Müəllif: Nurlanə QULİYEVA Bakı
Novruz Bayramı ilə əlaqədar hər kəsə müsbət emosiya, yüksək əhval bəxş edən istirahət həftəsi geridə qaldı. Tətil günləri Azərbaycanda hökm sürən əsl bahar havası istirahəti təbiətin qoynunda, şəhər səs-küyündən və təlaşından uzaqda keçirmək imkanı yaratdı. Xoşbəxtlikdən, bu gün ölkənin demək olar ki, bütün regionları daxili turizm həvəskarları və xarici qonaqların layiqincə istirahət etməsinə imkan verəcək yaxşı infrastrukturla öyünə bilər. Hər halda, Ümumdünya İqtisadi Forumunun (ÜİF) "Turizm sahəsində rəqabət qabiliyyəti-2013" (The Travel & Tourism Competitiveness Report-2013) hesabatında Azərbaycanın turizm sahəsində rəqabət qabiliyyətini artırması əbəs deyil.
Reytinqdə daha yüksək,keyfiyyətdə daha yaxşı
Beləliklə, ildə iki dəfə dərc olunan hesabata əsasən, Azərbaycan 83-cü pillədən 78-ci pilləyə yüksəlib. Bundan başqa, ÜİF-in qiymətləndirməsinə əsasən, Azərbaycan turizm sahəsindəki qanunvericilik bazasının vəziyyətinə görə dünyada 46-cı, biznes mühiti və infrastruktura görə 87-ci, turizm üçün mədəni və təbiət resurslarına görə isə 96-cı yerdədir.
Qeyd edək ki, əsas göstərici - səyahət və turizm sahəsində rəqabət qabiliyyəti indeksi bir sıra meyarlara əsasən müəyyənləşdirilir və 140 ölkəni əhatə edir. Bu göstəricilər arasında ÜİF dövlət idarəçiliyində şəffaflığın səviyyəsinə (dünyada 48-ci yer), biznesə başlanılması üçün lazım olan günlərin sayına (33), biznesə başlanılması üçün tələb olunan xərclərə (33), sektorun inkişafının davamlılığına görə (41) Azərbaycana daha yüksək qiymətlər verib. Maraqlıdır ki, ölkədə təhlükəsizlik (52-ci yer), səhiyyə və gigiyena sahəsi (34) və 10 min nəfərə düşən xəstə çarpayılarının sayına görə (8) vəziyyət kifayət qədər qənaətbəxş qiymətləndirilib. Bununla yanaşı, tədqiqatçıların fikrincə, Azərbaycanda turistlərin cəlbi üzrə marketinqin effektivliyi (44-cü yer), turizm sahəsində informasiya bolluğu (22), yanacağın qiyməti (17), dünya irsinə aid abidələrin sayı (45) və s. göstəricilərə görə də vəziyyət pis deyil.
Problemlər sırasında isə ÜİF Azərbaycanda vizanın alınması şərtlərini, keyfiyyətli içməli su çatışmazlığını, turizm infrastrukturunun vəziyyətini, aeroport rüsum və vergilərini, təhsil sisteminin keyfiyyətini, təbii ehtiyyatların qorunmasını göstərib.
Bütövlükdə götürdükdə, beynəlxalq qurumun hesabatı son illər Azərbaycanda turizm sənayesinin inkişafını kifayət qədər dəqiq əks etdirir. Hərçənd problemli məqamlarla bağlı mübahisə də etmək olar. Məsələn, söhbət təbii resurslardan gedirsə, hazırda Azərbaycan ərazisinin 10%-i mühafizə olunan ərazidir - 8 milli park, 20-dən artıq qoruq. Son illərdə ətraf mühitin mühafizəsi məsələsinə də diqqət artırılıb, turizm infrastrukturu yaxşılaşdırılır (10 ildə mehmanxanaların sayı 5 dəfə artıb), içməli su məsələsinə gəlincə, bu problem su təchizatı sahəsində yeni nəhəng layihələrin reallaşdırılması sayəsində tam həll olunmağa yaxındır.
Ümumilikdə isə artıq qeyd olunduğu kimi, ÜİF-in reytinqində irəliləmək ölkənin turizm sahəsindəki imicinin yaxşılaşması baxımından daha bir ciddi hadisədir.
Bu sahədə inkişafı rəsmi statistika da təsdiqləyir. Statistikaya əsasən, 2003-cü ildən ölkəyə gələn turistlərin sayı 2 dəfədən çox artaraq 2,484 milyona çatıb. Turistlərin Azərbaycandakı xərcləri isə 57,7 milyon dollardan 1,3 milyard dollaradək artıb.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sözlərinə görə, bu gün Azərbaycana gələn turistlərin əksəriyyəti qonşu ölkələri təmsil edir. Lakin son zamanlar Avropa ölkələrindən, eyni zamanda, Yaponiya, Çin və Cənubi Koreyadan ölkəyə turist axını müşahidə olunur.
Qış turizm komplekslərinin istifadəyə verilməsi ilə daxili turizm göstəricilərində ciddi artım qeydə alınıb. Yalnız "Şahdağ" dağ xizəyi kurortuna fəaliyyət göstərdiyi 2 ayda 50 min turist bura baş çəkib. Bu, Azərbaycanda turizm obyektlərinə turist axınına görə rekorddur. N.Səmədovun sözlərinə görə, xarici turistlərin kompleksə marağının az olması hələlik "Şahdağ"ın dünyada o qədər də tanınmaması ilə bağlıdır: "Lakin nazirlik hər il xaricdə 20-dən artıq turizm sərgisində iştirak edir və "Şahdağ" kurortu hər yerdə bizim təbliğat işlərimizin ayrılmaz hissəsidir".
Kadr məsələsi
Bununla yanaşı, müəyyən problemlərin mövcudluğunu Mədəniyyət və Turizm Nazirliyində də təsdiqləyirlər. Məsələn, istirahət edənlərə xidmət göstərən obyektlərin sayının artması, əlbəttə ki, çox müsbət haldır. Lakin onların arasında ümumi reyestrə düşməyənlər, lazımi infrastruktura, xüsusilə də savadlı xidmət personalına malik olmayanlar da var. Təbii ki, belə obyektlərdə xidmət səviyyəsinin aşağı olması ümumilikdə ölkənin turizm sahəsindəki imicinə də mənfi təsir göstərir. Belə hallarla mübarizə artıq bir neçə ildir davam edir. Mədəniyyət və Turizm Nazirliyi bu yaxınlarda Vergi və İqtisadi İnkişaf nazirliklərinə müraciət edərək, lisenziyasız fəaliyyət göstərən mehmanxanalarla birgə mübarizə aparılmasını istəyib. N.Səmədovun sözlərinə görə, hazırda Azərbaycanda 514 mehmanxana və mehmanxana tipli obyekt var. Onlardan yalnız 260-ı lazımi lisenziyanı alıb. "Bu gün elə mehmanxanalar var ki, özünü dörd, hətta beşulduzlu adlandırır. Əslində isə onların fəaliyyət göstərməsi üçün müvafiq icazəsi belə yoxdur. Bu, istehlakçıların hüquqlarının pozulmasıdır. Nazirliyimizlə bəzi belə obyektlər arasında məhkəmə çəkişməsi davam edir", - deyə N.Səmədov qeyd edib.
Bundan başqa, nazirlik turistlərin sevimli məkanı - qoruqların ərazisində fərdi yaşayış evlərinin tikintisindən də narazıdır. "Belə qanunsuz işlərin görülməsinə başlanılan zaman bəzi mədəniyyət və turizm şöbələri passivlik nümayiş etdirərək, öz vəzifələrini lazımi səviyyədə icra etmir. Azərbaycanın mədəni irsinə belə yanaşma qəti şəkildə yolverilməzdir. Belə hallardan qaçmaq üçün şöbə rəhbərləri bütün imkanlarını səfərbər etməlidirlər", - deyə nazir müavini bildirib.
Yeri gəlmişkən, nazir Əbülfəs Qarayev də regional mədəniyyət və turizm şöbələrinin fəaliyyətindən narazılığını bildirib, şöbələrdə ali savadlı kadrların çatışmazlığından şikayətlənib.
Qeyd etmək lazımdır ki, turizm sahəsində ixtisaslı kadrların çatışmaması, personalın xidmət səviyyəsinin aşağı olması kifayət qədər nəzərə çarpan problemdir. Turizm obyektlərinin sayının artması ilə əlaqədar olaraq işçi personala olan tələbat da kəskin şəkildə artıb. Əgər 2003-cü ildə turizm sahəsində 2678 nəfər çalışırdısa, 2012-ci ildə bu rəqəm 8 minə çatıb. ÜİF yaxın 10 ildə turizm sahəsində məşğulluğun 2,7% təşkil etməsini gözləyir.
Amma say artımı heç də mütləq şəkildə xidmət səviyyəsinin yüksəlməsi anlamına gəlmir. Azərbaycanda Turizm İnstitutu yaxın keçmişdə (2006-cı ildə) yaradılıb və peşəkar kadrların çatışmazlığı bu gün də hiss olunur. Mədəniyyət və Turizm Nazirliyi artıq təcrübəsi olan və turizm obyektlərində işçi kimi özünü göstərə bilmiş şəxslər üçün xüsusi kursların təşkilini də vəziyyətdən çıxış yolu sayır.
Turizm sahəsində peşəkar xidmət personalının çatışmazlığını Azərbaycan Turizm İnstitutunun (ATİ) prorektoru Eldar Aslanov da təsdiqləyir. Onun sözlərinə görə, məhz bu çatışmazlığı aradan qaldırmaq üçün 2006-cı ildə ATİ, 2011-ci ildə isə ATİ nəzdində Bakı Turizm Peşə Məktəbi yaradılıb. Yaxın illərdə Qusar, Zaqatala, Şəmkir, Göygöl və Masallıda da regional turizm peşə məktəblərinin yaradılması planlaşdırılır. Hazırda Bakıdakı peşə məktəbində 500-dən çox, ATİ-də isə 1500-dən çox tələbə turizm təhsili alır. Həmçinin ATİ-nin təlim mərkəzində yüzlərlə gənc turizm bələdçisi, otellərdə ön büro, turizm agenti və s. istiqamətlər üzrə xüsusi sertifikat kursları keçir.
Bilavasitə ATİ-yə gəlincə, bu ali təhsil ocağı son 3 ildə cəmi 566 nəfər məzun verib və onlar yeni açılan 5 ulduzlu otellərdən tutmuş Şahdağ Yay-Qış turizm Kompleksinədək müxtəlif müəssisələrdə işləyirlər. "Biz çalışılıq ki, ATİ-nin məzunları həqiqətən yüksək keyfiyyətli kadrlar olsunlar. Buna görə ölkə tarixində ilk dəfə olaraq Avstriyanın Krems Universiteti ilə ikili diplom proqramı həyata keçiririk və bu proqram üzrə 100-dək məzunumuz artıq hər iki ali məktəbin diplomunu alıb"- deyə prorektor bildirib.
Bununla yanaşı, prorektor tələbələrin xarici dil öyrənmələrinə və xaricdə təcrübə keçmələrinə də xüsusi diqqət göstərildiyini vurğulayıb. "Tələbələrimiz tədris prosesinin 6-cı semmestrində turizm sənayesinə 22 həftəlik təcrübəyə göndərilirlər. Onların bir hissəsi Türkiyə, Yunanıstan, Şimali Kipr Türk Cümhuriyyəti, İsrail, Portuqaliya və başqa xarici ölkələrdə təcrübə keçir. Bir sözlə, mümkün olanı edirik ki, məzunlar əmək bazarının tələblərinə uyğun olsun. Amma turizm sahəsinhdə əmək bazarı həm kəmiyyət, həm də keyfiyyət baxımından çox sürətlə inkişaf edir və bu sürətlə ayaqlaşmaq üçün lazımi addımlar atırıq. Ümid edirəm ki, 2010-2014-cü illər Turizmin İnkişafı Dövlət Proqramının icrası nəticəsində bu sahədə daha böyük nəticələr əldə olunacaq"-deyə E. Aslanov bildirib.
Azərbaycanda turizm sahəsində əldə edilmiş inkişafın bundan sonra da davam edəcəyinə ÜİF tədqiqatçıları da şübhə etmir. Onlar 2022-ci ilədək turizm sahəsində əlavə dəyərin 7,5% artımını proqnozlaşdırılır. Qurumun qiymətləndirməsinə görə, 2012-ci ildə Azərbaycanın turizm sənayesində ÜDM 1,1 milyard dollara çatıb. Bu, ümumilikdə ölkə üzrə ÜDM-in 1,9%-i deməkdir. Turizm iqtisadiyyatında ÜDM isə 4,12 milyard dollar (6,9%) təşkil edib. Göstəricilərin bu şəkildə artması və ölkənin beynəlxalq reytinqlərdə irəliləməsi isə problemləri daha sürətlə həll etməyə sövq edir.
MƏSLƏHƏT GÖR: