14 Mart 2025

Cümə, 22:41

1918-ci İLİN MARTI

Azərbaycanlıların kütləvi qətliamı erməni millətçiliyinin əsl simasının bariz göstəricisidir

Müəllif:

02.04.2013

1918-1919-cu illərdə Bakı, Şamaxı, Quba, eləcə də  Azərbaycanın digər şəhər və kəndlərində erməni millətçiləri ilə kommunistlərin dinc azərbaycanlıların kütləvi qətliamını həyata keçirmələrindən 95 il ötür. Erməni millətçiləri dinc azərbaycanlıların kütləvi qətliamına başlanılması tarixini heç də təsadüfən seçməmişdilər - 1918-ci ilin Novruz Bayramı ərəfəsi (köhnə təqvimlə).

1918-ci ilin mart-aprel aylarında Şaumyanın başçılıq etdiyi erməni dəstələri qısa müddətdə 50 000-dən artıq müsəlman əhalini - azərbaycanlı, ləzgi, həmçinin yəhudi və digər xalqların nümayəndələrini qətlə yetirdilər. İnsanlar diri-diri torpağa basdırılır, işgəncələrə məruz qalır, yaşlılar və cavanlar məscidlərə doldurularaq binaya od vurulurdu. Bakının Təzəpir məscidinin həyətində erməni caniləri öldürülmüş insanların meyitlərini bir yerə toplayaraq, onlardan tonqal qalamışdılar.

Ləzgi tarixçi, şair Müzəffər Məlikməmmədov "Qanlı dərə" adlı kitabında yazır ki, Azərbaycanın yalnız şimal rayonlarında erməni birləşmələri dörd qanlı reyd həyata keçiriblər. Reydlərdə 8000-dən artıq erməni silahlısı iştirak edib. M.Məlikməmmədov yazır ki, S.Şaumyan və ətrafının əsas məqsədi Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılması üçün yerli əhalinin qırılması və oradan qovulması idi.

Bu plan eyni vaxtda Azərbaycanın bir neçə rayonunda həyata keçirilirdi: Qarabağda, Şamaxıda, Qubada, həmçinin mərkəzi rayonlarda, cənubda, İrəvan quberniyasının Zəngəzur mahalında və əhalisinin əksəriyyəti müsəlman olan digər regionlarda. Daşnaklar erməni dövləti yaratmağa, bu alınmasa, heç olmasa, Azərbaycanın Rusiya ilə həmsərhəd olan şimal hissəsində öz muxtariyyətlərini qurmağa çalışırdılar. Xoşbəxtlikdən o zaman azərbaycanlıların, özünümüdafiə dəstələrinin o çətin anlarda nümayiş etdirdiyi fədakarlıq ermənilərin bu məkrli planının reallaşmasına imkan vermədi. Tərəflər arasında əsl müharibə yaşandı və qısa müddətdə 16 000-dən artıq yerli əhali həlak oldu. Qarşıdurmada 5 000-dək erməni əsgəri və yaraqlısı məhv edildi. Kommunizm ideyaları arxasında gizlənən daşnak Stepan Şaumyan dinc əhaliyə qarşı törədilən qətliamların əsas təşkilatçısı idi. Bakı və digər quberniyalarda əsas hakimiyyətin Şaumyanın əlində cəmləşməsi ona bu imkanları verirdi. 1917-ci ilin fevral inqilabından sonra Şaumyan Bakı Şurasının sədri təyin edilmiş, dekabrda isə Qafqaz üzrə fövqəladə komissar vəzifəsinə yiyələnmişdi. Apreldən etibarən Şaumyan Bakı Xalq Komissarları Şurasının sədri və xarici məsələlər üzrə komissar idi.

Bir sözlə, Şaumyan Lenin və sovet Rusiyasının bütün Qafqazdakı, eyni zamanda, o vaxt Rusiya qoşunlarının nəzarətində olan türk torpaqlarındakı nümayəndəsi idi. Məhz bu üzdən Şaumyan ağır vəziyyətdən məharətlə yararlana bilirdi: Çar Rusiyasının süqutu, Qafqazda anarxiya və Birinci Dünya müharibəsinin bitməsi... Müharibə başa çatdıqda Şaumyan Rusiya və erməni ordu hissələrinin türk və Balkan cəbhələrindən çıxarılmasına məsul şəxs kimi on minlərlə silahlı ermənini Bakı, Gəncə, İrəvan və digər şəhərlərə göndərdi. Azərbaycan əraziləri  ilə hərəkət edən yaxşı silahlanmış və təlim keçmiş erməni dəstələri burada əsl terror, azərbaycanlı, türk və digər müsəlman əhaliyə qarşı əsl qətliam törətdilər.

Təxmini hesablamalara görə, yalnız 1918-1919-cu illərdə Şimali və Cənubi Azərbaycanda erməni millətçiləri 500 minədək dinc sakini qətlə yetirib. Azərbaycan və Rusiyanın arxivlərinə əsasən, 1918-ci ildə Azərbaycanın yalnız şimalında - Quba, Dəvəçi və Xaçmazda 162 yaşayış məntəqəsi məhv edilib. Bu zaman 27 kənd ümumiyyətlə yer üzündən silinib. Yəni, erməni millətçilərinin liderləri Birinci Dünya müharibəsi nəticəsində yaranmış xaosdan istifadə edərək, əlaltından  "Böyük Ermənistan" dövlətinin yaradılması planını gerçəkləşdirməyə çalışıblar.

Bunu Bakı və digər şəhərlərdə Şaumyanla yanaşı, Ararat Respublikasının daşnak rəhbərliyinin Zəngəzurda, İrəvan quberniyasında və Cənubi Azərbaycanın regionlarında dinc azərbaycanlılara qarşı qətliamlar törətməsi faktı da təsdiqləyir. Yəni, Şaumyanın rəhbərlik etdiyi daşnaklar sovet hakimiyyətinə, Leninə arxalanaraq, hərbi donanma, aviasiya, artilleriya, seçilmiş, yaxşı silahlanmış erməni silahlı birləşmələri vasitəsilə Bakı və digər şəhərlərin sakinlərini həyasızcasına məhv edib. 1918-ci ilin martında Azərbaycanda terrorçu qırmızı qvardiyanın başçıları Ovçiyan, Qalstyan, Artak, Akopov, Manuçarov, erməni "sərkərdələri" T.Amiryan, S.Lalayev, Amazasp da öz qanlı izlərini qoyublar. Bu siyahını çox uzatmaq olar.

Erməni cinayətkar qrupları tərəfindən artıq qeyd etdiyimiz kimi, Azərbaycanın yəhudi əhalisi də məhv edilib. Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunun 1918-ci il hadisələri  ilə bağlı sorğusuna cavab olaraq, 2006-cı ilin aprelində quruma Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Semyon İxilovun adından rəsmi məktub daxil olub. Məktubda deyilir:

"Azərbaycanın faciəvi, qəmli tarixini vərəqləyərkən, öyrənərkən Vətənimizi əsarətə götürməyə çalışan düşmənlərin azərbaycanlı bacı-qardaşlarımızla birgə yəhudi icmasının üzvlərini də məhv etdiyinin şahidi oluruq. Hələ 1980-ci illərdə apardığım araşdırma zamanı 1918-19-cu illərdə Azərbaycan xalqına qarşı həyata keçirilmiş soyqırım zamanı yəhudilərin də kütləvi şəkildə məhvinə dair əvvəllər geniş ictimaiyyətə bəlli olmayan faktlar əldə etmişəm. Şahidlərin sözlərinə və ayrı-ayrı sənədlərə görə, həmin dövrdə azərbaycanlılarla birlikdə 3000-dək yəhudi də qətlə yetirilib".

Erməni millətçilərinin vəhşiliyini sübut edən faktlardan biri də bir neçə il əvvəl Qubada Qudyalçay yaxınlığında aşkar edilmiş kütləvi qəbiristanlıqdır. Orada 1918-ci ilin mart-aprelində erməni vandalları tərəfindən öldürülmüş qadınlar, uşaqlar və qocalar kütləvi şəkildə basdırılıb. Qəbiristanlıq 2007-ci ildə təsadüfən aşkar edilib və aparılmış araşdırmalardan sonra aydın olub ki, burada ermənilər yerli əhalini ən qəddar işgəncələrə, vəhşiliklərə məruz qoyublar. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərinin üzə çıxardığı faktlar göstərir ki, tapılmış skeletlərin əksəriyyətinin başı yoxdur, qətlə yetirilmiş insanların bir hissəsi balta ilə endirilmiş çoxsaylı zərbələrlə öldürülüb, bəzi kəllə sümüklərində isə mismar aşkarlanıb.

Bütün bunları ümumiləşdirərək qeyd etmək lazımdır ki, qeyd olunanlar 1918-19-cu illərdə günahsız olaraq qətlə yetirilmiş insanlara görə kədər, acıma yaratmaq məqsədi daşımır. Bizim məqsədimiz dünya ictimaiyyətinə millətçiliyin, məhz bu haldakı erməni millətçiliyinin nə qədər eybəcər, insanlıqdan uzaq olduğunu bir daha çatdırmaq, eyni zamanda ermənilərin Azərbaycana ərazi iddialarının hər zaman dinc azərbaycanlı xalqın kütləvi qırğını ilə həyata keçirildiyini göstərməkdir. Azərbaycan belə faciələrin təkrarlanmasını istəmir və işğalçı Ermənistan dövlətinin müasir millətçilərinin Azərbaycan ərazilərində mifik "Böyük Ermənistan" dövlətini yaratmaq məqsədilə soyqırım və etnik təmizləmə siyasətini davam etdirməsinə bir daha imkan verməyəcək.



MƏSLƏHƏT GÖR:

640