14 Mart 2025

Cümə, 23:36

KXDR : TƏKBAŞINA HAMIYA QARŞI

Dünyanın ən qapalı dövləti özünü dalana dirəyir…

Müəllif:

19.03.2013

"Partlamaq təhlükəsi var" - Koreya yarımadasının hazırkı durumunu məhz bu cür ifadə etmək olar. 38-ci paralelin müxtəlif tərəflərində yerləşən iki Koreya verbal müharibə vəziyyətindədir. Kim Çen Inın kommunizmin hökm sürdüyü Şimali Koreyanın başına keçməsindən bir ildən azca artıq vaxt ötür. Gənc rəhbərin uğurları çox "təsirli"dir: bu qısa müddətdə iki ballistik raket sınaqdan keçirilib, fevralın 12-də isə yeraltı nüvə raketinin sınağı bütün dünyanı şoka salıb.

KXDR dünyanın ən qapalı dövlətidir. O, beynəlxalq aləmdən təcrid vəziyyətindədir. Bu səbəbdən ölkədə digər sahələrdə uğurların olub-olmadığı haqda danışmaq çox çətindir. Amma Kim Çen Inın bütünlükdə sivil dünyanı özünə qarşı qaldıra bildiyini əminliklə söyləmək olar. Şimali Koreyanın dünya ictimaiyyətini nəzərə almadan inkişaf etdirdiyi nüvə silahını, rəsmi şəxslər təhlükəsizliyin zəmanəti adlandırırlar. Onlar ölkəyə təhlükə yaradan düşmən qüvvələrə qarşı dayanmaq üçün bu vasitəni çox vacib sayırlar. 2012-ci ilin aprelində nüvə silahlarının yayılmaması haqqında müqaviləni hələ 2003-cü ildə tərk etmiş KXDR-in Konstitusiyasına dəyişikliyin edilməsi də təsadüf deyildi. İndi Pxenyan özünü qanuni şəkildə "atom silahına malik olan dövlət" adlandırır.

Cənubi Koreya Müdafiə Nazirliyinin rəsmiləri bildirir ki, qonşu ölkədə fevralın 12-də keçirilmiş sınaq zamanı partlayışın gücü 6-7 kiloton arasında olub. Ekspertlərin fikrincə, Pxenyan hazırda ölçüsü o qədər də böyük olmayan nüvə başlıqlarının hazırlanması ilə məşğuldur. Məqsəd ölkənin arsenalındakı daşıyıcıların həmin başlıqları daşıya bilməsidir. "Siyasi nöqteyi-nəzərindən KXDR-in yeni nüvə sınaqları BMT-nin tələblərinə Şimali Koreyanın bundan əvvəlki hökumətinin göstərdiyi etinasızlıqdan daha ciddi sayğısızlıqdır", - deyə Notr-Dam Universitetinin Beynəlxalq Təhlükəsizlik İnstitutunun əməkdaşı Corc Lopes bildirir. Qeyd edək ki, Lopes 2011-ci ilədək BMT-də KXDR üzrə ekspert işləyib.

"Görünür, gənc lider Kim Çen Inı yolundan nə yeni sanksiyalar təhlükəsi, nə də Çinlə Rusiyanın ondan narazılığının artması çəkindirəcək", - deyə C.Lopes qeyd edib.

Yoxsul, illərdir üzləşdiyi sanksiyalar üzündən gücdən düşmüş diktaturanı bütün dünyaya qarşı getməyə nə vadar edir? Nüvə silahının ilk dəfə ABŞ tərəfindən sınaqdan keçirilməsi və istifadəsindən sonra bunun siyasi silahın klassik nümunəsinə çevrildiyinə şübhə yoxdur. Analitiklər Pxenyanın nüvə silahının əldə olunmasına yaxınlaşdıqca, bu ölkənin danışıq tonunun da dəyişməsinə diqqət çəkirlər. Məsələn, 2006-cı ilin oktyabrında keçirilmiş ilk nüvə sınağından sonra Şimali Koreyanın rəsmi dövlət agentliyinin bu haqda yaydığı xəbər qısa şəkildə və sülhpərvər ovqatda idi: "Bu fakt Koreya yarımadasında sülh və sabitliyə töhfə olacaq".

İkinci və üçüncü nüvə sınağı isə daha sərt və hərbi bəyanatlarla müşayiət olunub: "Sınaq respublikamızın orbitə peyk buraxması kimi qanuni hüquqlarını kobud şəkildə pozan ABŞ-ın düşmən əməlləri fonunda ölkənin təhlükəsizliyi və suverenliyinin təmin edilməsi istiqamətində görülmüş praktiki tədbirdir".

KXDR fevralın 12-də nüvə sınağı keçirməklə, BMT TŞ-nin iki qətnaməsinin (1718 və 1874) tələblərini pozub. Həmin qətnamələr Pxenyana raket və nüvə proqramının inkişafını qadağan edir. 

BMT TŞ-nin məsələyə reaksiyası da tam gözlənilən olub - təcili toplantıda Pxenyanın təxribatçı əməlləri kəskin şəkildə pislənib. Şimali Koreyanın nüvə sınağından 3 həftə sonra - martın 7-də isə BMT TŞ KXDR-ə qarşı sanksiyaları sərtləşdirib. Çin və ABŞ təmsilçiləri tərəfindən hazırlanmış sənəddə TŞ-nin Pxenyanın nüvə silahı əldə etməyə çalışmasından "ciddi narahatlıq keçirdiyi" vurğulanır, daha bir sınağın keçiriləcəyi təqdirdə Şimali Koreya ilə bağlı "yeni ciddi tədbirlərin görüləcəyi" bildirilir. Təhlükəsizlik Şurasının üzvləri Pxenyana indiyədək tətbiq olunan sanksiyaların genişləndirilməsinə yekdilliklə səs verib. AFP xəbər verir ki, söhbət hesabların dondurulmasından, diplomatların, həmçinin silah ticarətilə məşğul olduqları zənn edilən şəxslərin üzünə qapıların qapadılmasından gedir.

Pxenyana qarşı qəbul olunan sayca 4-cü qətnamə bank tranzasiyalarını müsadirə etməyə, KXDR-in hesablarını dondurmağa, hava və dəniz gəmilərini yoxlamağa, hətta diplomatların üzərində, sonradan nüvə proqramına yönəldilə biləcək böyük məbləğdə vəsaitin olub-olmadığını yoxlamağa (bu, suveren dövlət üçün əsl təhqirdir) imkan verir. Sənəddə "KXDR-in nüvə və raket proqramına yardım göstərmələrinə imkan verilməməsi üçün ölkənin diplomatik personalına qarşı olduqca diqqətli yanaşmaq" çağırışı da yer alıb. BMT TŞ Şimali Koreyaya yaxtalar və yarış avtomobilləri də daxil olmaqla, dəbdəbəli məhsulların tədarükünü də qadağan edib. Üstəlik Pxenyan indiyədək Pekinin siyasi və iqtisadi yardımına bel bağlaya bilirdisə, bu dəfə Çinin sərt sanksiyaların qəbuluna razılıq verməsi KXDR-in himayədarının da səbrinin tükənmək üzrə olduğunu göstərir.

Qeyd etmək lazımdır ki, BMT-nin son sanksiyalarından əvvəl - fevralın 18-də Avropa İttifaqı Pxenyanın nüvə sınağına cavab olaraq ona yeni sanksiyalar tətbiq edib. Aİ-yə üzv dövlətlərin xarici işlər nazirlərinin Brüsseldə keçirilmiş görüşündə "məhdudlaşdırıcı tədbirlər"in görül-məsi qərara alınıb. Qurumun qəbul etdiyi sanksiyalar Şimali Koreyaya dövlət istiqrazları, qızıl, qiymətli metallar və brilyantla ticarəti qadağan edir. Bundan başqa, KXDR Aİ ərazisində öz banklarının filiallarını aça bilməz. Eyni zamanda, Avropanın maliyyə qurumlarına da Şimali Koreya ərazisində nümayəndəlik yaratmaq qadağan edilib. Sanksiyalar KXDR-ə alüminiumun raket istehsalı üçün vacib olan bəzi növlərin tədarükünə də qadağa qoyub. "Bu, bizim yalnız region üçün yox, dünyanın təhlükəsizlik sisteminə təhdid olan nüvə proqramına cavabımızdır", - deyə sənədin qəbulundan sonra Almaniyanın xarici işlər naziri Qido Vestervelle bildirib.

Əvvəlki rəhbərliyin dövründə Pxenyan sanksiyaların tətbiqindən sonra davranış taktikasını dəyişərək, özünü "ərzaq yardımı və iqtisadi dəstək əvəzində bir müddət dəcəllik etməmək" prinsipi ilə aparırdısa, bu dəfə o, növbəti qətnaməni rəsmən və çox sərt şəkildə rədd edib. "Bütün dünya KXDR-in nüvə silahına malik olan, orbitə peyklər buraxan fövqəldövlət kimi möhkəmlənməsinin şahidi olacaq. Bu, BMT TŞ-yə qondarma qətnamələr çıxaran ABŞ-ın yanaşmasının nəticəsidir", - deyə "İnterfaks"ın məlumatına görə, Şimali Koreya hökumətindən bildiriblər.

Qeyd edək ki, Şimali Koreya hələ yeni sanksiyalar qəbul olunmamış hərbi bəyanatla çıxış etmişdi. "KXDR Şimalla Cənub arasında hücum etməmək haqda bütün razılaşmalardan çıxır. KXDR həmçinin Pxanmuncom sərhəd məntəqəsində Şimalla Cənubun arasındakı əlaqə kanalını da bağlayır", - deyə KXDR-dəki Vətənin dinc yolla birləşdirilməsi komitəsinin açıqlamasında bildirilirdi. Məlumatı STAK agentliyi yaymışdı. 

Cənubi Koreya ilə münasibətləri 50-ci illərin əvvəllərindəki vəziyyətə qaytaran KXDR Koreya yarımadasının nüvəsiz zonaya çevrilməsi istiqamətində aparılan danışıqlardan da çıxıb. Bəyanatın detalları da var: Şimali Koreyanın hansı anda hansı addımı atacağı bəlli olmayan diktatoru Kim Çen In bildirib ki, "düşmən Sarı dənizdə ən cüzi təxribata belə əl atsa", o, "vətənin birləşdirilməsi üçün müqəddəs müharibəyə başlanması əmrini verəcək". STAK agentliyinin məlumatına görə, Kim Çen In deyib: "Bu əmr verilən kimi, düşmənin belini sındırmalı, boynunu qırmalı, bununla da onlara əsl müharibənin nə olduğunu göstərməlisiniz". 

Pxenyan ABŞ və Cənubi Koreyaya preventiv zərbələr endirə biləcəyini də bəyan edib.

Cənubi Koreya şimal qonşusunun əzələ nümayişi və ritorikasına elə eyni tonda cavab verib. "Şimali Koreya Cənuba nüvə silahından istifadə ilə hücum edərsə, Kim Çen In rejimi bəşəriyyətin və Cənubi Koreyanın istəyilə yer üzündən silinəcək", - deyə Cənubi Koreya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib.

Təbii ki, Pxenyanın hədələrini Seulun yaxın silahdaşı olan ABŞ da cavabsız qoymayıb. "ABŞ KXDR-i nüvə dövləti kimi tanımır. Vaşinqton eyni zamanda Şimali Koreyanın ABŞ üçün təhlükə yarada biləcək nüvə başlıqlı raket istehsal etməsini kənardan müşahidə etmək niyyətində də deyil", - deyə "İnterfaks"ın məlumatına görə, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Tomas Donilon bildirib.

Hər an partlaya biləcək hazırkı şəraitdə bir yandan da "Key Resolve" ("Həlledici qətiyyət") hərbi təlimi keçirilir. İlk dəfədir ki, təlim Cənubi Koreya ilə ABŞ Birləşmiş Silahlı Qüvvələri Komandanlığının yox, Cənubi Koreya Silahlı Qüvvələri Qərargah Rəisləri Birləşmiş Komandanlığının rəhbərliyilə aparılır. Təlimdə 10 000 Cənubi Koreya və 3 500 ABŞ hərbçisi iştirak edir. 

Bununla eyni vaxtda martın 1-də başlamış və aprelin 30-dək davam edəcək "Foal Eagle" ("Gənc qartal") genişmiqyaslı birgə manevrləri də keçirilir. Oraya 200 000 Cənubi Koreya və 11 000 ABŞ hərbçisi cəlb olunub. Onlar arasında yarımadasının cənubunda dislokasiya olunmuş hərbçilərlə yanaşı, xaricdən gətirilənlər də var. Seulda və Vaşinqtonda bildirirlər ki, bu təlimlər əvvəlcədən planlaşdırılıb və orada yalnız müdafiə xarakterli məşqlər aparılır. Məqsəd isə ABŞ və Cənubi Koreya qüvvələrinin istənilən təxribata cavab verməyə hazır olması, bacarığının artırılmasıdır.

Əlbəttə ki, Şimali Koreya Cənubi Koreya ilə ABŞ-ın manevrlərinə KXDR-ə hücuma hazırlıq kimi baxır və hesab edir ki, bunun cavabı məhz "vətənin birləşdirilməsi uğrunda müqəddəs müharibə" olmalıdır. KXDR hökuməti artıq səfərbərlik və təbliğat maşınını işə salıb. STAK agentliyinin məlumatına görə, KXDR-in bütün quru qoşunları, hərbi hava və hərbi dəniz qüvvələri, HHM və raket qoşunları cəbhə xəttində olan qüvvələr də daxil olmaqla, "hərbi hazırlıq vəziyyətinə gətirilib". Hərbi əhvalın güclənməsi fonunda bütün ölkədə hakimiyyətə dəstək olaraq minlərlə insanın iştirak etdiyi mitinqlər keçirilir. Aksiyalarda Şimalda hələ də qaçılmaz sayılan müharibəyə çağırışlar səsləndirilir. 

Bu müharibəni qaçılmaz sayan isə, yalnız Şimal deyil...



MƏSLƏHƏT GÖR:

581