Müəllif: Sabirə MUSTAFAYEVA Bakı
Fərqli ailələrdə doğulan uşaqlar üçün, əslində, bərabər imkanlar ola bilməz. Və hətta uşaq varlı ailədə doğulsa belə, onun taleyi artıq müəyyən olunub və həyatı bütün detalları ilə qaydaya salınıb. Bəli, bu uşağın problemsiz yaşaması, daha çox imkanları ola bilər, amma praktiki həyatda daha müstəqil olacağına inam azdır. Həm də tərbiyə və prioritetləri də gözardına vurmaq olmaz. Bəzi varlı ailələr uşaqların təhsili üçün əhəmiyyətli şəkildə sərmayə yatırırlar. Başqa ailələr isə bu məsələyə elə də ciddi fikir vermirlər - düşünürlər ki, hər hansı bir məqsədə çatmaq üçün həmişə pul vermək və kimisə satın almaq mümkündür; məsələn, sürücülük vəsiqəsi alan zaman olduğu kimi.
Əksinə, elə də varlı olmayan ailələrdə uşaqlara körpəlik dövründən öyrədirlər ki, yalnız zəhmətlə və yaxşı təhsillə insan müəyyən zirvəni fəth edə, maddi rifah və digər üstünlüklər qazana bilər. Belə ailələr, hətta öz kiçik qazancları ilə belə uşaqların təhsilinə sərmayə yatırırlar. Ancaq belə vəziyyətdə də heç kim bunun tam alınıb-alınmaycağına zəmanət verə bilməz. Birdən alınmadı, onda necə? Çox şey insan xarakterindən, iradəsindən və digər emosional, intellektual xüsusiyyətlərdən asılıdır. Bu məsələdə bəxt də əhəmiyyətli rol oynayır.
Həyat, tale/... Onlar inanılmaz sürprizlər təqdim edir. Olur ki, valideynlərimiz bizə alicənablıq, yaxşı təhsil, xeyirxahlıqla bağlı sarsılmaz dəyərlər aşılayırlar. Bizi təmiz, intizamlı bir insan kimi yetişdirirlər. Daim təmiz və ütülü geyindirirlər, bayramlarda yeni paltarlar və hədiyyələr verirlər, rahat evdə böyüdürlər. Bu zaman qonşu uşaqlar isə öz uşaqlıqlarını küçələrdə, çirk və kir içində keçirirdilər, pis oxuyurdular və bunun nəticəsində də universitetə girə bilmədilər. Amma indi onlar son dəblə geyinir, rifah içində yaşayır və bahalı xarici avtomobillər sürürlər. Və həqiqətən onlar üçün elə də əziyyət çəkməmiş valideynlərini əllərinin üstündə gəzdirirlər. Bu cür həyat hekayələri çoxdur və hər yerdə rast gəlmək olar. Belə çıxır ki, sosial ədalət və həyatın qaydaları haqqında hər şeyi qara və ağa bölən nəzəriyyələr heç də hər zaman özünü doğrultmur? Ya bəlkə də, sosial ədalət var?
Valideynlər belə sualları sevmir və buna hər hansı bir dəqiq cavab da verə bilmirlər. İnsanlar bənzər müzakirələrə girdikdə və həyat qanunlarını anlamağa çalışdıqda, onlar "Əsas odur ki, mənim uşaqlarım yaxşı insan kimi böyüsünlər" deyirlər. Əgər həyatın hər zaman ədalətli deyilsə, sosial ədalət mövzusunu anlamaq elə də asan olmayacaq. Biz də respondentlərimizdən sosial ədalətin nə olmasını və ona çatmağın yollarını soruşduq.
Esseksk (Böyük Britaniya) universitetinin azərbaycanlı məzunu Svetlana Çareva:
Ümumiyyətlə Qərbdə ictimai ədalət dedikdə, hər şeydən əvvəl, bərabər imkanlar cəmiyyəti anlaşılır. İnsanlar fərqli ictimai laylara aid ola bilərlər, amma onlar qabiliyyətlərinin və zəhmətlərinin yardımı ilə sosial pilləkənlə yuxarı dırmanmaq şansına malik olmalıdırlar. Amma eyni zamanda, sosial ədalət anlayışına tətilə çıxmaq, ekoloji qidalardan yararlanmaq, mənəvi qida almaq, ailə ilə daha çox vaxt keçirmək kimi rahatlıqlardan yararlanmaq imkanları da daxildir.
Belə ki, bu gün Qərbdə getdikcə daha çox insan "daunşiftinq" adlanan həyat fəlsəfəsinin tərəfdarına çevrilir (downshifting - avtomobilin ötürmə qutusunda daha aşağı sürətə keçirilməsidir, həmçinin hər hansı prosesin zəiflədilməsi mənasını da verir). Bu termin özü üçün yaşamaq və cəmiyyət tərəfindən təlqin edilmiş yad məqsədlərdən - stereotiplərdən imtina fəlsəfəsini bildirir. Axı əgər diqqətlə araşdırıldıqda insanın pulla və sərhədsiz imkanlarla dolu həyatı heç də xoşbəxtlik demək deyil. Çox vaxt insan hər hansı bir rifaha qovuşmaq üçün uzun müddət və inadla istirahətsiz, normal qidasız işləyir, bununla yanaşı öz mənəviyyatını, sağlamlığını, bəzi hallarda isə ailəsini itirir. Daunşiftinq anlayışı, əslində, "simple living", yəni ingiliscə "sadə yaşayış" anlayışına, həm də Lev Tolstoyun sadə dini fəlsəfəsinə qohumdur. Özlərini daunşiftinqə aid edənlər daim maddi kapitalın artırılması, karyera yüksəlişi kimi təbliğ olunan ümumi qəbul edilmiş rifahlara can atmaqdan imtina edirlər, həyatlarını özlərinə və ailələrinə həsr edirlər. Nə vaxtsa, hətta öz şöhrətlərinin zirvəsində onlar hər şeyi ataraq, özlərinə "dur" deyə və şəhərin qarışıqlığından uzaqda yaşamağa başlaya bilərlər, başqa sözlə, onlar tərki-dünyaya çevrilir, öz evlərində təbiətdəki kimi yaşayırlar. Düşünürəm, bu da bərabər imkanların bir hissəsinə çevrilməlidir.
Pedaqoq, filoloq Rəna Babayeva:
Düşünmürəm ki, sosial ədalət anlayışı demokratiya anlayışından kənarda dayanan bir məsələdir. Müəyyən mənada demokratiyaya can atmaq sosial ədalətə can atmaqdan kənarda mümkün ola bilməz. Cəmiyyətdə tam bərabərliyin olması mümkün deyil və yoxdur, amma mənə elə gəlir ki, sosial ədalət sürünmək yox, yaşamaq imkanını nəzərdə tutur. Sosial rifahdan hamı bərabər şəkildə yararlanmalıdır. Buna nail olmaq üçün dövlət çalışmalıdır ki, ölkədə bütün sosial institutlar güclü sosial siyasət və səhiyyə siyasəti əsasında saat mexanizmi kimi çalışsın.
IT sahibkarı Eldar Manafov:
Bu fikrə gəlmişəm ki, dünyanın heç yerində sosial ədalət yoxdur. Dünya maliyyə böhranından sonra mənim başımdakı bir vaxt yaşamaq istədiyim "platonik dövlət" sxemi dağıldı, axı, nə vaxtsa arzular məni Avropada yaşamağa doğru dartırdı. Amma indi ora getmək istəmirəm, düşünürəm, vətənimdə, hətta həyatım idealdan uzaq olsa da, hər halda, yadlar arasında yaşamaqdan yaxşıdır. Hətta "qızıl milyard" ölkələrində sosial etirazlar barədə xəbərlər kədərli düşüncələrə aparır. "Beynəlxalq Əmək Təşkilatının ədalətli qloballaşma naminə sosial ədalət haqqında deklarasiyası" kommunizm quruculuğu proqramını xatırladır. Son zamanlar mən sadəcə kədərlə anlayıram ki, bizim dünyada kamillik və həmin o ədalət yoxdur.
Pensiyaçı Rafiq Muxtarov:
Sosial ədalət - insanın cəmiyyət tərəfindən müəyyən edilmiş ehtiyaclarının təmin edilməsi, çağdaş sivilizasiyanın ən elementar rifahlarına və beynəlxalq hüquqla müəyyən edilmiş əsas azadlıqlara çıxış imkanıdır. Bu o deməkdir ki, insan nə qədər zəif, fiziki baxımdan nə qədər imkansız, tənbəl, ağılsız, yaşlı və ya gənc, varlı yaxud da yoxsul olsa da, onun pulsuz yaxşı səhiyyəyə, təhsilə, şəxsi təhlükəsizliyə, məlumata, nəqliyyata çıxışı olmalıdır, eyni zamanda normal yaşayış minimumuna malik olmalıdır.
Amma bütün cəmiyyətlərdə qanunlar elədir ki, o, öz üzvlərini bu minimumla təmin edən zaman, o, güclülər, uğurlular, işgüzarlar və əməksevərlər arasında qeyri-bərabər paylanmağa başlayır. Beləcə, sosial ədalətsizlik baş verir, özü də bu, həm kazarma kommunizmində, həm də indiki kapitalizmdə müşahidə edilir. Kapitalizmdə bu "Günəş" töhfəsindən yoxsullar, xəstələr və zəiflər də istifadə edə bilər, hətta ən minimum da kənarda qalmır. Amma kommunizmdə gəlirlərin ədalətli bölünməsindən, hətta yaxşı təhsil almış və çoxişləmişlər də kənarda qala bilərlər.
Xəbərləri izləyərək bu qərara gəldim ki, ABŞ-da heç zaman sosial ədalət olmayıb. Zəiflər, hətta minimuma da ümid bağlaya bilmirlər, varlılar isə çox şeyə malikdirlər. Özü də bu dəyərlər sistemində amerikalılar, hətta ədalət, azadlıq və bərabər imkanlar anlayışlarını alqışlaya da bilirlər. Amma düşünürəm, sosial ədalətə çatılıb. Mənə elə gəlir, sosial ədalət əldə edilib, yüksək sosial ədalət səviyyəsi Skandinaviyada və ümumiyyətlə, Şimali-Qərbi Avropada, Kanadada, Avstraliyada əldə edilib.
MƏSLƏHƏT GÖR: