
TAM ƏKS YANAŞMA
ATƏT-in Minsk qrupunun həmsədrləri Bakı ilə İrəvanı danışıqlar masası arxasına əyləşdirə bilmir
Müəllif: Rasim MUSABƏYOV,politoloq, Milli Məclisin deputatıBakı
Aprelin əvvəlində ATƏT-in Minsk qrupunun həmsədrləri Jak For (Fransa), İqor Popov (Rusiya) və Yan Kelli (ABŞ) Azərbaycana səfərə gəldilər. Burada onları prezident İlham Əliyev qəbul etdi. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişi, həmsədrlərin bu yaxınlarda Azərbaycan və Ermənistanın XİN başçıları ilə Parisdə apardıqları danışıqların nəticələri müzakirə olundu. Aprelin 5-də həmsədrlər və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşik qoşunların təmas xəttini keçərək Dağlıq Qarabağa getdilər. Ondan əvvəl isə vasitəçilərə hələ martda İrəvan və Xankəndiyə baş çəkmişdilər. Sanki Minsk qrupunun həmsədrləri kifayət qədər fəallıq nümayiş etdirir. Lakin onların səylərində heç bir məhsuldarlıq yoxdur. Bu, Bakının açıq narazılığına səbəb olur. Bu narazılığı Azərbaycanın Prezident Administrasiyasının xarici siyasətə məsul rəsmisi Novruz Məmmədov dilə gətirib. O, ATV-yə müsahibəsində açıq şəkildə deyib: «Bizim istəyimiz odur ki, həmsədrlər, nəhayət, o baş-bu başa gəzməyə son qoysunlar. 20 ildən artıqdır ki, bu problemlə məşğuldurlar, lakin hələ də konkret mövqe nümayiş etdirməyiblər… Həmsədr ölkələrin rəhbərləri daha ciddi və qətiyyətlə düşünməli və qərar qəbul etməlidirlər».
İstənilən obyektiv müşahidəçi Bakının narazılığı üçün əsasların olduğu ilə razılaşar. 2011-ci ildə prezidentlərin Kazanda təşkil olunmuş görüşünün iflasa uğramasından sonra danışıqlar dayanıb. Xatırladaq ki, həmin görüşün iflasa uğraması Moskvanın Madrid prinsiplərini İrəvanı və özünü qane edən, lakin Bakının maraqlarına zidd olan formada təqdimatı ilə bağlı idi.
Beləliklə, indi nəinki prezidentlər, hətta xarici işlər nazirləri arasında da birbaşa danışıqlar aparılmır. XİN başçıları yalnız Minsk qrupu həmsədrləri ilə ayrı-ayrılıqda görüşürlər (London, Paris).
«Biz 2012-ci ildə Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların intensivliyinin azalmasına şahid olmuşuq», - deyə Avropa İttifaqının Bakı ofisinin rəhbəri Rolan Kobia bildirib. Onun sözlərinə görə, Avropa Qonşuluq Siyasətinin 2012-ci ilə dair məruzəsində Azərbaycan və Ermənistana aid bölmədə münaqişənin sülh yolu ilə həllinə nail olunması üçün səylərin artırılması tövsiyə olunur. Kobia Avropa İttifaqının xüsusi nümayəndəsinin Dağlıq Qarabağa sərbəst baş çəkməsinə imkan yaradılmasının vacibliyini də vurğulayıb. Bakı bunun üçün şərt kimi Aİ missiyasının və mandatının tam aydın ifadə edilməsini, həmçinin bu səfərlərin Ermənistan yox, Azərbaycan ərazisindən həyata keçirilməsini tələb edir.
Münaqişə tərəflərini Madrid prinsiplərinin bazası əsasında danışıqları davam etdirməyə Minsk qrupuna həmsədrlik edən ölkələrin XİN başçıları da çağırır.
Lakin tərəflər danışıqların konkret gündəliyini razılaşdıra bilmir. Ermənistan danışıqların real olaraq irəli aparılmasından yayınır, müzakirə mövzusu kimi «atəşkəs rejiminin möhkəmlənməsi», Xocalı aeroportunun açılması, «inam tədbirləri»nin görülməsi kimi məsələləri ortaya atır. İrəvan Dağlıq Qarabağ separatçılarının danışıqlarda bilavasitə iştirakını da tələb edir. Ermənilərin Madrid prinsipləri əsasında 8 ildir aparılan danışıqları arxivə göndərməyə, hər şeyə başdan başlamağa hazır olduqları hiss edilir.
Azərbaycanda isə münaqişənin həllinə dair prinsipial məsələlərin müzakirəsindən yayınılması, ermənilərin öz maraqlarına uyğun şəkildə ortaya atdıqları mövzularda müzakirələrin dərinləşdirilməsi yolverilməz sayılır. Bakı Madrid prinsiplərinin sonsuzluğadək müzakirəsinin səmərəsiz olduğunu da düşünür və hesab edir ki, bu prinsiplərin ən vaciblərinin MQ ölkələri prezidentlərinin birgə bəyanatlarında (Akvil, Muskoku) əks olunması artıq kifayətdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Minsk qrupunun həmsədrlərinə böyük sülh sazişi üzərində işə başlanılmasını dəfələrlə təklif edib. Axı, sonda prinsiplərə yox, həmsədrlərin zəmanəti və yardımı ilə münaqişə tərəflərinin addımlarının müddəti və ardıcıllığının əks olunduğu konkret razılaşmalara əməl olunacaq.
Göründüyü kimi, tərəflərin danışıqların ayrı-ayrı məqamları ilə bağlı yox, bütünlükdə proseslə bağlı mövqeləri bir-birinə tam ziddir. Üstəlik, silahlanma yarışı da davam edir, qoşunların təmas xəttində insidentlərin sayı durmadan artır. Hərbi əməliyyatların bərpası riski böyükdür. Bu, ABŞ Milli Kəşfiyyatının direktoru Ceyms Klepperin təhlükəsizlik problemlərilə bağlı Konqresə təqdim etdiyi məruzədə də təsdiqlənir. «Aktiv ritorika, hər iki tərəfdəki inamsızlıq və qoşunların təmas xəttində sistematik xarakter almış zorakılıq halları vəziyyətin gərginləşməsi risklərini artırır», - deyə o, hesabatında yazır.
Paralel olaraq diplomatik və informasiya mübarizəsi gedir, Azərbaycanın Ermənistanı iqtisadi baxımdan, nəqliyyat sahəsində təcrid duruma salması daha sərt xarakter alır. Yalnız bu ilin əvvəlindən ABŞ-ın bir neçə ştatı (onların ümumi sayı 11-ə çatıb) erməni qüvvələri tərəfindən Xocalıda azərbaycanlı əhalinin kütləvi şəkildə məhv edildiyini tanıyıb və pisləyib. Müvafiq qətnamələr Çexiya, Bosniya və Herseqovina, Rumıniya parlamentlərində də qəbul edilib. Ermənilər buna Litva parlamentində «DQR-lə dostluq qrupu» yaratmaqla cavab verməyə çalışsa da, erməni lobbisinin kələyi Seym rəhbərliyi və Litva XİN-i tərəfindən rədd edilib.
Ermənilər Abxaziyadan keçən dəmir yolunun mümkün açılışı məsələsini şişirtsələr də, məsələ ölü nöqtədən tərpənmədi. Qeyd edək ki, bu yolun açılması onlara Rusiyaya, oradan isə Avropaya çıxış imkanı yaradardı. Lakin məsələ elə arzu olaraq qaldı.
Van-İrəvan birbaşa aviareysinin açılması məsələsi geniş reklam olunsa da, ermənilərin bu niyyəti də baş tutmadı və bu da İrəvanın planlarına ciddi zərbə oldu. Erməni ekspertlərin Ankaranın reysi Bakının reaksiyasını nəzərə alaraq, qadağan etdiyinə şübhəsi yoxdur. İndi Ermənistan KİV-i onlar üçün daha vacib olan İrəvan-İstanbul reysinin də mümkün ləğvi haqda yazmağa başlayıb. Yəqin ki, bu, Ankaranın ermənilərə mesajıdır: «1915-ci il soyqırımı»nın ildönümü ərəfəsində ermənilər xaricdə Türkiyə əleyhinə kampaniyanı gücləndirərlərsə…
Ermənistan rəsmilərinin nikbin bəyanatlarının əksinə olaraq, ölkə iqtisadiyyatında durğunluq davam edir. Əvvəldən də cüzi həcmdə olan xarici investisiyalar ilin əvvəlindən daha da azalıb və indi əvvəlkinin dörddə biri həcmindədir. Serj Sarqsyan hökumətinin Brüssel və ya Moskvanın ayırmasına ümid etdiyi 1-2 milyard dollarlıq kreditin taleyi də qeyri-müəyyən olaraq qalır.
Bu şəraitdə əhalinin kütləvi emiqrasiyasının davam etməsi təəccüblü deyil. Ermənistanda növbəti prezident seçkisinin də əhalidə məyusluq yaratmasından sonra bu proses daha geniş vüsət alıb. 2012-ci ilin ikinci yarısında keçirilmiş sorğunun nəticəsinə görə, Avropa İttifaqı ilə sərhədlərin açılacağı təqdirdə (və ya viza rejiminin maksimum yüngülləşdirələcəyi halda) 1 milyonadək insan Ermənistanı tərk etməyə hazırdır. Bu, hazırda real olaraq Ermənistanda qalmış əhalinin təxminən 40%-dir. Müqayisə üçün qeyd edək ki, elə həmin sorğu Aİ ilə viza rejiminin yüngülləşdiriləcəyi təqdirdə Azərbaycanı təxminən 470 min, Gürcüstanı isə 250 minədək insanın tərk etməyə hazır olduğunu göstərib. Bu, Azərbaycan və Gürcüstan əhalisinin 5-6%-i deməkdir.
Bu arada Rusiya təxminən birillik fasilədən sonra, sanki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müəyyən fəallıq göstərməyə başlayıb. Moskvanın Ermənistan-Azərbaycan qarşıdurmasının, həqiqətən də, regionda təhlükəli böhrana səbəb ola biləcəyini anladığı istisna deyil. Rusiya göstərib ki, Parislə Vaşinqton danışıqlarda əsas moderator rolunu öz üzərlərinə götürmək iqtidarında deyillər və bunu arzulamırlar da. ABŞ və Fransanın diqqəti Yaxın Şərqə (Suriya, İran) və Şimali Afrikaya (Mali), yönəlib, Brüsselin başı isə maliyyə-iqtisadi problemlərə qarışıb.
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Moskvaya səfərə hazırlaşdığı açıqlanıb. Bunu Rusiya XİN-in rəsmisi Aleksandr Lukaşeviç Moskvada keçirdiyi brifinqdə bildirib. Lakin o, səfərin dəqiq tarixini açıqlamayıb. Lukaşeviç Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun mayın 20-21-də Rusiyaya səfər edəcəyini, orada həmkarı Sergey Lavrovla görüşəcəyini də söyləyib. Lavrovun Ermənistan və Azərbaycanın XİN başçıları arasında heç olmasa birbaşa dialoqun bərpası məqsədilə görüşün təşkili təşəbbüsü ilə çıxış edəcəyi də istisna olunmur.
Lakin nikbinlik üçün əsas çox azdır.
MƏSLƏHƏT GÖR: