Müəllif: Vəfa ZEYNALOVA Bakı
Ev heyvanları üçün sığınacaq olan "Dostlar" "yetimxanası"nın Facebook-da qeydiyyatdan keçmiş üzvlərinin sayı 8,5 mindən artıq olsa da, qurumun özü hələ də qeydiyyatdan keçməyib. Onun ofisi də yoxdur. Heyvanlar üçün sığınacaq yeri rolunu isə şəxsi bağ evi oynayır.
Bütün bunlar "Dostlar"ın təşkilatçısı və direktoru Valeri Qarberi ruhdan salmır və o, atılmış, itmiş və sadəcə sahibsiz olan heyvanların, it və pişiklərin qeydinə qalmaqdan yorulmur. O, bir neçə könüllü ilə birlikdə heyvanların sığınacaqda yerləşdirilməsi, müalicəsi ilə məşğul olur və bunu öz vəsaiti hesabına edir.
"Dostlar"ın növbəti tədbiri "Anglo-american business services" mərkəzinin binasında keçirilib. Təşkilatçıların dəvətilə bacarıqlı şəxslər heyvanların yaz sərgisi və "Rıjie-usatıe" xeyriyyə yarmarkasına özlərinin əl işlərini, çəkdikləri şəkilləri gətiriblər. Sərginin şərtinə görə, təqdim olunan əl işlərinin satışından əldə olunan gəlirin 50%-i "Dostlar"ın hesabına köçürülüb.
Bununla yanaşı, təşkilatçılar sər-giyə baş çəkənlərin ianələrini də böyük minnətdarlıqla qəbul ediblər. Ziyarətçilər sığınacaq üçün həm pul, həm də qida, oyuncaq, xalta və s. hədiyyə ediblər. Mərkəzin iki o qədər də böyük olmayan otağı insanlarla dolu idi. Sərgiyə uşaqları ilə gəlmiş valideynlər boğazlarına gözəl, sarı rəngli parlaq lent bağlanmış heyvanların olduğu qəfəslərin arasında gəzişirdilər. Balaca qonaqlar heyvanlara maraq və sevinclə baxır, onları tumarlayır, heyvanların yanında dayanaraq şəkil çəkdirirdilər. Uşaqlar sanki maskarada düşmüşdülər. Arzulayanlar masalara qoyulmuş bukletləri, vərəqləri götürərək orada "Dostlar"ın fəaliyyətilə tanış ola bilərdilər.
Sığınacağın könüllü fəallarından olan Ləman Əliyeva belə tədbirlərin mütəmadi olaraq keçirildiyini bildirib: "Sərgilərin təşkilində məqsəd yiyəsiz heyvanlara sahib tapmaqdır. Məsələn, sərgi başlanandan biz artıq bir neçə pişik və itə sahib tapa bilmişik. Bu yolla biz tanınırıq. Sahibsiz heyvanların taleyinə biganə olmayan insanlar bizə müraciət edirlər".
L.Əliyevanın sözlərinə görə, hazırda "Dostlar"ın heyvanları üçün binaya ciddi ehtiyac duyulur. "Hövsanda yarım hektar ərazisi olan torpaq sahəsi var. Amma orada bina tikmək üçün vəsaitimiz yoxdur. Bütün canlılara ya könüllülərin evində baxılır, ya da bu işi pulla görənlərə müraciət olunur. Çox sayda məktub yazmışıq, fondlara müraciət etmişik. Lakin təəssüf ki, hələlik bunların heç bir nəticəsi yoxdur. "Heyvanların mühafizəsi haqqında" qanunun qəbulu üçün imza da toplamışıq, müxtəlif strukturlara müraciət də etmişik. Lakin bizə münasibət yumşaq desək, o qədər də ciddi deyil". Ləman Əliyeva real yardım etmək istəyən şəxslərin olmadığını deyir. Onlara yalnız "Vəfalı dostlar" heyvanların müdafiəsi cəmiyyəti ciddi yardım göstərir.
"Bizdən fərqli olaraq, onların qeydiyyatı, sığınacaq üçün yerləri və ştatlı baytarları var. Bu cəmiyyətin sayəsində bizim heyvanlarımız da pulsuz sterilizasiya olunur. Amma onların da köməyi sərhədsiz deyil. Daim bizim heyvanlarımızı öz binalarında saxlaya bilməzlər. Çünki sanitar normalar, hər kvadrat metrə düşə biləcək maksimum heyvan sayı var", - deyə L.Əliyev bildirir.
"Dostlar" üçün ən ciddi problem isə eyni vaxtda ən azı 50 it və pişiyin saxlanacağı yerin, eyni zamanda ümumilikdə heyvanlara tələbatın olmamasıdır: "İnsanlarda cins olmayan heyvanları almaq arzusu yoxdur. Şikəst heyvanlar isə ayrıca problemdir. Onları götürmək istəyənlər isə ümumiyyətlə yoxdur, belə heyvanlara pulla baxılması isə baha başa gəlir. Onlar yalnız könüllülərin ianələri hesabına yaşayır. Sağlam heyvanların hamısını gec və ya tez kimsə götürür. Yalnız şikəstlər qalır, məsələn : üç, bəzən isə iki ayaqlı pişik, ayaqları hissə-hissə yığılmış Rey adlı it. Hər kəsdən yardım gözləyirik. Bütün bu heyvanların sevgiyə, mərhəmətə ehtiyacı var. Onları götürün. Özünüzə ən sadiq, ən etibarlı dost qazanacaqsınız!"
MƏSLƏHƏT GÖR: