25 Noyabr 2024

Bazar ertəsi, 13:53

KAPİTALİZMİN SONU?

Kipr böhranı yeni dünya düzəninin anonsu kimi

Müəllif:

02.04.2013

Avropanın "xəstələr" siyahısına yunan Kipri də düşdü. Xəstəliyin "müalicəsi" üçün yazılmış üsullar dünyada kapitalizm sisteminin dağılmasına aparıb-çıxaracaq presedent yarada bilər. Amma gəlin, hər şeyə ardıcıllıqla nəzər salaq.

 

Kipr İliadası

Kipr iqtisadiyyatında problemlərin yaranması haqda hələ 2 il əvvəl danışılırdı və bu, onun Yunanıstanın maliyyə sisteminə bağlılığı ilə izah olunurdu. Xatırladaq ki, Yunanıstan artıq bir neçə ildir iqtisadi baxımdan ağır dönəmlərini yaşayır. Kipr banklarının milyardlarla avroya aldıqları Yunanıstan dövlət istiqrazları praktiki olaraq qiymətdən düşən kimi, böhranların "orakulları" - "Moody's" və "Fitch" agentlikləri Kipr Respublikasının suveren reytinqini azaltdı.

Ötən ilin noyabrında Almaniyanın "Spiegel" nəşrində ölkənin xüsusi xidmət orqanlarının hesabatı dərc olundu. Orada Kiprin "çirkli pul"ların yuyulduğu məkan olduğu qeyd olunur, bu səbəbdən Almaniya dövlətinin alman vergiödəyiciləri hesabına bu dövlətin iqtisadiyyatını xilas etməsi məqsədəuyğun sayılmırdı. Aİ, AMB və BVF-nin daxil olduğu "Avroüçlük" Kiprin xilası üçün onlara müraciət etmiş beşinci dövlət olmasında israr etdilər. Kipr isə bütün vasitələrlə iqtisadi siyasətdə islahatların aparılması ilə bağlı sərt öhdəliklər götürməkdən qaçmağa çalışdı: Avropadan pul alınacağı təqdirdə, bu öhdəlik də qaçılmaz olacaqdı.

Defolt riskinin azaldılması (və ya təxirə salınması) üçün, təxminən, 17 milyard avro tələb olunurdu. Və martın 16-da "Avroüçlük" Kiprə bank depozitlərinə birdəfəlik verginin tətbiqi şərti  ilə 10 milyard avro ayırmağa razılaşdı. Bunun üçün Kipr 1-100 min avroluq bank depozitləri üçün 6,75%, 100 min avrodan artıq depozitlər üçün isə 9,9%-lik birdəfəlik vergi tətbiq etməli idi. Bu öhdəliklərə əməl olunacağı təqdirdə, Kiprin dövlət büdcəsi yerdə qalan və ciddi ehtiyacın olduğu 7 milyard avronu da əldə edəcəkdi. Lakin Kipr parlamenti bu cür verginin tətbiqini absurd adlandıraraq, müvafiq qanunun qəbulundan boyun qaçırdı. Məsələ ondadır ki, yeni verginin tətbiqi faktik olaraq Kipr banklarının əmanətçilərinə məxsus vəsaitin bir hissəsinin hökumət tərəfindən müsadirəsi demək idi. Bu, əsasən, offşor sistem hesabına yaşayan ölkənin imicinə ciddi zərbə olardı.

"Avroüçlük"ün irəli sürdüyü şərt dünya ictimaiyyəti tərəfindən də heyrətlə qarşılandı. Buna ən mənfi reaksiya isə Moskvadan gəldi. Qeyd edək ki, Rusiya Kipr banklarında depozitləri olan ölkələr sırasında ikinci pillədədir. Hələ 2011-ci ildə Moskva Kipr Respublikasına maliyyə yardımı qismində 2,5 milyard avro verib. Kipr parlamentinin "Avroüçlük"ün son təklifini qəbul etməkdən boyun qaçırmasından sonra isə ölkənin maliyyə naziri Mixalis Sarris alternativ xilas mənbələri tapmaq, Rusiyanın borcunun qaytarılma müddətini uzatmaq üçün Moskvaya yollandı. Kiprlilər Rusiyanın maliyyələşdirilməsinə əvəz olaraq, əsasən, "Qazprom"un Kiprin qaz yataqlarına buraxılmasını təklif edirdilər. Lakin tərəflər bir sıra səbəbdən bu məsələdə razılıq əldə edə bilmədilər.

Bütün dünyada şist qazının hasilatı və təbii qazın ucuzlaşması imkanlarının müzakirə edildiyi bir vaxtda Kiprin "mavi yanacaq" yataqları cəlbedici görünə bilməzdi. Üstəlik, o yataqlarda nə qədər qazın olduğuna dair dəqiq məlumatlar hələ də yoxdur. Digər tərəfdən, bu işdə siyasi risklər də var. Kiprin şelfi Şimali Kipr Türk Cümhuriyyətini müstəqil dövlət kimi tanıyan Türkiyə ilə mübahisəlidir. Ankara haqlı olaraq hesab edir ki, adanın həm türk, həm də yunan icması şelfdən yararlana bilməlidir. Hələlik Kipr şelfinin bölünməsinə dair heç bir razılaşmanın olmadığını nəzərə alsaq, bu yataqların işlənməsinə göstəriləcək istənilən cəhd Türkiyənin maraqlarına təhlükə kimi qiymətləndirilə bilər. Misal kimi Ankaranın İtaliyanın "ENI" şirkəti ilə birgə layihənin işlənilməsini dayandırmasını göstərmək olar. Türkiyəni bu addımı atmağa italyan şirkətinin Kipr şelfinin işlənməsində iştiraka cəhdi məcbur edib.

Bundan başqa, "Qazprom"un Kipr yataqlarına buraxılması Aİ tərəfindən də sərt reaksiya ilə qarşılana bilərdi. Avropa İttifaqı onsuz da Rusiyadan enerji asılılığından əziyyət çəkir. Almaniya kansleri Angela Merkelin Kipri problemlərini məhz avropalı tərəfdaşları ilə çözməyə çağırması da dolayısı ilə bunun təsdiqidir.

Rusiya rəhbərliyində isə Kipr probleminə yanaşma birmənalı deyil.

Yaranmış böhranla əlaqədar olaraq Kiprdə yerli banklardakı Rusiya pullarının şübhəli mənşəyi haqda məsələ qalxa bilər. Rusiyanın Baş naziri Dmitri Medvedevin Aİ-nin, Avropa Komissiyası və Kipr hökumətinin əməllərini "filin qab-qacaq dükanına girməsi" ilə müqayisə etməsi də təsadüfi deyildi. Hərçənd Medvedev beş gün sonra Kiprin "qarət olunan vəsaiti qarət etdiyini" deyərək, faktik olaraq adada yerləşdirilmiş Rusiya kapitalının mənşəyinin şübhəli olduğunu etiraf etdi.

Bütün bunlardan sonra, Kipr hökuməti "Avroüçlük"ün şərtlərini qəbul etməli oldu. Üstəlik, həmin anadək şərtlər bir qədər də sərtləşdirilmişdi. Son olaraq Kipr banklarındakı yalnız 100 min avrodan artıq depozitlərə vergi tətbiqinə qərar verildi. Amma verginin faizi həddindən artıq yüksəkdir (deyilənə görə, söhbət 30-40%-dən gedir). Bundan başqa, ölkənin iki nəhəng bankı - "Bank of Cyprus" və "Laiki" birləşir. Hökumətin planına əsasən, "Laiki" bankının sağlam aktivləri adanın ən böyük bankına satılacaq, bankın qalan hissəsi isə qapadılacaq. İndi iki suala cavab vermək qalır: bu proseslər kimin xeyrinədir və nəticə nədən ibarət olacaq?

Kipr ətrafında baş verənləri müxtəlif müstəvilərdə şərh etmək olar. Depozitlərə "vəsaitlərin müsadirəsi"ndən başqa heç cür adlandırılması mümkün olmayan birdəfəlik verginin tətbiqindən qaçmaq olardımı? Məsələn, hələ 2010-cu ildə kritik vəziyyətə düşmüş İrlandiya yardım üçün Aİ-yə müraciət etdi və ona heç bir şərt və ittihamlar irəli sürmədən rekord həddə - 85 milyard avro yardım göstərildi. Kipr isə "Avroüçlük" tərəfindən 7 milyardı əmanətçilərdən "çıxarmağa" məcbur edildi.

Avroqrupun qərarının Almaniya tərəfindən görünməmiş təzyiq nəticəsində qəbul olunduğu sirr deyil. Berlin lap əvvəldən Kiprin bank sisteminin həcminin azaldılmasını və bankların rekapitalizasiyasında sərmayədarların da iştirakını təkid edirdi. Almaniya kansleri Angela Merkelin fikrincə, "Kipr onun biznes modelinin öldüyünü anlamalıdır". Bu "cəza" planı (razılaşmanın şərtləri Kipr rəhbərliyinin əvvəlcə rədd etdiyi ilkin təkliflərlə müqayisədə daha sərt oldu) Almaniyanın Aİ-də əsas söz sahibi kimi rolunu daha da artırır.

Məşhur amerikalı iqtisadçı Uilyam Enqdalın sözlərinə görə, Kipr məsələsində Amerikanın maliyyə sisteminin əlavəsi olan BVF-nin şübhəli rolu da hiss edilməkdədir. Offşor zonalar baxımından Kiprin əsas rəqibləri olan Virciniya, Kayman adaları və s. ABŞ-ın nəzarəti altındadır. Məhz bu səbəbdən Enqdal hesab edir ki, baş verənləri məmnunluqla müşahidə edən ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankenin "Kipr ətrafında baş verənlərin ABŞ iqtisadiyyatına heç bir təhlükə yaratmadığını" söyləməsi təsadüf deyil. Başqa sözlə, Kipr ətrafında baş verənləri "offşorlar müharibəsi" də adlandırmaq olar. Kipr böhranının yaxın gələcəkdəki perspektivinə gəlincə, bir neçə variant mümkündür.

Birincisi, ən müqəddəs prinsipin pozulmasıdır - mənbəyindən və mənşəyindən asılı olmayaraq, şəxsi mülkiyyətin toxunulmazlığı. "Avroüçlük" faktik olaraq kapitalizmin əsas sütununa - kapitalın özünə əl uzatdı!

Bu, eyni zamanda, 1944-cü ildə yaradılmış pul münasibətləri və ticari hesablamalar sistemi olan Bretton-Vuds beynəlxalq sisteminin pozulmasıdır. Maraqlıdır ki, BVF-nin əsası da məhz onda qoyulmuşdu və bu qurum hazırda Kiprlə bağlı qərarların qəbulunda iştirak edir. Yəni, 70 il ərzində şəxsi mülkiyyətin keşiyində durmuş təşkilat bu gün kiprli əmanətçilərin pullarının əllərindən alınmasını dəstəkləyir. Belə çıxır ki, beynəlxalq strukturlar faktik olaraq kapitalizmin klassik anlamda və bütün dayaqları ilə qorunub-saxlanmasının mümkünsüzlüyünü etiraf edir.

Kipr borcların silinməsi üçün sınaq meydanıdır. Hələ 2012-ci ilin oktyabrında Bretton-Vuds sisteminin növbəti illik görüşündə BVF-nin direktoru Kristina Laqard demişdi: "İnkişafın olmadığı şəraitdə dünya iqtisadiyyatının gələcəyi təhlükədədir. Dövlət borcunun nəhəng mirası daha ciddi problem ola bilər. Hazırda o, iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə, orta hesabla, 110% (ÜDM-ə nisbətdə) təşkil edir və bu, müharibə dövrlərinin göstəricilərinə tam uyğun gəlir".

"Müharibə dövrü" anlayışının son dərəcə amorf olduğunu nəzərə alsaq, dünyanın güc mərkəzləri üçün bu və ya digər səbəbdən "müharibə dövrü" elan etmək, lazım bildikləri yerlərdə kapitalı müsadirə etmək imkanı yaranır. Avroqrupun rəhbəri Yerun Deysselblum "Reuters" və "Financial Times"a müsahibəsində bildirib ki, Kiprin maliyyə böhranından çıxarılması üçün təsdiqlənmiş proqram avrozonanın bank sisteminin həlli üçün yeni modeldir.

Avrozonanın İtaliya, İspaniya, Portuqaliya və digər bərabərhüquqluluq mifinin birdəfəlik məhv olduğu istənilən üzvü Kiprin taleyini yaşaya bilər. 

Başqa sözlə, Kipr böhranı hər kəsə söhbətin maliyyə böhranından yox, məhz sistem böhranından getdiyini göstərdi.



MƏSLƏHƏT GÖR:

504