14 Mart 2025

Cümə, 20:48

OLLANDA XƏBƏRDARLIQ

Fransada ultrasağçıların güclənməsi bütünlükdə Avropanın gələcəyinə öz təsirini göstərə bilər

Müəllif:

08.04.2014

Fransada keçirilən bələdiyyə seçkisi hakim Sosialist Partiyasının məğlubiyyətilə bitdi. Sağçıların seçkidən qalib ayrılması Avropanın ən böyük dövlətlərindən birində vətəndaşların solçu rəhbərliyin sosial-iqtisadi siyasətindən, o cümlədən fransızların Aİ-nin perspektivinə şübhəsinin getdikcə artmasından xəbər verir.

"Xalq hərəkatı uğrunda ittifaq" (XHİ) sağ-mərkəzçi partiyası ilə ultrasağçı "Milli cəbhə"nin (MC) üstünlük qazandığı seçki nəticəsində sosialistlər 155 şəhərdə hakimiyyəti əldən verib. Sosialist Partiyasının sabiq lideri Martin Obri nəticələri "çox pis" qiymətləndirib. Bununla  yanaşı, o, artıq 13 ildir meri olduğu Lill şəhərini solçuların nəzarətində saxlaya bilib.

Sosialistlər Parisdə də hakimiyyəti qoruyublar. Şəhərə rəhbərlik uğrunda mübarizədə Bertran Delanoe merinin artıq sabiq müavini Ann İdalqo XHİ-nin namizədi Natali Kostyuşko-Morizeni üstələyib. Yeri gəlmişkən, o, Paris meri postunu tutan ilk qadındır.

Səsvermənin nəticələri göstərib ki, fransızların əksəriyyəti sosialistlərin və onların lideri - prezident Fransua Ollandın siyasətindən narazıdır. Sosialist Partiyası hakimiyyətdə olduğu, təxminən, 2 ildə ictimaiyyəti narahat edən miqrasiya artımı, vergilərin ağırlaşdırılması, işsizlik kimi problemlərin həllinə nail ola bilməyib. Ollandın rəhbərliyi ilə sosialistlərin eynicinsli şəxslərin nikahını rəsmiləşdirməsi də əksər fransızları hiddətləndirən əsas məqamlardandır. Xatırladaq ki, Olland hakimiyyəti bu addımı ölkəni bürümüş çoxsaylı etiraz aksiyalarına rəğmən atıb. Etirazçılar hesab edir ki, həmcinslərin nikahına rəsmi icazənin verilməsi əxlaqi özülləri, ailə dəyərlərini məhv edir.

Seçki ərəfəsində reytinqi 20%-ə güclə çatan Olland populyarlığını itirməkdə davam edir. Yelisey sarayı Sosialist Partiyası və onun liderinin reytinqindəki enişi saxlamaq üçün yollar axtarır. İndi Jan-Mark Eyro kabinetinin istefasından sonra qurulmuş yeni hökumət də bu işə xidmət etməlidir.

Prezident Fransua Olland baş nazir postunu 51 yaşlı Manyuel Valsa həvalə edib. Vals bunadək Fransanın daxili işlər naziri postunu tuturdu. Yeni kabinetdə xarici işlər naziri Loran Fabius vəzifəsini qoruyub saxlayıb. Müdafiə naziri Jan-İv Le Drian da vəzifəsində qalıb. Sabiq büdcə naziri Bernar Kaznyov isə yuxarı çəkilib. İndi o, ölkənin daxili işlər naziridir. Amma güman ki, yeni hökumətdə ən ciddi yenilik Seqolen Ruayalın ekologiya, dayanıqlı inkişaf və energetika naziri təyin olunmasıdır. Fransua Ollandın keçmiş qadını olan Ruayal 2007-ci ildə qatıldığı prezident seçkisində qələbəni son anda əldən verdikdən sonra indi yenidən böyük siyasətə qayıdıb.

Prezident   Fransua Ollandın sözlərinə görə, hazırda yeni hökumət "həmrəylik paktı" hazırlayır. Sənəddə əsas yeri təhsil və gənclərin savadlandırılması tutur. Sonra səhiyyənin prioritet təşkil etdiyi sosial zəmanətlər, daha sonra isə vətəndaşların alıcılıq qabiliyyətinin yüksəldilməsi gəlir. "Həmrəylik paktı" sonuncunun 2017-ci ildən etibarən, vergilərin azaldılması ilə müşayiət olunmasını nəzərdə tutur.

Amma Vals kabinetinin perspektivinə nə sosialistlərin tərəfdarları, nə də əleyhdarları ümid bəsləyir.

Yeni hökumətə inam körpülərini əvvəlcə "Avropa Ekologiya - Yaşıllar" (AEY) partiyası "yandırıb". Bundan əvvəl Eyro hökumətində təmsil olunmuş bu partiyadan olan sabiq nazirlər Sesil Fyuflo  və Paskal Kanyen yeni hökumətdə yer almaqdan imtina ediblər. Onlar Manyuel Valsın ideyalarının "Fransa ictimaiyyətinin problemlərini adekvat həll etmək iqtidarında olmadığını" düşünürlər. Nəzərə almaq lazımdır ki, Vlas Sosialist Partiyasının, az qala, ən sağçı nümayəndəsidir. O, daxili işlər naziri postunu tutarkən miqrasiya məsələlərində partiyasının mövqeyindən daha sərt mövqe nümayiş etdirirdi. İndi Valsın baş nazir təyin olunmasını çoxları Ollandın fransızların sağçılara daha çox meyillənməsinə reaksiyası kimi qiymətləndirirlər. Hərçənd, fransız solçular arasında seçicilərin Eliyes sarayına fərqli mesaj göndərdiyini düşünənlər də az deyil. Məsələn, Sol Partiyanın liderlərindən biri, Fransa prezidentliyinə sabiq namizəd, radikal sosialist kimi tanınan Jan-Lyuk Melanşon hesab edir ki, "Fransua Olland prezident seçkisində onu dəstəkləmiş şəxslərin ona ünvanladıqları mesajın məğzini anlamayıb". Liberal baxışları ilə tanınan Valsın baş nazir təyin olunmasını tənqid edən Melanşon Ollandın perspektivi haqda fikrini də açıqlayıb: "Fövqəldövlətin prezidenti seçicilərin talanına siyasi intiharla cavab verdi".

Əks mövqedə olan sağçı siyasətçilər də Vals hökumətinin gələcək fəaliyyətilə bağlı bədbindirlər. XHİ-nin lideri Jan-Fransua Kopye çıxış yolunu Ollandın, ümumiyyətlə, "sosialist modelindən imtinasında" görür. MC lideri Marin Le Pen isə hətta sağçı sosialistin baş nazir təyin olunmasının belə, dövlətin kursunda dəyişikliyə səbəb olmayacağına əmindir. Onun fikrincə, hazırkı şəraitdə Fransada hökumətin yenidən təşkilinə deyil, hakimiyyətin siyasətində radikal dəyişikliklərə ehtiyac var. Le Pen hesab edir ki, fransızlar "Avropanın zorla tətbiq etdiyi, əhalinin daha aztəminatlı hissəsinə, orta sinfə, pensiyaçılara və ailələrə daha çox zərbə vuran sərt iqtisadiyyatdan imtinanı istəyirlər".

Bax, burada biz artıq Fransadakı bələdiyyə seçkilərinin nəticəsindən əldə olunan ən maraqlı nəticəyə gəlirik. İlk növbədə, "Milli cəbhə"nin ciddi irəliləyişi qeyd olunmalıdır. Onun təmsilçiləri ölkənin 12 şəhərində qalib gəliblər. Halbuki bundan əvvəlki seçkidə MC yalnız 4 şəhəri nəzarətə götürə bilmişdi. Bu dəfə "cəbhəçilərin" rəhbərliyi ələ aldıqları şəhərlər arasında kifayət qədər iri şəhərlər olan Frejyuse və Bazye də var. Üstəlik, onlar 1200 bələdiyyə məsləhətçisi postunu da əldə ediblər. Mari Le Penin partiyasının "bütün tarixi ərzində ən yaxşı nəticə əldə etdiyini" söyləməsi heç də təsadüf deyil.

Amma MC-nin uğuru heç də məhdud partiya xarakteri daşımır. Bu partiyanın nüfuzunu artırması faktiki olaraq Fransada partiya sisteminin strukturunda dəyişikliyə yol açıb. Nəticədə, artıq ölkədə son onilliklərdə olduğu kimi, 2 partiya - sosialistlər və qollçular - deyil, 3 partiya dominantlıq edir. "Milli cəbhə" sağ-konservativ boşluğu tam doldura bilib və bu, böyük ölçüdə, məhz, Marin Le Penin xidmətidir. İllər əvvəl o, partiyanın sədri postunda atası Jan-Mari Le Peni əvəzləyərkən partiyanın radikal-millətçi imicini dəyişməyə nail oldu. Ona qədər MC elektoratın böyük hissəsi tərəfindən qəbul olunmurdu. Marin, eyni zamanda liberal və sosial cəbhələrin bürokratiyasına, məhz, onun son qoya biləcəyinə, ölkədə sosial-iqtisadi vəziyyəti düzəldəcəyinə, miqrasiya problemlərini həll edəcəyinə, mənəvi intibaha nail olacağına bir çox fransızı inandıra bilib. Və əlbəttə ki, MC-nin proqramının əsas sütunu Fransanın fövqəldövlət kimi gücləndirilməsidir. Parisin siyasətinin Nikola Sarkozinin dövründən Vaşinqtona tərəf meyillənməyə başladığını və Ollandın dövründə də bunun davam etdiyini nəzərə alsaq, bu, kifayət qədər aktual məsələdir. Bu, beynəlxalq məsələlərdə Fransanın zəifləməsinə yol açacaq istənilən məqama mənfi yanaşan fransızların istəyinə tam cavab verir. Odur ki, MC və onun liderinin ölkənin siyasi və iqtisadi inkişafı ilə bağlı mövqeyinin respublikaçı elektoratın istəklərinə daha uyğun olması təəccüblü deyil.

2012-ci ildə keçirilmiş prezident seçkisində Marin Le Pen 3-cü yeri tutmuş və faktiki olaraq, o zamankı dövlət başçısı Nikola Sarkozinin elektoratının əhəmiyyətli bir hissəsini öz tərəfinə çəkə bilmişdi. İkinci turda Ollandın minimal fərqlə Sarkoziyə qalib gəlməsi, məhz, Le Penin sayəsində mümkün olmuşdu - o, seçicilərini Sarkoziyə səs verməməyə çağırmışdı. 2014-cü ilin bələdiyyə seçkisindən sonra isə artıq MC-nin ölkənin taleyinin həlli prosesinə təsirini getdikcə artıran sistemli siyasi qüvvəyə çevrildiyini birmənalı şəkildə söyləmək mümkündür.

Bu mənada Avropa Parlamentinə keçiriləcək seçkidə intriqanın kifayət qədər maraqlı olacağını təxmin etmək çətin deyil. Qərbin aparıcı ekspertləri həm də Fransada keçirilmiş bələdiyyə seçkisinin nəticələrinə istinadla, Avropa Parlamentinə seçkidə qəti sağçı partiyaların və avroskeptiklərin qələbə qazanacaqlarını proqnozlaşdırırlar. Bu proqnozun gerçəkləşəcəyi təqdirdə, Aİ ciddi dəyişikliklərə məruz qala, nəticədə, yaranmış vəziyyət bütünlükdə beynəlxalq geosiyasətə öz təsirini göstərə bilər. Avroskeptiklər əmindirlər ki, liberal layihə olan Aİ Avropa xalqlarının fundamental maraqlarına cavab vermir, onların milli, mədəni eyniliyini pozur. Onların transmilli kapitalın hökmranlığına qarşı çıxan, ənənəvi mənəvi dəyərləri müdafiə edən dünya güclərilə yaxınlaşmağa maraq göstərmələri də bununla bağlıdır.



MƏSLƏHƏT GÖR:

579