Müəllif: İlahə MƏMMƏDLİ Bakı
Son onilliklərdə dünyanın inkişaf etmiş ölkələrini əhatə edən kreditlə yaşamaq meyli Azərbaycanda da deyəsən dəbə minib. Sabit gəlirlər bu gün iri alışlar etməyə imkan vermir, amma onların hissə-hissə ödənməsinə şərait yaradır və bununla da, istehlak kreditlərinə tələbat yaradır. Yerli kommersiya banklarından bəziləri də bu məqamı yetərincə sürətlə tutdular və və kredit verilməsində müxtəlif çeşidli şərtlər təklif etməyə başladılar. Nəticə budur ki, hazırda istehlak kreditləşdirməsi Azərbaycanda ən populyar bank kreditləşdirməsi növüdür.
Asan şərtlər - böyük risklər
Nəzərə alınsa ki, borcların verilmə şərtləri daha loyallaşır və bankların potensial borcgötürənlərə tələbləri asanlıqla yerinə yetiriləndir, ona görə də Azərbaycanda "kreditomaniya" xəstəliyinə mübtəla olmamaq sadəcə çox çətindir. Ticarət şəbəkəsində ekspress-krediti sənədləşdirmək üçün banklar yalnız şəxsiyyət vəsiqəsini təqdim etmək və anketi doldurmağı tələb edirlər - nə girov, nə də iş yerindən gəlir barədə arayış lazım gəlmir. Bu cür liberalizm kredit çantalarının artımını stimullaşdırır, amma eyni zamanda onların keyfiyyətinə təsir göstərir, çünki problemli kreditlər bir sıra banklar üçün ciddi məsələyə çevrilib, nəzərə almaq lazımdır ki, çox vaxt onların toplam portfeldəki payı 10%-i keçir.
Belə mühitdə bu cür banklar pərakəndə kreditləşməsi şərtlərinin demokratikləşdirilməsindən imtina etmək barədə düşünmürlər, əksinə onlar ənənəvi kredit məhsulları xəttinə borc götürənə tələblərin və onların təqdim etməli olduqları sənədlər zərfinin yumşaldılması istiqamətində düzəlişlər edirlər. Bu onunla izah edilir ki, bu gün Azərbaycanda istehlak kreditlərinin perspektivləri daha çox bazarın dolu olması ilə müəyyən edilir ki, bu da müştəri uğrunda rəqabətin artmasına gətirib çıxarır.
Ancaq məhsulların dəyərinə rəğmən bu cür şərtlər elə də ciddi təsir göstərmir. Doğrudur, bəzi banklar faiz dərəcələrini 2-3% azaldır, amma bu, istehlak kreditlərinin yüksək dərəcələrinin fonunda yetərincə kiçikdir. Məsələ bundadır ki, qısamüddətli kreditləşdirmə girovsuz kreditləşmənin ən yüksək riskli seqmentidir və kredit məhsulunun qiyməti banklar üçün bu riskləri örtmək üçün vasitəyə çevrilir. Rəqabət mübarizəsi özünü nədə göstərir? Hər şeydən öncə, banklar kredit üzrə qərarın sürətli verilməsi, süründürməçiliyin aradan qaldırılması, satış kanallarının genişləndirilməsi, internet-bankinqin, kart məhsullarının, o cümlədən şoppinq kartlarının inkişafı kimi üstünlüklərlə müştəri cəlb etməyə çalışırlar.
AMB-nin məlumatına görə, banklar tərəfindən keçən il ev təsərrüfatlarına verilmiş kreditlərin artım templəri korporativ sektorun kreditləşdirməsinin artım templərini iki dəfə üstələyib. 2012-ci ildə ev təsərrüfatlarına verilən kreditlərin həcmləri 30,1% artaraq 4 mlrd. manatı keçib.
Şəksiz ki, istehlak kreditləşməsinin həcmlərinin artması ölkə iqtisadiyyatına müsbət təsir göstərir, deyə Azərbaycan Beynəlxalq Bankının mətbuat xidmətinin başçısı Rauf Ağayev bildirir. İstehlak həcmlərinin artması ilə pul dövriyyəsi və uyğun olaraq ölkənin ümumi daxili məhsulu da yüksəlir. Banklar üçün pərakəndə kreditləşdirmə yetərincə yüksək gəlirlilik və bazarın yüksək imkanları səbəbindən ən cəzbedici sektora çevrilib. Başqa tərəfdən, borc ödənilə bilmədikdə borc verənlə alan arasında elə bir durum yaranır ki, borcu bank bağlamalı olur. Bu məqsədlə banklarda riskli kreditlərin bağlanması üçün ehtiyat fondları yaradılıb. Bankların kredit siyasətinin riski böyük olduqda o, daha böyük ehtiyat fondu yaratmalıdır. O, öz gəlirlərindəki vəsaitləri istifadə edərək bunu yaratmalıdır. Tez-tez banklar zərər də edirlər.
"Banklar borc götürənlərin diqqətini parlaq reklam kampaniyaları, müxtəlif cür güzəşt və endirimlərlə cəlb etməyə çalışırlar. Sonra da günün günorta çağı əllərində çıraq ödənişinin vaxtı keçmiş borclunu axtarırlar. Özünə hörmət edən istənilən bank istehlak kreditlərinin verilmə şərtlərini mürəkkəbləşdirməyə can atır və kredit ödəmək qabiliyyəti olmayan borcgötürəni hələ kredit ərizəsinin təqdim edilməsi mərhələsində aşkar etməyə imkan verən çağdaş skorinq sistemlərini tətbiq edir", - deyə R. Ağayev bildirir.
Mərkəzi Bank nəzarəti gücləndirir
Bununla yanaşı, hamıya bəllidir ki, Avropada borc böhranının inkişafı bir sıra mürəkkəb amillərin eyni vaxtda təsiri altında baş verib və bunların sırasında kreditlərə asan çıxışı da göstərmək olar ki, bu da risk səviyyəsi yüksək olan çox sayda kreditin verilməsinə gətirib çıxarmışdı.
Bunları nəzərə alaraq, istehlak kreditlərinin verilməsi sahəsində artan canlanmanı nəzərə alan BVF Azərbaycan Mərkəzi Bankına (AMB) prusendial tədbirləri davam etməyi tövsiyə edib. Bundan başqa, fond AMB-yə ölkə iqtisadiyyatının real sektorunun birbaşa kreditləşdirilməsində müəyyən rol oynamağı tövsiyə edib. BVF-nin Yaxın Şərq və Mərkəzi Asiya üzrə departamentinin müşaviri Raca Almarzoqi bu barədə Bakıya ikihəftəlik səfərinin yekunları ilə bağlı mətbuat konfransında bildirib.
Azərbaycan parlamentinin iqtisadi siyasət üzrə komitəsi də banklardan istehlak kreditləri üzrə dərəcələrin azaldılmasını tələb etmək niyyətindədir. Bu yaxınlarda komitənin başçısı Ziyad Səmədzadə bildirib ki, bu məsələ ilk dəfə olaraq deputatların və ölkənin aparıcı iqtisadçılarının müzakirəsinə çıxarılacaq.
"İstehlak kreditləri bazarındakı durumu mütləq analiz etmək lazımdır ki, onun istehlakçıların imkanlarını nə dərəcədə əks etdirdiyi, ölkə iqtisadiyyatı üçün riskli olub-olmaması ortaya çıxsın. Bəllidir ki, dünya maliyyə böhranı məhz bank kreditləri böhranından başladı", - deyə Z.Səmədzadə bildirib.
Parlament təmsilçiləri istehlak kreditləri bazarındakı problemlərin müzakirəsi üçün yerli bankların rəhbərliyi ilə AMB-nin görüşünü keçirmək niyyətindədirlər. Z. Səmədzadənin fikrincə, kreditlərə aylıq xidmət haqqı onlardan gələn gəlirləri xeyli üstələyir. Buna görə də orta rentabelliyi 6-8% ətrafında dəyişən və hətta aşağı olan bankların istehlak kreditləri üzrə belə yüksək faizlərin tətbiq etməsinin səbəbləri araşdırılmalıdır. "Bankların diqqətinə çatdırmaq lazımdır ki, vəziyyət ölkə iqtisadiyyatı üçün ciddi təhlükəyə çevrilə bilər", - deyə parlament komitəsinin başçısı hesab edir.
Bazar iştirakçıları da risklərin artmasını təsdiq edirlər. "Bank Standard"ın pərakəndə biznes departamentinin direktoru Elçin Abdullayevin fikrincə, son zamanlarda ölkənin bir sıra bankları yetərincə aqressiv kredit siyasəti yürüdərək orta bazar səviyyəsini xeyli üstələyən və yerlərdə bu fəaliyyətə uyğunlaşa bilməyən dərəcələrlə kreditlər verirlər. "Bu isə Azərbaycanın bütün bank sektoru üçün riskləri artırır, çünki çox vaxt bankların borc götürənin kredit qabiliyyətini yaxşı yoxlamağa imkanı olmur", - deyə E.Abdullayev bildirib və əlavə edib ki, bankların potensial müştəriləri kreditlər, onların dəyəri haqqında bütün lazım olan məlumatları tam şəkildə almalıdırlar ki, onları qaytarıb-qaytara bilməyəcəklərini ayıq başla qiymətləndirsinlər.
Bununla yanaşı, AMB bankların öz çantalarını müxtəlif xidmətlərlə böyütmək cəhdini və bununla bağlı müştərilərə doğru çox sayda müraciətlər yönəldiyini görərək, tədbirlər görməyə başlayıb. Bankların sabitlik təhlükəsini aşağı salmaq üçün AMB ilk başdan onlara xəbərdarlıq edib ki, öz filial və şöbələrindən kənarda bank xidməti göstərməyi dayandırsınlar.
Növbəti addım kimi isə banklar xəbərdar ediliblər ki, kreditlər üzrə öz faktiki illik faiz dərəcələrini (FIFD) internet resurslarında və reklam kampaniyalarında açıqlamalıdırlar. AMB tərəfindən təqdim edilən metodologiyaya uyğun olaraq FIFD hesablanan zaman aşağıdakılar nəzərə alınmalıdır: kreditin əsas məbləği üzrə ödənişlər, kredit üzrə faizlər, kredit üzrə komisyon ödənişləri, kreditə xidmət, kredit hesabının açılması və aparılması üzrə xərclər, həmçinin girova xidmət üzrə, kreditin nağdlaşdırılması üzrə xərclər, girovun qiymətləndirilməsi, eləcə də sığorta, inzibatçılıq və s. xərcləri.
Bunun edilməsi ona görə lazımdır ki, kreditlər üzrə faktiki dərəcələr bəyan ediləndən xeyli yüksəkdir. İndi bəzi banklar FIFD-ni elan etməyə başlayıblar və aydın olub ki, onlar 30-40% arasındadır və bəzən hətta 50%-ə qədər çatır.
Lakin bu cür nəticələrlə heç də bazar iştirakçılarının hamısı razı deyil. Məsələn, "Unibank"ın İdarə Heyətinin sədri Eldar Qəribov bildirib ki, "bizim ölkədə istehlak kreditləri üzrə orta dərəcə 28-32% arasında dəyişir (mikrokreditləşdirmədə olduğu kimi, amma bu barədə heç kim danışmır). Effektiv dərəcə illik 40%-ə qədər çatır. Amma! Siz əgər istənilən bazarda, harada olması vacib deyil, Böyük Britaniyada, ABŞ-da və ya Rusiyada məbləği 100 $-dan 2 min $-a qədər dəyişən qısamüddətli kredit almaq istəsəniz effektiv dərəcə dəqiqliklə 60%-dən yüksək olacaq. Bu da məntiqlidir, çünki bu cür biznesin aparılması və onun effektiv idarə edilməsi üçün böyük marketinq və reklam sərmayələri, satış kanallarının, informasiya texnologiyalarının inkişafını, risklərin idarə edilməsini və s. tələb edir. Deyək ki, 1000 manatı bir il müddətinə 25% və 40% dərəcə ilə götürmüş müştərilərin ödənişləri arasında fərq ildə cəmi 150 manat, yəni ayda 12,5 manat təşkil edəcək. Əgər kimsə bunun müştərini ödənməmiş borc dalanına soxacağını iddia edirsə, qoy belə olsun və vicdanı qarşısında özü cavab versin". Bankirin sözlərinə görə, Azərbaycan vətəndaşlarının illik gəlirlərinin artımı təkcə son il üzrə ölkənin istehlak kreditləri bazarının həcminə bərabərdir. "Özü də gəlirlərin artımı mütləq rəqəmlərdə ailə təsərrüfatlarının borcunun artımını 3,5 dəfə üstələyir. Burada yaxın perspektiv üçün makroiqtisadi risklər haradadır?" - deyə E.Qəribov soruşur.
İstənilən halda, AMB-nin təlimatına görə, ölkə bankları öz filiallarından və şöbələrindən kənarda bank xidməti göstərməyi dayandırıblar. AMB-nin baş direktoru Rəşad Orucovun bildirdiyi kimi banklardan və filiallardan kənarda verilən kreditlərin payı böyük olmayıb, amma bu meyil güclənirmiş və ona görə də AMB bunu dayandırmalı olub. "Bizim qərarımızdan sonra banklar bu fəaliyyəti tamamilə dayandırıblar və artıq sanksiyalara gərək qalmayıb", - deyə R.Orucov bildirib. Faktiki olaraq bu, bankın yerləşdiyi ünvandan, yəni qanunla icazə verilmiş yerdən kənarda gerçəkləşdirilən bank fəaliyyəti idi. Qanuna görə, kreditlər baş ofislərdə və filiallarda verilə bilər, şöbələr isə kreditin verilməsi ilə məşğul ola bilməzlər. "Kreditlərin səyyar məntəqələr vasitəsilə rəsmiləşdirilməsi əlavə əməliyyat xərclərinə gətirib çıxara bilər, çünki onlar faktiki olaraq əməliyyat sisteminə qoşulmuş uzaq xidmət nöqtələridir və təhlükəsizlik tələblərinə cavab verə bilməzlər. Orada gerçəkləşdirilən anderraytinqin keyfiyyəti də sual altındadır", - deyə R.Orucov sanır.
Beləliklə, AMB-nin son qərarlarından sonra istehlak kreditlərinin verilməsi üzərində nəzarətin güclənəcəyini gözləmək olar. Və uyğun olaraq "kreditomaniya" daha sivil və təhlükəsiz "xəstəliyə" çevriləcək.
MƏSLƏHƏT GÖR: