Müəllif: Gülarə RAFİQ Bakı
Azərbaycanda 18 yaşına çatmadan nikaha girən qızların 1,3%-nin ilkin təhsili belə yoxdur. Bu, BMT-nin Əhali Fondunun məruzəsində bildirilir. Sənədə görə, Azərbaycanda 18 yaşına çatmadan nikaha girən qızların yalnız 26%-nin ilkin təhsili var. Orta və ali təhsili olanlar isə 11,8% təşkil edir.
2000-2011-ci illərə olan məlumata görə, Azərbaycanda nikahların 12,2%-i qızlar həddi-büluğa çatmadan bağlanıb. Belə nikahların əksəriyyəti Azərbaycanın şəhərlərində (9,6%) yox, kəndlərində qeydə alınır (15,2%). Hələ də dünyanın bir sıra ölkələrində müşahidə olunan hala - 15 yaşına çatmamış qızların nikaha girməsinə Azərbaycanda rast gəlinmir.
Azərbaycanda milli və mədəni adətlərə əsaslanan erkən nikahlar həmişə olub. Bu gün də belədir. Müasir şəraitdə belə halların olması sosiumun sağlamlığına ciddi zərbə vurur. Erkən yaşlarında ərə verilən qızların nəinki ali, heç orta təhsilinin belə olmaması vəziyyəti daha da ağırlaşdırır.
XXI əsrdə yaşayırıq. Dünyanı korporasiyalar, nanotexnikalar, sosial şəbəkələr idarə edir. Biz isə hələ də bir vaxtlar milli adət adı ilə mövcud olduğu dövrdən sonra aradan qaldırmaqdansa, bu gün də keçmişin eybəcər qalığına çevrilmiş hallarla rastlaşırıq.
Bu, necə olur?
Nərmin (ad şərtidir) 16 yaşında sevərək ailə qurub. Həyat yoldaşı ondan o qədər də böyük deyildi - 20 yaşı yenicə tamam olmuşdu. Əvvəlcə təbii olaraq cütlüyün münasibətlərini müşayiət edən romantika sonradan elə təbii olaraq da sərt reallıqlar fonunda yox olub getdi. Əslində, reallıqlar o qədər də sərt deyildi. Ər ciddi-cəhdlə yaxşı işə düzəlmiş və tezliklə irəliləmişdi. Xanımdan isə adət-ənənəyə uyğun olaraq, bəsit şeylər tələb olunurdu: övlad, varis dünyaya gətirmək və tərbiyə etmək. Həyat öz axarına düşürdü. Ərin hər şeylə təmin etdiyi qadın evdə oturur, ona bir-birinin ardınca övladlar dünyaya gətirirdi, ər həyatını yaşayır, bu zaman başqa qadınlarla da münasibətdən çəkinmirdi. Onun qanuni yarı isə evdə qayınanasının yanında ənənəvi hüquqsuzluq şəraitində otururdu. Tanışları və qohumları tez-tez qızın üzündə, qollarında döyülmə izləri müşahidə etsələr də, qadın buna etiraz etməyi, ailə üzvlərinin zorakılığına qarşı çıxmağı ağlına belə gətirmirdi.
Tanış mənzərə deyilmi? Qohumlardan, dostlardan, qonşulardan belə hallar haqda hansınız eşitməmisiniz ki? Əksər hallarda bütün bunlar son dərəcə sakit qəbul edilir: bəli, təhsili yoxdur, amma qadının nəyinə gərəkdir təhsil? Qoy, ər təmin etsin ailəni. Tez ailə qurub? Daha da yaxşı, cavan yaşında nəvə sahibi olacaq. Çox az adamın ağlına gəlir ki, qızın, hətta orta məktəbi belə, normal başa vurmadan 16-17 yaşlarında ailə qurması fəxr ediləsi milli xüsusiyyət və ayrıca götürülmüş şəxsin faciəsi deyil. Bu, böyük miqyaslı sosial xarakterli problemdir.
Belə hallarla Qadın Böhran Mərkəzində çox tez-tez rastlaşırlar. Erkən nikah problemi hələ də region ölkələrinin ən ciddi problemlərindən biri olaraq qalır. Bu, Bakı da daxil olmaqla, ən iri şəhərlərə də aiddir. Ali, bəzən isə heç orta təhsilini başa vurmayan gənclərin yaxşı halda nişanlanması, pis halda isə 2-3 övlad sahibi olması nadir hadisə deyil. Övladların olmasını isə heç də nikahın uğurluluğunun göstəricisi saymaq olmaz. Statistikaya əsasən, daha yaşlı və yetkin dövrdə bağlanılan nikahlarla müqayisədə, erkən nikahlar daha tez pozulur. Bunun bir neçə səbəbi var.
Birincisi, qız əksər hallarda hələ uşaq dünyaya gətirməyə hazır deyil və bu, ərin narazılığına səbəb olur: "Sən mənə varis bəxş etməyə qadir deyilsən".
İkincisi, gənclər əksər hallarda adi məişət münaqişələrini aradan qaldırmaq üçün elementar təcrübəyə malik olmurlar. Bu üzdən də tez-tez "Romeo" və "Cülyetta"ların sırf ailə mübahisəsinə hər iki ailənin yaşlı nümayəndələri, valideynlər müdaxilə edir və bəzən bu, son dərəcə pis fəsadlara aparıb çıxarır. Bundan başqa, gənc yaş çox tez-tez zorakılığa yol açır və bu özünü yalnız fiziki yox, psixoloji, seksual, iqtisadi təzyiqlərlə də göstərir.
Təhsilsiz
Bu problemlərin mənbəyini valideynlərin hələ də əsas "alət" kimi istifadə etdikləri adət-ənənələrdə axtarmaq lazımdır. Bu, xüsusilə regionlarda özünü daha çox göstərir. Orta məktəblərə baş çəksək, gender balansının pozulduğunu asanlıqla görə bilərik: yuxarı siniflərdə qızların sayı oğlanların sayından xeyli geri qalır, başqa sözlə, hətta demək olar ki, yuxarı siniflərdə qızlara rast gəlmək çətindir. Sadəcə, valideynlər (adətən, atalar - köhnəliyə sədaqət göstəricisi kimi) hesab edirlər ki, qızların təhsilini davam etdirmələrinə ehtiyac yoxdur - qoy, evdə otursun və evdarlığın hikmətini dərk etsin - o, həyatda daha faydalıdır.
Acınacaqlı olan odur ki, Bakıda və digər iri şəhərlərdə də belə faktlara kifayət qədər çox rast gəlinir. Böhran mərkəzinə qızlar, təbii ki, valideynlərindən gizli tez-tez zəng edərək peşəkarlardan yardım istəyirlər. Məsələn, zəng edənlər atasının ona məktəbə getməyə icazə verməməsindən, artıq əmisi oğluna nişanlandığından və sairdən şikayətlənirlər.
Əksər hallarda şikayətçilərə köməklik göstərmək çox çətin olur. Əsas problem anonimliyin qorunmasının vacibliyi və bununla bağlı tələblərdir. Bu məsələdə də regionlar öndədir: burada hər kəs bir-birini tanıyır, demək olar ki, hamı bir-birinə qohumdur, hüquq-müdafiə və ya qeyri-hökumət təşkilatına müraciət nəinki dedi-qoduya səbəb olacaq, hətta qızın biabır olmasına aparıb çıxaracaq. Əksər qızlar mərkəzə birbaşa deyil, telefon zəngi, elektron poçt və ya sosial şəbəkə vasitəsilə müraciət edir və anonimliklərinin təmin edilməsi üçün yalvarırlar.
Erkən nikah problemində təhsil məsələsi, yəqin ki, əsas yerlərdən birini tutur. Artıq qeyd etdiyimiz kimi, bəzi qızlar yuxarı siniflərdə oxuyan zaman məktəbə ümumiyyətlə getmirlər. Belə olan təqdirdə, "lazımsız" ali təhsilin, yaxud heç olmasa, texniki-peşə təhsilinin alınmasından, hansısa peşəyə yiyələnməkdən danışmağa belə, dəyməz. Təhsildəki çatışmazlıqlar gənc ailələrin ən elementar problemləri çözməsinə mane olur: dünyaya gəlmiş uşağın qeydiyyatı, uşaqları məktəbə göndərən zaman lazımi sənədlərin alınması, heç də nadir hadisə olmayan boşanmalar, mülkiyyətin bölüşdürülməsi və sair. Ən acınacaqlısı isə savadsızlıq üzündən körpələrin həyatına təhlükənin yaranmasıdır. "Məsələn, mənə heç bir savadları olmayan, hətta oxumağı bacarmayan cütlük müraciət etmişdi. Ər bazarların birində qəssab köməkçisi işləyirdi, qadın isə əlbəttə ki, evdə otururdu. Oğullarını isə məktəbə vermək fikrində deyildilər. Niyə? Böyüyüb atasının sənətini davam etdirəcəkdi. Necə olmuşdusa, uşaq sətəlcəmə tutulmuşdu. Atası isə həkimə müraciət etməyə icazə verməmişdi: məni anam dərmansız və həkimsiz sağaldıb, biz də belə edəcəyik. Uşağın həyatını təsadüfən vəziyyətdən xəbərdar olmuş qonşular xilas etmişdilər", - deyə mərkəz əməkdaşlarından biri bildirir.
Bir sözlə, erkən nikah qızın təhsilinin üzərindən xətt çəkilməsidir. İndi məktəb və institututa getmək gənc anaların ağlına çox nadir halda gəlir. Bu ideya onların ağlına gəlsə belə, reallaşdırılması, demək olar ki, mümkün deyil: uğurlu nikah halında, məişət problemləri adamın əl-ayağını bağlayır, ailəni dolandıran ər varsa, oxumaq nəyə gərəkdir? Ailə dağıldıqda isə ən yaxşı halda qadın uşaqlarını da götürüb valideynlərinin yanına qayıdır, pis halda isə küçədə qalaraq özünə iş, yemək axtarmalı olur. Bu halda o, azmaaşlı işə düzəlir, qab-qacaq yumaqla, süpürgəçiliklə, ofisiantlıqla məşğul olur, bəzi hallarda isə aldanaraq pis yola düşür. Vaxtında təhsil alması və hər hansı peşəyə yiyələnməsi isə belə günlərdə onun köməyinə gələ bilər.
"Asayiş keşikçisi"ndən soruşun
Erkən nikah probleminin miqyası o qədər böyükdür ki, onunla eyni vaxtda bir çox struktur məşğul olur: həm QHT, həm də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin himayədarlığı ilə bir sıra dövlət strukturları və sair.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən "R+" jurnalına bildiriblər ki, hazırda dövlət tərəfindən bu problemin aradan qaldırılması istiqamətində bir çox tədbirlər görülür. Belə tədbirlərdən ən vacibi müvafiq qanun layihəsinin qəbuludur. Qanun layihəsi nikah yaşının 18-ə qaldırılması ilə yanaşı, nikaha girilməsi üçün hər tərəfin yazılı razılığının alınmasını, qanunda göstərilən yaşa çatmadan nikaha girən şəxslərin, həmçinin yeniyetmələri buna məcbur edənlərin cinayət məsuliyyətinə cəlb olunmalarını nəzərdə tutur.
Bu işdə rayon qəyyumluq orqanlarının və sahə müvəkkillərinin də üzərinə böyük rol düşür. Hər bir sahə müvəkkili ərazisində yaşayan bütün ailələrlə bağlı bu və ya digər dərəcədə müfəssəl məlumata malik olur. O, profilaktik və nəzarətedici rol oynamalıdır. "Asayiş keşikçisi" baş verənlərdən xəbərdar olmalı, ailənin uşaqlarının, xüsusilə qız uşaqlarının məktəbə gedib-getmədiyini bilməli, lazım gəldikdə, məişət zorakılığı ilə bağlı faktları olduqda - məktəbə getməyin qadağan olunması da məişət zorakılığıdır - məsələyə müdaxilə etməli, yaxud müvafiq səlahiyyətli orqanları bu haqda məlumatlandırmalıdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə, bu problemin qarşısının alınması istiqamətində görülən çoxsaylı tədbirlərə, həddi-büluğa çatmamış şəxsləri nikaha məcbur edənlərin cinayət məsuliyyətinə cəlb olunmasının nəzərdə tutulmasına baxmayaraq, indiyədək belə hallara yol verən şəxslər barəsində cinayət işinin açılması ilə bağlı bir dənə də fakt yoxdur. Bu, hələlik sözügedən qanunun icrasına nəzarətin çox zəif olduğunu göstərir.
MƏSLƏHƏT GÖR: