tələbləri daha genişdir. Onlar hətta Türkiyənin Şərqi Anadoludakı 6 vilayətinin Ermənistana verilməsini də tələb edirlər. Məhz buna görə də «soyqırım» termini ətrafında bu qədər geniş mübahisə yaranıb.
Bütün bunların fonunda Şarl Aznavurun son bəyanatları satqınlıq kimi qiymətləndirilib. Ən əsası isə bu mübahisə dərhal Ermənistanın hazırkı rəhbərliyinə qarşı yönəldilib. «Nouvelles d'Armenie» xəbər verir ki, İsveçrə-Ermənistan parlament qrupu tərəfindən yayılmış bəyanatda Ermənistanın İsveçrədəki, həmçinin BMT və UNESCO yanındakı səfiri Şarl Aznavurun müsahibəsindəki fikirlər ehtiyatsızlıq və uğursuzluqdur. «Cənab Aznavur «soyqırım» sözünə tüpürdüyünü» deyir. O, unudur ki, İsveçrə bu cinayətin qurbanı olmuş xalqların müdafiəsində həmişə öndə olub. Bundan başqa, Aznavur müsahibəsindən cəmi bir neçə gün sonra Cenevrədə İnsan Haqları Şurasında Ermənistan nümayəndə heyətinin soyqırımın önlənməsilə bağlı vacib qətnamə layihəsini müzakirəyə çıxarmağa hazırlaşdığını da yaddan çıxarıb», - deyə bəyanatda bildirilir. Nəzəri cəhətdən, əlbəttə ki, erməni diasporunun Serj Sarqsyana Türkiyə ilə barışıq cəhdini bağışlamadığını düşünmək olar. Halbuki hadisələr İrəvanın real güzəştlərə hazır olmadığını göstərdi. Amma indi hökumətə yaxın olan «Qolos Armenii» başqa fikirdədir: «Bu mövzunun zərifliyi şübhəsizdir: söhbət böyük artist və böyük insan, bütün dünya ermənilərinin sevgisini və məhəbbətini qazanmış Şarl Aznavurdan gedir. Amma söhbət həm də Ermənistanı təmsil edən diplomatdan gedir. Son zamanlar o, nəinki «Ay Data» («Türkiyə üzərində erməni məhkəməsi» - red.) məsələsində erməniliyin mövqelərinə zidd olan, eyni zamanda Ermənistan dövlətinin rəsmi siyasətinə tam əks bəyanatlar səsləndirir». Qəzet yazır ki, «bu halda bir sual qaçılmazdır: Şarl Aznavur bu mövqeni kimin adından ortaya qoyur - şəxsən özünün, yoxsa Ermənistan Respublikasının? Əgər «soyqırım sözünə tüpürmək lazımdır» fikri şanson ifaçısı və ictimai xadim Aznavura aiddirsə, bu, başqa. Amma bu fikri Ermənistan Respublikasının İsveçrə Konfederasiyasındakı fövqəladə və səlahiyyətli səfiri səsləndirirsə, bu, tamam ayrı - dövlət səviyyəsidir. Ermənistan Respublikasını başqa ölkədə təmsil etmək hüququ verilmiş rəsmi şəxsin təmsil etdiyi dövlətin adından danışdığını zənn edə bilərikmi?»
Bununla yanaşı, qəzet «diplomat Aznavurun mövqeyinin daha Ermənistan Respublikasının dövlət xəttilə üst-üstə düşmədiyinə» şübhə etmir: «Odur ki, qərar birmənalı olmalıdır. Əks təqdirdə, erməni ictimaiyyəti çox tez bir zamanda isveçrəli deputatların sualını təkrarlayacaq: Tək Şarl Aznavurun yox, daha vacib olanı - Ermənistan hökumətinin əsl niyyəti nədir?»
Əlbəttə, bunun təsadüfdən başqa bir şey olmadığını da düşünmək mümkündür. Amma məsələ ondadır ki, Şarl Aznavurun bəyanatı Ermənistan üçün son dərəcə əlverişsiz anda səslənib. Ermənistanda artıq 2015-ci ildə «soyqırımı»nın 100-cü ildönümünə hazırlıq başlayıb. Üstəlik 2013-cü ilin 24 aprel tarixinə elə də çox vaxt qalmayıb. Həmin gün edəcəyi müraciətdə növbəti dəfə Barak Obamadan 1915-ci il hadisələrini «soyqırım» adlandırılması gözləniləcək və tələb olunacaq. ABŞ Konqresində növbəti «erməni qətnaməsi»nin qəbuluna cəhdlərin göstəriləcəyi də istisna deyil. Amma Ermənistanda da başa düşürlər ki, bu dəfə qüvvələr nisbəti onlar üçün o qədər də müsbət şəkildə deyil. Elə aprel və «qüvvələrin sınağı» ərəfəsində Barak Obama Yaxın Şərqə səfəri zamanı sanki mümkün olmayanı reallaşdırdı. O, İsrailin baş nazirinin Türkiyədən Mavi Marmara gəmisinə edilmiş hücuma görə üzr istəməsinə nail oldu. Bu hadisə kifayət qədər düşündürücüdür. Birincisi, ABŞ Ankaranın onun üçün son dərəcə qiymətli müttəfiq olduğunu göstərib və hətta İsrailin xətrinə belə, onun «qolunu burmaq» fikrində olmadığını nümayiş etdirib.
İkincisi, indi Türkiyənin «yəhudi lobbisi»nin dəstəyini almaq şansları kifayət qədər çoxalıb.
Üçüncüsü, Suriyada baş verənlər, İrandakı böhran və s. fonunda Türkiyənin nüfuzu və rolu xeyli artıb.
Bunları «dördüncüsü», «onuncusu», «iyirmincisi»nədək uzatmaq olar. Nəticə isə birdir: Vaşinqton «erməni prioritetlərinə» görə Ankarayla münasibətlərini risk qarşısında qoymayacaq. Və bu məqamda «dünyanın ən məşhur ermənisi» adlandırılan Şarl Aznavurdan bu cür badalaq!
Ən maraqlısı isə bütün bunların İrəvanda «gizli mübarizə»nin güclənməsi fonunda baş verməsidir. Raffi Ovannisyanın mitinqləri tədricən sona çatır. Amma Serj Sarqsyan çətin ki, özünü prezident kürsüsündə rahat hiss etsin. Üstəlik o, etirazçı elektoratın heç də qeybə çəkilmədiyini yaxşı anlayır - sosial-iqtisadi problemlərin kifayət qədər olduğu şəraitdə həmin kütlə yalnız və yalnız artacaq. Belə vəziyyətdə xarici siyasətdə də heç bir uğur yoxdursa, onda qələbəni bayram eləmək üçün heç bir əsas qalmır.
Bir çox əlamətlər göstərir ki, Serj Sarqsyanın «komanda»sında ciddi «gizli mübarizə» başlayıb və məqsəd, kimin «qurban veriləcəyi»ni razılaşdırmaqdır. Bu rol üçün, güman ki, xarici işlər naziri Edvard Nalbandyan seçilib. Hər halda, İrəvanın «Avanqard» qəzeti məhz bu fikirdədir. Qəzet hətta XİN-in başına keçəcək yeni şəxsin adını da açıqlayıb. Bu, Serj Sarqsyan administrasiyasının hazırkı rəhbəri Vigen Sarqsyandır. Şarl Aznavur ətrafındakı qalmaqal da bu sxemə tam uyğun gəlir.
Amma bütün yaşananlar zamanı ən vacb məqam «kadr arxasında» qalır. Çox güman ki, artıq ermənilər arasında da xoş olmayan sualı verənlərin sayı artır: «1915-ci il soyqırımı» haqqında mif çox baha başa gəlmirmi?
MƏSLƏHƏT GÖR: