25 Noyabr 2024

Bazar ertəsi, 03:10

STANDARTA UYĞUN AVTO

Azərbaycanda Avro-4 standartının tətbiqi avtomobil bazarında hansı dəyişikliklərə gətirib çıxaracaq?

Müəllif:

08.04.2014

Beynəlxalq Gülüş günü - bu ilin 1 aprel tarixində Azərbaycanda istifadə olunmuş avtomobil sahiblərinin böyük əksəriyyəti zarafat hayında deyildi. Məhz, bu tarixdən etibarən ölkəyə Avro-4 ekoloji standartına cavab verməyən avtomobillərin idxalı qadağan edildi. Hökumətin bu qərarı ölkənin avtomobil parkının vəziyyətinin yaxşılaşdırılması, ətraf mühiti çirkləndirən avtomobil qazı tullantılarının azaldılmasına yönəldilib. Eyni zamanda aprelin 1-dən Azərbaycanda oktan ədədi 95 və 98 avtomobil benzininin qiyməti liberallaşdırılıb, daha sadə dillə desək, sərbəstləşdirilib. Nazirlər Kabinetinin qərarı ilə 2014-cü ilin 31 mart tarixindən etibarən ekoloji norması Avro-5 tələblərinə uyğun, oktan ədədi 95 və daha yüksək olan avtomobil benzinlərinin qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısına daxil deyil. 

Lakin Tarif Şurasının məlumatında deyildiyi kimi, Nazirlər Kabineti bu günə qədər Ai- 95 və Ai- 98 markalı avtomobil benzininin idxalına olan gömrük rüsumlarını ləğv edib. İdxal olunan 95 və 98 oktanlı avtomobil benzinləri üçün gömrük rüsumları 15 faizdən sıfra, aksiz dərəcələri isə bir ton üçün 250 ABŞ dollarından müvafiq olaraq 100 və 150 ABŞ dollarına endirilib.  Ai-95 markalı avtomobil benzini üçün bu qərar 2014-cü ilin 1 iyun tarixinə qədər qüvvədədir, Ai-98 üçün isə müddət məhdud deyil. Nəticədə,  artıq 1 aprel tarixindən ölkədə Ai-98 markalı benzinin 1 litrinin qiyməti 1,5 manatdan 1,03 manata enib. Gələcəkdə bu benzinin, eləcə də artıq bir litri 0,93 qəpiyə satılan Premium Euro-95 markasının qiyməti dünya qiymətləri, daxili bazarda tələbat və təklifdən asılı olaraq dəyişə bilər.

SOCAR-dan "R+"a bildirildiyi kimi, bu qərar  ölkədə YDM-ə (yanacaq doldurma məntəqələrinə) sahib olan şirkətlərə Ai-95 və Ai-98 markalı benzin idxal etməyə imkan verir. "Bu vaxta qədər Ai-95 benzininin idxalı ilə SOCAR məşğul idi, lakin qərar prinsipcə, YDM şəbəkəsi sahiblərini yanacaq almaq imkanından məhrum etmir. Əsasən benzini Rumıniya, Bolqarıstan, Rusiya, Yunanıstan və bir sıra digər ölkələrdən idxal edirdik",- deyə SOCAR-dan bildiriblər.

Hökumətin bu qərarına ölkədə benzinə artan tələbat səbəb olub. Məsələn, SOCAR hələ keçən ildən xəbərdarlıq edir ki, ölkədə benzinin istehsalı və istehlakı bərabərləşir. Bu da şirkəti yanacağın bu növünün ixracından imtina etməyə məcbur edib. 

Bundan savayı, istehlakın artan həcmini  ödəmək üçün SOCAR, daha çox tələbat duyulan Ai-92 markalı neftin xeyrinə Ai-95 benzinin buraxılışından imtina etmək qərarına gəlib. Prinsipcə, benzinin yüksək oktanlı növlərinin qiymətlərinin aşağı salınmasına dair qərar daxili bazarda əlahiddə ajiotaja səbəb olmadı. Belə ki, Ai-95 və Ai-98 markalı benzinin istehlakda payı, ümumilikdə, təqribən, 10%-i üstələmir. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş Yeni Bakı neftayırma zavodu, "Azərneftyanacaq" İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu) qurğuların təmirə dayandırılması ilə əlaqədar SOCAR müvəqqəti olaraq Ai-92 markalı benzini də idxal edir.

Avtomobil sahibləri üçün Avro-4 ekoloji standartının  tətbiqi daha önəmli məna kəsb edə bilər. Məlum olduğu kimi, bu qərarla Avro-4 standartlarına cavab verməyən avtomobillərin ölkəyə idxalına qadağa qoyulur. Yəni aprelin 1-dən etibarən 2005-ci ildən istehsal olunan Avropa, 2006-cı il tarixli Koreya, 2011-ci il tarixli (red.cədvələ bax) Yaponiya istehsalı olan avtomobilləri idxal ediləcək. Bu qərar ekologiyanın yaxşılaşması ilə yanaşı, avtomobil idxalının həcminə də təsir etməlidir. Məlumdur ki, son illər ölkəyə maşın idxalının hədsiz templəri müşahidə olunur. Əgər 2010-cu ildə ölkəyə 51,8 min minik maşını idxal edilibsə, ötən il bu rəqəm rekord saya 94,9 minə çatıb. Nəticədə, bu avtomobil bumu ölkənin avtomobil parkının son 10 ildə iki dəfə çox artmasına səbəb olub. Belə ki, bu göstərici 2003-cü ildə  0,5 mln. avtomobildən 2013-cü ildə 1,2 mln. avtomobilə yüksəlib.  

Lakin cari ilin artıq ilk aylarından avtomobillərin idxalında mənfi dinamika nümayiş olunub. Belə ki, 2014-cü ilin yanvar-fevral ayları ərzində ölkəyə 13,2 min maşın gətirilib. Bu, 2013-cü ilin analoji ayları ilə müqayisədə 6,6% aşağı göstəricidir. Nəticə olaraq, Azərbaycanın ümumi idxalında  avtonəqliyyat vasitələrinin xüsusi çəkisi ötən il 13,4%-dən bu ilin yanvar-fevral ayları ərzində 9,1%-ə düşüb. 

Eyni zamanda istifadə olunmuş avtomobillərin əsas tədarükçüsü sayılan Gürcüstandan avtomobil idxalının həcmi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Belə ki, ötən ilin yanvar  -  fevral aylarında 5,76 min maşın gətirildiyi halda, cari ilin eyni dövründə 4,72 min avtomobil idxal olunub. Odur ki, Avro-4 standartı haqda məlumatlar, onun tətbiqindən öncə Azərbaycan və Gürcüstanın avtomobil bazarına  da öz təsirini göstərib. 

Gürcüstanın iri avtomobil bazarının sahiblərindən  biri Sezar Babayevin "R+"a məlumat verdiyi kimi, Azərbaycanda Avro-4 standartının tətbiqi artıq ilk günlərdən Gürcüstan bazarına təsir göstərib. "Gürcüstanda bir çox avtomobil ticarətçiləri ancaq Azərbaycan bazarına işləyirlər. Bundan qabaq onlar 2005-ci ilə qədər istehsal olunan avtomobilləri Avropadan gətirmişdilər, yəni Avro-4 standartına uyğun olmayan maşınlar idxal edirdilər. Nəticə olaraq, bu maşınları necəsə reallaşdırmaq üçün indi onlar qiymətləri 5-10% aşağı salmağa məcburdurlar. Fikrimcə, bu vəziyyət 3-4 ay davam edəcək. Daha sonra hamı sonuncu standarta uyğun olan maşınlar gətirəcəklər", - deyə S. Babayev bildirib. Lakin o, Azərbaycanda avtomobillərin satış həcminin xüsusi azalacağını gözləmir.

 

Amma  mütəxəssislər bir qədər fərqli fikirdədirlər. Avtomobil bazarı sahəsində mütəxəssis Ramin Osmanlı hesab edir ki,  Avro-4 standartının tətbiqi, o cümlədən avtomobil kreditlərinin verilmə şərtlərinin sərtləşdirilməsi baxımından avtomobil satışının həcmi ölkədə düşəcək. Eyni zamanda avtomobil bazarının üstünlüyü də dəyişiləcək. "Əvvəllər Azərbaycana Almaniya maşınları (əsas Gürcüstandan keçərək) çox gətirilirdisə, indi Koreya istehsalı olan avtomobillər üstünlük təşkil edəcək", - deyə R. Osmanlı iddia edir. Burada, əlbəttə ki, qiymət amili də öz təsirini göstərəcək. Çünki Azərbaycanda populyar olan  2005-ci il istehsalı Almaniya avtomobilləri, demək olar ki, daha "gənc" Koreya maşınlarından iki dəfə bahadır.

"Hazırkı mərhələdə 1999-2003-cü ilin avtomobillərinin qiyməti süni şəkildə 15-20% qaldırılıb. Qarşıdakı aylarda bu vəziyyət Avro-4 standartlarına uyğun olmayan avtomobillərlə davam edəcək. Bu, qeyd edilən standarta uyğun olmayan avtomobillərlə müqayisədə qiyməti nisbətən ucuz olan avtomobillərlə bağlıdır. Öz növbəsində qarşıdakı illərdə 2005-2008-ci illər istehsalı olan avtomobillərin qiyməti bir qədər (3-5% arasında) aşağı düşəcək",- deyə R. Osmanlı "R+"a müsahibəsində bildirib.  

Aydındır ki, yeni standartın tətbiqi təkcə  ekoloji vəziyyətin yaxşılaşmasını vəzifə olaraq güdmür, çünki ölkənin avtomobil bazarının 70%-i Avro-4 standartına cavab vermir.  Burada məqsəd yollarda təhlükəsizliyin artırılması, avtomobil parkının bu dərəcədə sürətli templərini azaltmağa da yönəlib. Bu istiqamətdə daha bir tədbir köhnə avtomobillərin utilizasiyasıdır ki, onun tətbiq olunma imkanları da hökumət tərəfindən müzakirə edilir.   

Lakin bu tədbirlər istər böyük maliyyə, istərsə də inzibati resurslar tələb edir. Azərbaycanda avtomobillərin yığılması hələ indi yaranır (Naxçıvanda "Naz Lifan" avtomobili Çin şirkəti ilə birgə yığılır), utilizasiya ediləcəyi halda isə hökumət faktiki olaraq əcnəbi istehsalçıları stimullaşdırmış olacaq. Ona görə də utilizasiyanın forma və üsulları elə diqqətlə nəzərə alınmalıdır ki, bir tərəfdən büdcəyə ziyan vurulmamalıdır, digər tərəfdən isə əhalinin aztəminatlı təbəqəsində narazılıq yaratmamalıdır. Lakin istənilən halda bu təbirdən yan qaçmaq, çətin ki, mümkün olsun. Çünki ancaq utilizasiya yollarımızı hələ də çox sayda olan köhnə və faktiki olaraq istismara yararsız avtomobillərdən təmizləyə bilər.


MƏSLƏHƏT GÖR:

732