Müəllif: Nurlana QULİYEVA Bakı
Artıq neçənci ildir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) mis-siyası iqtisadi islahatları təhlil etmək və onlarla bağlı öz mövqeyini söyləmək məqsədi ilə Azərbaycana gəlir. Yəni artıq bir neçə il qabaq olduğu kimi kredit xətti əvəzinə hökumətə tələb qoymur və sadəcə tövsiyələrlə kifayətlənir. Yada salaq ki, bütünlükdə 1992-ci ildən başlayan əməkdaşlıq müddətində Azərbaycan iqtisadi islahatların aparılması üzrə altı müxtəlif proqramın gerçəkləşdirilməsi üçün BVF-dən 577,3 mln. $ kredit cəlb edib. Ölkə hələ də bu borcu ödəməkdə davam edir və 2013-cü ilin yanvar ayına ödənməli cəmi 15,3 mln. $ qalıb.
Fonddan borc almaqdan hələ 2006-cı ildə imtina etmiş ölkə təbii ki, bu aparıcı dünya qurumu ilə əməkdaşlığı dayandırmayıb. İndi əlaqələr fondun nizamnaməsinin IV bəndinə uyğun olaraq gerçəkləşdirilir və fondun texniki missiyası əsasən makroiqtisadi siyasətin əsas istiqamətləri üzrədir. Diqqətə layiqdir ki, BVF-nin Azərbaycan üzrə rəylərində son zamanlarda müsbət məqamlar "kredit əməkdaşlığı" dövrünə baxanda xeyli çoxdur.
Belə ki, fondun Azərbaycan üzrə missiyasının başçısı Raca Almarzoqinin sözlərinə görə, neft gəlirlərinin iqtisadiyyatın inkişafı üçün işlədilməsi hesabına ölkə son 10 ildə dünyanın iqtisadiyyatı ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrilib. Bundan başqa, missiyanın yekunları üzrə keçirilmiş mətbuat konfransında R. Almarzoqi bildirib ki, dövlət xərclərinin yüksək səviyyəsinə əsaslanan neftdənkənar ÜDM artımı bu il 9%-ə çatacaq ki, bu da ümumi daxili məhsulun (ÜDM) bütünlükdə 4,5% artmasına imkan verəcək.
Ancaq dövlət xərclərinin yüksək səviyyəsi həm də inflyasiya templərinin artmasına səbəb olacaq. "2013-ci il üzrə BVF Azərbaycanda orta illik inflyasiyanın 3,4% olacağını proqnozlaşdırır. Yanvar-dekabr üzrə inflyasiya 7% olacaq", - deyə o bildirib. Hökumətin özü isə 2013-cü il üzrə inflyasiyanı 5,3% səviyyəsində, o cümlədən neftdənkənar bölmə üzrə 11,7% səviyyəsində proqnozlaşdırır, orta illik inflyasiya proqnozu isə 5,7%-ə bərabərdir.
Məhz inflyasiya riskləri BVF-ni Azərbaycana dövlət xərclərini getdikcə azaltmağı və bununla da, özəl sərmayələr üçün yer açmağı tövsiyə etməyə yönəldib. Və bu, biznes mühtinin yaxşılaşdırılması üçün tədbirlərlə müşayiət olunmalıdır. "Belə tədbirlərin müsbət nümunələri sırasında ASAN xidmətinin işə salınmasını, elektron hökumətin yaradılmasını, yeni Gömrük Məcəlləsinin qəbul edilməsini və rəqabət haqqında məcəllənin qəbuluna hazırlığı göstərmək olar", - deyə R.Almarzoqi vur-ğulayıb.
BVF öz mövqeyini onunla arqumentləşdirir ki, Azərbaycanda neft hasilatının səviyyəsinin getdikcə azalması səbəbindən 2020-ci ilə qədər iqtisadiyyatın inkişaf etdirilməsi üzrə planların işlənməsi zamanı ölkə neftdənkənar özəl bölmənin iqtisadiyyatın lokomotivinə çevrilməsinə əsaslanmalıdır.
"Nəticədə Azərbaycan iqtisadiyyatı daha dayanıqlı və şaxələndirilmiş olacaq, neftdənkənar məhsulun ixrac həcmləri artacaq", - deyə BVF-nin eksperti bildirib və əlavə edib ki, əgər iri büdcənin saxlanması planları gələcəkdə də yerinə yetiriləcəksə, onda Azərbaycanın neftdən asılılığı artacaq, həmçinin dövlət büdcəsinin effektivliyi barədə narahatlığa səbəb olacaq.
"Dövlət xərclərinin azaldılması, ilin ortasında büdcə düzəlişlərindən qaçılması, vergidən yayınma hallarının qarşısının alınması özəl bölməyə öz qüvvəsi hesabına qalxmağa imkan verər, həm də fiksal sahənin mənfi tərəflərini kənarlaşdırar", - deyə R. Almarzoqi bildirir.
Bundan başqa, BVF Azərbaycan hökumətinə pul siyasətini sərtləşdirməyi təklif edir. Ümumiyyətlə, fondun ekspertləri Azərbaycan Mərkəzi Bankının (AMB) bankların kapitalına minimal tələblərin qaldırılmasına yönəlmiş addımlarını dəstəkləyir. "Mən hesab edirəm ki, bu addımlar bank bölməsində rəqabəti artırmağa, həmçinin Azərbaycan banklarında tətbiq edilən biznes modelin təkmilləşdirilməsinə imkan verər", - deyə R. Almarzoqi bildirib. Yada salaq ki, 2012-ci ilin avqustunda AMB bankların məxsusi kapitalına minimum tələblərin artırılması barədə qərar qəbul edib - qərara uyğun olaraq 1 yanvar 2014-cü ildən o, 50 mln. manatdan az olmamalıdır.
Beləliklə, BVF-nin indiki tövsiyələri əvvəlki missiyaların qərarlarından elə də fərqlənmədi və artıq deyildiyi kimi, səslənən fikirlərin bütünlükdə müsbət olan tonu bölgənin aparıcı iqtisadiyyatı kimi Azərbaycanın imicinin təsdiq edilməsi baxımından çox önəmlidir.
MƏSLƏHƏT GÖR: